15 Mart 2025

Şənbə, 02:51

İFRATDAN-İFRATA

Ukrayna daxili və xarici bədxahlarla təkbətək

Müəllif:

15.07.2012

Ukraynada yenidən siyasi gərginlik yaşanır. Bu dəfə dövlətin dil siyasətinin əsasları ilə bağlı qanun layihəsi ehtirasları coşdurub. Sənəd milli azlıqların dil hüquqlarının genişləndirilməsini nəzərdə tutur və 27 inzibati vahiddən 13-də rus dilindən regional ünsiyyət vasitəsi kimi istifadə olunmasına imkan verir. Parlamentdəki çoxluq qanun layihəsini qəbul edib. Parlamentin spikeri Litvin isə geniş məsləhətləşmələrin keçirilmədiyini əsas gətirərək, sənədi imzalamaqdan imtina edib və vəzifəsindən istefa verib. Parlament onun istefasını qəbul etməyə macal tapmadan yay tətilinə yollanıb. Başıbəlalı qanun layihəsi isə havada qalıb.

Parlament müxalifəti əvvəlcə sənədin qəbuluna mane olmağa çalışıb, daha sonra isə artıq Ukrayna Parlamenti üçün, az qala, ənənəvi hala çevrilmiş dava düşüb. Qanunun, demək olar ki, qəbul olunduğunu görən müxalifət liderləri "Yanukoviç rejiminin devrilməsi məqsədilə müddətsiz aksiya"ya başlamağa hazır olduqlarını bəyan ediblər. Yüzlərlə müxalifətçi Kiyevin mərkəzindəki "Ukrayna evi" ətrafında icazəsiz aksiyaya başlayıb. Polisin aksiyanı dağıtmaq istəyi qarşıdurma ilə nəticələnib və asayiş keşikçiləri gözyaşardıcı qazdan istifadə etməli olublar. Analitiklər isə hesab edir ki, Ukraynada baş qaldırmış bu siyasi böhranı seçki kampaniyasının başlanğıcı saymaq olar.

Xatırladaq ki, oktyabrın 28-də Ukraynada parlament seçkisi keçiriləcək. Bəzi analitiklər növbədənkənar seçkinin elan oluna biləcəyini istisna etmir. Parlamentdəki son böhranı şərh edən Prezident Viktor Yanukoviç isə Radanın buraxılmasına və növbədənkənar seçkiyə ehtiyacın olmadığını bildirib.

Ukraynada bu yaxınlarda Ra-zumkov mərkəzi və "Demokratik təşəbbüslər" fondu tərəfindən keçirilmiş sorğu göstərirdi ki, rus dili  ilə bağlı vəziyyət vətəndaşların 4%-dən də az hissəsini maraqlandırır. Sorğu göstərib ki, əhalini daha çox işsizlik və iqtisadi böhranın aradan qaldırılması, əməkhaqlarının artırılması, ilkin tələbat malları və ərzağın qiymətinin aşağı salınması və sair maraqlandırır. Buna rəğmən, parlament böhranı məhz dil məsələsi  ilə bağlıdır.

Qanun layihəsinə gəlincə, o, bütünlükdə ölkə ərazisində yox, rus əhalinin yaşadığı bölgələrdə işləyəcək. Ukrayna dilinin dövlət dili statusu məhdudlaşdırılmayacaq.

Bundan başqa, əksər Ukrayna KİV-in qeyd etdiyi kimi, parlament tələm-tələsik torpaq və büdcə gəlirlərinin bölüşdürülməsi  ilə bağlı çox vacib qanunlar da qəbul edib. Bu qanunlara ictimaiyyətin reaksiyası birmənalı olmaya bilər.

Beləliklə, mütəxəssislər hazırkı  siyasi gərginliyin təbii olmadığını, xaraktercə, süni yaradıldığını və siyasi qüvvələrin bundan maksimum mənfəət götürməyə çalışdıqlarını düşünür.

 

Seçkiyə kim nə ilə gedir?

Elektoratını ənənəvi olaraq, əsasən, rusların yaşadığı şərq və cənub-şərq vilayətlərindən olan seçicilərin təşkil etdiyi hakim partiya bu qanun layihəsinin köməyilə özü üçün onların dəstəyini təmin etməyə çalışır. Qanunun qəbulu Regionlar Partiyasının seçkiqabağı platformasında da yer almışdı. Odur ki, partiya bu addımı atmaqla seçkiqabağı vədlərinə sadiq olduğunu nümayiş etdirməyə çalışır. Bundan başqa, qanunun qəbulu qaz məsələsində Kiyevə güzəştə getmək istəməyən Rusiyanın mövqeyində müəyyən yumşalmaya da səbəb ola bilər. Bu isə hazırda Ukraynanın iqtisadiyyatı üçün həyati əhəmiyyətə malik məsələdir. Amma analitiklər Kremlin bu sahədə mövqeyinin yumşalacağına şübhə edir. Odur ki, qanunun qəbulu Ukrayna hökuməti üçün daha çox daxili siyasi rıçaq rolu oynayacaq.

Dillə bağlı siyasi böhran, eyni zamanda, seçkiqabağı parçalanmış qüvvələri birləşdirməyə çalışan müxalifətin də xeyrinə işləyir. Bu gün Ukrayna müxalifəti birlik və hamı tərəfindən qəbul edilən liderin yoxluğundan əziyyət çəkir. "Qaz şahzadəsi" Timoşenkonun həbsindən sonra onun rəhbərlik etdiyi "Batkivşşina" partiyası parçalanmağa başladı və parlamentin sabiq spikeri Arseni Yasenyukun "Dəyişikliklər cəbhəsi" ilə ittifaqa getməli oldu. Amma sorğular göstərir ki, "Batkivşşina" bu birlikdən sonra da maksimum 26% seçici səsinə ümid edə bilər.

Müxalifət sıralarında boks üzrə dünya çempionu Vitali Kliçkonun rəhbərlik etdiyi və nisbətən yeni yaradılmış "UDAR" partiyasını da qeyd etmək lazımdır. "Ləkələnməmiş" partiya lideri imici onun xeyrinə işləyir. Son aksiyalarda fəal iştirak isə Kliçkonun parlamentə düşmək üçün tələb olunan 5 faizlik baryeri aşmaq əzmində olduğunu göstərir.

Daha bir müxalifət təşkilatı - radikal ultrasağçı "Azadlıq" partiyasının parlamentə düşmək şansı o qədər də çox deyil. Partiyanın lideri Oleq Tyaqnibok və onun partiyadakı silahdaşları nə qədər xoşagəlməz bəyanatlar səsləndirsələr də, Ukrayna ictimaiyyətində ekstremist əhval o qədər azdır ki, üzvlüyə qəbul olmaq istəyənlərdən valideynlərinin milliyyəti haqda arayış tələb edən bu partiyanı yalnız "parlament savaşı"nın marginalı saymaq olar.

Bu yaxınlarda Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko da "böyük siyasətə qayıtdığını" bəyan edib. Xatırladaq ki, Yuşşenkonun 5%-dən bir qədər çox səs topladığı son prezident seçkisindən sonra o, siyasətdən getdiyini açıqlamışdı. Yuşşenkonun yenidən siyasətə qayıtmaq qərarı analitiklər tərəfindən müxtəlif cür şərh olunur. Ekspertlər hesab edir ki, parlament seçkisi ərəfəsində hakimiyyətin özü Yuşşenkonun siyasətə dönüşündə maraqlıdır. Çünki o, hazırkı müxalifəti hökumətdən heç də az tənqid etmir. Yuşşenkonun bu yaxınlarda Timoşenkonun "iqtisadi soyqırım" törətdiyinə dair verdiyi bəyanat bu ehtimalları daha da gücləndirir.

Ukraynanın siyasi səhnəsində, daha doğrusu, "səhnəarxası"nda "boz kardinal" da var. Bu, Kuçmanın ölkəyə rəhbərliyi dövründə Prezident Administrasiyasına rəhbərlik etmiş Viktor Medvedçukdur. 2004-cü ildə baş vermiş "narıncı inqilab"dan sonra Medvedçuk fəal siyasətlə məşğul olmasa da, siyasi arenada görünməsə də, ekspertlər hesab edir ki, onun mövqeyi Ukraynanın yeni siyasi tarixində dəfələrlə həlledici rol oynayıb. Əksər müşahidəçilər əmindir ki, Kremlin ciddi dəstəyi  ilə payızda Viktor Medvedçukun Ukraynanın siyasi arenasına qayıdışı mümkündür. Nəticədə, onun ölkənin aparıcı vəzifələrindən birinə təyin olunacağı istisna edilmir.

 

Kənar təhlükələr

Görünür, Ukraynada bir neçə əsrlər boyunca kök salmış və heç də yaxşı perspektivlər vəd etməyən əsas problemləri nə qarşıdan gələn, nə də ondan sonrakı seçkilər həll etmək iqtidarındadır. Vəziyyəti daha da qəlizləşdirən fakt elə ukraynalı siyasətçilərin özlərinin də etiraf etdiyi kimi, Kiyevin siyasətinin 70%-nin kənardan müəyyənləşməsidir. Onlar hesab edir ki, Ukraynanın siyasətinin yalnız 30%-i daxildə tənzimlənir. Böyük hərbi, strateji, iqtisadi və elmi potensialı olan Ukrayna heç cür geosiyasətin obyektindən subyektinə çevrilə bilmir. Bu gün Kiyevin xarici və daxili siyasətinə təsir edən əsas oyunçular Avropa İttifaqı ilə Rusiyadır.

Rusiya ilə Qərbin Ukrayna ilə bağlı keçmiş və hazırkı siyasətini təhlil edən analitiklər belə qənaətə gəlir ki, Kreml və Brüssel daha çox mərkəzdənqaçan tendensiyaların güclənməsində, müəyyən dərəcədə hətta Ukraynanın parçalanmasında maraqlıdır. Aİ-nin hələ də Ukrayna ilə bağlı konkret təkliflər və tələblər strategiyası yoxdur. Aİ-yə inteqrasiya ilə bağlı bitib-tükənməyən vədlər yalnız ötən ilin sonunda Ukraynanın hətta assosiativ üzvlüyünə imkan verilməməsilə nəticələnib. Ekspertlər hesab edir ki, bu, üzv ölkələrdə siyasi iradənin olmaması ilə bağlıdır. Ölkədə demokratiya ilə bağlı çətinliklərin, məhkəmə sistemində problemlərin olması haqda iddialar ona rədd cavabı verilməsinin əsl səbəbi deyil, çünki hazırda Ukraynanın tamhüquqlu üzvlüyü məsələsi gündəmdə deyil. Əksinə, Aİ-nin Mərkəzi və Şərqi Avropanın digər ölkələrilə assosiasiya haqda razılaşmanın imzalanması prosesində nümayiş etdirdiyi loyallıq göstərir ki, avropalı məmurlar Ukraynanın xeyrinə analoji sənədi imzalamağa o qədər də can atmırlar.

Eyni fikri Y.Timoşenkonun həbsi ətrafında yaranmış səs-küy haqda da söyləmək olar. Onu "şəhid" kimi qələmə verən avropalı hüquq müdafiəçiləri nədənsə onun silahdaşı, ən azı, 2015-ci ilədək Amerika həbsxanalarından birində saxlanılacaq P.Lazarenko haqda susur. Xanım Timoşenkonun keçmiş qəyyumu Timoşenkonun baş nazir qismində imzaladığı qaz razılaşmasından Ukrayna dövlət büdcəsinin itirdiyi məbləğdən dəfələrlə az vəsait mənimsədiyi üçün həbs olunub. Görünür avropalı hüquq müdafiəçilərini bu ziyandan Timoşenkonun "biokütlə" adlandırdığı Ukrayna xalqının əziyyət çəkməsi maraqlandırmır.

Ukraynanın ATƏT-ə rəhbərlik edəcəyi 2013-cü ilin başlanmasına 6 ay qalmış qurumun Parlament Assambleyasının yay sessiyasında italiyalı parlamentari Matteo Mekaççinin təşəbbüsü ilə qəbul olunmuş qətnamədə bir daha Ukraynada insanların siyasi mövqelərinə görə təqib olunmalarından narahatlıq ifadə edilir. Aydındır ki, söhbət Timoşenkodan gedir. Qeyd edək ki, Berluskoninin əleyhdarlarından, İtaliyanın sabiq baş nazirnə qarşı cinayət işinin açılmasına tərəfdar olan Mekaççi Timoşenkonun qızının yaxın dostudur. Necə deyərlər, şərhə ehtiyac yoxdur.

Analitiklərin fikrincə, bu gün Timoşenko Aİ-nin Ukraynaya təzyiq göstərməsi üçün əsas rçaq və ölkədə sabitliyi pozan əsas faktordur. Onun həbsi ilə əlaqədar olaraq, Ukrayna və Polşada keçirilmiş futbol üzrə Avropa Çempionatını bir çox avropalı siyasətçi boykot etməyə çalışdı. "AÇ-2012" ərəfəsində Qərb mətbuatında Ukraynada nasizm, ölkənin çempionatı təşkil etməyə hazır olmaması üzündən turnirin iflası və sair haqda yazıların ardı-arası kəsilmirdi. Amma məşhur britaniyalı idman jurnalisti Oliver Holtun yazdığı kimi, "xəbərdarlıqlara baxmayaraq, nə bir ingilis fanat evinə tabutda qayıtdı, nə də bir azarkeş neomillətçi dələduzlar dəstəsi tərəfindən ələ keçirildi". Taleyin qismətindən çempionat ərzində irqçiliklə əlaqəli bütün qalmaqallar Ukrayna yox, Polşa ərazisində baş verdi. Ukraynalıların belə insidentlərə heç bir aidiyyəti yox idi.

Politoloqlar hesab edir ki, Rusiya qazının Ukrayna ərazisindən fasiləsiz nəqlində ən çox maraqlı olan Avropadır. Vaxtilə Yanukoviç Aİ-yə inteqrasiyanı Ukraynanın xarici siyasi strategiyasının prioritetləri sırasında göstərməklə, Moskvanın qeyri-adekvat reaksiyası ilə qarşılaşmaq riskinə getmişdi. Yanukoviçin elektoratının Rusiya ilə münasibətlərə yanaşmasının birmənalı olmadığını nəzərə alsaq, belə siyasi gediş etmək qərarı əlbəttə ki, bir anda qəbul olunmamışdı. Həmişə olduğu kimi, öz ənənələrinə sadiq qalan Aİ gözləniləni etdi: Rusiya ilə münasibətlərə aid bir yığın problem Ukraynanın üzərinə atıldı.

İndi Rusiyanın siyasəti daha şəffaf və daha birmənalıdır. Rusiya siyasi isteblişmenti ən yüksək tribunalardan Moskvanın Kiyevlə ikitərəfli münasibətlərin paritet əsasında iinikşafında maraqlı olduğunu nə qədər bəyan etsə də, Ukraynanın müstəqillik ideyasının özü Rusiyada az qala açıq qısqanclıqla qarşılanır. Bunun bir neçə izahı var.

Müasir Rusiya əsasını Kiyev-Rus knyazlığından götürür. Rus milli ideyasının tərəfdarları üçün Rusiya Ukraynasız nə tarixi, nə mənəvi baxımdan tamdır. Geosiyasi baxımdan isə Ukrayna Rusiyanın "yaxın xaric"ə münasibətdə xarici siyasi strategiyanın formalaşdırılmasında əsas bənddir. Bu, Avrasiya İttifaqının yaradılması məsələsinin gün-dəmdə olduğu son dövrlərdə xüsusilə aktualdır.

Z.Bjezinski də vaxtilə "Ukraynasız Rusiyanın imperiya olmadığını" bildirirdi. Ukrayna son dərəcə səmərəli coğrafi mövqeyi hesabına Rusiyanın enerjidaşıyıcılarının Qərbi Avropaya tranzitində vacib marşruta çevrilib.

Amma Rusiya praqmatik yanaşma əvəzinə, Ukraynanın müstəqil siyasətinə qıcıqla yanaşır. Ukraynanın KTMT və Gömrük İttifaqında olmaması, Aİ-yə üzvlük perspektivilə bağlı ehtiyatlı bəyanatlarının qarşılığında Rusiya slavyan qardaşına qarşı çox tez-tez açıq düşmən mövqeyi ortaya qoyur. Eyni səbəbdən, Rusiya öz qazını Ukraynaya bir sıra inkişaf etmiş Avropa ölkələrinə satdığından xeyli baha satır. "Nə qədər paradoksal olsa da, Ukrayna faktik olaraq Rusiya qazını alman şirkətindən alacaq. Bu, birbaşa Rusiyadan alınan qazla müqayisədə daha ucuz başa gəlir", - deyə Ukraynanın Baş naziri N. Azarov bildirib.

Rusiya qazın qiymətində edəcəyi endirimin əvəzində, Ukraynanın enerji sistemində pay sahibi olmasını tələb edir. Mütəxəssislərin fikrincə, bu, Ukraynanın suverenliyi üçün açıq təhlükədir.

Qeyd edək ki, Ukrayna müstəqillik əldə etdiyi ilk illərdən özünü çoxşaxəli xarici siyasətin tərəfdarı kimi göstərib. Onun nüvə tərksilahı prosesi çərçivəsində dünyada gücünə görə üçüncü olan nüvə arsenalından imtinası da bunun göstəricisidir. Halbuki, hazırkı xarici təhlükələr fonunda bu qərar birmənalı təsir bağışlamır.

Coğrafi baxımdan Ukrayna Avropanın tam mərkəzində yerləşir və qitənin ən böyük dövlətidir (əsas hissəsi Asiyaya düşən Rusiya istisna olmaqla). O, Qərbi Şərqdən, Şimalı Cənubdan, Avropanı Avrasiyadan ayıran buferzonadır. Lakin görünən odur ki, həm Qərbdə, həm də Şərqdəki nəhəng dövlətlər aralarında güclü, inkişaf etmiş, zəngin resursları və güclü ordusu olan tam bir dövlətin mövcudluğunu o qədər də arzulamır.



MƏSLƏHƏT GÖR:

544