15 Mart 2025

Şənbə, 02:36

PƏHLƏVANIN YAŞI OLMAZ

Usta atletlərimiz tarixi nəticəyə imza atdılar

Müəllif:

01.07.2012

Mötəbər beynəlxalq yarışların Azərbaycanda keçirilməsi artıq ənənə halını alıb. Lakin əgər əvvəllər turnirlərin əksəriyyəti Bakıda təşkil olunurdusa, indi bu işdə bölgələr də paytaxtdan geri qalmır. 

Belə yarışlardan biri - veteran ağır atletlər arasında Avropa Çempionatı Lənkəranda baş tutdu. Kişilər arasında qitə birinciliyi 22-ci, qadınların mübarizəsi isə 20-ci dəfə keçirildi. 25 ölkədən 300-ə yaxın idmançının iştirak etdiyi çempionatda Azərbaycan millisi də mübarizə apardı. 33 kişi və 4 qadın idmançı ilə təmsil olunan ölkəmiz 14 qızıl, 9 gümüş və 3 bürünc medal əldə etməklə, komanda hesabında yalnız Almaniyadan geri qaldı. Fəxri kürsünün üçüncü pilləsini isə Rusiya komandası tutdu. 

Qeyd edək ki, Almaniya ilə Azərbaycanın xalı 221 xal idi. Ancaq Meloun-Meltzer cədvəli ilə hesablamada rəqiblərimiz bizi çox cüzi fərqlə qabaqladı. Almaniya yığmasının hesabında 2940 xal var idisə, bizim hesabımızdakı rəqəm 2823 idi. 

Milli komandamızın üzvlərindən biri - Zəfər Tağıyev M-1 yaş qrupunda bütün çəkilər üzrə mütləq qalib adını qazandı. Birdənqaldırmada 112 kq, təkanlaqaldırmada 145 kq, toplamda isə 257 kq nəticə nümayiş etdirən 39 yaşlı atletimiz Sinkler cədvəli üzrə 332,05 xal, Meloun-Meltzer cədvəli üzrə isə 373,55 xal toplayıb. Bu rəqəm M-1 qrupunda çıxış edən bütün ağırlıqqaldıranlardan yaxşı olub.

Ümumiyyətlə isə kişilər arasında bu, Avropa Çempionatının mütləq qalibi adını isə Lourens Makkonnell qazandı. İrlandiyalı veteran ağır atlet Sinkler və Meloun-Meltzer cədvəlləri üzrə hesablamada bütün rəqiblərini arxada qoya bilib. M-7 qrupunda çıxış edən 67 yaşlı idmançı birdənqaldırmada 104 kq, təkanlaqaldırmada isə 130 kq nəticə göstərib. Toplamda 234 kq.-la o, Sinkler cədvəli üzrə 263,51, Meloun-Meltzer üzrə 452,97 xal qazanıb. O, həm də veteranlar arasında 4 Avropa və 3 dünya rekordunu da yeniləyib.

Qadınlarda isə bu uğura danimarkalı Marqa Yorgensen nail olub. 56 yaşlı xanım atlet birdənqaldırmada 44 kq, təkanlaqaldırmada 57 kq, toplamda isə 101 kq nəticə göstərib. Bu, Sinkler cədvəli üzrə 149,42, Meloun-Meltzer cədvəli üzrə isə 211,73 xal deməkdir.

Maraqlıdır ki, yarışların ən yaşlı idmançısının 84 yaşı vardı. Almaniyalı Kurt Rozenberq körpücük üzərinə çıxaraq, birdənqaldırma hərəkətində 38, təkanlaqaldırmada isə 51 kq çəkini başı üzərinə qaldırmağı bacardı.

Ümumilikdə, veteranlar arasında kişilərdə 36 yeni rekord müəyyənləşdirildi ki, onlardan 18-i dünya, 18-i isə Avropa rekordudur. Qadınlarda isə 3 (1 dünya + 2 Avropa) rekord vuruldu. Hər üç rekordu danimarkalı Marqa Yorgensen müəyyənləşdirdi.

Səbinə Rzayeva, Təranə Abbasova, Xatirə Şahverdi və İradə Qədirova öz yaş qrupu və çəki dərəcələrində fərxi kürsünün ən yüksək pilləsinə qalxıblar. Onların şərəfinə Azərbaycan Himni 4 dəfə çalınıb, bayrağımız yüksəldilib. M-4 yaş qrupunda mübarizə aparan atletlərimizdən ikisi - Akif Alıyev və Miryasin Ağayev qızıl medal qazanıblar. Bundan əlavə, Emin Əliyev, İsmayıl Tağıyev, Əhməd Şahbazov, Natiq Həsənov, Aftandil Hacıyev və Nizami Zeynalov da qızıl medala layiq görülüb. 

Sahib İsgəndərov gümüş medalla kifayətlənib. Qələndər Xıdırovla Namiq Ağayev bürünc medal qazanıb. Azərbaycan Respublikası Veteran Ağır Atletlər İctimai Birliyinin sədri Natiq Ağayev daha bir bürünc medal  qazanaraq, bayrağımızı yüksəldib. 



MƏSLƏHƏT GÖR:

499