
PROBLEMLİ TEHRAN
İranla bağlı vəziyyət ciddiləşməkdədir
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Tehranın nüvə proqramı ilə bağlı böhran ətrafında yeni faktlar meydana çıxmaqdadır. Onlar İran ətrafında Yaxın Şərqdə, ilk növbədə, Suriyada yaşananlarla sıx əlaqəli şəkildə inkişaf etməkdə olan vəziyyəti daha da gərginləşdirir.
Amerika-İsrail nüansları
Qərb aləmi yerli KİV-də ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və İsrail kəşfiyyatının İsrailin "Haaretz" qəzeti vasitəsilə yayılmış yeni məlumatları qızğın şəkildə müzakirə etməkdədir. Həmin məlumatlarda bildirilir ki, İran nüvə silahının istehsalı üçün lazım olan komponentlərin əldə edilməsi prosesində əvvəllər hesab olunduğundan daha irəli gedib. İranın nüvə proqramının yeni mərhələsi haqda informasiya iranlı mücahidlərin müxalifətçi "Əl-Halk" qruplaşması tərəfindən yayılıb. Qruplaşmanın məlumatına görə, iranlı alimlər başlıqlar və detonatorların hazırlanması üzərində çalışır. Amerikanın Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu isə Parçindəki bazanın peyk vasitəsilə çəkilmiş fotolarını yayıb. Qərb xüsusi xidmət orqanlarının iddiasına görə, şəkillər İranın məhz bu obyektdə nüvə silahı istehsalı ilə məşğul olduğunu açıq şəkildə göstərir.
Yenə də İsrail KİV-in verdiyi məlumata görə, ABŞ Prezidenti Barak Obama ölkəsinin kəşfiyyat xidmətindən İranın nüvə proqraı ilə bağlı vəziyyətə dair yeni hesabat alıb. Hesabatda Tehranın uranın zənginləşdirilməsi prosesində önəmli irəliləyiş əldə etdiyi bildirilir. 2007-ci ildəki analoji məruzədə iddia olunurdu ki, İran 2003-cü ildə hərbi xarakterli nüvə proqramını dayandırıb və ona qayıdılmayıb. Bu dəfə isə Amerikanın xüsusi xidmət orqanları Tehranın nüvə proqramının əsas elementlərinin inkişafı sahəsində "gözlənilməz" irəliləyişə nail olduğunu bildirir.
Yeni kəşfiyyat məlumatları İsrailin növbəti dəfə İranın nüvə silahı əldə etməyin bir addımlığına çatdığını bəyan etməsinə rəvac verib. Təl-Əviv bəyan edib ki, Tehran beynəlxalq vasitəçilərdən ibarət "altılıq"la (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya) danışıqları yalnız vaxtı uzatmaq üçün aparır. Bununla əlaqədar olaraq, İsrail İranın nüvə obyektlərinə önləyici zərbələr endirmək niyyətini növbəti dəfə açıqlamaq şansını əldən verməyib. ABŞ prezidentliyinə respublikaçı namizəd Mitt Romninin Qüdsə səfəri zamanı İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İranın nüvə obyektlərinə ABŞ və ya İsrailin hücumu 1976-cı ildə Uqandada SAXAL-ın əməliyyatı nəticəsində yerli diktator İdi Aminin devrilməsi kimi, İranın ayətulla rejimini devirməyə imkan verəcək.
Daha bir maraqlı məqam Amerika xüsusi xidmət orqanlarının məruzəsinə istinad edən İsrailin müdafiə naziri Ehud Barakın fikirləridir: "Sənəddə İranın nüvə proqramı ilə bağlı yer almış faktlar və qiymətləndirmələr bizdə olan məlumatlara oxşardır. Bütün bunlar İranın nüvə probleminin daha tez bir zamanda həllini zəruri edir".
Ağ ev isə belə yanaşmanı inkar edir. ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndələri bəyan edib ki, "Biz düşünürük ki, İranın nüvə proqramı ilə bağlı problem diplomatik yolla, İran hakimiyyətinə təzyiqlərlə çözmək üçün hələ də vaxt var. Hələ də güman edirik ki, İran yaxın gələcəkdə nüvə silahı istehsalına yaxınlaşmayacaq".
Bu nüanslar açıq şəkildə göstərir ki, Birləşmiş Ştatlar son kəşfiyyat məlumatlarına əsasən İranın nüvə silahı əldə etməyə yaxın olduğunu düşünürsə belə, İsrailin, ən azı, yaxın zamanlarda ona önləyici zərbələr endirməsini məqsədəuyğun saymır. Vaşinqton sanki bununla döyüşə atılmağa hazırlaşan, yaxud İrana təzyiq göstərmək məqsədilə belə görüntü yaratmaq istəyən İsrailin hərbi coşqunluğunun qarşısını almağa çalışır.
Güman ki, Səudiyyə Ərəbistanı İsrail təyyarələri İrana zərbə endirəcəyi təqdirdə, onları "tutmağa" hazır olduğuna dair gözlənilməz bəyanatını da məhz ABŞ-ın təsiri ilə səsləndirib. Bu bəyanat ona görə gözlənilməzdir ki, Səudiyyə Ərəbistanı İranın İslam dünyasının liderinə çevrilmək iddialarından məmnun olmadığını heç zaman gizlətməyə çalışmayıb. Son dövrlərdə isə onlar hətta İran rejiminin devrilməsində maraqlı olduğuna dəfələrlə eyham vurublar.
Cavabında İsrailin müdafiə naziri Ehud Barak Amerika səlahiyyətlilərindən Səudiyyə Ərəbistanının İsrail təyyarələrini vurmaq niyyəti haqda heç nə eşitmədiyini bildirib. İsrail KİV-də isə belə bir xəbər yayılıb ki, İsrail İrana aviazərbələri birtərəfli şəkildə deyil, ABŞ-la razılaşdırılmış qaydada endirməyə qərar verərsə, Ər-Riyad təyyarələri hava məkanına buraxacaq.
Bu informasiya göstərir ki, Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ştatların fəaliyyəti tam koordinasiya olunur. Amma bu, heç bir halda Amerika-İsrail ittifaqının sarsılmaz olduğunu təkzib etmir. Bu baxımdan daha bir məlumat maraqlı təsir bağışlayır: ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Tomas Donilon Benyamin Netanyahu ilə görüşündə İrana hərbi zərbələrinin endirilməsi planını açıqlayıb və İsrail tərəfini Amerikanın İran atom sənayesinin əlçatmaz olan yeraltı obyektlərini belə məhv etməyə qadir olduğuna əmin edir. Bununla yanaşı, Donilon Vaşinqtonun İrana hərbi müdaxiləyə yalnız danışıqların tam iflasa uğrayacağı təqdirdə son alət kimi baxdığını da təsdiqləyib.
Şübhəsiz ki, ABŞ İrana qarşı hərbi əməliyyatları sonraya saxlamaqla Təl-Əvivi önləyici zərbələrin endirilməsinə tələsməməyə razı salmağa, Vaşinqtonun "İran məsələsi"ndə həm özünün, həm də İsrailin maraqlarını qorumaq imkanlarına güvənməyin vacibliyinə inandırmağa çalışır.
"ABŞ-ın İranın nüvə proqramı içərisində "öz gözləri" var və İslam Respublikası bu istiqamətdə irəliləyərək, nüvə bombasının hazırlığına başlayarsa, ABŞ bundan xəbər tutacaq", - deyə Ağ ev rəsmisi Cey Karni israilliləri arxayınlaşdırmağa çalışıb. Bundan başqa, o bildirib ki, hələ də İrana qarşı diplomatiyadan və iqtisadi sanksiyalardan istifadə etmək imkanı var və onlar daha da sərtləşdirilməlidir.
Amerikanın məsələyə yanaşmasını bir daha təsdiqləyən prezident Barak Obama İrana qarşı ABŞ Konqresinin avqustun 2-də qəbul etdiyi yeni sanksiyalar haqda qanunu imzalayıb. Nümayəndələr Palatasının xarici məsələlər komitəsinin rəhbəri İlyeana Ros-Leytinenin sözlərinə görə, sənəd "İranın enerji sahəsini və bu sahə ilə iş görən istənilən xarici şirkəti "qara siyahı"ya salır". Bundan başqa, amerikalı sahibkarların karbohidrogen hasilatı, gəmi daşımaları və sığorta işi ilə məşğul olan sahibkarlarla işgüzar əlaqələr qurması da qadağan olunub. Beləliklə, Amerikanın yeni antiiran qanunu Tehrana qarşı siyasətinin davamıdır və o, İranın xammal ixracını ciddi şəkildə məhdudlaşdıracaq.
Eyni zamanda, ABŞ sözügedən qanuna əsasən, Suriyanın "SİTROL" dövlət şirkətinə də sanksiya tətbiq edib. Qurum İrana 33 min ton benzin göndərməkdə ittiham olunur. Amerikalılar hesab edir ki, bu, İrana qarşı tətbiq olunmuş sanksiyalarda nəzərdə tutulmuş həddən dəfələrlə artıqdır. ABŞ Dövlət Departamentinin rəsmisi Patrik Ventrellin sözlərinə görə, "Belə razılaşmalar İrana nüvə proqramını davam etdirmək imkanı verir, Suriya hökumətini isə öz xalqını əzmək üçün resurslarla təmin edir".
Antitürkiyə demarşı
Tehran isə həm nüvə proqramının icrasında mətinlik nümayiş etdirir, həm də ABŞ və müttəfiqlərinin (İsrail də daxil olmaqla) regionda anti-Qərb ocaqlarının məhv edilməsi planlarının reallaşmasına imkan verməmək üçün əlindən gələni edir. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili Dəməşqə səfəri zamanı Suriyanın hakim rejiminə dəstək verib. Suriya Prezidenti Bəşər Əsədlə apardığı danışıqlar zamanı o, Dəməşqin Tehranın regiondakı əsas tərəfdaşlarından biri olduğunu təsdiqləyib və bu üzdən "Suriyanın da daxil olduğu müqavimət oxunun qırılmasına imkan verməyəcəklərini" bəyan edib.
Maraqlıdır ki, Cəlili Dəməşqə Beyrutda Livan liderləri, həmçinin radikal "Hizbullah" hərəkatının rəhbəri Həsən Nəsrullah ilə görüşdən sonra yollanıb. Qeyd edək ki, Nəsrullah da Tehranın əsas müttəfiqlərindən biridir. Cəlilinin səfərlərinin əsas səbəbi isə yalnız İranın əsas müttəfiqləri sayılan Bəşər Əsəd rejimi və "Hizbullah"a dəstək deyildi.
Avqustun 4-də suriyalı qiyamçılar 48 İran vətəndaşını girov götürmüşdülər. Onların arasında İslam İnqilabı Keşikçilər Korpusunun bir neçə istefada olan üzvləri də var idi. İranın xarici işlər naziri Əli Əkbər Salehi isə istefada olan şəxslərin hərbi qurumlarla heç bir əlaqəsinin olmadığını, onların Suriyaya şiə ziyarətgahlarına baş çəkmək məqsədilə zəvvar kimi səfər etdiklərini bildirmişdi.
Salehi Suriyadakı ümumi vəziyyət və iranlı zəvvarların girov götürülməsi məsələlərini müzakirə etmək üçün Türkiyəyə səfər edib. Qeyd edək ki, Tehran zəvvarların girovluqdan azad edilməsinə yardım göstərməsi üçün Ankaraya müraciət də etmişdi. Amma son günlər İran-Türkiyə münasibətlərində ciddi gərginlik müşahidə olunmaqdadır. Buna səbəb İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi Seyid Həsən Firuzabadinin Suriyada qan tökülməsinə görə məsuliyyəti Türkiyə, Qətər və Səudiyyə Ərəbistanının üzərinə atması olub. Bu azmış kimi, Firuzabadi Ankaranı hədələyərək bildirib ki, "Türkiyə ABŞ-ın Suriyada həyata keçirdiyi "qızışdırıcı siyasətin inkişafına yardımı davam etdirərsə", "növbəti o olacaq".
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu məsələyə iranlı həmkarı Əli Əkbər Salehi ilə görüşündə münasibət bildirib. O, Türkiyənin Suriyadakı zorakılığa görə məsuliyyət daşıdığı haqda bəyanatın qəbuledilməz olduğunu bildirib. Türkiyə XİN-in ayrıca bəyanatında deyilir: "Biz əsassız ittihamların yer aldığı bəyanatı və bəzi İran rəsmiləri tərəfindən dövlətimizə ünvanlanmış tam yersiz hədələri qəti şəkildə pisləyirik".
Məsələyə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da münasibət bildirib: "İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin Suriyadakı qanlı hadisələrə görə məsuliyyətin Türkiyə, Səudiyyə Ərəbistanı və Qətərin üzərinə düşdüyünə dair dedikləri düşündürücüdür və təəssüf hissi yaradır. İranın dünyadan təcrid duruma düşməsinə baxmayaraq, Türkiyə həmişə onun yanında olub və İranı dəstəkləyib. Türkiyə İranı nüvə proqramı məsələsində sonadək dəstəkləyib".
Bununla yanaşı, Ankaranın İran generalının anti-Türkiyə bəyanatı ilə bağlı narazılığı onun girovlarla bağlı mövqeyinə təsir göstərməyib. Əhməd Davudoğlu bildirib ki, Türkiyə Suriya Azadlıq Ordusunun qiyamçıları tərəfindən girov götürülmüş İran vətəndaşlarının azadlığa buraxılması üçün əlindən gələni edəcək.
Cənubi Azərbaycan sindromu
İranın təqsiri ucbatından Türkiyə ilə yaranmış siyasi atışma Tehranı bir şeyə əmin etməlidir: əslində, İrana düşmən olmayan dövlətlərdən düşmən düzəltməyə ehtiyac yoxdur. Buna xüsusilə İran ətrafında halqanın getdikcə daraldığı bir dövrdə lüzum yoxdur. Bunu Vaşinqtondan genişmiqyaslı anti-İran kampaniyasında Cənubi Azərbaycan faktorundan istifadə planının hazırlandığına dair gəlməkdə olan siqnallar da təsdiqləyir.
ABŞ Dövlət katibi Hillari Klintona konqresmen Deyn Rorabaher tərəfindən ünvanlanmış məktubda açıq şəkildə bildirilir ki, Cənubi Azərbaycanın İrandan ayrılaraq müstəqil olma uğrunda mübarizəsinə dəstək verilməsi vacibdir. "ABŞ üçün belə əməkdaşlıq zəruridir. Çünki Tehranın tiran rejimi bizim ümumi düşmənimizdir. Azərbaycan xalqı 200 il əvvəl coğrafi baxımda bölünüb və əksər azərbaycanlılar vətənlərinin birləşməsini istəyir. İranda etnik azərbaycanlıların sayı Azərbaycan Respublikasındakından iki dəfə çoxdur. Bu ölkə 1991-ci ildə SSRİ-nin dağılmasından sonra müstəqillik əldə edib və İran azərbaycanlılarının da müstəqillik qazanması zamanıdır. Azərbaycan xalqının müstəqillik uğrunda qanuni arzularının dəstəklənməsi özü-özlüyündə nəcib işdir. Üstəlik bu, Tehran rejimi üçün onun yeraltı nüvə bunkerlərinin bombalanacağına dair hədələrdən daha ciddi təhlükədir", - deyə Rorabaher bildirib.
Bundan başqa, "Xill" qəzeti ABŞ administrasiyasını Azərbaycanı qonşu İran təhlükəsindən qorumağa çağıran sabiq konqresmen Maykl Makmahonun məqaləsini dərc edib. "Əksəriyyət hesab edir ki, İran, onun nüvə və raket proqramı ABŞ, İsrail, Avropa və ərəb dövlətləri üçün təhlükədir. Bu zaman İranın, məsələn, Azərbaycan kimi bilavasitə qonşusu olan dövlətlərə yaranan təhlükələr nəzərə alınmır. Bu, müasir, dünyəvi dövlətdir və bu gün Şimali İrandakı 25 milyon etnik azərbaycanlı müasir millət həyatı yaşayan qardaşlarına baxır", - deyə Makmahon bildirir.
Azərbaycan isə İranla mehriban qonşuluq və dostluq münasibətlərinin möhkəmləndirilməsini məqsədəuyğun hesab edir. 20 ildən artıqdır separatçılıqdan əziyyət çəkən ölkə kimi, Azərbaycan Cənub qonşusunun ərazi bütövlüyünün əksinə yönəlmiş heç bir addım atmır. Rəsmi Bakı Azərbaycan Respublikası ərazisindən İrana hərbi zərbələrin endirilməsi üçün imkan yaradılmayacağını da dəfələrlə bəyan edib.
Bununla yanaşı, Azərbaycan-İran münasibətlərində müəyyən gərginliyin hələ də davam etdiyini etiraf etməmək mümkün deyil. Bunun səbəbi isə Tehranın Bakının xarici, hətta daxili siyasətinə təsir göstərmək cəhdlərinə son qoymamasıdır. Bu mənada 3 ay əvvəl İranda həbs olunmuş gənc azərbaycanlı şairlər, Azərbaycan Respublikasının vətəndaşları Fərid Hüseyn və Şəhriyar Hacızadə üzərində Təbrizdə keçirilən məhkəmə prosesini də dostluğa yaraşan əməl hesab etmək olmaz. Azərbaycan XİN-in rəsmisi Elman Abdullayevin də qeyd etdiyi kimi, Fərid Hüseyn və Şəhriyar Hacızadənin İranda həbsdə saxlanılmaları, İran hökumətinin azərbaycanlı şairləri həbs etməsindən Bakı müvafiq nəticə çıxarıb. Azərbaycan XİN Azərbaycan vətəndaşlarının İrana səfərinin təhlükəli ola biləcəyini bəyan edib. Azərbaycan tərəfi Tehranla münasibətlərinin pisləşməsini arzulamasa da, hesab edir ki, İran hökumətinin əməllərinə beynəlxalq qanunvericiliyə uyğun olaraq, adekvat qiymət verilməlidir.
MƏSLƏHƏT GÖR: