24 Noyabr 2024

Bazar, 23:49

BÜTÜN RİSK ZONALARI

Məhdudiyyətlər avtomobil idxalında ciddi azalmaya səbəb olub

Müəllif:

05.08.2014

Bu ilin ilk yarısında Azərbaycanın avtomobil bazarında ilk dəfə tənəzzül tendensiyası müşahidə olunub. Bu trend apreldə ölkəyə "Avro-4" standartlarına cavab verməyən avtomobillərin gətirilməsinə qoyulmuş qadağa və avtomobil kreditlərinin verilməsi şərtlərinin ağırlaşdırılması ilə birbaşa bağlıdır. Sadalanan amillər ölkənin avtomobil bazarında qüvvələr nisbətini kökündən dəyişir və yeni avtomobil satışı ilə məşğul olan salonları birmənalı olaraq, ön plana çıxarır. 

 

İdxalın sadələşdirilmə mərhələsi

Geridə qalan onillik Azərbaycanın kütləvi şəkildə avtomobilləşməsi baxımından əlamətdar olub. Arada cüzi tənəzzül dövrlərinin yaşanmasına baxmayaraq, ümumilikdə, ölkənin avtomobil parkının inkişaf dinamikası təqdirəlayiqdir. Əgər 2003-cü ildə Azərbaycandakı minik avtomobillərinin sayı 511 mindən bir qədər artıq idisə, bu ilin ortalarına onların sayı 1,270 milyona çatıb. Bununla yanaşı, hər 100 ailəyə düşən avtomobillərin sayı 2,6 dəfə artıb - 2003-cü ildə bu, 22 idisə, 2012-ci ildə 46-ya çatıb. Bu gün ölkədəki nəqliyyat vasitələrinin üçdəikisi paytaxtın payına düşür. Ötən ilin sonuna olan məlumata görə, Bakıda hər 1000 sakinin payına 330-dan artıq minik avtomobili düşür. Bu, Avropa ölkələrinin səviyyəsinə yaxın göstəricidir.

Maraqlıdır ki, müasir dövrdə avtomobil idxalının ən yüksək tempi ötən 2 ilə təsadüf edib. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, 2012-ci ildə ölkəyə 101 mindən artıq avtomobil və onlar üçün ehtiyat hissələri gətirilib. İdxalın ümumi dəyəri 1,141 milyard dollardan çox olub. İdxal həcmi ötən il də artıb. 2013-cü ildə ölkəyə ümumi dəyəri 1,435 milyard dollar olan 104 mindən çox avtomobil və avtomobil ehtiyat hissələri idxal edilib. İdxalda əsas yeri, şübhəsiz ki, minik avtomobilləri təşkil edib.

Qeyd olunan statistik məlumatlar hökumətin uzun illərboyu əhalinin gəlirlərinin artırılmasına, ölkədə müasir avtomobil bazarının inkişafının stimullaşdırılmasına yönəlmiş fəaliyyətinin göstəricisidir. Bu dövrdə Azərbaycanda müasir avtomobil bazarının yaradılması üçün  yüzlərlə distribüter fəaliyyətə başlayıb, məşhur avtomobil brendlərinin salonları və xidmət mərkəzləri açılıb. Son illərdə müşahidə olunan kütləvi avtomobil bumunda avtomobil kreditləşdirilməsində faizlərin ciddi şəkildə aşağı salınması, lizinq və sığorta xidmətlərinin təşkili də öz rolunu oynayıb.

Bütün dünyada əhalinin avtomobilləşməsi vətəndaşların rifah halının obyektiv göstəricisi sayılır. Dünya təcrübəsi göstərir ki, ölkədə avtomobillərin sayının artımı ilə paralel olaraq, iqtisadiyyatda ciddi multiplikasion effekt, ilk növbədə, kiçik və orta sahibkarlığın inkişafı da müşahidə olunur. Avtomobillər üçün çoxsaylı xidmət mərkəzləri, avtosalonlar, ehtiyat hissələri mağazaları, avtoyuma məntəqələri kütləvi avtomobilləşmə fonunda sürətlə inkişaf edən sahələrin heç də hamısı deyil. Məhz bu səbəbdən sahibkarların ölkəyə avtomobil idxalını təşviq edən hökumət bir müddət bu sahədə yaranan problemlərə göz yumub. Söhbət işlənmiş avtomobillərin ekoloji və təhlükəsizlik tələblərinə cavab verməsi, kredit bazarının ayrı-ayrı seqmentləri üçün həddindən artıq böyük risklərin yaranması kimi problemlərdən gedir. 

 

Məhdudiyyət  mərhələsi

Amma zaman keçdikcə bu problemlər makroiqtisadi sabitliyə və vətəndaşların təhlükəsizliyinə ciddi problem yaratmağa başlayıb. Ölkənin avtomobil bazarındakı mənfi halların aradan qaldırılmasına yönəlmiş ilk addım 2012-ci ildə Azərbaycana müasir təhlükəsizlik vasitələri ilə təchiz olunmayan, köhnə model avtomobillərin gətirilməsinə məhdudiyyətlərin tətbiqi olub. Eyni vaxtda ölkədə bu cür avtomobillərdən taksi kimi istifadə olunmasına da qadağa qoyulub. Nəzərə alsaq ki, ölkədə qeydiyyatda olan 1,2 milyondan artıq avtomobilin 40%-i köhnə modellərə aiddir və demək, onlarda təhlükəsizliyin təmini aşağı səviyyədədir (təhlükəsizlik yastığının yoxluğu, ABS, EBD sistemlərinin və s. olmaması), bu qərarın önəmini anlamaq çətin deyil. Sonuncu olduqca vacib məqamdır - statistikaya əsasən, ölüm və ya ağır xəsarətlərlə nəticələnən avtomobil qəzalarının üçdəikisindən çoxu məhz aktiv və passiv müdafiə vasitələri ilə təchiz olunmamış maşınların payına düşür. Amma bu addım avtomobil idxalının həcminə heç bir təsir göstərməyib və yalnız onun strukturunu dəyişdirib. Qərarın qəbulundan sonra, sadəcə, ölkəyə Rusiya avtomobil sənayesinin istehsalı olan köhnə maşınların gətirilməsində azalma baş verib, vəssalam.

Yerli avtomobil bazarının inkişafına hökumətin digər 2 qərarı daha ciddi təsir göstərib. Söhbət xüsusilə bu ilin əvvəlində Azərbaycan Mərkəzi Bankının "Bankların kreditvermə qaydaları"nı sərtləşdirməsindən gedir. Bundan sonra təminatsız borcların (istehlak kreditlərinin) verilməsi üçün banklar müştərinin maliyyə hesabatı və kredit tarixçəsi ilə bağlı ətraflı məlumat əldə etməlidir. İlk növbədə, banka müştərinin əməkhaqqı və digər rəsmən təsdiqlənən gəlirləri haqda məlumat verilməlidir. Bundan başqa, avtomobil almaq istəyənlərin ödəməli olduqları ilkin ödənişin məbləği də artırılıb (yeni modellər üçün 40-50%, işlənmiş avtomobillər üçün isə 80%).

Hökumətin bu cür sərt tədbirlərə əl atmasının səbəbi, ilk növbədə, kredit ödənişlərində gecikmələrlə bağlı banklarda yaranmış risklərdir. Nəzərə alsaq ki, ölkədə adambaşına düşən avtomobil kreditləşməsinə görə Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə, az qala, bir cərgəyə yüksəlmişdi, belə tədbirlərin görülməsi təəccüblü deyil. Bununla yanaşı, ölkə əhalisinin rəsmi gəlirləri hələ ki, Avropa ölkələrində olduğundan zəifdir. Bu, perspektivdə istər banklar, istərsə də ödənilməyən borclar böhranı şəklində, ümumilikdə, ölkə iqtisadiyyatı üçün mənfi fəsadlar verə bilərdi. İstehlak kreditlərinin verilməsi ilə bağlı yeni qaydalar nəinki borcların ödənilməsi ilə bağlı riskləri azaldıb, həm də əhalinin gəlirlərinin leqallaşdırılmasına kömək edib.

Nəzərə alsaq ki, son illərdə ciddi şəkildə artan avtomobil kreditləri ümumilikdə istehlak kreditləri arasında ilk pilləyə yüksəlib, AMB-nin qərarının prosesə təsirini qiymətləndirmək mümkündür. Hazırda ölkədə fəaliyyət göstərən 43 bankın 31-i bu xidməti göstərir. Avtomobil kreditlərinin hələ də kifayət qədər yüksək faizlə verilməsinə baxmayaraq, əhali arasında ona təl?bat yüksək olaraq qalır. Qeyd edək ki, Azərbaycan banklarında avtomobil kreditləri, ən azı, 14, ən çoxu isə 26%-lə verilir.

Avtomobil kreditlərinin məhdudlaşdırılması, şübhəsiz ki, katalizator rolu oynayaraq,  bu sahə ilə bağlı olan maliyyə istiqamətlərinin göstəricilərinə də təsir edib. "Kreditlə avtomobil satışının azalması sığorta yığımlarının səviyyəsinə təsirini göstərəcək. Lakin bu təsirin hansı səviyyədə olacağını indidən söyləmək çətindir", - deyə Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

Qaydaların sərtləşdirilməsi ən çox yeni avtomobil satışı ilə məşğul olan avtosalonlara təsir göstərib. "Avtomobil kreditlərinin verilməsi ilə bağlı bu yaxınlarda baş vermiş dəyişikliklər, şübhəsiz ki, avtomobil bazarına ciddi təsir göstərib. Çünki son zamanlar avtomobillərin 60-70%-i kreditlə satılırdı", - deyə Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin direktoru Ramil Osmanlı bildirib.

Bununla yanaşı, kreditləşmə qaydalarının sərtləşdirilməsinin effekti müxtəlif istiqamətlərdə hiss olunur. Məsələn, kreditləşməyə məhdudiyyətlərin tətbiqi avtosalonları görünməmiş endirimlərə vadar edib. Onlar bu yolla istehlakçıları maşının qiymətinin böyük hissəsini nağd ödəməyə stimullaşdırmağa çalışırlar. Bu ilin fevralından iyununadək əksər avtosalonlar alıcılara 10-15%-lik endirim təklif edib. Bu endirim yalnız ucuz avtomobillərə deyil, top-modellərə də də tətbiq edilib. Bəzi avtosalonlar itkilərini kompensasiya etmək üçün alıcılara müxtəlif bonus proqramları, hədiyyə olaraq əlavə opsiyalar və aksessuarlar təklif edib.

Hökumətin ölkənin avtomobil bazarında qüvvələr nisbətini ciddi şəkildə dəyişən daha bir qərarı Azərbaycanda "Avro-4" standartlarının tətbiqidir. Bu qərar, ilk növbədə, ölkəyə 2005-ci ildən əvvəl istehsal olunmuş avtomobillərin idxalını məhdudlaşdırır. Məqsəd ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılması, paytaxta və digər iri şəhərlərə "tüstülü" və təhlükəli avtomobillərin buraxılmamasıdır. "Yeni ekoloji standartların tətbiqi, ilk növbədə, işlənmiş avtomobil bazarına öz təsirini göstərib - işlənmiş avtomobillərin idxalı azalıb. Amma bu qərarın köhnə maşınların qiymətində ciddi artıma səbəb olacağını gözləməyə dəyməz. Ölkədə həddindən artıq köhnə avtomobil var", - deyə R.Osmanlı bildirir.

Son ayların təcrübəsi göstərir ki, qiymətlərdə endirimlər edən avtosalonlar, əsasən, ucuz Koreya maşınları satan salonlardır. Onlar bazara qonşu Gürcüstandan gətirilən köhnə alman və yapon avtomobillərinin boşluğunu kifayət qədər uğurla kompensasiya edə biliblər. Bundan başqa, "Avro-4" standartının tətbiqi bazarda ümumi qiymət artımına da səbəb olmayıb.

Bütün bunlarla yanaşı, kreditləşmə və ekologiya ilə bağlı məhdudiyyətlər təklifin həcminə təsirsiz ötüşməyib. Nəticədə, ölkəyə gətirilən köhnə avtomobillərin sayı və ümumilikdə idxal azalıb. DGK-nin məlumatına görə, bu ilin yanvar-iyun aylarında Azərbaycana 34,3 mindən bir qədər artıq avtomobil gətirilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 28,3% azdır. Bu tendensiyanın qorunub-saxlanılacağı təqdirdə, illik idxal həcmi ötən illərlə müqayisədə, təxminən, 3 dəfə azala bilər.

"Avtomobil idxalının həcmi azalır. Amma bazar boşalmayacaq. Çünki ölkəyə gətirilən maşınlara yalnız buraxılış ili ilə əlaqədar məhdudiyyət qoyulub", - deyə DGK sədri Aydın Əliyev bildirib.

Son 2 ildə baş vermiş bütün dəyişikliklərin müsbət tərəfi ekologiyanı zəhərləyən və təhlükəsizlik standartlarına cavab verməyən avtomobillərin sayının azalması olacaq. Bu, ölkə yollarında da vəziyyətin yaxşılaşmasına kömək edəcək. Yeni avtomobillərin idxalının artması ilə ölkəyə ticarət-xidmət infrastrukturunun formalaşdırılması məqsədilə əlavə investisiyalar cəlb olunacaq. Bu, eyni zamanda yeni iş yerlərinina açılmasına da imkan verəcək.



MƏSLƏHƏT GÖR:

563