24 Noyabr 2024

Bazar, 06:02

ƏYLƏNƏRƏK ÖYRƏNİRİK

Uşaqların asudə vaxtını necə təşkil etmək olar?

Müəllif:

26.08.2014

Bu gün uşaqların valideynlərilə birlikdə istirahəti və əyləncə-idrak tədbirləri, sanki, ekzotik və lazımsız bir şey kimi qəbul olunmağa başlayıb. Dünyada son onilliyin neologizmlərindən "çayld-frendli" -"uşaqlara qarşı dostluq münasibətləri" anlayışı yerini lazımınca möhkəmləndirib. Bu anlayışı hər şeyə aid etmək olar - valideynlərdən başlayaraq, xidmət sahəsinə aid iri obyektlərə, hətta şəhərlərədək. Bu, körpələri olan valideynlər üçün yaradılan şəraitlə müəyyənləşir - restoranlarda xüsusi stullar, ticarət mərkəzlərindəki uşaq otaqları və s. 

 

Baha və tədris verməyən

Bütün bunlar yalnız valideynlərin rahatlığının təmini, onların yaşamının asanlaşdırılması, restoranlara, mağazalara baş çəkmələrinin yüngülləşdirilməsi, övladları ilə birlikdə səyahətlərə yollanmaları üçün yaradılmır. Burada məqsəd həm də uşaqların erkən yaşlarından normal həyata atıla bilmələrinə şərait yaratmaqdır.

Bəs, bizim şəhərimizdə uşaqların bu şəraitdə inkişaf etməsi üçün hansı imkanlar var?

Hər şeydən öncə qeyd etmək lazımdır ki, Bakıda əyləncə mərkəzləri baxımından çatışmazlıq yaşanmır: paytaxtın ticarət mərkəzlərinin çoxunda, əksər hallarda, bir mərtəbə bütünlükdə uşaqlar üçün ayrılır - oyuncaq, kitab mağazaları, uşaq kafeləri, hər bir azyaşlının əylənə biləcəyi attraksionlar. Bütün bu şərait ayrı-ayrı özəl şirkətlər tərəfindən yaradılır və onların qiyməti heç də ucuz deyil. Nəzərə alsaq ki, bütün attraksionlar eyni məkanda yerləşir və oraya baş çəkərkən uşaqlar onların hamısında əylənmək istəyirlər, belə mərkəzlərə baş çəkilməsi valideynlərə baha başa gəlir.

Şübhəsiz ki, hər bir valideyn bu məsələyə qürurla eyni münasibəti bildirəcək: "Övladım üçün her şeyə hazıram!"

Bəs, biz övladlarımıza nə təklif edə bilərik ki, o, həm faydalı, həm də maarifləndirici-tərbiyəvi olsun?

İki problem var - əksər əyləncələrin heç də bütün uşaqlar üçün əlçatan olmaması və mədəni-əyləncə tədbirlərinin keçirilməsilə bağlı təşəbbüslərin yoxluğu.

Söhbət hər yana səpələnmiş əyləncə mərkəzlərindən, dərnəklərindən getmir. Onlar yay, əyləncə-idraki istirahət konsepsiyasına heç də tam cavab vermir. Məktəblərdə vaxtaşırı muzeylərə ekskursiyalar təşkil olunsa da, yay tətili dövründə bu proses "donur". 

Uşaq tamaşalarının repertuarı da geniş deyil. Yayda teatrların da tətilə çıxdığını nəzərə alsaq, bu "əyləncə"ni də hesabdan silmək olar.

Doğrudur, bəzi hallarda özəl mərkəzlər, restoranlar, otellər və banklar tərəfindən uşaqlar üçün bayram tədbirləri düzənlənir. Amma, təəssüf ki, dövlətə məxsus tədris-tərbiyə strukturları bu proseslərdən kənarda qalırlar. Məsələn, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə paytaxtın iri banklarından biri sabun qovuqları və populyar feys-artla bayram şənliyi təşkil etmişdi. Bu tədbirə əhalinin bütün təbəqələrinə aid insanlar qoşula bilərdilər.

Daha bir yenilik isə Qərb ölkələrində kifayət qədər populyar olan uşaqlar üçün kulinariya sahəsində ustad dərsləridir. Şəhərin bir sıra iri restoranları bu dəbli tədbiri populyarlaşdırmaqdadırlar. Amma buraya da uşaqlar müəyyən məbləğdə ödəniş müqabilində cəlb olunurlar - 20 manatdan 50, hətta 80 manatadək!

Şübhəsiz ki, bu ustad dərslərinin təşkilində məqsəd uşaqlardan sırf kulinar və ya aşpaz hazırlamaq yox, onları mədəni tədbirlərin iştirakçısına çevirməkdir.

Demək olar ki, bizim bu mənada asudə vaxtımızı keçirmək üçün yeganə mədəni və faydalı imkanımız skautdur. Skautlar klubunun təşkilatçılarından biri olan Yevgeniya Nəcəfovanın sözlərinə görə, Azərbaycanın skaut klubu dünyanın 27 ölkəsində qəbul edilmiş ümumi qaydalara əsasən fəaliyyət göstərir (qeyd edək ki, skaut təşkilatı dünyanın ən nəhəng qeyri-hökumət təşkilatlarındandır və 4-cü sırada yer alır. O, həyati əhəmiyyətli təşkilatlar sırasında yalnız Qırmızı Xaç təşkilatından geri qalır).

Koordinatorun sözlərinə görə, qurumun əsas məqsədi tamhüquqlu şəxsiyyətin, cəmiyyət üzvünün formalaşdırılması, uşaqların dünyanı dərk etməsinə yardım göstərilməsi və gələcək tədrisidir. Skaut hərəkatının əsas istiqaməti ekologiya, təbiətdə yaşaya bilmək bacarığı, xeyriyyəçilik və müxtəlif bacarıqların inkişafıdır. Buraya yaşı 6-18 arasında olan uşaqlar cəlb edilirlər (yaşı daha artıq olanlar lider statusu daşıyır və özlərindən kiçiklərə təlimlər keçirlər); bacarıqların inkişafı isə liderin "peşəkar oriyentasiyası"ndan asılıdır - bu, istər yelkənli qayıq idmanı ola bilər, həm ağac üzərində naxış açma, həm modelləşdirmə. Bir sözlə, hər kəs öz zövqünə uyğun məşğuliyyət tapa bilər. Bununla yanaşı, mütəmadi olaraq, dağlarda, meşələrdə həyata keçirilən gəzintiləri, idman sahəsində yarışların təşkilini nəzərə alsaq, düşünmək olar ki, bu faydalı istirahət uşaqlarda həm də birlik, qarşılıqlı yardım hissi sağlam düşünmək qabiliyyətini gücləndirir.

"Bu yaxınlarda ekoloji treninqdən qayıtmışıq", - deyə Yevgeniya xanım bildirir: "Balaca skautlar Lahıcda, böyüklər Babadağda olublar. Onlar ətrafa səpələnmiş zibilləri yığışdırıb, həmin ərazilərə Qurandan olan və təmizkarlığa çağıran sitatların yer aldığı banerlər asıblar". Bütün tədbirlərdə iştirak üçün, o cümlədən lazımi avadanlıqların və rekvizitlərin alınması üçün pulu təşkilatçıların və iştirakçıların özləri toplayırlar. 

 

Digər ölkələrin təcrübəsi

Rusiyada, Ukraynada uşaqlar üçün tədbirlərin təşkili təcrübəsi çox böyükdür. Bununla yanaşı, belə tədbirlər tez-tez hansısa mərasim və ya bayram çərçivəsində təşkil olunur: əl işlərinin hazırlanması üzrə ustad dərsləri, ilkin yardımın göstərilməsilə əlaqədar treninqlər, feys-art üzrə dərslər. Uşaqlara xüsusi qayğı ilə yanaşıldığı Fransada asudə vaxtın keçirilməsi məsələsi çox sərt qoyulub. Məsələ o qədər ciddidir ki, orada uşaq bağçaları bizdəki kimi həftənin 5-6 günü deyil, yalnız 4 günü işləyir. Çərşənbə günü tamamilə uşaqların asudə vaxtlarını keçirmələrinə həsr olunur. Əksər muzeylər, teatrlar və konsert zalları həmin gün uşaqlar üçün xüsusi proqramlarla çıxış edirlər. Uşaqlar üçün yeni filmlər prokata birmənalı olaraq, çərşənbə günü çıxarılır. Stadionlarda, hovuzlarda həmin gün uşaq günü elan olunur. Muzeylər və digər saraylar da həmin gün qapılarını uşaqların üzünə açırlar: Kəşflər sarayı oyun formasında fizikadan, kimyadan, astronomiyadan, coğrafiyadan, biologiyadan bəhs olunur. Magiya müzeyində uşaqlara geniş sirk kolleksiyaları və "fokus" rekvizitləri nümayiş etdirilir. Həmin gün Milli Təbiət Tarixi Muzeyi, Paleontologiya Muzeyi də azyaşlıları qəbul edir... Siyahını uzatmaq da olar... Çox istərdik ki, nə zamansa bizim uşaqlarımız üçün də asudə vaxtın səmərəli keçirilməsiylə uşaqlarda idrakın inkişafına imkan verən mərkəzlər əlçatar olsun.


MƏSLƏHƏT GÖR:

561