15 Mart 2025

Şənbə, 02:43

SƏRHƏDSİZ SƏHNƏ

Teatr müharibələrin və düşmənçiliyin olmadığı ərazidir

Müəllif:

01.07.2012

Bu gün yeni minilliyin teatrının necə olması məsələsi heç zaman olmadığı kimi kəskin şəkildə gündəmdə durur. Bəziləri sanır ki, rus psixoloji teatr məktəbi səhnə materialının çoxdan keçmiş formasıdır və artıq Avropa teatrına istiqamətlənmək vaxtıdır. Özü də onlar bugünkü Avropa teatrlarının nə olduğunu düz-əməlli də təsəvvür edə bilmirlər. Kimlərsə yeni formalar axtarışından danışır, amma bu formaların necə olmasını ifadə edə bilmirlər. Teatrsa öz həyatı ilə yaşadığı kimi yaşamaqda davam edir, "nəzəriyyə"çilərə, daha doğrusu, onların həyəcanına fikir verə bilmir. Onlar öz tamaşaçıları ilə coğrafi yerləşmənin deyil, insani yaşam arealının diqtə etdiyi energetik əlaqədə olaraq yaşayırlar. 

Səslənən problemlə bağlı analitik mühakimələrə qapılmadan qeyd etmək istərdik ki, teatr həmişə öz sənətkarına və "istehlakçı"sına, yəni tamaşaçısına bənzəyir. Hər bir konkret götürülmüş regionda tamaşaçı və sənətkar özünə məxsusdur.  Onlar arasında zamanın diqtə etdiyi anlayış dili var, bu dil başqa heç bir yerdə mümkün olmadığı halda, konkret bir yerdə anlayışlıdır və tələbediləndir. Buna görə də beynəlxalq teatr festivalları, mübadilə qastrolları, bir sözlə, çağdaş teatrın  problemlərini və inkişaf tendensiyalarını həm görməyə, həm anlamağa imkan verən bütün mümkün inteqrasiya üsulları çox vacib və önəmlidir.

Azərbaycanda respubilka və beynəlxalq səviyyəli teatr festivalları da keçirilir. Onların bəziləri Azərbaycan Respublikası Teatr Xadimləri İttifaqı, digərləri isə Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə reallaşdırılır. Son illərdə teatrın praktikləri və nəzəriyyəçiləri üçün də beynəlxalq konfranslar keçirilməyə başlanıb. Bu ilin noyabr ayında üçüncü beynəlxalq teatr konfransı keçiriləcək və orada teatr işinin praktikləri və teorotikləri görüşəcəklər ki, dünya teatrının problemlərini və inkişaf meyillərini müzakirə etsinlər. Teatr isə öz həyatı ilə yaşayır, tamaşaçını və özünü qarşılıqlı bağlılıq sınağına çəkir. Beynəlxalq festivallar, mübadilə qastrolları - teatrın və onun izləyicisinin qarşılıqlı maraq sahəsini aşkar edib müəyyənləşdirməyi bacaran amillərdir. 

 

Qastrollar: təcrübə mübadiləsi...

Sözün düzü, mənə "qastrol" sözünün köhnə mənası indikindən daha çox xoş gəlir. Onda öz həyatının böyük hissəsini şöhrət və qazanc axtarışında keçirmiş aktyor camiəsinin keçmiş macəralı həyatından nəsə gizlənir. Alman dilindən gələn bu söz "bir aktyorun və ya kollektivin öz meydançasında çıxışı" mənasını verir. Sovet teatrı dövründə qastrollar uzun çəkən, teatr prosesini ideoloji baxımdan idarə edən qurumlar tərəfindən coğrafi baxımdan düşünülmüş prosedur idi. Truppa, demək olar ki, tam heyətlə başqa qardaş respublikaya gedirdi və bir ay ərzində izləyiciləri öz repertuarı ilə sevindirirdi. Prosesin iqtisadi baxımdan nə qədər gəlirli və ya zərərli olması bu məqalənin mövzusu deyil. 

Əsas, bu qastrolların xatirələrdə qoyduğu izlərdir - teatr kassalarında canlı ajiotaj, tanış olmayan zalın nəfəsi, yeni yaradıcılıq əlaqələri, həmkarlarla tanışlıq, tamamilə yeni peşəkarlıq səviyyəsinə yüksəlmə imkanı yaranırdı. Bir sözlə, hər şey, sözün həqiqi mənasında, maraqlı idi və təbii ki, qastrolları həmişə səbirsizliklə gözləyirdilər. İndi qastrol səfərləri sadə iş deyil. Çünki təkcə maliyyə məsələsi ilə məhdudlaşmayan digər çətinlikləri var; məsələn, gömrük problemləri. Ancaq nə olursa-olsun, müxtəlif ölkələrin mədəniyyətləri təcrid vəziyyətində yaşaya bilməz və başlanan inteqrasiya prosesi düşünməyə imkan verir ki, bu cür əlaqələr son hesabda normaya çevriləcək. 

Kiçik işlərdən başlamaq olar; məsələn, kiçik mübadilə qastrollarından. Bu, Azərbaycanın, Gürcüstanın və Rusiyanın (Həştərxanın) rus dram teatrları arasında başlanıb. Keçən il qastrollarla başlanan dostluq mübadiləsi prosesi yeni yaradıcılıq əlaqələri meylinə çevrildi.  A. Qriboyedov adına Tiflis Rus Dram Teatrı və Səməd Vurğun adına Bakı Rus Dram Teatrı özlüyündə heç də qonşuluqda yerləşən ölkələrin teatrı kimi yaxın olmaqla qalmır. Həm də bu teatrların eyni tarixi kökləri var. Xatırlasaq, görərik ki, həm Bakı, həm də Tiflis teatrını eyni adam - Vladimir Şveytser (pessimist) yaradıb: əvvəl Bakı Satira-Təbliğat Teatrını yaradıb və sonradan bu, Bakı İşçi Teatrına çevrilib. Sonra isə proletar mədəniyyəti adına Tiflis Satira-Təbliğat Teatrının əsasını qoyub, onu da sonralar "qırmızı teatr" adlandırıblar. Buna görə də bu teatrları qohum saymaq olar. Ümumiyyətlə, mədəniyyət fəzası həmişə birləşdirir, çünki bu elə ərazidir ki, orada nə müharibə, nə də qarşılıqlı nifrət olur. Əksinə, başqa yaradıcılığa maraq və bir-birini daha yaxşı tanımaq istəyi yaranır. 

 

Bakı - Tiflis. Komediya çətin janrdır 

Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyi ilə bağlı Aleksandr Şarovskinin yüngül komediya janrında tamaşaya qoyduğu "Müsyö Jordan və dərviş Məstəli şah" əsəri açıq-aydın Tiflis tamaşaçılarının ürəyincə oldu.  Azərbaycan klassikinin nəql etdiyi sadə əhvalat quruluşçunun yozumunda unudulmaz milli çalarlar qazandı və tamaşanı ifadəli etnik mənzərəyə çevirdi. 

Tamaşada Qarabağ sakinlərinin məişət qayğılarından ibarət sadə həyat təsvir edilir: uşaqlarını tərbiyə edib, onlara xoşbəxt gələcək qazandırmaq, gündəlik zəhmət çəkməklə öz həyatlarını daha imkanlı etmək. Yəni xoşbəxtlik haqqında təsəvvürləri ən sadədir. Və bu təsəvvürdə kişi-qadın münasibətləri də yer alır. Fəxriyyə Xələfovanın gözəl kostyumları bu milli koloritə, sadəcə, səhnə inamı  verirdi. Bu, tamaşanı, bir növ, milli ənənələr və ekzotik məişət təsvirləri üzrə "bələdçi"yə də çevirdi. 

Pyes dərin psixologizmdən uzaq olsa da, canlı, tanış və gerçək xarakterlərin dərin araşdırılmasını tələb edir. Rejissor bu məsələ üzərində həvəslə işləyir. Buna görə də qadınların Parisi "dağıtdırması" ilə bağlı gülməli əhvalatı yaşlılar üçün ekzotik Şərq nağılına çevirir: tamaşa dağ çiçəklərinin, milli yeməklərin ətrini, milli mentalitetin özəlliklərini əks etdirir. Bu, səhnə ifadəsinin elə bir Qarabağ səbətidir ki, heç kim ona laqeyd qala bilmir. Hətta Tyulrinin doğrudan da yıxılmasına və Parisdə inqilab baş verməsinə baxmayaraq, bu şən, sadə və çox işıqlı əhvalat öz personajları və əlbəttə ki, onları canlandırmış aktyorlar haqqında xoş xatirələr yaradır. 

 

Tiflis - Bakı: dram musiqili də ola bilər

"Qriboyedovçular"ın cavabını çox gözləmək lazım gəlmədi və mübadilə qastrollarının strukturunda yaradıcılıq kontaktları sistemi yeni səviyyəyə çıxdı. Teatr Bakı izləyicisinə baş rejissor  Avtandil Varsimaşvilinin Coşua Sobolun "Getto" pyesi əsasında qoyduğu tamaşanı təqdim edib. 80-ci illərin ikinci yarısında çox böyük səs-küy doğurmuş və  XX əsrin sonlarının teatr tarixinə Holokost, soyqırım və insanlıq əleyhinə yönəlmiş digər tədbirlərə qarşı Vilnüs gettosunun nümunəsində  böyük etiraz kimi düşmüş məşhur pyes gürcü teatrında tamamilə başqa cür səsləndirilib. Varsimaşvilinin konseptual teatrı konseptual rəsm kimidir: nə qədər diqqətlə baxırsan,  bir o qədər çox həyat və zaman axınları ilə uyğunluq tapırsan. Quruluşçu pyesdən bütün yan münaqişə xətlərini (məsələn, Henslə Vayskopfun münaqişəsini) yığışdırıb ki, diqqəti əsas məsələyə yönəltsin: getto, sadəcə, coğrafi məkan deyil, o, həddindən qorxulu bir mövcudiyyətdir. Ya da o, ruh, seçim, hüquq azadlığına təcavüzdür.  Bu məsələdə, hətta ümumiyyətlə, ruhun qadağan olunduğu yerdir (Bibliyada ən qorxulu günah başqasının ruhuna müdaxilədir!).  İnsan ruhu isə tam dolğunluğu ilə təqdim edildiyi janrdan asılı olmayaraq, yalnız xalq yaradıcılığı vasitəsilə açılır. Gettonun yəhudi kabare teatrı da müxtəlif janrlarla təqdim edilib. Bunlar lətifələr (yəhudi həyatından səhnələr), mahnılar və rəqslərdir. 

İncəsənəti öldürmək mümkün deyil. Onu hətta getto kimi rezervasiyaya salsalar belə. Nə qədər ki xalqın ruhu yaşayır, o yaşayacaq. Onun musiqisi, mahnıları, mədəniyyəti yaşayacaq. Avtandil Varsimaşvilinin konseptual teatrı sənətkarın cəmiyyətə və onun problemlərinə yanaşma mövqeyidir. Belə teatr düşüncəni oyadır, düşünməyə və dərdi birlikdə yaşamağa vadar edir. Həm də nəticələr çıxarıb, qərarlar verməyə yönləndirir. Tamaşanın quruluşçu rəssamı Marian Şvelidze səhnənin dərinliyində rəsm olunmuş arxa plan təqdim edir, orada keçən əsrin əvvəllərində gürcü cəmiyyətini təqdim edən insanlar təsvir edilib. Onlar öz sosial statuslarına uyğun tribunalarda əyləşiblər: VIP yerlər də, daha aşağı ranqa məxsus yerlər də var. Tribunalar ippodromdakı kimidir. Keçən əsrin insanları tribunalarda rahat əyləşərək, baş verənləri maraqla izləyirlər. Onlar nə yaradıblar və özlərindən sonra gələnlərə nəyi irs qoyacaqlar? Bugünkü toplumun həyatını quranlar bu irsdən necə yararlandılar?.. 

 

Son söz 

Bugünün teatrı necə olmalıdır? Dramaturgiyanın yozumuna gözlənilməz epataj, enişli-ifadəli forma axtarışları, tamaşaçı təsəvvürünü gözəl effektlərlə mat qoymaq istəyi... Keçən əsrin ikinci yarısının böyük rejissorlarının - Piter Brukun, Antoanen Artonun, Kristian Lyupanın, Yeji Qrotovskinin, Anatoli Vasilyevin yeniliklərini xatırlayaq. Bu gün onlar sadəcə tarixdir. Bugünkü rejissorlar izləyici uğrunda mübarizəyə bacardıqları qədər qapılırlar. Buna görə də bu gün effektlər dalınca qaçmaq sadəcə cürətli ideya deyil, məqsəddir. Buna dəyərmi? Teatr filmlərə 3D formatda baxmağın mümkün olduğu kino ilə rəqabət aparmağa qadirdirmi?

Bəs insanın özü teatr araşdırmalarının mövzusu deyil? Quruluşçuların tez-tez müraciət etdiyi kompüter qrafikası, dar səhnə məkanında baş verən holoqramlar effekt verə bilməz. İzləyicinin teatra marağını vizual effektlərlə deyil, nəsə başqa daimi bir şeylə oyatmaq yaxşı deyilmi? Məsələn, emosiyalarla, anlaşılan quruluş düşüncəsi ilə... Axı teatr incəsənətinin sirli cazibəsi heç də təklif edilən formaların espansivliyində deyil. Belə görünür ki, o, insan ruhunun ehtiyaclarındadır. Bəlkə də özünün ehtiyaclarındadır. Buna görə də hər teatrın izləyici ilə öz ünsiyyət dili olmalıdır...



MƏSLƏHƏT GÖR:

580