Müəllif: Zərifə BABAYEVA Bakı
Statistika həyəcan doğurur. Dövlət Yol Polisi Baş İdarəsinin (DYP Bİ) məlumatına görə, 2012-ci ilin birinci yarısında ölkədə 1278 yol-nəqliyyat hadisəsi baş verib və 436 nəfər dünyasını dəyişib, 1361 adam müxtəlif dərəcəli bədən xəsarəti alıb. Özü də 148 ölüm halının və 584 bədən xəsarətinin baş verdiyi 533 yol-nəqliyyat hadisəsi Bakıda baş verib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu cür hadisələrin sayı 86 ədəd azalsa da, Azərbaycan yollarında insanların ölümü ilə bağlı vəziyyət ciddi həyəcan doğurur.
Yol-nəqliyyat hadisələri müxtəlif cür baş verir: məsələn, üzbəüz toqquşma 461-dir (141-i ölümlə nəticələnib, 639 yaralanma var), piyadanı vurma faktı 466-dır (148-i ölümlə nəticələnib və 352 yaralanma var), avtomobilin çevrilməsi isə 132-dir (69 ölüm halı və 139 yaralanma). Ən kədərlisi odur ki, yol-nəqliyyat hadisələrində 21 uşaq həlak olub, 97 uşaqsa müxtəlif dərəcəli zədələr alıb.
Nəqliyyat hadisələrinin başvermə dinamikası və metodiki dövriliyi də dəhşətlidir. Belə ki, iyulun 10-da Azərbaycanda 12 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə, 7 adam həlak olub və 19 nəfər zərər çəkib. Azərbaycan DYP Bİ-də qeyd edirlər ki, yollarda qəzaların böyük bölümü yol hərəkəti qaydalarının kobud və ağılsızcasına pozulması nəticəsində - sürətin artırılması, nəqliyyat vasitələrinin sərxoş halda idarə edilməsi, qarşı zolağa çıxılması zamanı baş verir. Bütün bunlar statistika və dəhşətli gerçəklikdir. Hər bir quru rəqəmin arxasında qəfil qırılmış tale və şikəst olmuş həyat dayanır. Kimlərsə atasını itirir, kimlərsə anasını, ərini, qadınını, uşağını itirənlər də var. Hər il bütün dünyada yol-nəqliyyat hadisələri nəticəsində 1,3 mln.-a yaxın adam həlak olur və daha 50 mln adam zədə alır, şikəst olur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yaşı 10-24 arasında olan gənc adamların ölüm səbəbləri arasında birinci yeri yol-nəqliyyat hadisələri turur.
Sürücülük mədəniyyəti
Artıq "R+" öz səhifələrində bu problemi qaldırıb, avtomobil qəzalarının sayını və yollarda ölümü necə azaltmaq barədə araşdırma aparır. Təhlükəsiz sürücülük mədəniyyətini necə yaratmalı? Niyə bunlar baş verir? Çünki bəzi sürücülər elementar yol hərəkəti və avtomobil istismarı qaydalarına riayət etməyi unudurlar.
Tez-tez avtomobilləri təcrübəsiz sürücülər idarə edir, zədə almasının ertəsi günü sükan arxasına keçirlər, belələrinin sürücülüyə yararlı olmasından danışmağa belə dəyməz. Daha pisi də odur ki, həvəskar sürücü, necə deyərlər, ümumiyyətlə, imtahan vermir. Niyə gizlədək ki, həm bizdə, həm də digər postsovet ölkələrində "blata" görə sürücülük vəsiqəsi almaq halları istisna deyil. Və bu cür formal sürücülük vəsiqəsi daşıyan üzdəniraq avtomobilçilər faktik olaraq yol göstəricisini yol nişanından seçmək iqtidarında belə deyillər. Belə sürücülər asfaltüstü yol işarələrini asfalt örtüyünün dizayner elementi sayırlar. Bütün bunlardan əlavə yollarda sürücü mədəniyyəti məsələsi də unudulmamalıdır, halbuki çoxları hesab edir ki, "Mən öz avtomobilimlə istədiyim hər şeyi edə bilərəm". İctimai nəqliyyat sürücüləri isə özlərini daha yaramaz aparırlar. Sürət həddini aşmalar, avtobusun qabaritlərinə baxmayaraq kobud idarəetmələr, sərnişinlərə hörmətsizlik və s. Tez-tez avtobusların sürücüləri öz aralarında "yarış" da təşkil edirlər.
Ayrıca mövzu isə piyadalardır, onların arasında ifrat özünəinam və həyatına laqeydlik müşahidə edilir. Belələri "zebra"nın və yeraltı keçidin nə olduğun bilmirlər. Yerüstü keçid isə onlar üçün ümumiyyətlə sanki "vaxt itkisi"dir.
Özü də onlar yolu sivilizasiyalı ölkələrdə olduğu kimi, qadağan edən işıqda qrup halında yox, pərakəndə şəkildə keçirlər. Ancaq qeyd etmək lazımdır ki, sürücülər də piyada keçidlərinə elə də diqqət yetirmirlər. Bu qarışıqlıq nəticəsində sürücü piyadanın növbəti addımını təxmin edə bilmir, piyada isə sürücünün nə etmək istədiyini anlamağa macal tapa bilmir ki, bu da daha bir yol-hərəkət hadisəsi ilə nəticələnir və çox vaxt da ölümlə sonuclanır.
Cərimə sanksiyaları
Hələ 1 fevral 2006-cı il tarixdə Prezident İlham Əliyev tərəfindən Bakının nəqliyyat sisteminin təkmilləşdirilməsi barədə sərəncam imzalanıb. Bununla əlaqədar olaraq paytaxtda körpülər, yeraltı keçidlər tikilməyə, yeni yollar çəkilməy başlandı. Bu sərəncamın əsas bəndlərindən biri də yollarda təhlükəsizliyin təmin edilməsi və yol-hərəkət qaydalarını pozan sürücülərə qarşı cərimə sanksiyalarının sərtləşdirilməsidir. Yollarda təhlükəsizliyin təmin edilməsi və tıxacların aradan qaldırılması məsələsində ən önəmli bənd sürücülərin intizam məsuliyyətinə cəlb edilməsidir. Axı tıxacların yaranmasında mənbə kimi infrastruktur problemləri ilə yanaşı, qayda pozan sürücülər də rol oynayır.
Doğrudur, sürücülərin yol hərəkəti qaydalarını tez-tez pozmasına baxmayaraq, bütövlükdə, Azərbaycanın yollarında vəziyyət dünyanın başqa ölkələrinə baxanda mürəkkəb deyil. Ancaq DYP Bİ-dən bildirirlər ki, Azərbaycan sürücülərini təhlükəsizlik kəmərini bağlamağın vacibliyinə əmin etmək çətindir, çünki çoxları onu lazımsız hesab edir. Eyni zamanda, qanunda dəqiq göstərilib ki, hələ maşını yerindən tərpətmədən təhlükəsizlik kəmərini bağlamaq vacibdir. Özü də sürücü yalnız özünün deyil, sərnişinlərin də kəməri bağlamasına nəzarət etməlidir.
Piyada keçidlərinə gəldikdə isə yol polisinin rəsmi təmsilçisi etiraf edir ki, piyadaların heç də hamısı yolu lazım olan yerdən keçmir. Digər tərəfdən isə əgər piyada "zebra"ya ayaq basdısa, sürücü ona yol verməlidir. Ancaq əgər piyada yolu keçə biləcəyinə əmin deyilsə, onda güzəştə gedə bilər. Bundan başqa, sürücülər heç zaman sükanı sağa və ya sola çevirməklə piyadaya və ya velosipedçiyə yol vermək istəmirlər. Bütün bunlar göstərir ki, avtomobilçilərin çoxunda piyadalara elementar hörmət yoxdur ki, bu da yol hərəkətinin ən zəif məqamlarından biridir.
Bununla yanaşşı, DYP Bİ yol hərəkəti qaydalarına riayət edilməsinə nəzarətin sərtləşdirilməsi üzrə layihələri həyata keçirməkdə davam edir. Bu tədbirlər sırasına ən yeni texnologiyalardan istifadə etmək də daxildir: yollarda nəqliyyat vasitələrini müşahidə kamerası və monitorların quraşdırılması, maşınların çox yığıldığı yerlərdə vahid mərkəzləşdirilmiş idarəetmənin təmin edilməsi, sürəti müəyyən edən fotoradarların və aparatların quraşdırılması da bura daxildir. Məqsəd sürücülərin cəzalandırılması və onların inzibati məsuliyyətə cəlb edilməsi, nəqliyyat vasitələrinin fasiləsiz hərəkətinin təmin edilməsidir. Bundan başqa, Azərbaycanın İnzibati Xətalar Məcəlləsinə düzəlişlər etməklə, bir sıra yol hərəkəti qaydalarının pozulması üzrə cərimələr artırılıb. Belə ki, avtomobili təhlükəsizlik kəməri bağlamadan sürməyə görə cərimə 15 manatdan 40 manata qədər artırılıb, sürətin 10-30 km//saat qaldırılması isə 20 manat olub (indiyə qədər bu cərimə 15-20 manat idi). Sürətin 30-60 km//saat artırılması isə 100 manata qədər qaldırılıb (əvvəllər 20-40 manat idi), sürəti 60 km/saat artırmağın cəriməsi isə indi 150 manatdır (əvvəllər 40-60 manat idi).
Nəqliyyat vasitəsini vəsiqəsiz idarə etməyə görə cərimə 60 manatdan 100 manata qədər, bu qayda pozuntusunun bir il ərzində təkrarlanmasına görə isə 80-100 manatdan 200 manata qədər qaldırılıb. Zərərçəkmiş şəxsə nəqliyyat vasitəsini idarə etməyə vəsiqəsi olmadan yüngül bədən xəsarəti yetirməyə və ya maddi zərər vurmağa görə cərimə 400 manata qaldırılıb (əvvəllər 140-180 manat olub).
Alkoqol, narkotik vasitələr, psixotrop və ya başqa güclü təsiredici vasitələr qəbul etmiş vəziyyətdə nəqliyyat vasitəsini idarə edən və sürücülük vəsiqəsi olmayan şəxsə 250 manat cərimə təyin edilir. Əvvəllər isə 150-200 manat arasında idi. Bundan başqa, maşını saxlama, dayanacaq və əyləyib-getmək qaydalarının pozulmasına görə də cərimələr qaldırılıb. Bu cür pozuntulara görə 20 manat cərimə müəyyən edilib (əvvəllər isə 15-20 manat idi).
Avtomobili ictimai nəqliyyat üçün nəzərdə tutulmuş dayanacaqlarda, yaxud yol nişanına 15 metrdən yaxın məsafədə saxlamağa və ya əyləyib-getməyə görə cərimə 40 manata qədər qaldırılıb (əvvəllər 15 - 20 manat olub). Birtərəfli hərəkət müəyyən edilmiş yollarda hərəkət istiqamətinə qarşı sürməyə, həmçinin, nəqliyyat axınına qarşı hərəkətə və horizontal işarə xətlərinin tələblərinin pozulmasına görə cərimənin miqdarı 100 manat müəyyən edilib (əvvəllər 20-40 manat arasında idi).
Ancaq inanmaq olmur ki, cərimələrin bu cür azacıq qaldırılması ilə yollarda təhlükəsizlik məsələsini həll etmək mümkündür. Azərbaycanın avtomobil həvəskarlarının ağıllanması üçün cərimələr çox qaldırılmalıdır və 1000 manatdan başlamalıdır. Məsələn, Avropanın bir çox ölkələrində bu cür edilir, orada yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr çox yüksəkdir. Çexiyada sutkanın istənilən vaxtı yaxını göstərən işıqla getmək qaydasını pozmağa görə və ya təhlükəsizlik kəməri bağlamadan idarəetməyə görə cərimə 800 avroya yaxın təşkil edir. Ümumiyyətlə, yalnız Avropada deyil, bütün Qərbdə sürəti artırmağa görə cərimələr çox yüksəkdir. Ən yüksək cərimə Fransada tutulub və $200 min təşkil edib. Çünki bu ölkədə cərimələr əməkhaqqının faizi ilə hesablanır, orada isə gənc varisi cərimələyiblər və o, həmin il $11 mln qazanıbmış. Norveçdə illik gəlirin 10%-i səviyyəsində cərimə edirlər və bunun üstünə həbs də gəlir. ABŞ-da $2500 cəriməyə tuş gəlmək çox asandır. Kanadada o, nəzəri olaraq $25 min təşkil edə bilər. Fransa, İsveçrə və İtaliyada yuxarı dərəcə $2100, Almaniyada isə $623-dür.
Böyük Britaniyada sürətin 20 km/saat artırılmasına görə 75 avro, 50 km/saatdan çox artırılmasına görə isə 2900 avro cərimə nəzərdə tutulub. İtaliyanın avtomobil yollarında maşını arxaya vermək olmaz, buna görə 390 avro cərimələyirlər. İspaniyada səbəbsiz kəskin əyləc basmaq (məsələn, yol radarı qarşısında) 200 avroya başa gəlir. Bağlanmamış kəmərə görə 500 avro, avtomobili vəsiqəsiz idarəetməyə görə də elə o qədər cərimə düşür.
Bu rəqəmləri biz ona görə sadalayırıq ki, oxucu Qərbdə başqalarının həyatına təhlükə yaradan və hüququnu pozan sürücülərə qarşı nə dərəcədə ciddi davranıldığını anlasınlar. Əgər Azərbaycanda da bu cür təcrübə tətbiq edilərsə, şübhəsiz ki, hazırkı durum da müəyyən mənada yaxşıya doğru dəyişər.
MƏSLƏHƏT GÖR: