
ERMƏNİSTAN: MER PREZİDENTƏ QARŞI?
Ekspertlər serj sarqsyanın komandasında parçalanmanı istisna etmir
Müəllif: NURANİ Bakı
Ermənistanın böyüklüyünə görə ikinci şəhəri olan Gümrüdə sentyabrın 9-na təyin edilmiş mer seçkisi yerli siyasi dairələrin diqqət mərkəzində olan əsas hadisədir. Bunun səbəbi var - seçki ətrafında ciddi intriqa hökm sürməkdədir: hakim respublika partiyası (ERP) illərdir, şəhərə rəhbərlik edən şəxsə dəstək verməkdən imtina edib və onun əvəzinə "çiçəklənən Ermənistan"dan (ÇEP) olan namizədi dəstəkləmək qərarına gəlib.
Hesab olunurdu ki, hazırkı prezidentin siyasi arxası ERP-dir. ÇEP isə Robert Koçaryanın hakimiyyətə qayıdışı üçün siyasi platformadır. Bu yaxınlarda keçirilmiş parlament seçkisi kimi, Gümrüdəki seçkini də "prezident seçkisinin məşqi" adlandırırlar.
Qeyd edək ki, Gümrü şəhər administrasiyasına 12 ildir Vardan Qukasyan rəhbərlik edir. O, özünü son anadək şəhərin külli-ixtiyari sayır və yaxın ətrafının yanında bu kimi fikirlər səsləndirməkdən belə, çəkinmirdi: "Kim mənə qarşı çıxarsa, Allah bunu ona bağışlamaz. Mən bu şəhərin sahibiyəm və mənə qarşı çıxanlar şeytanın qurbanına çevriləcək". O, Gümrüdə asayişi elə yollarla təmin edirdi ki, şəhəri "Ermənistanın Siciliyası" adlandırırdılar - yəni şəhərdə asayiş birmənalı olaraq odlu silah hesabına qorunurdu.
Bu gün İrəvan jurnalistləri merin və yaxın qohumlarının iştirakı ilə baş vermiş "silahlı insident"lərin böyük siyahısını ortaya qoyur. Məsələn, günlərin birində Gümrüdəki kafelərdən birində Qukasyan odlu silahdan ətrafa atəş açmağa başlayıb; bir neçə il əvvəl onun oğlu Spartak və qohumu Gümrünün mərkəzi küçəsində şəhər məmurlarından birinin oğlu ilə mübahisəni odlu silahdan istifadə ilə həll etməyə çalışıblar; bu yaxınlarda Spartak Qukasyan toyda iştirak etdikdən sonra, şəhərin müxtəlif rayonlarında odlu silahdan istifadə edib; mayın 6-da parlament seçkisinin gedişində Spartak seçki məntəqələrinin birində "Kentron" teleşirkətinin operatoru Varazdat Papkiyanı oğurlayıb və sair.
Bütün bunlarla yanaşı, şəhərdə 6 minədək evsiz ailə var, yoxsulluğun səviyyəsi 40%-ə çatır. Amma merin bütün seçkilərdə ERP üçün yüksək nəticə təmin etməsi, ona siyasi uzunömürlülük zəmanəti verib. Əlbəttə ki, İrəvan seçkilər zamanı bu nəticənin rüşvət və şantaj yolu ilə əldə olunmasına əhəmiyyət verməyib.
Vardan Qukasyanın "geri çağırılacağına" dair ilk gümanlar hələ 2011-ci il payızın sonlarında yaranmışdı. Yazda isə vəziyyət pik həddinə çatdı. Martın sonlarında yerli ət kombinatı yaxınlığında Ermənistan parlamentinin deputatı martun Qriqoryan ilə merin oğlunun ətrafı arasında güclü qarşıdurma oldu. Davaya 34-cü seçki dairəsində ERP-nin, yoxsa ÇEP-in daha çox səs toplayacağına dair mübahisə səbəb olmuşdu. Qeyd edək ki, Martun Qriqoryan ÇEP-in, Gümrünün meri ERP-nin Şirak vilayət strukturuna məsuldur. İrəvan KİV-in iddiasına görə, mübahisə nəticəsində Martun Qriqoryanın yaxın ətrafına daxil olan, gümrülülərin "Şeko" adlandırdığı bir gənclə merin oğlu Spartakın "Tank" ləqəbli dostu dalaşıb. Mübahisə atışma və şəhər küçələrində sürətlə hərəkət edən "Mercedes"lərlə müşayiət olunub. Artıq Qukasyan şəhərin külli-ixtiyari sayılmırdı...
Aprelin ortalarında isə faciəvi insident yaşandı. Gümrüdə 27 yaşlı yerli sakin Karen Yesayan güllələndi. Bir gün sonra - 13 apreldə o, Vardan Qukasyanın qızı ilə nişanlanmalı idi. Bəzi erməni KİV xəbər verir ki, qətlin baş verdiyi gün səhər saatlarında K.Yesayan evindən çıxaraq avtomobilyuma məntəqəsinə yollanıb. Axşam isə odlu silahdan atılmış atəşlə öldürülmüş Yesayan Sev Dur məhəlləsində tapılmış "Mercedes" markalı avtomobilin salonunda aşkarlanıb.
Amma sonradan hadisə gözlənilməz istiqamət alıb. Hadisədən bir neçə saat sonra, istintaq qrupunun üzvlərindən biri, 58 yaşlı polis polkovnik-leytenantı Vaqram Beyburyan həlak olub. Rəsmi məlumata görə, o, təsadüfən maşın vurması nəticəsində ölüb.
Amma bu cür silsilə "məişət" və "təsadüfi" ölümlərə artıq heç kəs inanmır. Üstəlik, Gümrü meri Vardan Qukasyanın özü bəyanatla çıxış edərək, qısqanclıq haqda deyilənləri təkzib edib və gələcək kürəkəninin başına gətirilənləri siyasi qətl adlandırıb. Bu zaman o, diqqətləri "su oliqarxı" Qagik Sarukyanın rəhbərlik etdiyi "çiçəklənən Ermənistan" partiyasına yönəltməyə çalışıb. Ermənistanın sabiq prezidenti Robert Koçaryan isə məhz bu partiya vasitəsilə böyük siyasətə qayıtmaq niyyətindədir.
"Ermənistanın səsi" qəzetinin məlumatına görə, qətldə əsas şübhəli şəxs 29 yaşlı Arutyun Sarkisyan hesab olunur. Qeyd edək ki, onun atası Samvel vaxtilə Ani rayonunun polis rəisi olub. Samvel Sarkisyan 2000-ci ildə biznesmen, bir neçə kafenin sahibi Xaçatur Muradyanın səs-küylü qətli ilə bağlı məsələdə göstərdiyi qeyri-leqal yardıma görə vəzifədən kənarlaşdırılıb. Gümrülülər Sarkisyanın ailəsi ilə 34-cü dairədən ÇEP-in deputatlığa namizədi Martun Qriqoryanın ailəsi arasında möhkəm dostluğun olduğunu bilir. Mer isə qarşıdan gələn seçkidə onun əsas rəqibi - respublikaçı Arman Saakyanı dəstəkləməlidir.
Artıq bəllidir ki, Gümrüdə parlament seçkisi ERP üçün sarsıdıcı məğlubiyyətlə sonuclanıb. Burada prezidentin partiyası 15 min, "çiçəklənən Ermənistan" isə təxminən, 27 min səs yığıb. Əhalinin hiddəti o həddə çatıb ki, hətta ən çox sınaqdan keçirilmiş saxtalaşdırma üsulları da işə yaramayıb.
Serj Sarqsyanın ətrafından narazılığın həddi-hüdudu yox idi. Bəzi məlumatlara görə, Qukasyandan seçkiqabağı dövrdə payladığı rüşvət üçün ayrılmış pulları geri qaytarması tələb olunub. Hadisələrin kulminasiyası isə iyulun 21-də Vardan Qukasyanın hakim ERP-in vilayət strukturunun rəhbəri səlahiyyətlərindən imtina etdiyi zaman yaşanıb. Nəticədə, partiyanın sözügedən strukturuna rəhbərlik Şirak vilayət administrasiyasının təhsil idarəsinin rəhbəri Saak Minasyana həvalə olunub. Rəsmi məlumata görə, Qukasyan istefa ərizəsini öz istəyi ilə yazıb. Mer qərarını "natura etibarilə partiya adamı yox, daha çox mənəvi dəyərli şəxs" olması ilə əsaslandırıb və bildirib ki, artıq bir müddət siyasətdən kənarda istirahət etmək istəyir. Ermənistan müxalifətindən olan məlumata görə, qüdrətli mer istefasından əvvəl Serj Sarqsyanın iqamətgahında olub və ona "siyasətdən kənarda istirahət etməsini" məhz orada məsləhət biliblər.
Əlbəttə, Ermənistan prezidentinin hökumət aparatından çoxdan gözlənilən "təmizləmə"yə başladığını və xoşagəlməz fiqurlardan yaxa qurtarmaq qərarına gəldiyini güman etmək olar. Amma erməni analitiklərin də qeyd etdiyi kimi, "1998-ci ildən, yəni Robert Koçaryanın hakimiyyətə gəldiyi vaxtdan başlayaraq, feodalizm (Ermənistanda - red.) özünü göstərməyə başlayıb. Maraqlar və iqtisadi sahələrin Ermənistanın ikinci prezidentinin yaxınları ətrafında bölünməsi nəticəsində ölkə yenidən hələ də Koçaryan və onun varisi Serj Sarqsyan tərəfindən təyin olunmuş feodal knyaz-qubernatorların rəhbərlik etidiyi vilayətlərə bölünüb. Lakin son zamanlar Ermənistanda orta əsrlərə xas feodal münasibətlər sistemi artıq özünü doğrultmur. Çünki feodal-qubernator-merlər özlərini çox sərbəst hiss etməyə başlayaraq, himayədarlarının əksinə getməyə başlayıblar. Sadə dildə desək, onlar axına qarşı üzməyə başlayıb. Bu vəziyyətdə yuxarılarda "təmizləmə"nin aparılması son dərəcə təhlükəlidir. Bu baxımdan KİV-in Qukasyanın istefası ilə bağlı başqa versiyası da var: mer açıq şəkildə prezidentə itaətsizlik nümayiş etdirməklə "öz oyunu"nu oynamağa başlayıb. Bu, Robert Koçaryanla ittifaq axtarışına cəhd kimi də qiymətləndirilə bilər.
Başqa sözlə, Koçaryana yaxın sayılan ÇEP mer vəzifəsinə Samvel Balasanyanın namizədliyini irəli sürmək qərarına gəlib. O, Gümrüdəki pivə zavodunun sahibidir. Ekspertlər ERP-in ÇEP-in namizədini dəstəkləyəcəyini istisna etmir. Doğrudur, hələlik bu qərarın rəsmi formulu yoxdur, amma hakim partiyada bu qərarın hansı formada təqdim edilməsinin daha məqsədəuyğun olduğu müzakirə edilir - Balasanyan "vahid namizəd" kimi göstərilsin, yoxsa sadəcə, ÇEP-in namizədinə dəstək verilsin?
Amma ÇEP-in özü heç də vahid cəbhə deyil. O, iki qanada bölünüb: "su oliqarxı" Qagik Sarukyanın Serj Azatoviçi Londonda müşayiət edən tərəfdarları hakimiyyətlə ittifaqa hazırdırsa, ÇEP-ə Robert Koçaryan və eks-xarici işlər naziri Vardan Oskanyanın simasında qoşulmuş "sabiqlər" sakit müxalifətə çəkiliblər. Onlar əsl parçalanmanın başlandığı hökumət strukturlarından tərəfdarlarını öz tərəflərinə çəkməklə məşğuldurlar. Davam edən iqtisadi kollaps və xarici siyasətdə ardarda gələn uğursuzluqlar fonunda hazırkı prezidentin real reytinqi sıfıra doğru gedir. Görünür, onun bir çox tərəfdarı batmaqda olan flaqmanla birlikdə boğulmaq niyyətində deyil - onlar elə həmin "Qarabağ klanı"nı təmsil edən Koçaryanla ittifaq axtarışına üstünlük verir.
MƏSLƏHƏT GÖR: