25 Noyabr 2024

Bazar ertəsi, 14:44

BÖYÜK ÖTÜRMƏ

Azərbaycan regionun əsas nəqliyyat qovşağı statusunu möhkəmləndirir

Müəllif:

01.07.2012

Bakı - Tiflis - Qars (BTQ) dəmir yolunun tikintisi sona yaxınlaşmaqdadır: bu ilin sonuna polad magistralla ilk sınaq qatarını buraxacaqlar. İlyarımdan sonra isə Ələt qəsəbəsində mərhələli şəkildə Beynəlxalq Dəniz Ticarət Limanının (BDTL) obyektləri  işə salınacaq. Bununla da 2015-ci ilin əvvəlinə transregional nəqliyyat dəhlizi "Iron Silk Way"in tammiqyaslı kommersiya istismarı mümkün olacaq. 

BTQ dəmir yolunda tikinti işlərinin qısa müddətdə başa çatdırılmasının, Azərbaycan Dəmir Yolunun (ADY) hərəkət istiqamətlərinin və nəqliyyat heyətinin modernləşdirilməsinin, həmçinin, Ələtdə beynəlxalq dəniz ticarət limanının tezliklə işə salınmasının vacibliyi dəfələrlə Prezident İlham Əliyevin  çıxışlarında dəfələrlə  vurğulanıb. Dövlət başçısının sözlərinə görə, bu infrastrukturun işə salınması ilə Avropa və Asiya arasında yeni, tamamilə rentabelli quru marşrut yaranacaq. Bu layihələrin böyük sərmayələr tələb etməsinə baxmayaraq, Azərbaycanın Şərqlə Qərbin qovşağında yerləşməsinin coğrafi üstünlüyündən tam keyfiyyətlə istifadəsinə imkan verən çağdaş və güclü nəqliyyat infrastrukturu yaratmaq üçün dövlət bu sərmayələri cəlb edir. 

 

Polad yollar necə tikilir 

"Bakı - Tiflis - Qars dəmir yolu dəhlizinin tikintisi sürətli templərlə gerçəkləşdirilir. İlin sonuna kimi Gürcüstan ərazisindəki tikinti işləri və Türkiyə ilə sərhədə qədər olan xəttin bərpası başa çatdırılacaq. Gözlənilir ki, ilin sonuna kimi Marabda stansiyasından Türkiyə sərhədinə qədər ilk işçi qatar yola düşəcək", - deyə bu günlərdə nəqliyyat nazirinin müavini Musa Pənahov Dəmir Yolları Birliyi Təşkilatının 40-cı sessiyasının gedişində bildirib. 

BTQ dəmir yolu trassının tikintisinə 2008-ci ilin ortalarında başlanılıb, ancaq bir sıra səbəblər üzündən, yolun işə salınması tarixi dəfələrlə təxirə salınıb. O cümlədən, Musa Pənahovun sözlərinə görə, ən ciddi problemlər Türkiyə sərhədində uçqun təhlükəli sahədən yan keçmək və trassı  4,5 kilometrlik dağaltı sahədən tunellə keçirmək ilə bağlı idi. 

İkinci maneə isə Marabdadan Axalkalkiyə olan 160 kilometrlik dəmir yolu sahəsinin tam yararsız olması ilə bağlı olub. Nəticədə, bərpadan imtina etmək qərarına gəlinib və yol tamamilə yenidən tikilib. BTQ-nin tikintisinin tezliklə başa çatdırılması üçün Dövlət Neft Fondu (ARDNF) Gürcüstana toplam məbləği $775 mln olan iki güzəştli kredit verib. 

BTQ-nin Türkiyə sahəsinin tikintisi də çox çətin dağ şəraitində aparılıb, amma çətinliklərə baxmayaraq, uzunluğu 76 kilometr olan sahədə artıq yol infrastrukturunun 80%-i çəkilib. Layihəni öz tərəflərində özləri maliyyələşdirən Türkiyə tərəfdaşları artıq işə 250 mln lirə yatırıblar və sərmayə həcmini 600 mln lirəyə çatdırmağı planlaşdırırlar. Türkiyə sahəsində işləri il ərzində başa çatdırmağı planlaşdırırlar. Təxminən, 2013-cü ilin birinici yarısında BTQ nəqliyyat dəhlizi kommersiya istismarına hazır olacaq. 

BTQ dəhlizinin işə salınması ilə ölkəmizin ərazisi ilə yük-sərnişin axınının həcmi dəfələrlə artacaq, bu da ADY-nin yol təsərrüfatının və hərəkət heyətinin yüklənməsini uyğun şəkildə artıracaq. Buna görə də keçən ilin ikinci yarısından ADY ölkənin dəmiryol infrastrukturunun irimiqyaslı modernləşdirilməsinə başlayıb. 

O cümlədən, söhbət uzunluğu 500 kilometrdən artıq olan Bakı - Böyükkəsik (Gürcüstan sərhədi) dəmir yolu trassından və ilk növbədə, onun 317 kilometrlik sahəsindən gedir. Düşünülən modernləşdirmənin əsas məqsədi qərb istiqamətində yük qatarlarının hərəkətinin orta sürətini indiki 70-80 kilometr/saat sürətindən 100-120 km/saata qaldırmaqdır. Həmçinin, yolun enerji təchizatı sisteminin dəyişən cərəyana keçirilməsi, siqnalizasiya və rabitə sisteminin yenilənməsi, bir sıra depoların yeni qurulması, 420-dən çox yeni sistern, yük və sərnişin vaqonlarının alınması üzrə kompleks tədbirlər nəzərdə tutulub. 

 

Dəniz üfüqləri 

Buna paralel olaraq, Ələtdə yeni Beynəlxalq Dəniz Ticarət Limanının (BDTL) tikintisi üzrə işlər sürətləndirilib. "Yeni Bakı" limanının bünövrəsinin qoyulması mərasimi 2010-cu ilin noyabr ayında keçirilib. Keçən müddət ərzində burada torpaq və tikinti işləri görülüb. Belə ki, holland şirkəti "Van Oord BV" limanın dəniz hissəsində giriş kanalının və manevr hövzəsinin dərinləşdirilməsi üzrə işlərin, təxminən, 60%-ni başa çatdırıb. Bu işlərin yekununda uzunluğu 7 kilometr, eni 160 metr və dərinliyi 7,6 metrdən çox olan farvater, yəni gəmilərin keçə bilməsi üçün su yolu çəkiləcək.  Limanın sahil zonasında isə əsasən, "Azərkörpü" ASC-nin səyləri nəticəsində dəmir və avtomobil yollarının tikintisi işləri aparılıb, torpaq işləri görülüb. 

"Yaxın günlərdə Nəqliyyat Nazirliyi tenderin qalibi olmuş şirkətin adını açıqlayacaq və seçilmiş podratçı yeni limanın infrastrukturunun tikintisi, avadanlığının alınması və quraşdırılması üzrə xidmətlərin göstərilməsinə başlayacaq", - deyə Musa Pənahov bildirib. "Yeni Bakı" limanının tikintisi üç mərhələdə aparılır və daha sonra özəl sərmayəçilərin də cəlb edilməsi ilə daha çox dövlət vəsaitləri hesabına maliyyələşdirilir. 

İlkin mərhələdə yaxın ilyarım ərzində tikilib başa çatdırılması nəzərədə tutulan Ələt limanının yük boşaldıb-doldurma potensialı ildə 10 mln ton və 40 min konteyner təşkil edəcək. İkinci mərhələdə isə onun gücü 17 mln tona və 150 min konteynerə, üçüncü mərhələdə isə 25 mln ton yükə  və 1 mln konteynerə çatdırılacaq. 

Nəqliyyat Nazirliyi "Yeni Bakı" limanının tikintisinə sərmayələri 870 mln manat səviyyəsində qiymətləndirir. Maraqlıdır ki, təxminən, dörd il qabaq edilmiş ilkin qiymətləndirmələrə görə, yeni limanın tikintisinə, təxminən, $400-500 mln yatırmaq nəzərdə tutulurdu. BTQ-də olduğu kimi, liman layihəsinin bahalaşmasına dünya üzrə tikinti materiallarının və podratçı xidmətlərin bahalaşması səbəb olub. Həm də keçən illər ərzində yeni limanın strukturuna tələblərə yenidən baxılıb, yüklərin ötürülmə həcmi üzrə onun layihə göstəriciləri nəzərəçarpacaq dərəcədə artırılıb. 

Tam işə salındıqdan sonra, Ələt limanında 14 terminal, o cümlədən bərə, yük və konteyner terminalları işləyəcək. Özü də liman subasımı 13,5 min ton olan gəmilərə hesablanıb, sonradan görüləcək dibdərinləşdirmə işləri nəticəsində, basımı daha çox olan gəmiləri də qəbul edə biləcək. Qəbul ediləcək gəmilərin sırasına konteyner daşıyıcıları, bərələr, "ro-ro" tipli  gəmilər və universal quru yük gəmiləri daxildir. Beləliklə, 2015-ci ildən yeni limanın infrastrukturu hər il 17-20 mln ton yük emal etməyə imkan verəcək ki, bu da indiki paytaxt limanının səviyyəsindən bir neçə dəfə çoxdur. 

Tezliklə limanın ərazisində Avropa - Qafqaz - Asiya nəqliyyat dəhlizi (TRACECA) üzrə multimodal daşımaların inkişafına dəstək məqsədi ilə iri regional logistika mərkəzinin tikintisinə başlanacaq. İki il qabaq bu niyyət avrokomissiyanın dəstəyini qazanıb. Logistika mərkəzinin ilkin layihənin işlənməsinə, həmçinin, alman konsaltinq şirkəti cəlb edilib və öyrənmək üçün model kimi Hamburq, Bremen, Leypsiq və başqa şəhərlərdə olan çağdaş logistika mərkəzləri götürülüb. Keçən müddət ərzində Nəqliyyat Nazirliyi logistik mərkəzin layihəsinin texniki iqtisadi əsaslandırmasını hazırlayıb və tezliklə tikintinin podratçısının seçilməsi üzrə tender prosedurları keçiriləcək. 

"Yeni Bakı" limanı üçün ayrılmış  400 ha.-a yaxın ərazinin dörddəbiri logistika mərkəzinin sərəncamına veriləcək. İlkin mərhələdə mərkəzin sahəsi 50 ha təşkil edəcək, 800 min kv.m.-lik anbar sahəsi, həmçinin, 100 min standart konteynerə xidmət etmək üçün meydança istifadəyə veriləcək. Qiymətləndirmələrə görə, bu layihənin ilkin mərhələsi  30 mln avrodan çox pul tutacaq. 

Logistika mərkəzi TRACECA nəqliyyat dəhlizi çərçivəsində Xəzər dənizinin limanları arasında multimodal daşımaların, özəlliklə də konteyner daşımalarının inkişafına dəstək məqsədi daşıyır. Daha uzaq perspektivdə yeni limanın yanında sənaye, maliyyə və servis komponentlərinin daxil olacağı xüsusi iqtisadi zona (XİS)  yaradılması planlaşdırılır. 

BTQ dəhlizinin işə salınması ilə ilkin mərhələdə bir milyona yaxın sərnişin və 6,5 mln ton yük daşınacaq. Daha sonra daşıma həcmi Asiyadan Avropaya aparılan 17 mln ton konteyner, maye və başqa növ yükə çatdırılacaq. Gələcəkdə isə "Yeni Bakı" limanının tam gücü ilə işləməsindən sonra, burada hər il 25 mln ton yük və 1 mln konteyner emal etmək mümkün olacaq. Bu layihələrin gerçəkləşdirilməsinin nəticəsi isə Avropadan Asiyaya əsas quru yol marşrutlarını Azərbaycan ərazisində  birləşdirən  "Iron Silk Way" nəqliyyat dəhlizinin yaradılması olacaq. 



MƏSLƏHƏT GÖR:

436