15 Mart 2025

Şənbə, 01:45

AVROPA İTTİFAQI CƏNUBİ QAFQAZI HƏDƏFƏ GÖTÜRÜB

Aİ-nin yüksək rütbəli məmurlarının regiona səfərləri adi hadisəyə çevrilib

Müəllif:

15.07.2012

Avropa İttifaqı Şurasının prezidenti Herman van Rompey Cənubi Qafqaza diplomatik səfəri çərçivəsində Azərbaycana da baş çəkdi. Bakıdan əvvəl o, Ermənistan və Gürcüstanda olmuşdu. Bu, Aİ prezidentinin regiona ilk səfəri idi. Səfəri Aİ-nin Cənubi Qafqaza artan marağının rəmzi də saymaq olar. Xatırladaq ki, ötən il Azərbaycana Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu, bu ilin aprelində isə Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton da səfər etmişdi.

Aİ-nin "Şərq tərəfdaşlığı" proqramına daxil olan bu Cənubi Qafqaz respublikaları Brüssel ilə 3 vacib razılaşmanın imzalanması üçün danışıqlar və hazırlıq işləri aparır: məsələn, assosiasiya, hər şeyi əhatə edən və dərin azad ticarət zonası, viza rejiminin yüngülləşdirilməsi və readmissiya haqqında. Aİ və "Şərq tərəfdaşlığı" ölkələrinin parlament assambleyası artıq fəaliyyətdədir. Onun ilk  plenar iclası bu ilin yazında Bakıda keçirilib. Bundan başqa, qeyri-hökumət təşkilatlarının Avropa vətəndaş forumu da fəaliyyət göstərir. Region dövlətləri Avropanın təhsil və mədəniyyət proqramlarında fəal iştirak edir. Azərbaycan, qismən də Gürcüstan nəhəng enerji, nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılmasında Avropa İttifaqının vacib tərəfdaşıdır.

Bütün bunlarla yanaşı, Herman van Rompeyin regiona səfəri ilk növbədə siyasi məqamlarla bağlı idi. İranın nüvə proqramı ilə bağlı vəziyyət və Rusiyanın Cənubi Qafqaza artan təzyiqi fonunda Brüssel Kremlin burada keçmiş üstünlüyünü güc və hədə yolu ilə bərpa etmək planına etinasız qalmayacağını nümayiş etdirir. Bundan əvvəl Kremlə analoji siqnalı regiona dövlət katibi Hillari Klintonun səfərilə Vaşinqton da göndərmişdi.

Van Rompeyin bilavasitə Azərbaycana səfərinə gəlincə, rəsmi qarşılanma mərasimindən sonra onunla Prezident İlham Əliyev arasında əvvəlcə təkbətək, daha sonra geniş tərkibdə görüş keçirilib. Görüşün sonunda KİV üçün bəyanat da verilib. "Azərbaycan dünyəvi dövlətdir və Avropa İttifaqı burada dini dəyərlərə olan münasibəti, tolerantlığı yüksək qiymətləndirir. Avropaya demokratik dəyərlərə dayanan sabit Azərbaycan lazımdır", - deyə Aİ Şurasının prezidenti bildirib.

Herman van Rompey açıqlamasında üç məqama diqqət çəkib: Aİ ilə Azərbaycan arasında münasibətlərin bundan sonra da inkişaf etdirilməsi və dərinləşdirilməsinin vacibliyi, "Cənub dəhlizi" və Transxəzər qaz kəməri layihələrinin reallaşdırılması.

Türkiyə ilə Azərbaycan arasında Transanadolu boru xəttinin inşasına dair bu yaxınlarda əldə olunmuş razılaşmanı alqışlayan van Rompey bildirib ki, Aİ Azərbaycana enerji sahəsində vacib tərəfdaşı kimi baxır. O, Bakı ilə "yeni assosiativ razılaşma, həmçinin ticarət və investisiya məsələlərilə bağlı danışıqların fəallaşdırılmasının da vacib olduğunu" qeyd edib.

Van Rompey Dağlıq Qarabağ münaqişəsi haqda da danışıb: "Bizə lazım olan həllin tapılması üçün inam və hörmət qurulmalıdır. Bu fikri İrəvanda da səsləndirmişəm. Ermənistanla Azərbaycan sərhədində, təmas xəttində ciddi silahlı insidentlərlə bağlı məlumatları dərin narahatlıq hissi ilə qarşılayırıq. İnsanların həlak olmasından çox təəssüflənirəm. Münaqişə hərbi yolla çözülməyəcək. Yalnız danışıqlar yolu ilə əldə ediləcək razılaşma regionda status-kvonun təhlükəsiz və çiçəklənən gələcək yönündə dəyişməsinə imkan verəcək. Azərbaycan və Ermənistan Madrid prinsipləri əsasında sülh yolu ilə və dayanıqlı həllə nail olmaq üçün qərarlar qəbul etməlidir".

Van Rompey bildirib ki, Aİ nümayəndələrinin Dağlıq Qarabağ və həmsərhəd rayonlara buraxılması üçün icazə istəməyə davam edəcək.

Azərbaycan prezidentisə çıxışında Avropa institutları ilə münasibətlərin iqtisadi əməkdaşlığı, enerji təhlükəsizliyi və başqa sahələri əhatə etdiyini bildirib: "Aİ ölkələrilə münasibətlərimiz çox möhkəmdir və qarşılıqlı maraqlara əsaslanır. Biz Xəzərin karbohidrogen resurslarının Avropa bazarlarına çatdırılması təşəbbüsünü irəli sürmüş ilk dövlətik. Azərbaycan qazı dünya üçün, Avropa üçün yeni enerji mənbəyidir. Bu layihələr onilliklərlə, bəlkə də yüz il və daha çox müddətdə davam edəcək layihələr olacaq".

Azərbaycan Dillər Universitetinin fəxri doktoru adına layiq görülməsilə bağlı tədbirdəki çıxışında isə van Rompey Azərbaycanın vətəndaş institutlarının demokratiyanın inkişafı, Azərbaycan-Aİ əlaqələrinin genişlənməsi proseslərində geniş iştirak etməsinə tərəfdar olduğunu söyləyib.

Aİ prezidentinin region ölkələrindəki çıxışlarının məzmununu müqayisə etdikdə bəzi nüanslar diqqəti cəlb edir. Məsələn, o, Gürcüstanı aparılan islahatlar və Avropaya inteqrasiya cəhdləri baxımından digərlərinə nümunə göstərib. Aİ-nin Abxaziya və Cənubi Osetiya münaqişələrinin Gürcüstanın ərazi bütövlüyü çərçivəsində çözülməsinin vacibliyilə bağlı mövqeyini bir daha dilə gətirən van Rompey eyni zamanda Tbilisi ilə Moskvanı dialoqa və münasibətləri normallaşdırmağa çağırıb.

Herman van Rompey Ermənistanı da demokratiya və vətəndaş cəmiyyətinin inkişafı sahəsindəki irəliləyişlərlə bağlı tərifləyib, amma hökumətin hələ çox işlər görməli olduğunu söyləyib. O, bildirib ki, Brüsselin "Şərq tərəfdaşlığı" proqramına daxil olan ölkələrlə münasibətlərinin formulu universaldır: "Böyük islahatlar qarşılığında böyük yardımlar". Amma onun Ermənistana əlavə yardım kimi 15 milyon avrodan danışması dərin məyusluğa səbəb olub. Ermənilər Brüsselin donorlar konfransı təşkil edəcəyinə və onlara 3 ildə 1,5 milyard dollar həcmində güzəştli kredit ayıracağına ümid edirdi. Amma onlar bundan min dəfə az məbləğlə kifayətlənməli olublar. Üstəlik bu, Ermənistanın maddi-iqtisadi vəziyyətinin pisləşməsi fonunda baş verir. Hazırda Rusiyanın Ermənistana son dərəcə güzəştli qiymətlə - min kubmetri 180 dollara - satdığı qazın qiymətini oktyabrın 1-dən 260, 2013-cü il yanvarın 1-dən isə 320 dollara qaldıracağı gözlənilir. Eyni zamanda, Ermənistanın bundan əvvəl aldığı kreditlər üzrə ödənişlərinin həcmi 400 milyon dollara çatacaq. KİV yazır ki, Ermənistan hökuməti Rusiyadan ilə 800 milyon dollardan 1 milyard dollaradək məbləğdə kifayət qədər yüksək, dəyişən faizlə kredit götürmək üçün qeyri-rəsmi danışıqlar aparır. Bu pul olmadan hökumət sosial öhdəlikləri yerinə yetirmək, onsuz da yüksək olan kommunal tariflərin daha da artmasını önləmək iqtidarında deyil. Bir sözlə, 2013-cü ilin fevralında keçiriləcək prezident seçkisi öncəsi Serj Sarqsyanı ciddi problemlər gözləyir.

Aİ prezidenti Ermənistanın iddi məbləğdə kreditlər və yardımlar almaq perspektivini Dağlıq Qarabağ münaqişəsinin həllində kompromislərə getməyə hazır olması ilə birbaşa əlaqələndirməsə də, İrəvanın nəzərinə çatdırılıb ki, danışıqlar prosesində irəliləyiş olmadan belə yardımlara ümid etməyə dəyməz. ABŞ və Rusiya da özünü bu cür apararsa, ola bilsin, Ermənistan siyasətçiləri və əhalisi reallıqla daha çox  barışmağa, qonşulara, ilk növbədə Azərbaycana qarşı ərazi iddialarının xülya olduğunu anlamağa başlayar.

Azərbaycanın isə Ermənistandan fərqli olaraq, maddi yardımlara ehtiyacı yoxdur. Azərbaycanın öz valyuta ehtiyatları 44 milyard dollara çatıb.  Konsalidasiya olunmuş büdcə isə 25 milyard dollardır.  Aİ-nin regionun hər bir ölkəsi üçün ayırdığı on milyonlarla dollarlıq yardımın Bakı üçün heç bir əhəmiyyəti yoxdur. Azərbaycanla Aİ arasında münasibətlərin dərinləşməsi üçün stimul erməni silahlılarının işğal olunmuş ərazilərdən çıxarılmasında və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin irəliləməsində qurumun siyasi dəstəyi ola bilər. Bu isə hələ ki, hiss olunmur. Van Rompeyin Bakıda işlətdiyi bir cümlə də bundan xəbər verir: "Mən Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirəm".

Ola bilsin ki, bu cümlə diplomatik ekvilibristikanın salnamələrinə düşsün. Amma hər halda,  əsas olan deyilənlər yox, Brusselin real addımlarıdır.  Azərbaycan da Aİ ilə münasibətlərini qurarkən, məhz bu addımları əsas götürəcək.



MƏSLƏHƏT GÖR:

478