
AVROPANIN XƏSTƏLİYİ NƏ İLƏ BİTƏCƏK?
Böhrandan sonrakı Avropa əvvəlki kimi olmayacaq
Müəllif: Fuad FƏXRƏDDİNOĞLU Bakı
"Uçqun", "zibil reytinqi", "bank sektorunun çöküşü", "işsizliyin çoxalması". Bu anlayışlar, yəqin ki, artıq hər bir sıravi avropalının leksikonunda özünə möhkəm yer edib. Bu, xüsusilə "avroborclu" ölkələrin vətəndaşlarına aiddir.
Yunanıstanın ardınca Portuqaliya, İtaliya, İspaniya və Kiprdə də düşünülməmiş iqtisadi siyasətin aparıldığı üzə çıxıb. Kredit istəyənlərin sıraları genişlənir və artıq onların sırasına altıncı namizəd - Sloveniya da qoşulub.
Avropa iqtisadiyyatında və maliyyə sistemindəki böhran haqda artıq çox yazılıb. Amma iqtisadi böhran öz ardıyca sosial-siyasi və sistem böhranını da gətirib. Hazırkı vəziyyəti təhlil edən mütəxəssislər bu qənaətə gəlir ki, Avropa demokratik dəyərlərin nə dərəcədə möhkəm olduğunun imtahanını verir, demokratik prinsiplərin pozulması prosesi isə onların tarixi vətəni olan Yunanıstandan başlayıb.
Demokratiyanın vətəni və "məzarı"?
Ötən il oktyabrın sonlarında Yunanıstanın baş naziri büdcə xərclərinin azaldılması məsələsini referenduma çıxarmağa çalışdı. Söhbət bir sıra qərarlarla yanaşı, dövlət qulluqçularının bir hissəsinin işdən çıxarılmasından, pensiyaların azaldılmasından və əlavə vergilərin tətbiqindən gedirdi. Bundan başqa, dövlət büdcəsi Brüsselin nəzarətinə verilməli idi. Papandreunun bu təklifi Avropa İttifaqının liderləri tərəfindən sərt etirazla qarşılandı və sonda Yunanıstan hökuməti istefaya getməli oldu. Bundan sonra kluarlarda brüsselli bürokratlar arasında belə bir zarafat yayıldı: Cənubi Avropada böhranın aradan qaldırılması üçün ən təhlükəsiz yol hakimiyyətə "texnokratlar"ın gətirilməsidir. İtaliya, Yunanıstan və İspaniyada hökumətin başına məhz texnokratların gəlişi belə düşünməyə əsas verir ki, bu zarafatda yumorun payı çox azdır - çünki qalan hər şey həqiqət idi. Əslində, bu, demokratiya üçün təhlükədir - çünki burada söhbət hakimiyyətin mənbəyi kimi xalqın tanınmasından, amma dövlət idarəçiliyinin ayrı-ayrı orqanlara verilməsindən gedir. Belə çıxır ki, Aİ asanlıqla demokratik prinsiplərdən uzaqlaşa bilər?
Yunanıstandakı vəziyyət Avropanın tarixində daha bir dönüş nöqtəsi üçün rəmzi təsir bağışlayır. Maliyyə siyasətinin, büdcənin formalaşdırılmasının aşkarlığı və şəffaflığı, onun istifadəsinə nəzarət hər bir demokratik dövlətin xalqları üçün əsas suveren hüquqlardan biridir. Ötən ilin oktyabrından sonra isə beynəlxalq və transmilli maliyyə qrupları faktik olaraq Yunanıstanın bu hüququnu onun əlindən alıb. Bu, iqtisadi siyasətin ümumi strategiyası kimi də qəbul oluna bilər. Amma bu qərarlar ənənəvi olaraq Şimal dövlətlərinin nəzarət etdiyi təşkilatlar (məsələn, Avropa Sabitlik Fondu) tərəfindən qeyd-şərtsiz qəbul edilməməlidir, onlar xalqla razılaşdırılmalıdır.
Son zamanlarda Yunanıstan xalq suverenliyi ilə Avropanın qlobal maliyyə institutları arasında qarşıdurma meydanına çevrilib. Mayın 6-da keçirilmiş seçkidə radikal solçu SİRİZA partiyasının gözlənilməz qələbəsi Aİ bürokratiyası və Avropanın neoliberal elitası arasında hiddətə səbəb olub. Diqqət o qədər güclü olub ki, əsasən, gəmiçilik və inşaat sahəsinin nəzarətində olan KİV SİRİZU-nu Yunanıstanı Aİ-dən və avrozonadan çıxarmağa çalışan bədheybət kimi təqdim etməyə başlayıb. Çoxlarının Yunanıstandakı hazırkı böhranın siyasi və iqtisadi memarı hesab etdiyi Antonosa Samaras isə az qala, yunan xalqının yeganə xilaskarı kimi göstərilməyə başlanıb. SİRİZA avrozona və Aİ-dən çıxmaqdan daha çox yeni Avropa ideyasının tərəfdarı olsa da, iyunun 17-də keçirilmiş seçkinin nəticəsi KİV-in istəyinə nail olduğunu göstərir. Aİ-nin neoliberal hökumətləri də Avropa ictimaiyyətinin və əsasən, Aİ-nin hakim dairələrinin dəstəyi hesabına qələbə qazandı.
Aİ-dən olan komissarlar Yunanıstanın ardınca böhrandan əziyyət çəkən digər dövlətlər üçün də belə xilasedici missiyalar təklif edir, onlara bu təkliflərin qəbulu, suverenliklərinin bir hissəsinin başqa instansiyalara verilməsindən başqa çıxış yolu saxlamır.
Son zamanlar Avropada iqtisadi böhrandan, bankların müflisləşməsindən və ya işsizliyin artımından daha təhlükəli olan başqa bir proses də hiss olunmaqdadır. Bu, Avropa ictimaiyyətində radikalizmin dərinləşməsidir.
Avropada faşizm kabusu dolaşır?
Demokratiyanın tarixini tədqiq edən mütəxəssislərin fikrincə, iqtisadi inkişaf və zənginliklə demokratik prinsiplərin dərinləşməsi arasında güclü əlaqə var. Amma digər tərəfdən, Cənub-Şərqi və Cənub-Qərbi Asiyanın varlı dövlətləri bunun əksinin nümunəsi sayıla bilər. İstənilən halda, mütəxəssislər bir şeyə əmindir: demokratik cəmiyyətlərdə iqtisadi şərtlər ağırlaşırsa, bir qayda olaraq, demokratik prinsiplər əhəmiyyətini və çəkisini itirir, ictimaiyyətin ehtiyaclarının tez bir zamanda və radikal şəkildə təmin olunmasını təklif edən avtoritar ideyalar və siyasi layihələr güclənir. Alimlər hesab edir ki, məhz 1929-cu il böhranı faşizmin meydana çıxdığı dövrdə demokratik ideyaların zəifləməsinə imkan verib və o, Ikinci Dünya müharibəsinin başlanmasına aparıb çıxarmış səbəblərdən biridir. XX əsrin 60-cı illərində baş vermiş çevrilişlər, daxili qarşıdurmalar, lokal müharibələr və siyasi qeyri-sabitliklər də iqtisadi böhranla əlaqələndirilir.
Birinci Dünya müharibəsindən sonra bütünlükdə Avropada peyda olmuş nasist partiyası da bir çox digər faşist partiyaları kimi, ərazi ekspansionizmi, iqtisadi proteksionizm, antisemitizm, azlıqların hüquqlarının pozulması, hərbçilər tərəfindən zorakılıq və s. ilə fərqlənirdi.
Sanki bütün bunlar indi, hazırkı yüzilliyin əvvəlində Avropanı iqtisadi böhranın bürüməsindən sonra yenidən baş qaldırır. Neofaşizm digər proseslərə çevrilir və onun üçün klassik hesab olunan yeni ərazilərin ələ keçirilməsi, militarizm, antisemitizm və iqtisadi kollektivçilik kimi mövzulardan imtina olunur. Beləliklə, Avropanın bir çox ölkələrində adaptasiya olunan neofaşistlər bu ideyaları ikinci plana atır. Onların bəzən neofaşistlər üçün aktuallaşmasına baxmayaraq, siyasi proqramlarında əsas müddəa demək olar ki, hər zaman immiqrasiya və islam dəyərlərinə qarşı xristian dəyərlərin müdafiəsidir (XX əsrin əvvəllərində Almaniyadakı kilsələrə nifrət edən ilhamvericilərindən fərqli olaraq).
Veymar Respublikasının süqutundan sonra, Hitlerin əsas ideoloqu və tərəfdarı Yozef Gebbels yazırdı: "Demokratiyanın ən yaxşı zarafatlarından biri əbədi olaraq qatı düşmənlərinə məhv edilməsi üçün vasitə verməsi olaraq qalacaq".
Beləliklə, XXI əsrin əvvəllərində demokratik dəyərləri qəbul etməyən qüvvələr onu həyasızcasına elə onun öz ritrikasından istifadə etməklə zəiflədir. Avropada son illərdə keçirilmiş seçkilərin nəticələri ultrasağçı partiyaların nüfuzunun artdığına dair fikirləri təsdiqləyir.
Artıq qeyd edildiyi kimi, XX əsrin əvvəllərində böyük depressiya və müvafiq olaraq işsizliyin son dərəcə yüksək səviyyəsi Avropa ictimaiyyətində bir çox radikal ideyaların yaranmasına səbəb oldu. Müasir Avropada isə millətçiliyin genişlənməsində əsas rolu heç də həmişə ağır iqtisadi şərtlər oynamır. Ultrasağçı siyasi ideyaların uğur qazandığı ölkələrə nəzər salmaqla görmək olar ki, işsizlik heç də hər zaman radikallaşmaya səbəb olmur. Buna misal kimi İspaniyanı göstərmək olar. İşsizliyin ən yüksək səviyyədə olduğu, xüsusilə gənclər arasında geniş yayıldığı bu ölkədə, demək olar ki, neofaşist təşkilatı yoxdur. İspaniyada onlar çox zəifdir. 2011-ci ildə isə ümumxalq səsverməsi zamanı səslərin mütləq əksəriyyətini mərkəzçi cərəyanın təmsilçisi olan iki partiya qazanıb.
Fransada isə İspaniya ilə müqayisədə işsizliyin səviyyəsi xeyli aşağıdır - cəmi 10%. Buna baxmayaraq, Fransada ultrasağçı qüvvələr ciddi elektorata malikdir. Onu da qeyd edək ki, Fransada Milli Cəbhənin populyarlığı hazırkı iqtisadi böhran başlanmazdan əvvəl də kifayət qədər yüksək idi.
Avropada müsəlmanlara qarşı miqrant olub-olmamasından asılı olmayaraq, antimiqrant ritorikası xaç yürüşləri dövründəki qədər güclüdür. Maraqlı olan isə odur ki, faşist əhvalının yüksəlməsi üçün ölkədə immiqrantların sayının çox olması heç də vacib deyil. Məsələn, "Yaxşı Macarıstan uğrunda" partiyası ölkədə yaşayan bütün qaraçıların konslagerlərə köçürülməsinə tərəfdardır. Partiya ölkədə cinayətkarlığın artımında etnik azlıqları təqsirli bilir. Bütün bu aqressiyanı iqtisadi böhranın və ya işsizliyin səviyyəsinin artımı ilə əlaqələndirmək olmaz. Çünki başqa ölkələrə nisbətən Macarıstanda onun səviyyəsi kifayət qədər aşağıdır - cəmi 11%.
Daha bir maraqlı məqam sözügedən partiyanın əsas tərəfdarlarının işsizlər və ya yoxsullar yox, orta məktəb təhsili olan şəxslər olmasıdır.
Beləliklə, neonasizmin simasını dəyişməsi yalnız iqtisadi və sosial problemlərlə əlaqəli deyil. O, ictimaiyyətin mentallığı, əlverişli şəraitdə üzə çıxan xəstəliyin dərin kökləri ilə də bağlı ola bilər.
Belə proseslərin daha bir mənfi effekti Avropada siyasi ritorikanın getdikcə daha çox qeyri-demokratik istiqamətə yönəlməsidir. Hakimiyyətdə olan sağ-mərkəzçi və ilk baxışdan neoliberal siyasi qüvvələr iqtisadi problemlərin həlli qarşısında aciz qaldıqda günahkarı "axtarıb-tapmaq", xalqın diqqətini gündəlik problemlərdən yayındırmaq, eyni zamanda, ultrasağçıların səsinin bir hissəsini əldə etmək üçün millətçi, bəzən isə faşist populizmindən yararlanmaq istəyir.
Bu, kimə gərəkdir?
Bütün bunlar postböhran Avropasının gələcəyi ilə bağlı müxtəlif proqnozlara səbəb olur. Bəzi analitiklər hesab edir ki, Avropadakı hazırkı ağır iqtisadi vəziyyəti əvvəlcədən də görmək mümkün idi. Real iqtisadi resurslarla təmin olunmayan böyük həcmdə pul çap etməklə, ən azı, bu maliyyə piramidasının sonunu da görmək olardı. Belə çıxır ki, böhran süni şəkildə yaradılıb.
Mütəxəssislərin Avropanın gələcəyi ilə bağlı mümkün ssenarilərə dair proqnozlarını təhlil etdikdə bir sıra nəticələrə gəlmək mümkündür.
Birincisi, böhranın kifayət qədər ciddi olduğu ölkələr könüllü şəkildə öz büdcələrinə və maliyyə siyasətlərinə nəzarəti transmilli maliyyə institutları tərəfindən idarə olunan mərkəzləşdirilmiş maliyyə institutlarına verəcək. Bu, Avropada barəsində həvəslə danışılan demokratik dəyərlərin və xalqların suveren hüquqlarının tam dağılmasına səbəb olacaq.
İkincisi, proseslərin daha dramatik inkişafı halında vəziyyət o həddə çatacaq ki, ölkələr bir-birinin ardınca Aİ-ni tərk edəcək, cəmiyyətdəki radikalizm və depressiya isə hamının hamıya qarşı müharibəsinin başlanmasına səbəb olacaq. Nəticədə, avropalılar xaos, vətəndaş müharibəsi və zorakılıqdan qaçmaq üçün könüllü şəkildə vahid mərkəzdən sərt idarəetmə formasını seçəcək. Güman ki, bu mərkəz də transmilli maliyyə qrupları tərəfindən idarə olunacaq. Xatırladaq ki, Hitler də üçüncü reyxi quran zaman tez-tez "yeni dünya düzəni" haqda danışmağı sevirdi.
Bu gün yalnız o aydındır ki, Avropadakı müasir böhranın necə başa çatacağından asılı olmayaraq, o, daha heç zaman əvvəlki kimi olmayacaq.
MƏSLƏHƏT GÖR: