Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Ötən illər ərzində postsovet məkanının bir çox dövlətləri, o cümlədən, bizim ölkə tikinti bumu üçün səciyyəvi olan bir sıra oxşar problemlərlə üzləşib. Bu problemlərin məğzində tikinti sektorunun tənzimlənməsinin normativ-hüquqi bazasının onun real artımının templərindən və səviyyəsindən geri qalması ilə bağlıdır. Xoşbəxtlikdən, bizim tikinti sahəsi də nəhayət, çağdaş qanunvericilik bazasına sahib oldu. Üçillik müzakirələrdən sonra, Milli Məclis Azərbaycanın Şəhərsalma və Tikinti Məcəlləsinin yekun variantını qəbul edib.
Bir yeni iki köhnədən yaxşıdır
Təxminən, 1500 şirkəti və 64 minə yaxın işçini əhatə edən milli tikinti sektoru 2008-2009-cu illərdə nəzərəçarpacaq səviyyədə bu sahədə tənəzzülünə səbəb olmuş qlobal iqtisadi böhranın təsirlərini uğurla dəf edib və sonrakı iki ildə əminliklə inkişafın müsbət dinamikasını saxlayıb. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, keçən il ölkə üzrə istifadəyə verilən mənzillərin ümumi sahəsi 1,922 mln kv.m.-ə çatıb ki, bu da qabaqkı ilin göstəricisini 7% üstələyib. Misal üçün deyək ki, keçən il istifadəyə verilən mənzil sahəsi böhrandanəvvəlki əlverişli 2008-ci illə müqayisədə 370 min kvadratmetr çox olub. Bu müsbət meyil cari ildə də qorunacaq. Belə ki, birinci rübün nəticələrinə görə, tikinti sahəsində 27,5 faizlik artım müşahidə edilib.
Təqdim olunan statistika bazar konyukturasına inamla uyğunlaşan və əsaslı tikinti sahəsinə dövlətin ildən-ilə artan sərmayələrini uğurla mənimsəyən milli mənzil-tikinti kompleksinin uğurlarını açıq göstərir. İndi bu dinamik inkişafa əlavə güclü impuls verilib: bu yaxınlarda Milli Məclis tikinti sahəsində postsovet məkanı üzrə ən çağdaş və liberal olan qanunvericilik aktı qəbul edib.
Azərbaycanın Şəhərsalma və Tikinti məcəllələrinin layihələri Parlamentin müzakirəsinə ilk dəfə üç il qabaq çıxarılıb. Özü də ilk başdan ehtimal edilirdi ki, Tikinti Məcəlləsi texniki xarakterli normativ və standartları tənzimləyəcək, Şəhərsalma Məcəlləsinin məzmunu isə estetik, mədəni və memarlıq xüsusiyyətli olacaq. Ancaq qanun layihələri çox hallarda bir-birlərini təkrarlayırdılar. Nəticədə, Parlament tikinti sahəsində sualların bütün çoxçalarlılığını bir məcəllədə birləşdirmək qərarına gəldi. Parlamentin hüquq siyasəti və dövlət quruculuğu, həmçinin, iqtisadi siyasət komitələrinin səyləri nəticəsində, sənədlərin layihələri dəfələrlə yenidən işlənib. Nəhayət, iyunun son günlərində məcəllə üçüncü, son oxunuşda təsdiq edilib.
Üç hissədən və 79 bənddən ibarət sənədin işlənməsi zamanı MDB dövlətlərinin və Avropanın bu sahədə zəngin təcrübəsi nəzərə alınıb. O, dövlətin tikinti sahəsində siyasətini və səlahiyyətlərini tənzimləmək, bazar iştirakçılarının hüquq və məsuliyyətini müəyyən etmək, istehlakçıların maraqlarını müdafiə eləmək və ictimaiyyəti ölkədəki tikinti fəaliyyəti barədə məlumatlandırmaq məqsədi daşıyır.
Məcəllə, həmçinin, şəhərlərin uzunmüddətli sosial-iqtisadi inkişaf perspektivləri də daxil olmaqla, şəhərsalma məsələlərini əhatə edir. Buraya şəhərsalma planlaşdırması, yaşayış, sənaye, kommunal və başqa funksional zonaların müəyyən edilməsi, istehsalat, sosial, nəqliyyat və mühəndislik infrastrukturlarının inkişafı, ətraf mühitin və tarixi-memarlıq irsinin qorunması məsələləri daxil edilib.
Yeni məcəllənin üç bölməsindən hər biri fəaliyyətin aydın cızılmış yönlərini əhatə edir. Belə ki, birinci bölmə tikinti sahəsində dövlət siyasətini müəyyən edir, ümumi şəhərsalma əsaslarını və prinsiplərini, həmçinin, onu tənzimləyən normativ-texniki sənədləşməni əks etdirir. İkinci bölmədə ölkə üzrə ərazi planlaşdırılmasının qaydaları, növləri, məqsədləri və məzmunu göstərilir, həmçinin, sənədlərin tərtibat normaları və şəhərsalma planlarının işlənməsində dövlət qurumlarının iştirakı təsvir edilib. Nəhayət, üçüncü bölmə birbaşa tikinti fəaliyyətini - obyektin tikintisinə icazə alınmasından tutmuş, təhvil verilməsinə qədər olan prosesi tənzimləyir.
Daha az bürokratiya və daha çox icazə
Tikinti fəaliyyətini reqlamentləşdirən bütün qanun və qaydaların vahid normativ sənəddə birləşdirilməsi ilə yanaşı, tikinti şirkətlərinin funksiyaları da vahid dövlət orqanı tərəfindən nəzarətdə saxlanacaq. "Yeni qanuna uyğun olaraq, icazələrin verilməsi "vahid qanun" prinsipi ilə gerçəkləşdiriləcək: bu, həm şəffaflığı təmin edəcək, həm də bütün proseduru sadələşdirəcək", - deyə Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.
İki il bundan qabaq Beynəlxalq Maliyyə Korporasiyası (BMK) tərəfindən aparılmış təqdiqata görə, bizim ölkədə tikinti fəaliyyətinə icazə üzrə tam zərfin alınması, təxminən, 31 prosedurun yerinə yetirilməsini tələb edir ki, buna da orta hesabla, 207 gün sərf etmək gərəkdir. "Vahid pəncərə" sisteminin tətbiqi ilə icazə alınması və layihənin təsdiq olunması müddəti iki dəfədən çox məhdudlaşdırılacaq, özü də tikinti işlərinin gerçəkləşdirilməsi üçün lazım olan sənədlərin sayı üç dəfə azalacaq.
Tikintiyə icazə əsas parametrlərin yoxlanmasından - layihənin hüquqi normalara uyğun olub-olmaması, maraqlı strukturların və şəxslərin mövqeyi nəzərə alındıqdan sonra veriləcək. Hündürlüyü 12 metrdən və üç mərtəbədən yüksək olmayan evlər üçünsə, ümumiyyətlə, icazə yox, məlumatlandırma qaydasının tətbiqi nəzərdə tutulub. Yəni fərdi tikinti sahibi öz evinin lisenziyalı layihəçi tərəfindən layihələndirilməsini təmin etməlidir, bundan sonra vahid icra hakimiyyəti orqanını xəbərdar etməlidir və layihə ona təqdim olunmalıdır. Əgər bir ay müddətində layihəyə heç bir irad təqdim edilməsə, tikintiyə heç bir icazə olmadan başlamaq mümkündür. İrad və təkliflər olduqda onları mütləq nəzərə alıb düzəlişlər etmək lazımdır.
Parlamentarilər Məcəllənin üçüncü oxunuşunda da bəzi əlavə və dəyişikliklər etməklə, icazə əldə etməkdən tam azad olan obyektlərin siyahısını xeyli genişləndiriblər. Xüsusilə də, bu sıraya sahəsi 50 kvadratmetr və hündürlüyü 5 metrə qədər olan birmərtəbəli yardımçı binalar, 100-ə qədər insanı tuta bilən müvəqqəti yaşayış yerləri, dərinliyi 5 metrə və tutumu 60 kubmetrə qədər olan quyular, 10 kubmetrə qədər su tutan çən dayaqları daxil edilib.
Həmçinin, fərdi evlərin sahələrində sahəsi 100 kvadratmetrə qədər olan əlavə binaların tikintisinə icazə lazım deyil. Həmin siyahıya sahəsi 100 kvadratmetr olan kənd təsərrüfatı obyektləri, hündürlüyü 2,2 metrə qədər olan hasarlar, hündürlüyü 8 metrə qədər olan elektrik dirəkləri və antennalar, kiçik memarlıq tikililəri - köşklər, çardaqlar, çiçəkliklər, açıq havada idman və oyun meydançaları, açıq avtomobil dayanacaqları və s. daxildir.
Vətəndaşlar və təşkilatlar fasadlarının qabaritini dəyişmədən binaların təmiri, yollarboyu mühəndis-rabitə şəbəkələrinin və ötürücü xətlərin yenidən qurulması, sahəsi 300 kvadratmetrə qədər olan istixanaların tikintisi üçün icazədən azad edilirlər.
Eyni zamanda, sonuncu oxunuşda güzəştlər siyahısından tikintisinə icazənin indi də saxlanıldığı bir sıra obyektlər çıxarılıb. Onların sırasında fasad və damlara quraşdırılan 30 kvadratmetrə qədər olan reklam bilbordları, həmçinin, barelyeflər, anım lövhələri və s. aiddir.
Məcəllə ilə nəzərdə tutulmuş yeniliklərdən biri də ölkədə peşəkar inşaatçılar siyahısının yaradılmasıdır. İndən belə bu prosesdə iştirak edən bütün şəxslər, xüsusən dizaynerlər və mütəxəssislər, təmir və tikinti şirkətlərinin işçiləri professional sertifikat almalıdırlar. Sertifikat almış hər bir şəxs haqqında məlumatlar tikinti işlərinin təhlükəsizliyini təmin etmək və iqtisadiyyatın bu sahəsində təsadüfi insanlardan xilas olmaq üçün müvafiq reyestrə daxil ediləcək.
"Vahid Şəhərsalma və Tikinti Məcəlləsinin qəbulu çoxdan yetişmiş ehtiyacdır. Yeni qanun daşınmaz əmlakın tikintisini və qeydiyyatını asanlaşdıracaq, həmçinin, ölkədə tikinti fəaliyyətinin hüquqi və əsaslarının müəyyən edilməsinə imkan verəcək, cəmiyyət üçün vacib olan bu fəaliyyət sahəsində dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin hüquq və fəaliyyətini dəqiq müəyyən edəcək", - deyə Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.
Qəbul edilmiş qanunvericilik son illərdə inşa edilərək dövlət qəbulundan keçməsə də belə insanların məskunlaşdığı yüzlərlə yaşayış binasının da, problemlərini müəyyən dərəcədə həll etməyə yardım göstərəcək. Bu, həm də vətəndaş cəmiyyətinin şəhər planlaşdırması və tikinti fəaliy-yətinə nəzarətini gücləndirəcək.
MƏSLƏHƏT GÖR: