
CƏMİYYƏTİN İDEAL FORMASI
Rusiyalı yazıçı oksana bulanova hesab edir ki, bunu azərbaycanda tapıb
Müəllif: Valentina REZNİKOVA Bakı
Oksana Bulanova. Bu ada ilk dəfə "Azərbaycan konqresi" qəzetində rast gəlmişəm. Diqqətimi Azərbaycan milli geyimi barədə yetərincə iri məqalə çəkdi. Oxuduqda anladım ki, müəllifin məsələ barədə bilikləri çox dərindir və məqalə hissiyyatla yazıldığından, kifayət qədər maraqlı alınıb. Burada mən quru faktları sadəcə sadalayan hər hansısa müəllifin məqaləsinin, öz yazısına laqeyid qalmayan, mövzunu tam mənimsəyərək araşdırma aparan ciddi bir yazarın məqaləsiylə nə ilə fərqləndiyini başa düşdüm.
Düşündüm ki, məqalə müəllifi sənətşünasdır və yəqin ki, bizim həmyerlidir. İstənilən halda müəllifin azərbaycanmənşəli olmasına heç bir şübhəm yox idi. Amma məqalənin sonunda müəllifin adını və soyadını görəndə çox heyrətləndim. Bir dəfə də oxudum. Təbii ki, sual yarandı: bizim milli geyimə belə maraq haradandır?
Yenə də öz fikrimcə məntiqi nəticəyə gəldim, düşündüm ki, bu, hansısa elmi dərəcənin alınması üçün bir araşdırma nəticəsidir. Amma sonradan internetdə, daha sonra isə Azərbaycanın çap KİV-ində onun məqalələrinə daha tez-tez rast gəlməyə başladım. Olmaya KİV-lər onunla saziş bağlayıblar? Amma mən internetdə "Azərbaycan: mədəniyyət, ənənələr, insanlar" kitabını yazmış rusiyalı jurnalist, əslən moskvalı haqqında oxuyanda çox heyrətləndim. Özü də bu kitabın təqdimatı Azərbaycan Yazıçılar Birliyində keçirilib. Kitabın müəllifi haqqında söz açdığımız Oksana Bulanova idi.
Nə deyim, ertəsi gün dərhal bütün kitab mağazalarını gəzdim ki, bu kitabı tapam. Təəssüf! Heç kim heç nəyə söz vermədi, amma hamı kitabdan xəbərdar idi və ümid edirdilər ki, tezliklə o, satışa çıxacaq. Daha sonra həmkarım Məbud Məhərrəmov mənə bildirdi ki, bu günlərdə bir moskvalı ilə tanış olub; o, Azərbaycana elə vurulub ki, Bakıya köçərək burada yaşamağı qərara alıb! Söhbət Oksana Bulanovadan gedirdi. Mənim hansı reaksiya verdiyimi təsəvvür edə bilərsiniz. Əlbəttə ki, milli geyim barədə bu cür gözəl məqalənin müəllifini mütləq tapmaq lazımdır! Amma necə? Burada rus atalar misalını xatırlamaq yerinə düşər: yüz manatın olmasa da, yüz dostun olsa yetər.
Mənimki də belə gətirib, çoxlu - yaxşı tanışlarım var. Beləcə, onun mobil telefonunun nömrəsini tapdım. Mən onunla milli geyimlər, istənilən milli geyimin fərqləndirici xüsusiyyəti haqda söhbət elədim və maraqlandım ki, istənilən xalqda, o cümlədən azərbaycanlılarda bu, hansı obyektiv səbəblər əsasında formalaşır. Axı kostyum milli ənənənin ifadəli-bədii hissəsidir. İstər qadın, istər kişi geyimi olsun, istərsə də kəlağayı, corab, araqçın, arxalıq və ya çaxçur olsun, bütün geyim elementinin coğrafi yerlə, əxlaq anlayışı və cəmiyyətdə münasibətlərlə bağlı praktiki təyinatı var. Bir sözlə, bizim həyat adlandırdığımız hər şey bu sıraya daxildir.
Təəssüf ki, son illərdə milli kostyumların yaradılmasına istənilən kimi elə də ciddi və dərin önəm verilmir. O, hazırda yaradılmır, sadəcə, bizim unikal ölkəmizin bu və ya başqa regionuna xas olan konkret detallarla deyil, hansısa ümumiləşdirici üslub istiqamətinə məxsus şəkildə tikilir. Bununla yanaşı, hər bir regionun öz ənənəvi rəngləri, naxışları, ornamentləri olmaqla yanaşı, həm də kostyumun geyinilməsi zamanı detalların istifadə edilmə ənənələri var. Məsələn, ərlik qızlara üst köynəyin üzərində beli göstərən kəmərin bağlanmasına icazə verilmirdi. Kəməri köynəyin altından bağlayrıdılar. Çünki qız kişilərin diqqətini bədəninin bu hissəsinə yönəldərək, onları həvəsləndirməməli, deməli, onlarda günah fikirlər və arzular yaratmamalıdır. Yalnız arvad statusuna keçən gənc qadın köynəyin üzərindən kəmər taxa bilərdi. Kostyumun bu danışan detalı və ənənələri, hətta kənar adamlara belə geyiminə bircə dəfə nəzər yetirməklə qadının cəmiyyətdəki statusu barədə məlumat toplamağa imkan verirdi.
Belə gənc qızın üzərinə çox bahalı bəzəklərin asması da xoşagələn sayılmırdı. Bütün bunlar yalnız ərə gedəndən sonra mümkün idi. Həm də bahalı daş-qaşlar onun ərinin maddi vəziyyəti, ərə getdiyi ailənin maddi vəziyyəti barədə məlumatlar əldə etməyə imkan verirdi. Bu gün sadəcə arxaizm sayılan, hazırda heç kimin hətta xatırlamadağı belə vacib və maraqlı detallarla zəngin milli geyimlərimizin maraqlı tarixi var. Bu maraqlı faktları mən O. Bulanovanın məqaləsindən götürmüşəm. Və buna görə də ona çox minnətdaram. Həm də kişi və qadın kostyumlarının detallı təsvirini tapmağa çalışdığım kitabına görə. Bu predmet mənə xidməti marağım tərəfdən də lazım idi. Axı teatrda kostyum çox vacibdir. Xüsusilə də milli məsələdə; onun bütün eksklüziv təfsilatı və çalarları baxımından. Mən də etnosun mədəniyyətinin bu hissəsi haqqında həyəcanverici təfsilatlar arayırdım, amma tamamilə başqa şey tapdım. Bu, "çağdaş Azərbaycan" anlayışı çərçivəsinə sığan anlamların məğzinə real insanın geniş analitik baxışıdır.
Bu kitab milli adət və ənənə koloritinə müfəssəl, tarixi əsaslandırılmış, əyləncəli səyahətin, genetik olaraq zorakılığa və müharibələrə meyilli olmayan millətin mental xüsusiyyətlərinin analitik tədqiqatıdır. Şərq ekzotikasının ətrinə aşiq insanın real baxışıdır. Ümumiyyətlə, sonradan aydın oldu ki, bir kulturoloji əlamət kimi o, Şərqə çoxdan can atır. Ancaq yalnız burada, iki mədəniyyətin - Şərqlə Qərbin qovuşma nöqtəsində çoxdan axtardığını tapıb. İyirmi iki fəslin hər bir səhifəsində ənənəvi Avropa düzəni ilə Şərq həyat tərzinin müqayisəli təhlili yer alır. Özü də bu təhlil Şərqin xeyrinədir. Bu, onun Şərqidir. Bir-birinə qarışıb tamamlanmış arzu və gerçəkliyidir. Çin olmuş Şərq nağılıdır. Burada tarixi sənədlərin qoyulması ilə Qarabağ problemi haqqında həqiqətlər, bayramlar, inanclar, ailə bağlarının önəmi, əcdadların əxlaq qanunlarına ehtiramı və xalqın mənəvi gözəlliyi haqqında məlumatlar da yer alır. Həm də bu gözəl ölkədə yaşayan insanların müdrikliyindən bəhs edir.
Nə vaxtsa, moskvalı teatr tənqidçisi Anastasiya Yefremova ilk dəfə Bakını görən zaman özünü saxlaya bilməyərək deyib: "Belə gözəl şəhərdə, yəqin ki, yalnız gözəl insanlar yaşayır!". Bu cür duyğu Oksana Bulanovanın da kitabında var. Yeri gəlmişkən, ad haqqında. Oksana Ukrayna dilində Kseniya adının danışıq formasıdır. Bu ad hərfi mənada yad, yadelli deməkdir və xarici vətəndaşı, səyahətçini bildirir. O, doğrudan da səyyahdır. Uzun müddət dünyanı gəzib, iyirmi ölkədə olub. Özünü müxtəlif sahələrdə sınayıb. İlk öncə üç sahədə (rəssam-modelyer, rəsm müəllimi, jurnalist) kimi təhsil alıb, sonra "Sfera" teatrında ədəbi rəhbər, turizm firmasında direktor olub, ondan sonra da jurnalistikaya keçib. Özü də jurnalistikadan və jurnalist səfərlərindən ayrılmadan iki roman yazıb. Birinci kitabı "Türk qəhvəsi" bestselleri olub, referativ şəkildə türk dilinə çevrilib və təkrar nəşr edilib. İkinci kitabı "İki nəfər" Rusiya mükafatının lonq-listinə düşüb. Nəhayət, Azərbaycan haqqında kitab. Oksana gerçəkdən səyyahdır. Zorən yox, xasiyyətinə və ruhi durumuna görə də səyyahdır. Beynimdə istər-istəməz Kiplinqin öz-özünə gəzməyi sevən qəhrəmanı canlanır. Mənim hekayəmin qəhrəmanı öz prioritetlərini özü müəyyən etməyi sevir. Güclü, inamlı, məqsədyönlü, iradəli, təbiəti sevən insan təsiri bağışlayır. Buna görə də özünü yalnız ədəbiyyatda təsdiq etməklə kifayətlənmir.
O, hələ on altı yaşından müəllif mahnıları ilə maraqlanmağa başlayıb. Onda qənaət edib yığdığı pulla özü-özünə ilk gitarasını hədiyyə edib. Beş yaşında yazdığı şeirlərini isə hələ də xatırlayır.
...2003-cü il onun üçün taleyüklü il olub. Hər şey ondan başlayıb ki, Rusiya televiziyasının Birinci kanalı ona Azərbaycan haqqında sənədli film çəkmək üçün bu ölkəyə yola düşən kinoçəkiliş qrupuna rəhbərlik etməyi təklif edib. Oksananın tanışları və həmkarları dəhşət içində olublar və onu hər vəchlə səfərdən daşındırmağa çalışıblar. Çünki onun getmək istədiyi ölkədə müharibə gedir, insanlar haqda tam müfəssəl məlumat yoxdur və küçələrdə gəzmək qorxuludur. Amma biz artıq bilirik ki, o, özü üçün gəzməyi xoşlayanlardandır. Buna görə də o, heç kimi dinləməyərək və heç kimə də qulaq asmayaraq Azərbaycana yola düşür. Beləcə qorxulu azərbaycanlılar əfsanəsi elə təyyarənin salonundaca bitir. "Azal"ın "Boinq"i onu heyran edir. O cümlədən stüardların məğrurluğu da. Onların qrupunu qarşılayaraq, "Abşeron" mehmanxanasında yerləşdirirlər, orada da onlara qarşı həddindən hörmətlə, diqqətlə və mehriban davranırlar. Axşama doğru hava qaralıb. İlk başdan Oksana pul dəyişmək üçün şəhərə çıxıb. Burada onu adi insan mehribanlığından və diqqətindən qaynaqlanan kiçik xoş diksinmə gözləyirdi. Sonra o, bulvarla gəzintidən qayıdan zaman polislərin diqqətinə heyrət edib: onlar əmin olmağa çalışıblar ki, qızın vəziyyəti yaxşıdırmı və hansısa bir yardıma ehtiyacı varmı (biz axı gəlmələri dərhal tanıyırıq!). Bu, qorxulu azərbaycanlılar haqqında əfsanənin dağılmasının davamı olub. Ertəsi gün isə bütün ölkə üzrə ekspedisiya səfərləri başlayırdı və bu da mifin dağılmasını daha da sürətləndirmiş oldu.
- İndiyə kimi gördüyüm iyirmi ölkənin heç biri məkan və zaman vahidində məndə Azərbaycanın bəxş etdiyi qədər təəssürat oyada bilməyib! - Bu günü o belə xatırlayır. - Hər yerdə - ölkənin rayonlarında, onun müxtəlif iqlim zonalarında insanlar biləndə ki, biz Moskvadanıq, deyirdilər: "Moskvaya salam aparın! Rusiyaya salam aparın!". Heyran qalırdım ki, bu, necə ola bilər: indicə biz Şirvanda yüngül köynəklərdə idik, amma az sonra Naxçıvanda gödəkcə geyinməyə məcbur olduq, çünki qışdakı kimi soyuq idi. Bu və sonrakı səfərlər yalnız ölkə haqqında teleoçerkin əsasında durmaqla yanaşı, həm də "Azərbaycan mozaikası" adlı kitab kimi üzə çıxdı. Oksana hiss etdi ki, bu ölkə onu maqnit kimi dartır. O, bu ölkəyə dəfələrlə qayıtmaq istəyib. Bura bir daha qayıtmaq üçün müxtəlif jurnal nəşrlərinə müxtəlif maraqlı movzular təklif edib.
- İnsanlar haqqında onun hansısa millətə mənsub olmasını qeyd edərək danışan zaman mənim xoşuma gəlmir. Bunda müəyyən qədər böyük dövlət şovinizmi var. Hətta nəsə təhqiramizlik də var. Bunu qəbul edə bilmirəm. Azərbaycanda bununla bir dəfə də rastlaşmamışam! Və bu, mənim çox xoşuma gəlir. Bütün həyatımboyu milli münasibətlərin bu cür insanın hansı millətdən olmasının önəm daşımadığı modelinə can atmışam. Sadəcə, insan var. Mənə elə gəlir ki, həmişə can atdığım ideal cəmiyyət formasını məhz burda tapmışam.
Ona tez-tez deyirlər ki, ölkəyə aşiqliyindən onda eyforiya var. Ölkəni anlamaq, görmək və obyektiv qiymətləndirmək üçün burada yaşamaq lazımdır. O da artıq bir neçə ildir burada yaşayır. Jurnalistika ilə məşğul olur, öz qəpik-quruş jurnalist qonorarı ilə haqqını ödədiyi mənzilləri kirayələyir. Oksana sanır ki, illüziyalardan xilas olmaq və obyektiv qiymətləndirmək üçün artıq yetərincə uzun müddətdir ki, ölkə ilə ünsiyyətdədir. Heyrətlənir ki, biz xırda şeylərdən narazı qalaraq deyinirik. Onun fikrincə, xırdalıqların ardınca ən vacib olanı görə bilmirik: burada hər bir kəsin özünü lazımlı və tələb olunan insan saymağa hüququ və imkanı var.
- Mənə burda xoşdur! Burada özümü rahat, sakit və təhlükəsiz hiss edirəm. Azərbaycana gəlmək üçün səbəblər ixtira etməkdən bezəndən sonra düşündüm ki, bəlkə də sadəcə buraya gəlmək və burada yaşamaq olar. Ölkəni yaxından tanımaq üçün. Bax, artıq neçə illərdir, özümü burada tam xoşbəxt hiss edirəm. Azərbaycanda mənim işim var. Dostlarım, ünsiyyət üçün ətrafım var ki, bunu mənə Moskvanın ağılsız həyat ritmi və dost münasibətlərinin tələskənliyi verə bilmir, halbuki, orada da yetərli dostlarım var. Özümü burada qadın hiss edirəm, çünki metroda kişilər mənə yer verirlər. Qeyri-adi gözəlliymə görə yox, sadəcə, onlar belə tərbiyə olunublar. Təəssüf ki, Rusiyada bu cazibədarlıq itir. Hər şey nədənsə sürətlə yuyulub yoxa çıxır...
Mən onun burada xoşbəxt olub-olmaması barədə soruşmadım. Hər şey göz qabağında idi. Sakitcə onun yerinə də sevindim, anladım ki, yaradıcı insan üçün özü ilə və ətrafdakı dünya ilə harmoniyada yaşamaq çox önəmlidir.
MƏSLƏHƏT GÖR: