Müəllif: Nurlanə QULİYEVA Bakı
İyun ayının son günlərində eyni zamanda iki mühüm hadisə baş verib - Azərbaycan qazının Avropaya ixracı üzrə planların gerçəkləşdirilməsi yolunda iki vacib mərhələ keçilib. Birincisi İstanbulda Azərbaycanla Türkiyə arasında Azərbaycan qazını Türkiyə-Gürcüstan sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər aparmaq üçün nəzərdə tutulan Transanadolu qaz kəmərinin ("Trans Anadolu Pipeline", "TANAP") tikintisi layihəsi üzrə hökumətlərarası sazişin imzalanması baş tutub.
İkincisi, "Şahdəniz" yatağının işlənməsi üzrə konsorsium qazın Cənub-Şərqi və Mərkəzi Avropaya ixracı üzrə potensial marşrutların qiymətləndirməsi üzrə işi başa çatdırıb və nəticədə, qazın bu istiqamətdə göndərilməsi üçün daha bir prioritet layihə kimi, "NABUCCO West" seçilib. Yada salaq ki, 2012-ci ilin fevral ayında Azərbaycan qazının İtaliyaya ixracı üçün iki marşrut "TAP" ("Trans Adriatic Pipeline") və "ITGI" ("İnterkonnektor Türkiyə-Yunanıstan-İtaliya") arasından gələcək qiymətləndirmə üçün "TAP" seçilib.
Beləliklə, bu zəncirdə üçüncü və son formal bənd qalıb - artıq "NABUCCO West" və "TAP" arasında yekun marşrutun müəyyən edilməsi üçün seçim edilməlidir. Yəni bizim qazın Bolqarıstandan keçərək, Avstriyaya yönələcəyi və ya İtaliyaya istiqamətlənəcəyi barədə qərar verilməlidir. Bununla da böyük Azərbaycan qazının Avropaya ixracı ilə bağlı hüquqi bazanın formalaşması başa çatmış sayılacaq.
Qaz strategiyasının əsası
Başlanğıc üçün qeyd edək ki, "TANAP" üzrə saziş iyunun 26-da İstanbulda Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan arasında imzalanıb. Sazişə, həmçinin, Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Türkiyənin enerji və təbii qaynaqlar bakanı Taner Yıldız qol çəkiblər. "BOTAS" və "SOCAR" (ARDNŞ) arasında "TANAP" layihə şirkətinin təşkilati məsələlər barədə sazişinə isə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Türkiyənin enerji və təbii qaynaqlar bakanı Taner Yıldız, "ARDNŞ" prezidenti Rövnəq Abdullayev və "BOTAS" baş direktorunun müavini Mehmet Konuk imza atıblar.
Yada salaq ki, "Trans Anadolu Pipeline" qaz kəməri dörd mərhələdə gerçəkləşdiriləcək. Qaz kəməri üzrə ilk nəql 2018-ci ildə başlayacaq. İkinci mərhələdə, yəni 2020-ci ildə qaz kəmərinin gücü 16 mlrd kub.m.-ə çatdırılacaq. 2023-cü ilə (üçüncü mərhələdə) qaz kəmərinin gücü 23 mlrd kub.m təşkil edəcək. Sonuncu, dördüncü mərhələ isə 2026-cı ilə gerçəkləşdiriləcək. Bu mərhələdə qaz kəməri 31 mlrd kub.m.-ə bərabər olan buraxılış gücünə çatacaq. Tikintinin dəyəri $7 mlrd səviyyəsində qiymətləndirilir.
İmzalanma mərasimində Tür-kiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, layihənin gerçəkləşdirilməsi ilə bizim ölkələr Avropa Birliyinin (AB) enerji qaynaqlarının şaxələndirilməsi işinə xüsusi qiymətli töhfə vermiş olacaqlar və eyni zamanda, Avropanın enerji təhlükəsizliyi məsələsində öz üzərlərinə vacib öhdəlik götürəcəklər: "Başqa sözlə, Şərq-Qərb enreji dəhlizini formalaşdıran bütün bu layihələr bölgədə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi inkişafın təmin edilməsi istiqamətində strateji addımlardır".
Prezident İlham Əliyev isə bildirib ki, iki ölkə arasında gerçəkləşdirilən birgə iri layihələr dünyanın enerji xəritəsinə yeni çalarlar gətirib: "Son illər Azərbaycan qazının Avropaya nəqli haqqında müxtəlif danışıqlar və müzakirələr aparılır. Biz gördük ki, bu müzakirələr durmadan aparılır və heç bir nəticə yoxdur. Həmişə olduğu kimi, ikitərəfli məsləhətləşmələrə apararaq qərara gəldik ki, biz Türkiyə və Azərbaycan olaraq, bu məsələdə də liderliyi öz üzərimizə götürməliyik və bu layihəni birgə gerçəkləşdirməliyik. Bu layihə yalnız Türkiyə və Azərbaycana məxsusdur ki, bunu bu gün qol çəkilmiş sənədlər də təsdiq edir. Bu layihəni biz özümüz, öz gücümüzlə, öz pulumuz və texniki imkanlarımız ilə gerçəkləşdirəcəyik", - deyə dövlət başçısı bildirib.
"ARDNŞ" prezident Rövnəq Abdullayev isə öz növbəsində bildirib ki, hər şeydən əlavə, "TANAP" Türkiyənin daxili bazarına qaz verilməsi, qardaş ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi üçün xüsusi əhəmiyyətə malik layihədir. Qeyd edək ki, Ərdoğanın sözlərinə görə, əvvəlcə Türkiyə 6 mlrd kubmetr, daha sonra isə 10 mlrd kubmetr təbii qaz almağı planlaşdırır. "Əsas məqsəd bu rəqəmi 50 mlrd kubmetrə qədər qaldırmaqdır", - deyə o vurğulayıb.
Yada salaq ki, keçən ilin dekabr ayında Azərbaycan və Türkiyə Azərbaycanın "Şahdəniz" dəniz yatağından təbii qazın Türkiyə ərazisindən keçməklə, Avropaya nəqli üzrə qaz kəməri tikilməsi üçün konsorsium yaradılması ilə bağlı qarşılıqlı anlaşma memorandumu imzalayıblar. "ARDNŞ" hazırda "TANAP" layihəsində 80%-lik iştirak payına malikdir, Türkiyə tərəfinə isə "TRAO" və "BOTAŞ"ın timsalında 20%-ə malikdir ("TRAO" layihədə 15%-ə, "BOTAŞ" isə 5%-ə malik olacaq; həm də Türkiyənin daxili ehtiyacları üçün boru kəməri ilə ildə 6 mlrd kubmetr qaz nəqlinə məsuliyyət daşıyacaqlar). Bununla yanaşı, gələcəkdə əgər hansısa şirkət layihədə iştirak etmək istərsə, "ARDNŞ" öz payından verməyə hazırdır. Bəllidir ki, "VR" şirkəti artıq "TANAP"da iştirak etməyə razılıq verib. "Şahdəniz" konsorsiumunun başqa iştirakçılarının - Norveçin "Statoil" və Fransanın "TOTAL" şirkətləri kimi biznes qurumlarının da layihəyə qoşulacağı gözlənilir.
Gələcəkdə "TANAP" Avropaya istiqamətlənmiş istənilən qaz kəməri layihəsinə qoşula bilər. Sazişin çox önəmli tərəfi isə onun Türkiyə qanunvericiliyi ilə deyil, Avropa qanunvericiliyi ilə tənzimlənməsidir. Çünki "TANAP" konsorsiumunun mənzil-qərargahı Niderlandda, yəni neytral zonada yerləşir.
Beləliklə, "TANAP" yetərincə prestijli layihədir və Bakını dünya qaz bazarında iri oyunçuya çevirməklə yanaşı, həm də "mavi yanacaq"ın iri tranzitçisi mövqeyinə də gətirəcək. Bunu da nəzərə alaq ki, Azərbaycan iri qaz ehtiyatına malikdir. Təkcə "Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qiymətləndirilir, başqa yataqlardakı təsdiq edilmiş ehtiyatlar da nəzərə alındıqda, Azərbaycanın toplam ehtiyatı 2,6 trln kubmetrə bərabərdir. Buna görə də "TANAP" layihəsi hələ uzun müddət Azərbaycanın maraqlarına xidmət göstərəcək. Hazırda o, Azərbaycanın belə iri iştirak payına malik olduğu ən böyük tranzit layihəsdir.
Boru kəmərlərinin savaşı - sonun başlanğıcı
İstanbulda imzalanma mərasimindən, demək olar ki, dərhal sonra bu addım Transadriatik boru kəməri və "NABUCCO West" layihələri tərəfindən dəstəkləndi. Bu məntiqlə, layihəni alqışlayanlar sırasında daha bir boru kəməri layihəsi - Britaniyanın "bp" şirkətinin iştirak etdiyi "SEEP" layihəsi də olmalı idi. Amma onun "susqun" dayanması, sonradan yetərincə izah edilən olub - "Şahdəniz" konsorsiumu iyunun 28-də "NABUCCO West" qaz kəməri layihəsini Azərbaycan qazını Mərkəzi Avropaya potensial nəqlçi kimi prioritet elan etdi və bununla da bu rola namizədlərin sayını iki şirkətə həvalə elədi.
İndi konsorsium bu layihə ilə onun gücünün, texniki imkanlarının və kommersiya şərtlərinin öyrənilməsi üçün əməkdaşlıq edəcək. Bu ilin fevral ayında eyni şərtlər daxilində qazın İtaliyaya potensial ixrac marşrutu kimi, Transadriatik Qaz Kəməri ("TAP") layihəsi seçilib. "Şahdəniz" konsorsiumu ilə "TAP" arasında artıq əməkdaşlıq haqqında saziş imzalanıb. Artıq 2013-cü ilin ortalarında "Şahdəniz" üzrə tərəfdaşlar layihənin ikinci mərhələsinin işlənməsi üzrə yekun investisiya qərarı verməyi planlaşdırırlar. Bu müddətə kimi "NABUCCO West" və "TAP" kimi marşrutların ikisindən biri seçilməlidir, həmçinin, qaz satışı üzrə saziş bağlanmalıdır.
"bp"nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşirin sözlərinə görə, "NABUCCO West" layihəsinin ("TAP"la yanaşı) seçilməsi "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsinin gerçəkləşdirilməsi və Xəzərin qaz ehtiyatlarının Avropaya nəqli istiqamətində atılmış önəmli addımdır.
Ümumiyyətlə, seçim elə də asan olmayıb - bir sıra KİV-də həm hökumət məmurlarının, həm də analitiklərin "NABUCCO" layihəsinin əlverişsiz olması barədə fikirlər səsləndirilirdi. Bununla bağlı olaraq, layihənin ideoloqları, nəhayət ki, rəqabətin güclü olduğunu anladılar və layihəyə düzəliş etməyə, qaz kəmərini qısaltmağa və onu hamı üçün əlverişli etməyə qərar verdilər. Əgər qaz kəmərinin uzunluğunun 3900 km olması, onun Türkiyə-İraq və Türkiyə-Gürcüstan sərhədlərinə qədər uzadılması düşünülürdüsə, yeni versiyada "NABUCCO West" qısaldılaraq, 1300 km.-ə salınıb və Türkiyə-Bolqarıstan sərhədindən Avstriyanın Baumqarten şəhərinə qədər uzanır. Qaz kəmərinin ötürmə gücü də xeyli aşağı salınıb və 31 mlrd kubmetrdən 20 mlrd kub.m.-olub.
""NABUCCO West"in ikinci prioritet marşrut variantı kimi seçilməsi bu layihə üçün önəmli məqamdır. Bu qərar "NABUCCO" üçün çox önəmlidir və yekun investisiya qərarı istiqamətində vacib addımdır", - deyə "NABUCCO Gas Pipeline International GmbH"in icraçı-direktoru Reynhard Mitçek bildirib.
"Şahdəniz" konsorsiumunun "NABUCCO West" üzrə qərarını Avropanın energetika məsələləri üzrə komissarı Günter Ettinger də dəstəkləyib. "Bu ilkin qərar bizi qazı Azərbaycandan və Xəzər bölgəsinin başqa ölkələrindən birbaşa almağa bir addım yaxınlaşdırdı", - deyə o bildirib. Ettinger bunu Avropa və onun enerji təhlükəsizliyi üçün uğur sayıb, əlavə edib ki, "NABUCCO" konsorsiumu "TANAP"ın tikintisi üzrə tenderdə də mübarizə aparacaq. Əgər onun səyləri uğurla nəticələnərsə, Avropa Birliyi "NABUCCO" qaz kəmərini ilkin tam formada gerçəkləşdirməyi bacaracaq. "TANAP"ın Türkiyənin şərq sərhədindən qərb sərhədinə kimi tikilməsi üzrə keçirilən tenderin qalibi 2013-cü ildə elan ediləcək.
Ümumiyyətlə, bu cür "avrodəstək" heç də "NABUCCO West"ə qarşıdan gələn "boru kəmərləri savaşı"nda "TAP"a nisbətən heç bir üstünlük vermir. Bu biri layihənin də tezliklə özünəməxsus, elə də zəif olmayan "kozır"ı ortaya çıxacaq - yaxın zamanlarda "bp" şirkəti layihədə önəmli paya malik olmaq niyyətindədir. "bp"nin "Şahdəniz" üzrə vitse-prezidenti Alister Kukun sözlərinə görə, ""bp", prinsipcə, "TAP" layihəsinə qoşulmaq üzrə danışıqları başa çatdırıb və qısamüddətli perspektivdə maliyyələşdirmə məsələsində yardım edəcək, "TAP" layihəsinə qoşulmaq üzrə saziş yaxın zamanlarda imzalanacaq".
Bununla yanaşı, "bp" əmin edir ki, bu layihəyə sərmayə yatırmaq heç də Avropaya qaz nəqli üçün boru kəməri marşrutunun seçimi üzrə yekun qərarın verilməsi demək deyil. Ancaq burası da önəmlidir ki, bu gün "TAP"ın əsas səhmdarlarından biri Norveçin "Statoil" (42,55%) şirkətidir və o, "Şahdəniz" konsorsiumunda "birinci skripka" rolunu oynayır (layihənin başqa səhmdarları isə İsveçrənin "EGL" ( 42,5%) və Almaniyanın "E.ON Ruhrgas" (15%) şirkətləridir). Yada salaq ki, "TAP" Xəzər bölgəsinin qazını Yunanıstandan və Albaniyadan, Adriatik dənizindən keçirməklə, İtaliyanın cənubuna və daha sonra Qərbi Avropaya ötürməyi nəzərdə tutur. "Biz əvvəlki kimi əminik ki, layihəmizin iqtisadi, kommersiya, texniki və strateji üstünlükləri layihəni bizim xeyrimizə həll etməyə imkan verəcək", - deyə "TAP"ın icraçı-direktoru Kjetil Tunqland bildirib.
Başqa sözlə, demək olar ki, bu gün iki qaz kəməri layihəsi arasındakı qüvvələr nisbəti bərabərdir. Ona görə də indiki mərhələdə bu və ya digər layihəyə ümid bəsləmək əlverişli deyil. Özü də final seçiminə qədər ayrılmış müddət ərzində layihələrə əlavələr ola bilər və ya onlar daha da təkmilləşdirilər. Ancaq sevindiricidir ki, "finiş"ə yaxınlaşdıqca, vəziyyət daha aydın görünür. "Böyük kombnator" Ostap Bender bu barədə deyərdi ki, "Cənab andlı iclasçılar, bu tərpəndi!". Çox gözləməli olmayacağıq...
İLK MƏNBƏDƏN
"Son illər Azərbaycan qazının Avropaya nəqli haqqında müxtəlif danışıqlar və müzakirələr aparılır. Biz gördük ki, bu müzakirələr durmadan aparılır və heç bir nəticə yoxdur. Həmişə olduğu kimi, ikitərəfli məsləhətləşmələr apararaq qərara gəldik ki, biz Türkiyə və Azərbaycan olaraq, bu məsələdə də liderliyi öz üzərimizə götürməliyik və bu layihəni birgə gerçəkləşdirməliyik".
İlham Əliyev, Azərbaycan Prezidenti
MƏSLƏHƏT GÖR: