15 Mart 2025

Şənbə, 00:26

XİLASEDİCİ XƏBƏRDARLIQ

Zeynalabdin Tağıyev Birinci Dünya müharibəsi illərində Zaqafqaziyanın müsəlman əhalisinin səfərbərliyinin qarşısını ala bilib

Müəllif:

02.09.2014

Birinci Dünya müharibəsinin başlanmasının 100-cü ildönümünün tamam olması tarixçilərdə Avropanın sonrakı düzəninə ciddi təsir göstərmiş bu hadisə ilə bağlı yeni araşdırmalara başlamaq marağı yaradıb. Etiraf etmək lazımdır ki, bu müharibə ilə bağlı hələ də kifayət qədər öyrənilməmiş məqamlar qalmaqdadır. Bizim üçün isə şübhəsiz ki, 100 il əvvəl Bakıda baş verənlər, azərbaycanlıların müharibəyə münasibəti xüsusi maraq kəsb edir.

 

Müsəlmanların simpatiyası 

Yeri gəlmişkən, müharibəyə münasibət haqqında. 1915-ci il noyabrın 1-də Bakı qradonaçalnikinə yerli axtarış polisinin rəhbəri Rudenkonun məruzəsindən: "Ümumilikdə, Qafqaz müsəlmanlarının və bizimkilərin yaşananlara münasibəti bizim türk cəbhəsindəki vəziyyətdən asılı olaraq dəyişir. Türklər hücum etdikdə müsəlman kütlə arasında əhval yüksəlir, geri çəkildikdə əksinə. Amma hər bir halda müsəlmanların əksəriyyəti - istər varlı təbəqə olsun, istərsə kasıb - türklərin tərəfindədir. Hərbi vəziyyətin bizə sərf etməyən şəkil alacağı təqdirdə müsəlmanların tam sakit qalacaqlarına ümidlər yanlış ola bilər. Müsəlman mənbələrindən gələn məlumatlar göstərir ki, indi müsəlmanların diqqəti Balkan hadisələrinə yönəlib. Onlar almanların türklərlə birləşəcəyi, türklərin yenidən öz cəbhələrində hücuma keçəcəkləri anı səbirsizliklə gözləyirlər. Türklər uğur qazanacaqları təqdirdə, müsəlman qiyamının baş verəcəyini də istisna etmək olmaz". 

Məlumdur ki, Türkiyənin və onun müttəfiqi olan Almaniyanın tərəfindən olanlar yalnız Zaqafqaziya müsəlmanları deyildi.

Müsəlmanların imperiyanın düşmənlərinə gizli tərəfkeşlik etmələrinə baxmayaraq, iyunun 25-də II Nikolay "özgə xalq"lardan olan şəxslərin müharibə ilə əlaqədar işlərə səfərbərliyə alınması haqqında fərman imzalayıb. Fərmana əsasən, səngərlərin qazılması, digər qurğuların inşası üçün yaşı 19-43 arasında olan kişilər səfərbər edilməli idilər. Bununla yanaşı, hər bir region - Zaqafqaziya, Türküstan, Səhra vilayəti - cəbhə bölgəsində işlər üçün müəyyən sayda insan cəlb etməli idi. İmperatorun fərmanı müsəlman əhali arasında birmənalı şəkildə mənfi reaksiyaya səbəb olmuşdu.

Əvvəlcə Rusiyanın müsəlman rayonlarına II Nikolayın yerli əhalinin hərbi işlərə cəlb edilməsinə dair fərman imzaladığı xəbəri yayıldı. Fərmanın mətni onlara bir qədər sonra çatdı. Bu faktın özü əhali arasında müxtəlif dedi-qoduya səbəb olmuşdu. Digər tərəfdən, yalnız fərmanla bağlı xəbərdə deyil, onun özündə də çox sayda qeyri-müəyyənlik var idi və bu, müsəlman əhali arasında narahatlığa səbəb olmuşdu.

 

Tağıyevsayağı - nüfuzlu və əsaslı

Söhbətin nədən getdiyini daha dəqiq şəkildə Hacı Zeynalabdin Tağıyev açıqlayıb. Azərbaycan Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər arxivində işləyərkən Azərbaycan dilində yazılmış sənədə rast gəldik. O, "Hacı Zeynalabdin Tağıyevin Qafqazın ali hakimiyyətinə təqdim olunması üçün 1916-cı il iyunun 30-da Bakı qradonaçalnikinə verdiyi məruzə" adlanır. Sənəddə bildirilir ki, müharibə haqqında xəbər müsəlmanlarda "ağır iz" buraxsa da, o, "ruh yüksəkliyi"nə də səbəb olub. "Biz müsəlmanlar Vətənin müdafiəsini lazım və vacib sayırıq. Vətənin digər bölgələrindən kənarda qalmaq istəmirik. Vətənin müdafiəsi üçün əlimizdən gələni etməyə hazırıq", - deyə H.Z.Tağıyev yazır. O, sözlərinin təsdiqi kimi, Qafqaz süvari diviziyasının döyüşlərində iştirakı göstərib: "Vətən və çar uğrunda canlarından keçmiş müsəlmanların Qafqaz süvari diviziyasında nümayiş etdirdikləri şücaət hər kəsə bəllidir və o, gələcəkdə hazırki müharibə ilə bağlı tarixdə layiqli yerini tutacaq". Tağıyev imperatorun müsəlmanların cəbhə bölgəsində işə cəlb olunmasına dair fərmanını da alqışlayıb. Onun fikrincə, fərman ali rəhbərliyin müsəlmanlara Rusiyanın bərabərhüquqlu vətəndaşları kimi yanaşmasının göstəricisidir. H.Z.Tağıyev çarın fərmanını "qanuni və arzuolunan" adlandırıb.

"İslam dini müsəlmanlara ilk olaraq Vətənin qorunmasını tövsiyə edir. Vətənpərvərlik, Vətənə sevgi müsəlmanların qanındadır. Bu keyfiyyətlər müsəlman uşaqlarına ana südü ilə keçir və ömürlərinin sonunadək onları tərk etmir. İstənilən müsəlman özünü Vətənə qurban verməyə hazırdır", - deyə məruzədə qeyd olunur. Bununla yanaşı, Tağıyev II Nikolayın fərmanındakı çatışmazlıqları da qeyd edir və onların müvafiq təlimatlarla, məmurların izahı ilə aradan qaldırılmalı olduğunu bildirir. O, fərmanın məğzinin əhaliyə çatdırılması məsələsində mətbuatın rolunu xüsusi vurğulayır.

H.Z.Tağıyev yazır ki, ilk növbədə, müsəlmanların cəbhə işlərinə çağırılmasının qaydaları və müddəti aydınlaşdırılmalıdır: "Belə çıxır ki, (səfərbər olunan - müəllif) 19 yaşdan 25 yaşa qədər (qeyri-dəqiqlikdir, çünki fərmanda 43 yaşdan söhbət gedirdi - müəllif) kişilər eyni vaxtda və ya ayrı-ayrı vaxtlarda orduya çağırılacaq, bu isə o deməkdir ki, sürülər və əkin sahələri əkinçisiz və nəzarətsiz, ailələr və uşaqlar isə kişilərsiz və himayəsiz qalacaqlar". H.Z.Tağıyev müsəlmanlar üçün din məsələsinin vacib olduğunu da bildirir. O, fərmanda bu məsələnin açıq qaldığını yazır: "Müsəlmanlar üçün dini ayinlərin həyata keçirilməsi üçün şərait yaradılacaq, ya yox?".

Tağıyev cəbhəyə çağırılan müsəlman ailələrinin qayğısına qalınması üçün tədbirlərin görülməsinin vacibliyini də bildirib. "Rus qadınları öz diribaşlıqları ilə məşhurdurlar. Onlar ərləri olmadan da özlərini, ailələrini idarə edə bilirlər. Bu işdə onların tayı yoxdur. Hicablı müsəlman qadını isə savadsız və işsizdir. Bu üzdən onlar ərləri olmadan ailəni idarə edə bilmirlər", - deyə H.Z.Tağıyev qeyd edib. Sonda o, "fərmanın mənasının kütləyə izah olunmasınadək insanların xidmətə çağırılmasının dayandırılmasını, təlimat şəklində xalqa yuxarıda sadalanan məsələlərin geniş şəkildə izah edilməsini, bununla da xalqın yaranan suallara cavab tapmasına imkan yaradılmasını" təklif edib: "Bu təlimatlar türk dilinə tərcümə olunmalı, xalq arasında yayılmalıdır. Hökumət dairələri insanları məlumatlandırmalı, lazımi səviyyədə izahat verməlidir. Müsəlman qəzetləri təlimatları dərc edə, onları yazmağı, oxumağı bacaran insanlara izah edə bilər. Bununla da xalq həqiqəti bilər, şübhələrə, anlaşılmazlıqlara yer qalmaz".

 

Əks-reaksiya

Tağıyevin xəbərdarlığı, sözün əsl mənasında, uzaqgörən bəyanat idi. Məsələ ondadır ki, imperatorun fərmanına cavab olaraq, Türkistanda qiyam qalxdı. Qiyamın başlanmasına bilavasitə təsir edən məqam səngər qazmağa kişilərin hamısının çağırılacağı haqda xəbərlər oldu. Təlatümlər 1916-cı il iyulun 4-də Xocəntdə keçirilən nümayiş zamanı polisin güllələnməsi ilə başladı. Nümayiş çağırışçıların siyahısının dəqiqləşdirilməsi tələbi ilə keçirilirdi. Tezliklə qiyam digər vilayətlərə də yayıldığından, iyulun 17-də Türkistanda hərbi vəziyyət elan olundu. Qiyam qəddarlıqla yatırıldı. Bəzi məlumatlara görə, toqquşmalarda yalnız qırğızlar arasında, ən azı, 150 min nəfər həyatını itirib. Zaqafqaziyaya gəlincə, hökumət burada kişilərin səfərbərliyini 1916-cı il sentyabrın 15-də dayandırdı. 

"Açıq söz" qəzetinin 1916-cı il 22 avqust tarixli sayında Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, "Dünən Tiflisdən müsəlmanlar üçün sevindirici xəbər gəlib - avqustun 21-də Əlahəzrətin Qafqazdakı canişini Qafqaz müsəlmanlarını 25 iyun fərmanından azad edib".

Sonda xatırladaq ki, sentyabrın 1-də qeyri-adi insan, mesenat, böyük və əsl azərbaycanlı Hacı Zeynalabdin Tağıyevin vəfatının 90-cı ildönümü tamam oldu. 



MƏSLƏHƏT GÖR:

634