
"DAXİLİ OYUN" VƏ KƏNAR QƏTNAMƏLƏR
Suriya böhranı sona yaxınlaşır
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Suriya böhranı sona yaxınlaşmaqdadır. Bütün maraqlı tərəflərin diplomatik mübarizəsinin əsas meydanı BMT Təhlükəsizlik Şurası olsa da, problemin bu və ya digər formada həllində həlledici faktorun bu qlobal təşkilatın iradəsi yox, Qərbin qüdrətli mərkəzlərinin siyasətinin olacağı bəllidir. Onlar isə artıq çoxdan Suriyada Bəşər Əsəd hakimiyyətinin davam etməsinin mümkünsüzlüyü fikrinə gəliblər.
Suriyada hökumət qüvvələri və müxalifətçilərin uzun müddətdir davam edən toqquşmasında ölənlərin sayı 17 minə çatır. Son günlər ölkədə yeni qanlı faciələr baş verməkdədir və buna görə tərəflər bir-birini ittiham edir. Müxalifətçilər iddia edir ki, Bəşər Əsədə loyal qüvvələr ölkənin mərkəzi hissəsində yerləşən Xama əyalətinin Tremsex kəndinə hücum edərək 200-dən artıq insanı qətlə yetirib. Ölənlərin əksəriyyəti dinc sakinlərdir. Suriya hökuməti isə öz növbəsində bildirir ki, dinc insanların kütləvi qırğınında terrorçu qruplar günahkardır və ordu məhz həmin qruplara qarşı xüsusi əməliyyatlar keçirir.
Suriya böhranı ətrafındakı diplomatik fon isə son həftələrdə dəfələrlə dəyişib: problemin sülh yolu ilə həllinə müəyyən qədər olan ümidlər qəflətən yerini güc yolu ilə tənzimləmə perspektivinə verib.
İyunun sonunda BMT TŞ-yə üzv ölkələrin XİN başçılarının görüşündə Suriyada keçid hökumətinin yaradılması, yeni konstitusion düzənin formalaşdırılması, çoxpartiyalı seçkinin keçirilməsi və bunun nəticəsində yeni dövlət orqanlarının formalaşdırılmasını təklif edən kommünike qəbul olunub. Maraqlıdır ki, kommünikeni yalnız Qərb fövqəldövlətləri yox, Rusiya da dəstəkləyib. Beləliklə, Suriya böhranının başlanmasından keçən dövrdə Qərblə Rusiya arasında ilk dəfə olaraq kifayət qədər möhkəm olmasa da, tam real razılıq əldə edilib. Bu razılaşma əsasında Suriyadakı vətəndaş müharibəsini önləmək və oraya kənar hərbi müdaxilənin qarşısını almaq hələ də mümkündür.
Moskvanın bu sənədi imzalamağa razılaşması Rusiyanın diplomatik manevr etmək qərarına gəldiyini göstərib. Görünür, o, Qərbin Suriya böhranına son qoymaq üçün BMT TŞ, Rusiya və Çinin mövqeyini nəzərə almadan öz yanaşması əsasında fəaliyyətə keçəcəyi təqdirdə imicinə zərbə dəyəcəyindən ehtiyatlanır. Suriya müxalifətinin Moskvaya səfəri də bunu təsdiqləyir. Müxalifətçilərin dediyinə görə, onların Rusiyanın XİN başçısı Sergey Lavrovla görüşündə "tərəflər birdən-birə razılığa gəlməyin çətin olduğuna dair ortaq fikrə gəlsələr də", görüş uğurlu və konstruktiv keçib.
Bundan başqa, Rusiya Suriyada vəziyyətin normallaşmasınadək bu ölkəyə yeni silahlar satmaqdan imtina edib. Bununla bağlı bəyanatda qərarın Suriyaya hərbi vertolyotların satışına aid olmadığı xüsusi göstərilsə də, Qərb Moskvanın bu addımını Suriya qarşıdurmasında özünün aralıq qələbəsi kimi dəyərləndirib.
Qərblə Rusiyanın problemlə bağlı mövqelərində yaxınlaşmanın müşahidə olunduğu dövrdə BMT-nin xüsusi nümayəndəsi, Suriya probleminin sülh yolu ilə həlli planının müəllifi Kofi Annan regionda intensiv danışıqlar aparıb. O, İraqa, İrana, Suriyaya səfər edib. Dəməşqdə Annan prezident Əsədlə görüşərək ölkədə keçid hökumətinin yaradılması məsələsini müzakirə edib. Daha sonra o, BMT TŞ-ni Suriya hökumətinə və müxalifətinə beynəlxalq ictimaiyyətin atəşkəs haqda tələblərinə əməl olunmayacağı təqdirdə hər iki tərəf üçün fəsadların yaşanacağını bildirib. Amma ilk baxışdan münaqişənin dinc yolla həllinə ümidlərin qaldığını göstərən bütün bu diplomatik hadisələr böhranın hərbi yolla çözümünə aparan hadisələri "pərdələyə" bilmir. ABŞ-ın dövlət katibi Hillari Klintonun Əsəd rejiminə xəbərdarlığı da bunun göstəricisidir: o, Suriyada vəziyyətin dinc yolla qaydaya salınması üçün çox az vaxtın qaldığını bəyan edib. Bundan başqa, Əsədin sayılı günlərinin qaldığını deyən Klinton, faktik olaraq Suriya dövlətinin süqutu təhlükəsinin mövcudluğunu dilə gətirib.
Yeni mərhələyə keçid, Kofi Annan planının həyata keçirilməsi məqsədilə Suriya hökumətinə beynəlxalq təzyiqin artırılması haqda konkret çağırışlar "Suriyanın dostları" qrupunun Parisdə keçirilmiş toplantısında da səsləndirilib. Onlar BMT Nizamnaməsinin sülh və təhlükəsizliyin bərpası üçün həm sanksiyalar, həm də hərbi güc tətbiqini nəzərdə tutan fəslini də xatırladıblar. Amma bütün maneə də məhz bundadır. BMT TŞ Suriya böhranının aradan qaldırılması yolları ilə bağlı vahid mövqeyə gələ bilmir. Qurum Rusiya ilə onun Qərbdən olan opponentləri arasında əsl diplomatik savaş meydanına çevrilib. ABŞ, Böyük Britaniya, Fransa və Almaniya Əsəd rejiminə atəşkəsə əməl etməsi üçün 10 gün vaxt verən qətnamənin qəbulunu təklif edir. Sənəddə bildirilir ki, göstərilən müddətdə tələbə əməl olunmasa, Suriya hökumətinə iqtisadi və diplomatik sanksiyalar tətbiq ediləcək.
Bundan başqa, Qərb dövlətləri tərəfindən hazırlanmış qətnamə layihəsində BMT-nin Suriyada fəaliyyət müddəti iyulun 20-də başa çatacaq müşahidə missiyasının mandatının cəmi 45 gün artırılması da təklif olunur.
Eyni vaxtda problemlə bağlı Rusiyanın təklif etdiyi qətnamə layihəsi isə beynəlxalq müşahidəçilərin Suriyada qalma müddətinin daha 3 ay uzadılması məqsədəuyğun hesab olunur. Amma iki qətnamə layihəsi arasındakı əsas fərq Rusiyanın təklif etdiyi sənəddə Suriyaya sanksiyaların tətbiqi haqda ümumiyyətlə heç bir fikrin yer almamasıdır. Moskvada hesab edirlər ki, sanksiyaların tətbiqi heç bir effekt verməyəcək. Qərb təmsilçiləri Rusiyanın hazırladığı qətnamə layihəsini beynəlxalq ictimaiyyətin gözləntilərinə cavab verməyən sənəd sayır. Rusiya və onun Suriya problemilə bağlı mövqeyini dəstəkləyən Çin isə BMT TŞ-dəki veto hüququndan istifadə edəcəklərini, Suriyaya sanksiyaların tətbiqini nəzərdə tutan qətnamə layihəsinə dəstək verməyəcəklərini bildirir.
Bu arada Rusiya ilə Qərb arasında BMT-də davam edən qarşıdurma, az qala, Aralıq dənizi hövzəsinə keçəcəkdi. Rusiya Hərbi Dəniz Donanmasına məxsus gəmilərdən ibarət qrupun Suriya sahillərinə yaxınlaşması ABŞ və Avropada ciddi narahatlıq yaradıb. Moskva isə bu demarşına son dərəcə sadə izah verib: gəmilər oraya Əsəd rejimini müdafiə etmək, vətəndaş müharibəsinin bürüdüyü ölkədəki Rusiya vətəndaşlarının evakuasiyası üçün yox, sadəcə mülki gəmilərin dəniz quldurlarından qorunması sahəsində məşq etmək məqsədilə göndərilib. Amma istənilən halda, bu demarş təsirsiz qalmayıb. Çünki bir məqam diqqətdən yayınmamışdı: Rusiya gəmilərinin Suriya sahillərinə tərəf hərəkəti Almaniya, Türkiyə və Fransa freqatlarından ibarət NATO gəmilərinin Aralıq dənizinin şərq hissəsinə istiqamət almasından cəmi bir neçə gün sonra başlamışdı. Rəsmi məlumata görə, NATO missiyası antiterror xarakterlidir. Amma bu aksiyada Dəməşqi qorxutmaq cəhdini görməmək mümkün deyil.
"The Sunday Times" qəzetinin Suriya HHM sistemi vasitəsilə Türkiyə təyyarəsinin vurulmasında rusiyalı mütəxəssislərin əlinin olduğuna dair iddiası, həmçinin Türkiyənin RF-4E qırıcısının Rusiyanın "Admiral Çabanenko" gəmisi tərəfindən məhv edildiyini dilə gətirməsi vəziyyəti daha da gərginləşdirib.
Hadisələrin inkişafında təyyarəsinin vurulmasından sonra Suriya tərəfinin bütün təxribatlarına cavab verəcəyini bəyan etmiş Türkiyə daha fəal rol oynayır. Ankara anlatmaq istəyir ki, Annan planı prezident Əsədin dinc yolla hakimiyyətdən getməsi üçün son şans idi. Türkiyə Prezidenti Abdulla Gül bəyan edib ki, "Suriya lideri bu şansdan istifadə edə bilmədi və indi ölkədəki böhranı aradan qaldırmaq üçün daha sərt tədbirlər görülməlidir". Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi Necdət Özer "Türkiyənin Suriya ilə müharibəyə başlamaq niyyətində olmadığını" desə də, aydındır ki, Suriya düyününün açılmasında Ankara kənar müşahidəçi rolunda çıxış etməyəcək.
Türkiyəni Suriya məsələsində fəallığa sövq edən heç də yalnız onun Yaxın Şərqin aparıcı dövləti qismində mövqelərini möhkəmlətmək istəyi deyil. Ankaranın iştirakı olmadan həyata keçirilmiş "İraq probleminin həlli"ndən və diktator Səddam Hüseynin devrilməsindən sonra cənub-şərq sərhədində gözlənilmədən kürd muxtariyyətinin yarandığını nəzərə alan Türkiyə eyni halın Suriyada da təkrarlanmasını əngəlləmək üçün riskli oyun oynayır. Məhz Suriyanın gələcəyi üçün vacib olan bu günlərdə Türkiyə-İraq sərhədində kürd terrorçularının fəallaşması da təsadüf deyil. Hillari Klintonun Suriyanın süqutu ilə bağlı səsləndirdiyi ssenaridə kürd faktoruna kifayət qədər əhəmiyyətli rol verdiyi də açıq şəkildə görünür.
Bunu sübut edən daha bir fakt: Suriya kürdlərinin Bəşər Əsəd rejiminin əleyhinə olan iki aparıcı təşkilatı bu günlərdə vahid blokda birləşdiyini bəyan edib. Milli Kürd Şurası və Qərbi Kürdüstan Xalq Şurası bundan sonra vahid Ali Kürd Şurası kimi fəaliyyət göstərəcək. Onların birləşməsi haqda qərar İraq kürdlərinin lideri Məsud Bərzaninin də iştirakı ilə keçirilmiş danışıqların sonunda verilib. "Biz qüvvələrimizi birləşdirmək üçün vahid kürd evi yaratdıq", - deyə kürdlərdən ibarət müxalifətin bəyanatında bildirilir.
Bütün bunlar bir daha göstərir ki, Suriyada baş verənlər Yaxın Şərqdə aparılan miqyaslı yenidənqurmanın tərkib hissəsidir. Bu prosesdə isə hamının maraqları toqquşub (ABŞ, Avropa, Rusiya, Türkiyə və sair). İndi açıq qalan yalnız bir sualdır: bu qlobal qarışıqlıqda Suriya xalqı öz azadlığını və müstəqilliyini qoruyub-saxlaya biləcəkmi?
MƏSLƏHƏT GÖR: