24 Noyabr 2024

Bazar, 15:03

OLUM, YA ÖLÜM?!

Azərbaycanda aborta qadağa qoya bilərlər

Müəllif:

01.07.2012

Milli Məclisin payız sessiyasında Azərbaycanda aborta qadağan qoyulması məsələsinə baxıla bilər. Bu barədə iyunun sonlarında jurnalistlərə Parlamentin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib. Bu zaman deputat vurğulayıb ki, aborta qadağa qoyulması Ailə Məcəlləsinə və "Sağlamlığın qorunması haqqında" qanuna düzəlişlər çərçivəsində gerçəkləşdirilə bilər. Rəcəbli qeyd edib ki, bu cür qadağalar dünyanın çox ölkələrində var. Onun fikrincə, abort qətl və barbarlıqdır. Bundan başqa, Hadı Rəcəbli uşağın cinsi əlamətinə görə abort edilməsinə də diqqət yetirib və onun fikrincə, bu da demoqrafik durumu pisləşdirir. 

Hadı Rəcəbli bildirib ki, qanun qəbul edildikdən sonra, aborta icazə yalnız müəyyən xəstəliklərlə bağlı verilə bilər. Doğrudur, deputat bu məsələnin müzakirə tarixini dəqiqləşdirməyib, amma Rəcəbli əlavə edib ki, "Bu məsələnin ciddiliyi nəzərə alınaraq", o, ictimai müzakirəyə çıxarılmalıdır. 

Maraqlıdır ki, azərbaycanlı deputatın dedikləri qəribə şəkildə Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın iyunun əvvəlində demoqrafik inkişaf problemlərinə həsr edilmiş beynəlxalq konfransda verdiyi tövsiyələrə uyğun tam gəlir. O da abortu qətllə eyniləşdirib. Yada salaq ki, Ərdoğan özü dörd uşaq atasıdır. Öz çıxışında baş nazir bildirib ki, Türkiyədə abortun məhdudlaşdırılması ilə bağlı qanun layihəsinin hazırlanması üçün səhiyyə nazirinə tapşırıq verib. 

"Biz abortların qadağan edilməsi barədə qanun hazırlayırıq və onu qəbul edəcəyik", - deyə Ərdoğan bəyan edib. Bu zaman Türkiyə Baş naziri abortu məhdudlaşdıran qanunlar mövcud olan, hamiləliyin süni şəkildə dayandırılmasına qarşı kampaniyalar aparılan Qərb ölkələrinin təcrübəsinə istinad edib. 

Türkiyənin qanun layihəsinin nə olacağı hələ bəlli deyil. Hazırda Türkiyənin 1983-cü ildə qəbul edilmiş qanununa görə, abortu hamiləliyin onuncu həftəsinə qədər etmək olar, əgər tibbi göstəriş varsa, daha sonra da etmək olar. Mətbuata belə bir məlumat sızıb ki, yeni qanuna görə, hamiləliyin dördüncü-altıncı həftəsinə qədər etmək mümkündür, halbuki Ərdoğan bildirmişdi ki, o, ümumiyyətlə aborta qarşıdır. Türkiyə səhiyyə naziri Rəcəb Ağdağ bildirib ki, qanun layihəsi artıq işlənilir və gələn ay işıq üzü görəcək. 

Bununla yanaşı, Türkiyənin müxtəlif hüquq müdafiəsi təşkilatlarının fəalları gözləməyib və bununla bağlı öz mövqelərini bildirməyə tələsiblər. Onlar aşağıdakı şüarlarla küçəyə çıxıblar: "Əllərinizi mənim bədənimdən çəkin", "Mənim bədənim, mənim qərarımdır", "Abort bizim hüququmuzdur". Türkiyə KİV-in məlumatına görə, nümayişdə musiqi səslənib və qadınlar Türkiyədə məşhur olan "Mən azad doğulmuşam, azad yaşayacağam, sən kimsən?" mahnısını oxuyublar. 

Qanun əleyhdarlarının fikrincə, o, real nəticə verməyəcək. Onun qəbulundan sonra, qeyri-leqal edilən abortların sayı arta bilər, bu da qadın ölümü əmsalının artmasına səbəb olar. Həm də onlar hesab edirlər ki, qanun onların hüququnu pozur. Yeri gəlmişkən, etiraz edənlərin sırasında kişilər də gözə dəyib. 

 

Abortun aspektləri 

Azərbaycana gəldikdə isə bizim toplum da oxşar fikirlər səsləndirir. Özü də bu məsələ həddindən ciddidir ki, bu barədə dərhal qərar qəbul etmək mümkün deyil. İstənilən toplumda aborta yanaşma heç də həmişə birmənalı olmayıb. Ancaq "hə" və ya "yox" deməkdən öncə düşünmək üçün müəyyən məlumat təqdim edək. 

Hazırda Şimali İrlandiyada və Maltada aborta istisna hal kimi icazə verilir. İspaniya, Portuqaliya, Polşa və İsveçrədə də aborta qarşı sərt qanunlar var. Yaponiyada hamiləlik əleyhinə həblərin satışına icazə verilmir. Birləşmiş Ərəb Əmirlikləri, Əfqanıstan, Anqola, Misir, Papua, Yeni Qvineyada abortlar ümumiyyətlə qadağandır. Nepalda qanunsuz abort etmiş qadınları qətlə görə mühakimə edirlər və həbsə  salırlar. 

Süni doğuşa hələ qədim zamanlardan əl atıblar. Toplumun və dövlətin aborta münasibəti müxtəlif vaxtlarda ictimai və dövlət quruluşunun xüsusiyyətlərindən, həyatın sosial və iqtisadi şərtlərindən, əhalinin sayından və sıxlığından, dini inancların inkişafından asılıdır. Bizim günlərdə də bu problemə cəmiyyətin baxışı eyni deyil. Qədim Yunanıstanın və Romanın qanunvericiliyi dölü mühafizə etmirdi. Abortlar təqib edilmirdi, hətta dəstəklənirdi. O dövrdə mövcud olan görüşlərə görə, ana bətnindəki döl insanın ilkin obrazı sayılmırdı. 

Aristotel belə deyib: "Əgər nikahda uşaqlar gözləntinin əleyhinə doğulursa, döl hiss etməzdən yaşamağa başlamazdan öncə çıxarıla bilər". Qədim dünyada abortun mütləq qınandığı və buna görə ölüm cəzası kəsildiyi yeganə mədəniyyət qədim Peru mədəniyyətidir. Erkən xristian kilsəsi abortu və ya bətndəki uşağı tələf etməyi mühakimə edib. Aborta görə cəza 10 il və ya daha uzun müddətə tövbə, yaxud da kilsədən uzaqlaşdırma kimi kəsilirdi. Uşağın tərpənməsindən sonra edilən abort isə daha kəskin cəzalandırılırdı. 

Müsəlman ölkələrində artıq XIX əsrdə qadınların abort etdirdiyi xüsusi idarələr vardı. 1875-ci ildə sultan Əbdüləzizin anası xüsusi fərman verib ki, hamiləlik halında sarayın istənilən sakini mütləq abort eləməlidir. Sultanın hərəmində, hətta xüsusi şəxs -  "qanlı mamaça" var idi. Ümumiyyətlə, XIX əsrdən başlayaraq, abortlar geniş yayılmağa başlayıb. 

XX əsrdə böyük şəhərlərdə abortlar tamamilə adi hal oldu və heç bir məhkəmə cəzası qadınları qorxutmadı. Ümumiyyətlə, bildirmək gərəkdir ki, qanunun təhdidləri çox vaxt kağız üzərində qalırdı. Abort dalğası durmadan artırdı və ölkələrin əksəriyyətində  çox sayda həkimlər və mamaçalar bu cür doğuş üzrə geniş praktikaya malik idilər. Abortların sayının artması bortiv texnologiyaların təkmilləşməsinə səbəb oldu. Parisdə abort üçün xüsusi institutlar mövcud olmaqla yanaşı, artıq XX əsrin əvvəllərində daimi "müştərilər" üçün  xüsusi endirimli abonement də fəaliyyətdə olub. 

Birinci Dünya müharibəsinə iki il qalmış Paris Parlament dairələrində tamamilə ciddi şəkildə uşaqların doğulmasına dövlət sığortasının tətbiq edilməsi layihəsi müzakirə edilib. Bu, millətin həyat qabiliyyətinin aşağı düşməsinin, faktiki məhv olmaq təhlükəsinin sübutudur. Yüksək dərəcədə diqqətəlayiq idi ki, məsələ faciəvi şəkildə məhz Fransada özünü göstərirdi, bir tərəfdən, öz azadlıq ruhu ilə dolu olan bu ölkə o biri tərəfdən abortla bağlı sərt təqiblər və ağır cəzalar olan klassik ölkədir. Abortlara qarşı mübarizənin kəsərsizliyi məhkəmə sisteminin qüsurlarını əyani göstərir. 

 

Qadağa nəyə gətirə bilər?  

Tez-tez bununla bağlı ekspertlər Polşaya istinad edirlər, orada 19 ildən çoxdur, abort əleyhinə qanunvericilik qüvvəyə minib. Burada hər il 9-10 milyon reproduktiv yaşlı qadın üzrə qeydə alınan abort sayı, orta hesabla, cəmi iki yüz ətrafındadır. Eyni zamanda, bu ölkədə doğum göstəricisi dünya üzrə ən aşağılardandır. Ekspertlərin fikrincə, Polşanın nümunəsi göstərir ki, qanunvericilik müstəvisində qadağan abort problemini həll etməyib, yalnız onu gizli fəaliyyətə yönəldib. Bu zaman beynəlxalq  səviyyədə qəbul edilmiş insan hüquqları norma və hüquqları kobud səviyyədə pozulub. 1993-cü ildən sonra doğum göstəricisi artmaq əvəzinə, sürətlə azalmaqda davam edir. On il ərzində, yəni 1993-cü ildən 2003-cü ilə kimi Polşa üzrə illik doğuş sayı 143 min və ya 29% azalıb.  

Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 46 milyon süni abort yerinə yetirilir ki, bu da  müşahidə olunan hamiləliklərin 22%-ni təşkil edir. Hazırda dünya üzrə abortların səbəbləri sırasında aşağıdakı hallar var: 40% - qadınların arzudur; 25% - həyati göstəriş; 23% - sosial  göstəriş; 12% - tibbi göstərişdir.

Qeyd etmək lazımdır ki, aborta qadağa cəhdləri dünyanın çox ölkələrində edilib, amma onlar heç də hər zaman fayda verməyib. Mütəxəssislər qeyd edirlər ki, bu cür qadağanın tətbiqi kriminal abortların və abortların sayının xeyli artmasına səbəb olur. Süni abortun ölüm səviyyəsi və onun nəticələri də artır. Aborta qadağanın qoyulması uşaq-öldürmə saylarının və uşaqdanimtina hallarının artmasına səbəb olur. 

İndi də Azərbaycanda abort əleyhinə qanunvericilik aktının qəbul edilməsi məsələsinə qayıdaq - buna dəyərmi? Cinsi həyat məsələsində və effektiv kontrasepsiya üsulları barədə toplumun, xüsusilə də gənclərin məlumatlılığını artırmaq daha yaxşı olmazmı? 



MƏSLƏHƏT GÖR:

540