
ALMANİYAYA QARŞI MÜHARİBƏ
"Köhnə dünya"da köhnə problemlərin həlli çətinləşir
Müəllif: Sahil İSGƏNDƏROV, politoloq Bakı
Avropa İttifaqının sammiti ərəfəsində qurumun rəhbəri Q.V.Rompey Aİ-nin "Vahid iqtisadi və valyuta ittifaqı istiqamətində" adlı gələcək fiskal və monetar ittifaqın planını təqdim edib. Bunadək plan Fransa, Almaniya, İspaniya və İtaliyanın maliyyə nazirləri arasında Parisdə keçirilmiş görüşdə müzakirə olunmuşdu. Almaniya və Avropanın yüksək rütbəli məmurları tərəfindən cidd-cəhdlə dəstəklənən planın məğzi Aİ orqanlarına yeni nəzarət funksiyalarının verilməsi və ya yeni dövlətüstü nəzarət orqanlarının yaradılması idi. Amma məhz bu məqamla bağlı ciddi mübahisələr var. Məsələn, Böyük Britaniya avrozonada təklif olunan islahatların Britaniyanın maliyyə sektoruna və onun Aİ-nin ümumi bazarındakı maraqlarına zərər vurmayacağına zəmanət tələb edir. Məsələyə Fransa və Skandinaviya ölkələri də etirazla yanaşır.
Maraqlıdır ki, hətta xilas kreditlərinə ciddi ehtiyacları olan avrozona ölkələri də öz siyasi-iqtisadi suverenliklərinin bir hissəsini itirmək istəmir. Sammitdəki əsas çəkişmələr də məhz bu məqamla bağlı olub.
Avrozonanın "problemli" üzvləri, ilk növbədə, İspaniya və İtaliya Aİ-nin borc çətinliklərilə üzləşmiş Cənub təmsilçilərinin tərəfini tutaraq, Almaniyaya qarşı çıxmış Fransa Prezidenti F.Ollandın simasında etibarlı müttəfiq tapıblar. Hələ sammitədək Olland dövlət borclarının ödənilməsi məsələsinin ağırlığını bölüşdürmək məqsədilə ümumi borc öhdəliklərinin - avrobondların yaradılmasını təklif edirdi. Onun daha fundamental olan ideyası Avropa fondlarının ÜDM-in 60%-dən artıq olan dövlət borclarının alınmasını nəzərdə tutur. F.Ollandın fikrincə, Avropada ölkələr öz suverenliyini məhdudlaşdırmazdan əvvəl, daha çox "həmrəylik" olmalıdır.
Bu mövqe kəsərli nəzarət sistemi yaradılmadan, yəni milli suverenliklər əvvəlcədən məhdudlaşdırılmadan əlavə öhdəliklərin tətbiqinə qarşı çıxan Almaniya kansleri A.Merkelin mövqeyinə ziddir. Sammitdə İtaliyanın Baş naziri M.Monti də bildirib ki, İtaliyanın borclarının ödənilməsi problemi çözülməsə, o, Avropanın inkişaf paktını qəbul etməyəcək.
Ona qoşulan İspaniyanın baş naziri M.Raxoy öz növbəsinbə İspaniya banklarının Avropa Komissiyası, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fonduna müraciət edilmədən bilavasitə avronun xilası fondu tərəfindən maliyyələşdirilməsini tələb edib. Fransa Prezidenti F.Olland isə jurnalistlərin sammitdə meydana çıxmış problemlər haqda məlumatalandırılmasında israrlı olub.
Çox güman ki, Paris, Madrid və Romanın etirazçı mövqeyi onların arasında əvvəlcədən razılaşdırılıb. Nəticədə gecə iclasında A. Merkel çətin vəziyyətə düşüb və üçlüyün təzyiqlərinə təkbaşına müqavimət göstərməli olub. 15 saat davam edən qızğın diskussiyalardan sonra A. Merkelin müqaviməti qırılıb. İtaliya və İspaniya Avropa Sabitləşdirmə Mexanizminin (ASM) maliyyə fonduna asanlıqla çıxış hüququ əldə edib. Yunanıstan və İrlandiyadan fərqli olaraq, AK, AMB və BVF onlara qarşı sərt tələblər irəli sürməyəcək. ASM böhranda olan ölkələrin dövlət istiqraz vərəqələrini alacaq, İspaniya bankları isə bilavasitə oradan maliyyələşəcək. Bu, İspaniya və İtaliya üçün borcların ödənilməsi yükünü azaldacaq. A.Merkel isə belə yardımlardan istifadəyə zəmanət üçün xüsusi memorandumun imzalanmasını tələb edir.
Hər halda, Aİ rəhbəri Q.V.Rompey yuxusuz gecələrin nəticəsini "irəliləyiş" kimi qiymətləndirib.
Almaniya KİV hesab edir ki, bu "irəliləyiş"in əvəzini almaniyalı vergiödəyicilərindən çıxacaqlar. Qeyd etmək lazımdır ki, son zamanlar A. Merkelə BVF nümayəndələri, ABŞ Prezidenti Barak Obama, hətta Çin də bu və ya digər formada təzyiq göstərirdi. Bu isə Avropa üçün misli görünməmiş hadisədir.
Merkel öz növbəsində razılaşmanın şərti olduğunu dəfələrlə bəyan edib. Hər halda, Almaniyanın parlament müxalifəti və KİV tərəfindən kəskin tənqidlərə baxmayaraq, ölkə parlamenti büdcə qənaətinə dair avropakt və ESM fondunun yaradılmasını ratifikasiya edib. Bəzi ekspertlər əmindir ki, A.Merkelin güzəşti Aİ-nin ümumböhran siyasəti çərçivəsində ata biləcəyi yeganə mümkün doğru addım idi. Bundestaqda bu sənədin ratifikasiyasının iflası avrozonanın digər üzvləri üçün pis nümunə ola bilərdi. Amma bununla yanaşı, bu güzəşt praktiki olaraq, Almaniyada gələn il keçiriləcək növbəti federal seçkidə hazırkı hakim koalisiyanın məğlubiyyəti deməkdir. Aparılan rəy sorğularına əsasən, artıq bu gün almanların 70%-i yardım paketinin yaradılmasına qarşıdır. 40% isə milli valyutaya qaydılmasına tərəfdardır. Yeri gəlmişkən, artıq avrozonanın bir çox ölkələrində milli valyutaya qayıdış ideyası aktuallaşmaqdadır. Aİ sammitinin sonunda Böyük Britaniyanın Baş naziri Devid Kemeron Avropadakı hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirib. O, Böyük Britaniyanın (bu ölkəni də avronun xilasında iştirak etməyə məcbur etmək istəyirlər) Aİ-yə daxil olmaqla bağlı referendum keçiriləcəyini istisna etməyib. Amma təcili səsvermə təklifini rədd edən baş nazir zaman keçdikcə Brüssel ilə yeni razılaşma əldə etməyin mümkün olacağına ümidini ifadə edib.
Qeyd etmək lazımdır ki, İtaliya və İspaniya ilə bağlı qəbul olunmuş qərar Helsinkinin narazılığına səbəb olub. Finlandiyanın Baş naziri Y.Kataynen bildirib ki, o, sammitin nəticələrindən narazıdır və İspaniya banklarına yardım müvəqqəti fonddan ayrılarsa, Finlandiya Madriddən özü üçün zəmanət tələb edəcək. Bundan başqa, bu, Brüssellə dialoqda digər ölkələri də təzyiq taktikasına keçməyə sürükləyə bilər. Məsələn, Yunanıstanın parlament partiyası - SİRİZA-nın lideri A.Sipras yunanları dəfələrlə əmin edib ki, Aİ ilə əməkdaşlıqda sərtlik "üçlük"ün (AK, AMB və BVF) onlar üçün xoş olmayan şərtlərinə yenidən baxılmasına imkan yaradacaq. Yunanıstanın yeni hökumətinin məhz bu taktikanı seçməyəcəyinə zəmanət varmı?
Görüşün nəticəsi: heç-heçə
Aİ sammitinin əsas qərarları bunlar olub: 1) İqtisadi artım avropaketinin və onu təmin etmək üçün Aİ ÜDM-in 1% dəyərində (120 milyard avro) fondun yaradılmasına dair Fransa, İtaliya, Almaniya və İspaniyanın təklifinin qəbulu. 2) Yaradılmasına 10 il vaxtın gedəcəyi bank və fiskal ittifaqın yaradılması ilə bağlı Q.V.Rompeyin təqdim etdiyi layihənin ümumi şəkildə qəbulu. 3) Ayrı-ayrı sahələr üzrə Paris, London və Münhendə mərkəzləri olacaq Aİ-nin vahid patent sisteminin qəbulu.
Hesab etmək olar ki, sammit heç-heçə başa çatıb. A. Merkelin etirazına rəğmən İtaliya və İspaniya sərt şərtlər olmadan kredit almağa nail olsa da, Almaniya kansleri avrobondların buraxılması qərarını əngəlləyə bilib. Amma bu heç-heçə daha çox A.Merkelin opponentlərinin xeyrinədir. Birincisi, Berlinin güzəştləri növbəti federal seçkidə Almaniyanın sağ-mərkəzçi qüvvələrinin məğlubiyyətini indidən "həll edib". A.Merkel və tərəfdarları daxili və xarici opponentlərinin sərt tənqidilə üz-üzədir. Birincilər onları alman vergiödəyiciləri hesabına güzəştə getməkdə günahlandırırsa, sonuncular A.Merkelin Aİ-nin bütün üzvlərinin bərabər məsuliyyət daşıması ideyasına qarşı olmasından hiddətlənir. Məşhur amerikalı maliyyəçi C.Soros da avrozonanın problemlərinin əsas səbəbkarının A.Merkel olduğunu bildirir. Onun fikrincə, hazırkı acınacaqlı vəziyyəti böyük ölçüdə kanslerin iqtisadi siyasəti yaradıb. C.Soros bildirir ki, İkinci Dünya müharibəsindən sonra "Marşal planı", əsasında bərpa olunmuş Almaniya həmin vaxt ABŞ-ın nümayiş etdirdiyi səxavətliyi təkrarlamaq istəmir. Başqa sözlə, Berlin ən minimal xərclə ümumavropa ailəsindən maksimum siyasi dividendlər qazanmağa çalışır.
Üçüncüsü, avrozonada Fransa, İtaliya və İspaniya tərəfindən A.Merkel və Brüsselin lobbiçiliyini apardığı sərt iqtisadi siyasətə qarşı olan güclü cəbhə yaradılıb.
Almaniyada keçiriləcək növbəti federal seçkidə sol-mərkəzçi qüvvələrin qələbə qazanacağı təqdirdə, bu üçlüyün yeni hökumətlə birləşərək Berlini avrobondların buraxılmasına razı salacağı istisna olunmur.
Əksər ekspertlər hazırkı avro böhranını Avropanın zəngin Şimalı və yoxsul Cənubu arasındakı iqtisadi disbalansın nəticəsi sayır. Bu uyğunsuzluqda ölkələrin iqtisadiyyatlarındakı struktur fərqlərinin də böyük rolu var. Əgər Şimal ölkələrinin iqtisadiyyatı əsasən istehsal gücünün artırılması və yekun məhsulun real mal formasında buraxılmasına yönəlibsə, cənubdakılar əsasən turizm və xidmət bazarlarının inkişafına üstünlük verir. Bu vəziyyət Şimal ölkələrinə rəqabət qabiliyyətli məhsulların ixracı sahəsində hökmranlığı ələ almaq imkanı verir. Bəzi ekspertlər, həmçinin problemli ölkələrin əhalisinin bir hissəsi hesab edir ki, avrozonadakı böhranın əsas səbəblərindən biri də məhz Almaniyanın ixrac gücüdür. Məhz bu üzdən ixracda üstün mövqeyini əldən verməyi arzulamayan Almaniya avrobondların buraxılmasına qarşıdır. Çünki bu halda emissiyalar və avronun qismən devalvasiyası qaçılmaz olacaq, bu isə Avropanın cənub ölkələrindən ixracı artıracaq.
Qeyd etmək lazımdır ki, Avropanın vahid valyutasının yaradılması ideyası Fransa hökumətinə məxsusdur. 1990-cı ilin oktyabrında Almaniyanın birləşməsindən sonra Paris birləşmiş Almaniyanın Fransa və digər qonşu Avropa ölkələrinin daha zəif iqtisadiyyatını boğa biləcəyindən ehtiyatlanaraq Berlin qarşısında şərt qoymuşdu: Fransanın birləşmiş Almaniyanı qəbul etməsi üçün sonuncu güclü milli valyutası - markadan imtina etməli, avronu dövriyyəyə buraxmalıdır. Hadisələrin sonrakı gedişi göstərdi ki, bu işdən qazanan da məhz Almaniya oldu. Güman ki, indi avrozonadakı böhranın səbəblərindən biri də hədsiz və əsassız birja spekulyasiyalarıdır, nəticədə, havadan pul qazanmaq artıq bir praktikaya çevrilib. Real rəqabət qabiliyyətli məhsulların istehsalı isə arxa plana keçir.
Gözlənilən çətinliklər
Avrozona ölkələri üçün rəqabət qabiliyyətli məhsul istehsalı sahəsində daha bir ciddi sınaq İran neftinin alınmasına qoyulmuş embarqodur. Bunun dünya birjalarında qiymət artımına və istehsal olunan məhsulların maya dəyərinin artmasına səbəb olacağı istisna deyil. Avrozonanın iqtisadi böhranda olduğu bir vaxtda isə bu, çox yersizdir.
Bu arada Kipr Aİ-yə sədrliklə eyni vaxtda Brüsseldən 10 milyard avro həcmində maliyyə yardımı da istəyib. Bununla yanaşı, Nikosiya Rusiya və Çindən də kreditlər almağa çalışır. Kiprin Avropa məsələləri üzrə nazirinin müavini A.Mavroyanisin sözlərinə görə, bəzi hallarda Rusiyanın verdiyi borclar şərtinə görə Kipri daha çox qane edir. Artıq ötən ilin sonlarınadək Aİ strukturlarının kandarında qalmış və istəyinə nail ola bilməyən Kipr Moskvadan 2,56 milyard avro borc ala bilib. Bundan əvvəl Nikosiya Rusiyaya 5 milyard avro həcmində növbəti kreditin ayrılması istəyilə müraciət də etmişdi. Çoxları hesab edir ki, Moskvanın bu istəyə cavabı müsbət olacaq. Yəqin ki, Brüsseldə keçirilən mətbuat konfransında jurnalistlərdən birinin Kipri Rusiyanın Aİ-dəki "Troya atı" ilə müqayisə etməsi də bununla bağlı idi. Qeyd edək ki, bu, ciddi qalmaqala səbəb olub. Berlin Kiprin Aİ-yə sədrlikdən yalnız öz maraqları üçün istifadə edə biləcəyindən ehtiyatlanır. A. Merkelin rəhbərlik etdiyi Xristian-Demokrat Partiyasının İqtisadi Şurasının rəhbəri K.Lauk bildirib ki, Kipr xilasa ehtiyacı olan ölkə olduğu üçün Aİ-yə sədrlik etməməlidir: "Yoluxucu xəstəliyə qarşı intensiv terapiya alan sədr Avropanı sağalda bilməz". Bundan başqa, o, yardım istəyən ölkələrə Aİ-yə sədrlik etməyin qadağan olunmasını təklif edir.
Kiprin Avropa məsələləri üzrə nazirinin müavini A.Mavroyanis isə ölkəsinin Aİ-yə sədrliyini "kamillik testi" kimi qiymətləndirir. Amma bu test yalnız Kiprin iqtisadi qabiliyyətilə məhdudlaşmır. Aİ-yə Kiprin rəhbərlik etdiyi dövrdə qurumun xarici siyasətində, şübhəsiz ki, Kipri rəsmən tanımayan Türkiyə ilə qarşılıqlı münasibətlər vacib məsələlərdən biri olacaq. Hələ ötən ilin sentyabrında Ankara Kiprin Aİ-yə rəhbərlik etdiyi dönəmdə qurumla əlaqələrin dondurulacağını bəyan edib. O vaxtdan keçən dövr ərzində Türkiyə mövqeyini bir qədər yumşaldaraq hədəsinin yalnız Kiprin himayəsilə keçiriləcək tədbirlərə aid olduğunu, Avropanın digər strukturları ilə dialoqun davam etdiriləcəyini bildirib. Amma avrozonadakı böhran və Yaxın Şərqdəki qeyri-sabitliyin müəyyən vaxtadək uzandığı şəraitdə Brüssel Ankara-Nikosiya münasibətlərilə də məşğul olmaq zərurətinin yaranmasından, çətin ki, məmnun olsun. Çünki indi ümumavropa evinin özündə də problemlərin sayı-hesabı yoxdur.
MƏSLƏHƏT GÖR: