Müəllif: Nurlanə QULİYEVA
BakıDünya maliyyə bazarlarında qeyri-sabit durum, qlobal böhran, dünyanın əsas inkişaf etmiş ölkələrində iqtisadiyyatın əsaslı şəkildə laxlaması, həmçinin bunların sərmayə yatırımları üçün yaratdığı sabahkı günə inamsızlıq Azərbaycan hökumətini maliyyə istiqamətində ehtiyatlı inkişaf kursu götürməyə vadar edib. Xarici amillərin, hətta ən kiçik təsiri bizim ölkənin də sabit iqtisadiyyatında hiss edilib və bu, çox məntiqlidir. Amma bu məsələdə ən ağır durum fəaliyyəti birbaşa xarici maliyyə bazarları ilə bağlı olan strukturların çiyninə düşür - bu gün hər bir yeni addım qlobal və lokal dəyişikliklərin ətraflı öyrənilməsindən, mümkün mənfi nəticələri gözdən keçirdikdən sonra atılır. Buna görə də Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) xaricdə investisiya yatırımlarının siyahısının genişləndirilməsi barədə qərarını çox cürətli saymaq olar.
Daşınmaz yatırımlar
İlk başdan qeyd edək ki, ARDNF-in investisiya fəaliyyəti ölkənin daxili valyuta bazarında sabitlik üçün məcburi və demək olar ki, vacib şərtdir. Neft Fondunun əsas vəsaitlərinin ölkə sərhədlərindən kənarda xarici maliyyə aktivlərinə, qiymətli kağızlara, əmlaka yerləşdirilməsi, vəsaitlərin xarici menecerlərin idarəsinə verilməsi, qızıl satınalınması valyutanın daxili bazara mənfi təsirini neytrallaşdırır, nəticədə manatın məzənnəsinə təzyiqlər cilovlanır.
Bununla yanaşı, həm də məlumdur ki, Neft Fondunun əsas funksiyaları yalnız Azərbaycan neftinin və qazının satışından əldə edilən maliyyə resurslarının yığılması və cari yatırılması ilə məhdudlaşmır, həm də onların saxlanması və imkan daxilində gələcək nəsillər üçün qorunması da bura daxildir. Bununla əlaqədar olaraq, bəzən fondun həddindən ehtiyatlı sərmayə siyasəti ilə bağlı müəyyən tənqidi fikirlər də söylənir, amma dünya böhranı fonunda artan risklər nəzər alındıqda, onlar özünü doğruldur.
Ümumiyyətlə, ARDNF-in investisiya fəaliyyəti dəqiq qaydalarla aparılır və bir sıra məhdudlaşmalara malikdir. Belə ki, ARDNF-in valyuta əməliyyatları üzrə müxbir hesabları ölkə daxilində yalnız Mərkəzi Bankda açıla bilər, respublikdan kənarda isə uzun müddətli reytinq qiymətləri "Standard & Poor's"un "AA", "Moody's Investor Service"in "Aa3" və "Fitch"in "AA" reytinqlərinin səviyyəsindən aşağı olmayan banklarda açıla bilər. Fondun 30 iyuna olan məlumatına görə, fondun investisiya portfelinin 34,43% reytinqi "AAA" olan mərkəzi banklarda, 12,5%-i "AA" olan mərkəzi banklarda, 31,54%-i "A", 20,17%-i "VVV" olan mərkəzi banklarda, 1,36%-i isə digər mərkəzi banklarda açılıb.
ARDNF-in 2012-ci il üçün proqnozlaşdırılan məcmu dəyəri (orta hesablanmış həcm) 23 mlrd. manat səviyyəsində müəyyən edilib. Halbuki 2011-ci ilin sonunda bu, 19,4 mlrd. manat səviyyəsində olub.
Demək olar ki, yarandığı gündən fond öz yığımlarının böyük hissəsini istiqrazlara yatırır və ARDNF-in investisiya çantasında onların payı 90%-i ötür. Özü də onların böyük bölümü korporativ qiymətli kağızlardır və öz etibarlıq dərəcəsinə görə dünyanın aparıcı ölkələrinin dövlət istiqrazlarından geri qalmırlar. Ümumiyyətlə, ARDNF-in investisiya siyasətinin əsasında pul bazarı və borc öhdəlikləri bazarı alətləri durur. Fondun 2012-ci ilə olan investisiya siyasətinə görə, bu ilin sonuna kimi ARDNF-in investisiya portfeli aşağıdakı kimi olmalıdır: 85% pul bazarı və borc öhdəlikləri bazarı alətləri, 5% səhmlər, 5% əmlak, 5% qızıl.
Amma təqdim edilən pay bölgüsündən görünür ki, fondun investisiya siyasətində müəyyən dəyişikliklər məhz bu ildən başlayacaq. Fondun icraçı direktoru Şahmar Mövsümov mətbuat konfransında bildirib ki, ARDNF səhmlərin alınmasına $600 mln. yatırmaqla beynəlxalq qiymətli kağızlar bazarına çıxmağı planlaşdırır. İlkin mərhələdə səhmlərə sərmayələr xarci menecerlərin - "USB Global Asset Management" və "State Street Global Advisors"un vasitəsilə gerçəkləşdiriləcək. Dünya maliyyə bazarlarında və səhm bazarlarında qiymətlərin ciddi dəyişməsi ilə bağlı risklər nəzərə alınaraq, bu kağızlarn passiv idarə edilməsinə üstünlük verilməsi təklif edilir. "Bunun üçün dünyanın 1600-dan çox şirkətinin yerləşdiyi "MSCI World" indeksi seçilib", - deyə Ş.Mövsümov bildirib. Qeyd edək ki, bu fond indeksi "ümumdünya" fond bazarındakı vəziyyəti əks etdirir və 24 inkişaf etmiş ölkənin bir sıra qiymətli kağızlarından ibarətdir.
Fondun nizamnaməsinə edilən dəyişikliklər hesabına ARDNF vəsaitlərin yatırılması üçün yeni alətlərdən də istifadə etməyə başlayır. Bunlardan biri bir sıra ölkələrdə, o cümlədən Cənub-Şərqi Asiyada (Sinqapurda, Malayziyada və İndoneziyada), həmçinin London, Paris, Roma kimi bir sıra Avropa paytaxtlarında, eləcə də Moskva və İstanbulda ofis tipli mülkiyyətin alınmasıdır. "Artıq yerli brokerlərlə daşınmaz əmlak alınması haqqında anlaşma əldə edilib, yalnız obyektlərin seçilməsi qalıb", - deyə fondun başçısı bəyan edib. Bu məqsədlər üçün fondun öz vəsaitinin maksimum 5%-ni yönəltmək hüququ var.
Daha çox qızıl və valyutalar
Neft Fondunun sərmayə fəaliyyətinin daha bir maraqlı və yeni istiqaməti "qızıl aktivi"nin artırılması üzrə planlardır. Ümumilikdə, 30 tona yaxın qızılın alınması planlaşdırılır, amma qiymət dəyişmələri üzrə risklərin minimallaşdırılması məqsədi ilə bu, mərhələli şəkildə - iki il ərzində hər həftə gerçəkləşdiriləcək. "Bu strategiyanın gerçəkləşdirilməsi nəticəsində sərmayələrin yekun qiyməti təxminən qızılın orta bazar qiymətinə bərabər olacaq", - deyə Ş.Mövsümov bildirib.
Qeyd edək ki, fond qızıl satın alınmasına bu ilin fevral ayından başlayıb. Alqı-satqı aparılması məqsədi ilə London qiymətli kağızlar bazarı iştrrakçıları assosiasiyasının üzvü olan bir sıra tərəfdaş banklarda hesablar açılıb və 1 fevral 2012-ci il tarixdən Neft Fondu hər həftə 10 min unsiya qızıl almağa başlayıb. "İyulun 1-nə olan vəziyyətə fondun investisiya portfelinə 6847 kq (220 146 unsiya) qızıl daxil olub", - deyə Ş.Mövsümov bildirib. Qızıl ehtiyatının müvəqqəti saxlanma yeri kimi ARDNF "JP Morgan"ın Londondakı anbarını seçib. İlin sonuna kimi daha 240 min unsiyanın (təxminən 7,5 t) qızılın alınması düşünülür. Bu zaman Neft Fondunun qızıl ehtiyatının əlavə gəlirliliyini təmin etmək üçün hazırda onun bir hissəsi beynəlxalq maliyyə bazarlarında fəaliyyət göstərən nüfuzlu banklarda qısamüddətli depozitlərə qoyulub.
Qızıl ehtiyatının doldurulmasından əlavə ARDNF həmçinin indiyə kimi yalnız dollar, avro və ingilis funt-sterlinqindən ibarət valyuta səbətinin çeşidini artıracaq. Belə ki, Ş.Mövsumov bildirib ki, iyul ayında fond Türkiyə banklarının qısa müddətli depozitlərinə 800 mln. Türkiyə lirəsi yerləşdirib. "Yaxın gələcəkdə fond öz ümumi valyuta potfelində Türkiyə valyutasında əmanətlərinin həcmini daha da artırmağı planlaşdırır ", - deyə o bildirib. İcraçı direktorun sözlərinə görə, fondun valyuta ehtiyatlarının şaxələndirilməsi məqsədi ilə iyul ayında 200 mln Avstraliya dolları məbləğində Avstraliya dövlət qiymətli kağızları alınıb. "Həmçinin Rusiyada hesabın açılması üzrə danışıqlar da aparılır. Planlaşdırılır ki, hesablar yaxın zamanlarda açılacaq", - deyə Ş.Mövsümov bildirib.
Neft Fondunun investisiya portfelinin valyuta strukturu aşağıdakı qaydada müəyyən edilib: aktivlərin 50%-i ABŞ dollarında, 40%-i avroda və 5%-i ingilis funt sterlinqində yerləşdirilə bilər. İnvestisiya fondunun məcmu dəyərinin qalan 5%-i isə Kanada, Yaponiya, avrozona ölkələri, Türkiyə və Rusiyanın, həmçinin uzun müddətli reytinqləri "A"dan (Standard and Poor's, Fitch Ratings) və "A2"dən (Moody`s) aşağı olmayan ölkələrin valyutalarına yatırıla bilər.
Önəmli xərclər
Beləliklə, ARDNF öz investisiya siyasətində müəyyən əlavələrə getsə də, bütünlükdə, bu addımları riskli saymaq olmaz - fond əvvəlki kimi yalnız yüksək reytinqli maliyyə institutları və etibarlı alətlərlə işləyir. Beləliklə. gözləmək olar ki, yeniliklər yalnız Dövlət Neft Fondunun aktivlərinin gəlirliliyini artıracaq və bu istiqamətdə sonrakı addımlara əminlik qatacaq.
Əslində, ARDNF-in vacib rolu bu gün yalnız ölkənin pul bazarının və bütünlükdə ölkə iqtisadiyatının sabitləşməsi ilə bitmir (yalnız 2012-ci ilin birinci yarısında dövlət büdcəsinə transfertlər 4592,3 mln manat təşkil edib), fond həmçinin iqtisadiyyatın gələcəkdə də inkişafının qarantı kimi çıxış edir, çünki onun vəsaitləri hesabına bir sıra strateji vacib infrastruktur layihələri gerçəkləşdirilib və bu iş davam etməkdədir.
Yalnız qeyd etmək yetərlidir ki, 6 ay ərzində Neft Fondundan 162,5 mln. manat qaçqınların və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşması üzrə tədbirlərə, 67 mln manat isə Samur-Abşeron suvarma sisteminin bərpasının maliyyələşdirilməsinə yönəldilib. 2007-2015-ci illər üzrə Dövlət Proqramı çərçivəsində xaricdə azərbaycanlı tələbələrin oxumasına 5 mln manat xərclənib. Həmçinin 37 mln manat yeni Bakı - Tiflis - Qars dəmir yolunun tikintisinin maliyyələşdirilməsinə sərf edilib. Bu gün ARDNF Transanadolu qaz kəmərinin (TANAP) tikintisinin sərmayəçilərindən biri kimi çıxış etmək imkanlarına baxır. "Azərbaycan hökuməti bu layihənin həyata keçməsinə maksimum səy göstərməyə hazırdır və o cümlədən, onun Azərbaycan Dövlət Neft Fondunun vəsaitləri hesabına maliyyələşdirilməsi imkanları nəzərdən keçirilir", - deyə bununla bağlı Ş. Mövsümov bildirib.
Bu cür layihələr ilk başda yalnız xərc deməkdir. Amma zaman keçdikcə TANAP, şəksiz ki, qoyulmuş sərmayələrin geri qaytarılması ilə yanaşı, gəlir də gətirəcək. ARDNF-in əsas məqsədi də elə budur - neft və qaz satışından gəlirlərin effektliyinin uzanmasını maksimum təmin etmək.
STATİSTİKA BİLDİRİR
2012-ci ilin birinci yarısında ARDNF-in gəlirləri 7 391,9 mln manat, xərcləri 4 878,1 mln manat olub. Fondun gəlirlərinin böyük bölümü - 95,9%-i mənfəət neftinin və qazının satılmasından gəlib.
2012-ci ilin 1 iyul tarixinə ARDNF-in aktivləri ilin əvvəlinə olan göstəriciyə ($29,8 mlrd) baxanda 9,6% artaraq $32 666 mln təşkil edib.
MƏSLƏHƏT GÖR: