15 Mart 2025

Şənbə, 20:00

XƏZƏRİN ULDUZLU SƏMASI ALTINDA ŞOU

Bakıda Emin Ağalarovun konserti tam anşlaqda keçib

Müəllif:

15.07.2012

Tanınmış müğənni və bəstəkar Emin Ağalarov iyulun 13-də Bakı Yaşıl Teatrında böyük konsert proqramı ilə çıxış edib. Konsert onun yeni albomu "After The Thunder"in təqdimatına həsr edilmişdi və xeyriyyə məqsədi daşıyırdı. 

Axşam Müslüm Maqomayevin repetuarından olan və xalq alətlərinin müşayiəti ilə ifa edilən "Azərbaycan" musiqi kompozisiyası ilə açılıb. Sonra səhnəyə Eminin özü çıxıb və çoxsaylı pərəstişkarları qarşısında çıxışını "Avroviziya-2012" mahnı müsabiqəsinin finalında ifa etdiyi "Never Enough" mahnısı ilə başlayıb. Kompozisiyaları bu il Britaniya, Almaniya və Rusiya çartlarında liderlik edən tanınmış musiqiçi tamamilə yeni şou - əlvan işıq həlləri, bir neçə iri monitorlardan ibarət videosıra, mahnıların orijinal arenjmanını təqdim edib. Burada həm onun son albomu "After the Thunder"dən yeni kompozisiyalar, həm də köhnə hitlər səslənib. Müğənni öz yeni repertuarının böyük bölümünü dünya üzrə sonqraytinq nəhəngləri olan Pol Berri, Ceymi Skott, Ueyn Hektor və başqaları ilə əməkdaşlıqda yazıb (məsələn, Pol Berri özü Enrike İqlesiasın hitlərinin yarıdan çoxunun müəllifidir). 

Bircə boş yerin olmadığı Yaşıl Teatrda musiqiçinin 98 yaşlı nənəsi və atası Araz Ağalarov da iştirak edib. Məşhur nəvə səhnədən nənəsini və məşhurluqda  heç də geri qalmayan atasını salamlayıb, tamaşaçılara Araz Ağalarovun hələ də ilk avtomobili  "Moskviç-412"ni qarajında saxladığını bildirib. "Mən banan rəngli bu maşının sükanı arxasına keçəndə və onu qarajdan çıxaranda böyük zövq alıram. Bu dəfə övladlarım da mənimlə birlikdə idilər və bu onların çox xoşuna gəldi", - deyə müğənni öz təəssüratlarını səmimi şəkildə tamaşaçılarla bölüşüb. 

Öz albomu "After the Thunder" haqqında danışan Emin Ağalarov qeyd edib ki, o, dünyanın çox ölkələrində təqdim ediləcək. "Avroviziya-2012"nin finalında Eminin çıxışını müşayiət edən Bakı simli kamera orkestrinin konsertində tamaşaçılara yaddaqalan şou bəxş edilib. Axşamın xüsusi qonağı isə "Avroviziya-2012"də bizim ölkəni təmsil etmiş Səbinə Babayeva olub və o, "When the music dies" mahnısını oxuyub. 

Həmişə olduğu kimi, Emin tamaşaçıları ilə ünsiyyət qurub və bunu xüsusi həvəslə edib. Tələskənliklə avtoqraflar paylayıb və çiçəklər qəbul edib, konsertdən sonra isə uzun müddət öz fan-klubundan olan uşaqlarla şəkil çəkdirib. "Bu teatr mənim üçün əzizdir, çünki hər şeydən öncə, mən Bakıdakı ilk konsertimi burada vermişəm. Özü də bu teatra həmişə elə gözəl tamaşaçılar gəlir ki, onların qarşısında çıxış etməkdən həzz alıram", - deyə Emin qeyd edib. Ənənəsi üzrə Emin öz kumiri - böyük Müslüm Maqomayev ilə duet oxuyub və musiqi texnikasının möcüzəli imkanları onların birlikdə "Göy əbədiyyət" mahnısını ifa etməsinə şərait yaradıb. Bu həyəcanlı dəqiqələr izləyicilərin qəlbində əbədi olaraq qalacaq: Müslüm Maqomayev Eminin müəllimlərindən və hamilərindən biri olub. 

"After The Thunder" albomunun təqdimatı möhtəşəm keçib. Canlı ifanın gözlənilməzliyinə baxmayaraq, Eminin oxuması qüsursuz idi. Tayı-bərabəri olmayan səs, hər bir mahnını müşayiət edən videoinstallyasiyalar ən yaxşı Avropa konsertləri səviyyəsində idi. 

Eminin konsert zamanı  komandası dəqiq və ahəngli işlədi - mahnıya sinxronluğu ilə heyran qoyan təsvirlərin təmizliyi və dəqiqliyi, uyğun kompozisiyalara videoçarxların dəqiq tematik seçimi özünü göstərirdi. Bütün bunlar, hətta ən tərs skeptikləri də laqeyd qoymurdu. İzləyicilər ikisaatlıq çıxışdan sonra da Emini səhnədən buraxmaq istəmirdilər. Nəhayət  o, yenə də səmimi və  cazibədar şəkildə tamaşaçılara müraciət etdi: "Bəs məni nə vaxt buraxacaqsınız?". Konsert böyük uğurla keçib. Bu, Eminin Bakıda keçirilmiş ən yaxşı konsertlərindən biri idi, bəlkə də ən yaxşısı idi. 

Qeyd edək ki, "After The Thunder" albomunun relizi bu ilin may ayında Avropa, Böyük Britaniya, Rusiya və MDB ölkələrində dünya üzrə aparıcı rekord-leybl olan "EMI"nin dəstəyi ilə gerçəkləşdirilib. Plastinkanın prem-yerası dərhal reaksiya doğurub: sinql "Baby Get Higher" dərhal "BBC", "Radio 2" və "Magic FM" kimi Avropanın ən reytinqli radiostansiyalarının pleylistinə düşüb, həmçinin, Britaniyanın top-40 çartlarında uğurla debüt edib. 

Rusiyada  "Heart Keeps Beating" ("Ürək döyünür") kompozisiyası əsas hitə çevrilib, o elə ilk gündən Rusiyanın aparıcı stansiyalarında - "Russkoe Radio", "Avtoradio", "NRJ", "LOVE Radio", "Yumor FM" və "Megapolis FM"də səslənməyə başlayıb. EMIN öz karyerası dövründə ilk dəfə olaraq mahnını yalnız ingiliscə deyil, həm də rusca yazdırıb. 

Müğənninin yaxın planlarına iyulun 24-dən 29-na kimi Latviyanın Yurmala şəhərində keçiriləcək beynəlxalq "Yeni dalğa" festivalında xüsusi nömrə ilə çıxış etmək daxildir. Ağalarov iyulun 29-da, müsabiqənin bağlandığı gün çıxış edəcək. Müğənni, həmçinin, Rusiya estrada ulduzlarının iyulun 27-də Yurmalada keçiriləcək toplu konsertində də çıxış edəcək.



MƏSLƏHƏT GÖR:

401