
ERMƏNİSTAN: MÜXALİFƏT BİRLƏŞİR
Vardan Oskanyanla Levon Ter-Petrosyan arasında "antiqarabağ" ittifaqının yaranması mümkündürmü?
Müəllif: NURANİ Bakı
Ermənistanın daxili siyasi həyatında yeni sensasiya! Əksər ekspertlər, o cümlədən Ermənistan prezident administrasiyasının rəhbəri Vigen Sarkisyan əmindir ki, ölkənin sabiq xarici işlər naziri Vardan Oskanyan eks-prezident Levon Ter-Petrosyana birləşmək təklifilə müraciət edib. Hər halda, Vigen Sarkisyan sabiq nazirin Facebook-dakı son qeydini məhz belə qiymətləndirir.
Xatırlatma: sabiq XİN başçısı Facebook sosial şəbəkəsindəki səhifəsində bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi heç zaman olmadığı qədər dalandadır. Oskanyan yaranmış çətin vəziyyəti iki səbəblə əlaqələndirib: birincisi, bütün tərəflərin danışıqların əsası kimi qəbul etdiyi sənəd yoxdur, ikincisi, ötən illərdə razılaşdırılmamış məsələlərin sayı daha da artıb.
İndi elə həmin sosial şəbəkədə Vigen Sarkisyan Oskanyanın tam olaraq ehtimallara əsaslanan bəyanatından təəccübünü bildirir, oxucuları Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin "dalanda olmasını" aksiom kimi qəbul etməyə çağırır. Sarkisyanın fikrincə, danışıqlar prosesi nöqteyi-nəzərindən "dalanların dərinliyi"ni müqayisə etmək mümkün deyil.
"Tarix dəfələrlə sübut edib ki, bəzən həlledilməz sayılan problemlər daha asan və tez həll olunur, nəinki nüfuzlu ekspertlərin tezliklə çözüləcəyini proqnozlaşdırdığı münaqişələr. Amma cənab Oskanyanı əmin etmək istəyirəm ki, belə danışıqlarda hər zaman "hər şey razılaşdırılmayıbsa, deməli, heç nə razılaşdırılmayıb" prinsipi aktualdır. Yəni nə qədər ki, bütünlükdə sənədlə bağlı yekun razılaşma yoxdur, tərəflərin güzəştləri etibarsızdır. Əgər Ermənistanın proses boyunca daim güzəştlərə getdiyini zənn ediriksə, əvvəlcə Ermənistanın qəbuledilməz saydığı sənədin sonradan Azərbaycan üçün qəbuledilməz olduğunu necə izah edək? Ermənistan vicdanlı tərəf kimi, razılaşmanın əldə olunması üçün əlindən gələni edir. Amma dövlət başçısı yalnız qapalı görüşlərdə yox, həm də açıq bəyanatlarında Ermənistan və Dağlıq Qarabağ üçün qəbuledilən razılaşmanın hansı şəkildə mümkün olduğunu dəqiq ifadə edib. Yəni Ermənistan prosesin dalana dirənməməsi üçün hər şeyi etmək arzusundadır. Amma əsas məqsədimiz problemin birtərəfli güzəştlər hesabına istənilən yolla həll edilməsi yox, ədalətli və uzunmüddətli həllin tapılmasıdır. Yeri gəlmişkən, əgər biz tam razılaşmanın olmamasını "dərin dalan" saysaq, onda Dağlıq Qarabağ münaqişəsilə bağlı bü-tünlükdə danışıqlar prosesi, həmçinin, digər bu kimi proseslər də bitib-tükənməyən dalandır", - deyə Sarqsyan bildirib.
Sözün düzü, danışıqlar prosesinin həqiqətən də "dalana dirəndiyini" anlamaq üçün kamil diplomat olmağa ehtiyac yoxdur. Üstəlik, İrəvanda nə danışsalar da, danışıqlar prosesinə yalnız Ermənistanın qeyri-konstruktiv mövqeyinin mane olduğuna heç bir şübhə yoxdur.
Bununla yanaşı, Vardan Oskanyanın müraciətinin özü əlamətdar faktdır. Ermənistanda "Qarabağ mövzusu" yenidən daxili siyasətin leytmotivinə çevrilir. Halbuki, parlament seçkisi öncəsi kampaniya zamanı ekspertlər bu mövzunun ilk dəfə ikinci plana keçdiyini, sosial-iqtiadi məsələlərin önə çıxdığını bildirirdi.
İkincisi və daha vacibi, əgər əvvəllər müxalifət hakimiyyəti, əsasən, "xalqdan gizli sövdələşməyə getməkdə" və s. ittiham edirdisə, indi Oskanyan danışıqlar prosesinin "dalandan" çıxarılmasının vacibliyindən danışır. Vigen Sarkisyan da burada 1998-ci ildə məhz Qarabağ məsələsində kompromisin vacib olduğunu, nə qədər ki münaqişə davam edir, Ermənistanın yaxşı yaşamayacağını bəyan etməsindən sonra prezidentlik postunu itirməli olmuş Levon Ter-Petrosyana ünvanlanmış ittifaq təklifini qeyd edir.
İndi Ermənistandakı daimi iqtisadi böhran, İrəvan, Gümrü, Razdan, Vanadzor küçələrində əhalinin sürətlə yoxsullaşması fonunda "pis suallar" meydana çıxarmağa başlayıb. Suallardan biri də budur ki, əgər Ermənistanda miqrasiya milli fəlakət səviyyəsinə çatıbsa, Qarabağ avantürasının real dəyəri nədən ibarətdir? Ermənistanın xarici siyasətində sağlam düşüncənin üstün gəlməsi üçün bu əhvalın kifayət olub-olmaması açıq qalır.
Amma Sarqsyanın dediyi kimi, Oskanyan Levon Ter-Petrosyana "birlik təklifi" ünvanlayıbsa, bu, heç də yalnız Qarabağla bağlı deyil.
Xatırladaq ki, seçki ərəfəsində KİV Serj Sarqsyanla Levon Ter-Petrosyan arasında ittifaq şanslarını kifayət qədər fəal şəkildə müzakirə edirdi. Bu "birlik" müəyyən mənada təsdiqini də tapmışdı: Ermənistan hakimiyyəti 2008-ci ilin mart hadisələrindən sonra həbs olunmuş Levon Ter-Petrosyanın tərəfdarlarını azad etmiş, Azadlıq meydanında mitinqlərin keçirilməsinə razılıq vermiş, əvəzində EMK prezidentin dərhal istefa verməsi tələbini də gündəmdən çıxartmışdı.
Amma indi vəziyyət dəyişməkdədir. Vardan Oskanyan Levon Ter-Petrosyanla ittifaq yaradır, ən başlıcası isə Robert Koçaryan 2013-cü ildə keçiriləcək prezident seçkisində namizədliyini irəli sürməsə belə, Vardan Oskanyanı dəstəkləyə bilər.
Xatırladaq ki, Koçaryan fəal seçki kampaniyasına başlamadı. Bundan başqa, onun qayıtmaq ehtimalını şərh edən politoloqlar ədalətli seçki prosesindən yox, "yuxarılar"ın sövdələşməsindən danışırlar. Ekspertlər hesab edir ki, bu gözlənilməz seçkiqabağı "rokirovka" sonuncu deyil və 2013-cü ilədək Ermənistanda qüvvələr nisbəti bir neçə dəfə dəyişəcək. Amma çoxları həm də Ermənistanda "antiqarabağ cəbhəsi"nin formalaşmaqda olduğunu da istisna etmir.
Əslində, sonradan Serj Sarqsyanın əvəzlədiyi Rober Koçaryanın hakimiyyətdə olduğu 10 il Ermənistan vətəndaşlarında soyğunçu müharibə, etnik təmizləmə, tanınmamış "dövlət" hesabına formalaşmış, hər yerdə "qara", yaxud ən yaxşı halda "boz" sxemdən istifadə edən "Qarabağ klanı" ilə bağlı heç bir illüziya qoymayıb. Buraya terrorçular və narkotik alverçilərilə əlaqələri də əlavə etsək, vəziyyət tam aydın olur. İstənilən halda, məhz "qarabağlılar"ın Ter-Petrosyan üzərindəki qələbəsindən sonra analitiklər ölkədə "cibgirlərin hakimiyyətə gəldiyini" söyləyirdilər. Prezidentin qatı tərəfdarları kimi "blatnoy" təxəllüslü oliqarxlar çıxış edirdi. İrəvan küçələrində əsl "razborkalar" baş verir, şəxsi mühafizəçilər "şəxsi ordu"ya çevrilirdi. İndi isə ölkədə vəziyyət müntəzəm şəkildə pisləşməkdədir və bu, ilk növbədə, iqtisadiyyata aiddir. Ermənistanda yoxsulluq, işsizlik genişlənir, bunun fonunda qiymət artımı davam edir. İqtisadçıların fikrincə, milli valyuta olan dramın sabitləşdirilməsi şansı yoxdur.
Nəhayət, kriminal aləm də mövqelərini gücləndirir. "Arsnakar" restoran kompleksində baş verən insident insanların səbir kasasını daşırıb. İyunun 17-də hakim respublika partiyasından deputat, Ermənistan futbol federasiyasının başçısı, "alman Rubo" rəqəbilə də tanınmış Ruben Ayrapetyana məxsus restoran kompleksinin əməkdaşları və mühafizəçiləri İrəvan qarnizon hospitalının tibb xidmətinin zabitləri Edqar Mikoyan, Arkadi Ağacanyan, Qarik Soqomanyan, Artak Bayadyan, həmçinin hospitalın rəisi, tibb xidməti mayoru Vaqe Avetyanı döyüb. İyunun 29-da Avetyan dünyasını dəyişib. İyunun 30-da isə "arsnakar"ın qarşısında yüzlərlə insan etiraz aksiyası keçirib. Aksiyada qaldırılmış plakatlarda "mən Vaqe Avetyanam" və "bağışlamayacağıq" kimi korrekt şüarlardan tutmuş, "alman - qatil!", hətta "Serjik - qatil!" kimi şüarlara da rast gəlinirdi.
Baş verənlərin fonunda Ruben Ayrapetyan iyulun 3-də deputat mandatından imtina etməli olub. Ekspertlər əmindir ki, bu, Serj Sarqsyan üçün asan qərar olmayıb: o, tərəfdarlarını "dağıdacaq" halda deyil. Amma ictimaiyyətin hiddətini nəzərə almamaq da mümkün deyil.
Düşünmək olardı ki, bu vəziyyət Robert Koçaryana ciddi ümidlər verir. Amma görünür, Koçaryan əhalinin hazırkı Ermənistanın bütün "gözəlliyini" məhz "qarabağlılar"la bağladığını başa düşür. Seçkidə o, əlbəttə ki, Serj Sarqsyanın elektoratının bir hissəsini öz tərəfinə çəkə bilər. Amma Koçaryanın qələbə qazanmaq şansı çətin ki olsun. Ermənistan əhalisinin əksəriyyəti "qarabağlısayaq demokratiya"dan bezib. Bu isə artıq hakimiyyətin "qarabağlı olmayan" opponentlərinə adi məntiq diqtə edir - "antiqarabağ cəbhəsi", "irəvanlılar" və diaspora nümayəndələrinin birləşdirilməsi. Bildiyimiz kimi, Vardan Oskanyan Suriyada doğulub, uzun illər ABŞ-da yaşayıb və onların dəstəyini alması üçün bütün şansları var.
İstənilən halda, bütün qeyd etdiklərimiz Ermənistanda "böyük siyasət mövsümü"nün hələ çox sürprizlər vəd etdiyini göstərir.
MƏSLƏHƏT GÖR: