
"MÜSƏLMAN QARDAŞLAR" HAKİMİYYƏTƏ GƏLDİ
Amma misirdə faktiki ikihakimiyyətliliyin hökm sürəcəyi istisna deyil
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Misirdə yeni Prezident Məhəmməd Mursinin andiçmə mərasimi keçirilib. Yaxın perspektivdə Misirin taleyini məyyənləşdirə bilən seçkilərdə "Müsəlman qardaşlar" təşkilatının nümayəndəsi qalib gəlib. Bu, ölkəni, az qala, 30 il idarə etmiş Hüsni Mübarəkin istefasından sonra Misirdə keçirilən ilk prezident seçkiləri idi.
Misir Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, iyunun 16 və 17-də keçirilmiş seçkilərin ikinci turunda 27,42 milyon seçici - yəni, ölkədə səsvermə hüququ olanların 51,85 faizi iştirak edib.
Bu, mayın 23 və 24-də keçirilən ilk turda səsverməyə gələnlərin sayından (46%) bir qədər çoxdur.
Seçki kampaniyası olduqca gər-gin keçdi və hətta nəticələrin rəsmən açıqlanması ərəfəsində belə bir təsəvvür yaranmışdı ki, Misirdə, az qala, ikinci inqilab dalğası baş qaldıracaq.
Səsvermədən dərhal sonra ikinci turda iştirak edən namizədlər - həm "Müsəlman qardaşlar"ın nümayəndəsi Məhəmməd Mursi, həm də H.Mübarəkin son hökumətinə başçılıq etmiş sabiq baş nazir Əhməd Şafik özlərini qalib elan etdilər. MSK isə nəticələrin elan olunmasını 3 günlüyə təxirə saldı. Hamıya aydın idi ki, müasir Misirdə real hakimiyyəti əlində saxlayan generalitet, ölkənin dünyəvi xarakterini dəyişə biləcək islamçıların iqtidara gəlişindən ehtiyatlandığı kimi, hərbi dairələrə yaxın Şafiqi (o, istefada olan generaldır) qalib elan etməkdən də çəkinir. Çünki Misir inqilabının rəmzinə çevrilmiş Təhrir meydanına toplaşan Mursi və onun çoxsaylı tərəfdarları açıq şəkildə xəbərdarlıq etmişdilər ki, Şafiq prezident elan olunacağı təqdirdə, onlar hakimiyyəti zorla devirməyə hazırdırlar. Sıralarında liberal dünyagörüşlü gənclərin çoxluq təşkil etdiyi nümayişçilər hesab edirdilər ki, islamçıların hakimiyyəti, əvvəlki rejimin qalmasından daha məqbuldur və ona görə də Ali Hərbi Şura hakimiyyəti mülki hökumətə təhvil verməlidir.
Beləliklə, Misir Əlcəzair variantı ilə üz-üzə qalmışdı. Xatırladaq ki, 1991-ci ilin dekabrında bu ölkədə keçirilən seçkilərdə islamçılar qalib gəlsə də, hərbçilər səsvermənin nəticələrini ləğv etdilər. O vaxtdan ölkədə başlamış vətəndaş müharibəsi 100 mindən artıq insanın ölümü ilə nəticələndi, siyasi sabitlik haqda düşüncələr isə elə düşüncə kimi də qalıb.
Mümkün iğtişaşların qarşısını almaq üçün, Misirin hərbi hakimiyyəti polis, ordu və xüsusitəyinatlı qüvvələri tam hazır vəziyyətə gətirdilər. MSK-nın binası qarşısına tanklar düzüldü. Belə demək mümkündürsə, seçkilərin nəticələrini gözləyən Qahirə, az qala, partlayış həddinə çatdı.
Amma xoşbəxtlikdən, hər şey yaxşı qurtardı. MSK-nın yaydığı rəsmi məlumatlara görə, M.Mursi seçicilərin 51,7%-nin, Ə.Şafiq isə 48,3%-nin səsini qazanıb. Ali Hərbi Şuranın başçısı Hüseyn Tantaui Məhəmməd Mursini prezident seçilməsi münasibətilə təbrik edib.
Beləliklə, Mursinin qələbəsi generalların Misirdə uzun illər davam edən hakimiyyətinə son qoyur. Bu ölkənin tarixində ilk dəfə olaraq dövləti azad seçkilər nəticəsində seçilmiş prezident idarə edəcək. Bu baxımdan, Mursinin qələbəsini tarixi adlandırmaq olar. Baxmayaraq ki onun qələbəsi eyni zamanda, həm də Mübarəkin hakimiyyəti illərində qadağan olunmuş "Müsəlman qardaşlar"ın qələbəsi deməkdir.
60 yaşlı Mursi ixtisasca mühəndisdir və ali təhsilini ABŞ-ın Kaliforniya ştatındakı texniki kollecdə alıb. Təhsilini başa vurandan sonra vətənə qayıdan Mursi, Mübarəkin hakimiyyəti illərində bir neçə dəfə parlamentə üzv seçilə bilmişdi və orada, formal da olsa, qeyri-leqal fəaliyyət göstərən "Müsəlman qardaşlar"ın maraqlarını təmsil edirdi.
Prezident seçilməsindən sonra Mursinin səsləndirdiyi ilk bəyanatlar belə deməyə əsas verir ki, o, Misirin hazırkı durumunu və real imkanlarını yaxşı dərk etsə də, bununla belə, özünün siyasi prinsipləri və dünyagörüşünü qorumaq əzmindədir.
Əminliklə söyləmək olar ki, ölkə vətəndaşlarının yalnız yarısının etimadını qazanması, prezidentliyi dövründə M.Mursinin əl-qolunu müəyyən qədər bağlayacaq. Düzdür, eyni sözləri Şafiqin tərəfdarları və onun arxasında duran hərbi komandanlıq haqda da söyləmək olar. Onların arasında Mursi və "Müsəlman qardaşlar"ın Misiri Qərb dünyası ilə düşmən edəcəyindən, öz vətəndaşlarını Mübarəkdən də qəddarlıqla əzəcəyindən, ölkəni qapalı bir dövlətə çevirəcəyindən ehtiyat edənlər də az deyil. Təsadüfi deyil ki, seçkilərin nəticələrinin elan olunması ərəfəsində Təhrir meydanı kimi, paytaxtın Nəsr Siti rayonunda da izdihamlı nümayişlər keçirilirdi - 1981-ci ildə radikal islamçılar tərəfindən qətlə yetirilmiş prezident Ənvər Sadatın xatirə memorialı yanında toplaşmış minlərlə insan Şafiqə və Hərbi Şuraya dəstək verirdi.
Mursi yaxşı anlayır ki, əvvəlki rejimin tərəfdarları və ilk növbədə də hərbçilər, "Müsəlman qardaşlar"ın bütün siyasi hakimiyyət rıçaqlarını ələ almasına imkan verməmək üçün əllərindən gələni edirlər. Məsələn, yeni prezident ölkəni hələlik parlamentsiz və dövlət başçısının səlahiyyətlərini müəyyən etməli olan konstitusiyasız idarə edəcək. Çünki prezident seçkilərinin nəticələrinin elan olunmasından əvvəl Ali Hərbi Şura, seçkilər nəticəsində islamçıların nəzarəti altına keçmiş parlamentin buraxılmasına nail oldu. Prezident seçkilərinə cəmi 1 gün qalmış, Misirin Ali Konstitusiya Məhkəməsinin qərarına əsasən, parlament fəaliyyətini dayandırdı.
Bundan başqa, Hərbi Şura Konstitusiya Bəyannaməsi qəbul edərək, özünə əlavə səlahiyyətlər götürdü. Bunların sırasında büdcəyə nəzarət və artıq buraxılmış Parlamentin son aylar üzərində işlədiyi yeni konstitusiyaya veto qoymaq kimi vacib səlahiyyətlər də var. Hərbi Şura, hətta prezidentin səlahiyyətlərini də bir qədər azaldıb. Məsələn, bundan sonra dövlət başçısı Ali Baş Komandan deyil. Bu isə o deməkdir ki, hərbçilər faktiki olaraq prezidentə tabelikdən imtina edirlər. Yəni ölkədə, faktik olaraq, ikihakimiyyətliliyin bərqərar olacağı istisna deyil.
Göründüyü kimi, Mursi hakimiyyətə elə bir şəraitdə gəlir ki, ölkədə siyasi və sosial böhranın davam etməsi ssenarisi daha real görünür. Və ona yaxın qüvvələrlə hərbçilər və dünyəvi dairələr arasındakı qarşıdurmanın, vətəndaş müharibəsi həddinə çatıb-çatmayacağı, məhz yeni prezidentdən asılı olacaq. Etiraf etmək lazımdır ki, prezident elan olunandan keçən müddət ərzində Mursi cəmiyyətdəki gərginliyi azaltmaq və xoşagəlməz insidentlərin qarşısını almaq üçün mümkün olan hər şeyi edir. Məsələn, seçkilərin nəticələri elan olunan kimi, Mursi "Müsəlman qardaşlar" hərəkatını və onun siyasi qanadı olan Azadlıq və Ədalət Partiyasının sıralarını tərk etdiyini bildirib. O, bu qərarını "bütün misirlilərin prezidenti olmaq" istəyi ilə izah edib. "Bu tarixi məqamda mən sizi milli birliyə çağırıram. Partiya mənsubiyyətindən asılı olmayaraq, biz hamımız misirliyik", - deyə o bəyan edib.
M. Mursi ölkə iqtisadiyyatının inkişafına çalışacağına söz verərək, bu məsələnin də milli birlik şəraitində mümkün olduğuna işarə edib: "Bizim kifayət qədər ehtiyatlarımız var. Sadəcə, indiyədək onlardan pis istifadə olunub. İndi isə bu ehtiyatlar hamımıza xidmət edəcək. Mən sizin hamınızı dirçəliş layihəsində iştirak etməyə çağırıram. Biz hamımız - həm müsəlmanlar, həm də xristianlar ölkəni dirçəltməliyik", - deyə Mursi vurğulayıb.
Bu istiqamətdə qətiyyətini nümayiş etdirən yeni prezident, müşavirlərindən birinin xristian olacağını da bildirib. Bundan başqa, Mursi müşavirlər sırasına, ölkə tarixində ilk dəfə olaraq, qadını da daxil etməyə hazırlaşır. Bununla Mursinin ətrafı Misir ictimaiyyətinə və dünya birliyinə siqnal göndərmək istəyir ki, yeni prezident ölkəni irantipli klerikal dövlətə çevirmək niyyətindən uzaqdır.
Nümayiş etdirilən bu mövqedə, şübhəsiz, praqmatizm elementləri də var. Misal üçün, "Müsəlman qardaşlar" hərəkatının yaratdığı Azadlıq və Ədalət Partiyası da bəyan edib ki, yeni iqtidar turizm sahəsində hər hansı məhdudiyyət tətbiq etmək fikrində deyil. Söhbət ondan gedir ki, xarici turistlər küçələrdə, həmçinin, çimərliklərdə "müsəlman dress-kod"una riayət etməyə bilərlər.
Amma ən əsası odur ki, "Müsəlman qardaşlar" xarici dövlətlərlə, ilk növbədə, ABŞ, Qərbi Avropa, Rusiya ilə biznes əlaqələri genişləndirmək əzmindədir. Mursinin diplomatiyasının vacib elementlərindən biri, onun əvvəllər imzalanmış beynəlxalq müqavilələrə sadiq qalmaq əzmində olduğunu bildirməsidir. Bu bəyanatı İsraildə xüsusilə məmnunluqla qarşılayıblar: Təl-Əviv Misirin yeni prezidentinin 1978-1979-cu illərdə imzalanmış Kemp-Devid və Vaşinqton sazişlərinə sadiq qalacağına ümid edir. Baş nazir Benyamin Netanyahu qeyd edib ki, onun ölkəsi "Misirdəki demokratik prosesi yüksək qiymətləndirir və onun nəticəsinə hörmətlə yanaşır. İsrail iki ölkə arasında imzalanmış sülh sazişinə əsasən, Misir administrasiyası ilə iki xalq və regional sabitlik naminə əməkdaşlığı davam etdirəcək".
Bununla yanaşı, M.Mursinin İranla normal münasibətləri bərpa etmək niyyəti də diqqətəlayiqdir. "İranla qarşılıqlı faydalı şəkildə normal münasibətləri bərpa etmək vacibdir. Bu, regionda strateji balansın təmin olunmasına təkan olardı, ona görə də proqram tezislərimdən biri, məhz İranla münasibətlərdir", - deyə Mursi bildirib.
Məlum olduğu kimi, Misirlə İran arasında münasibətlər 1980-ci ildə Tehranın Qahirə-Təl-Əviv sülh sazişinə qarşı çıxmasından sonra kəsilib. H.Mübarəkin devrilməsindən sonra, İran Misirlə diplomatik münasibətləri bərpa etməyə çalışır və bu zaman, "Qahirənin ABŞ-ın təzyiqlərinə davam gətirməsi üçün" Misirin yeni hakimiyyətinə hərtərəfli iqtisadi dəstək vəd edir. Hərçənd, Mursinin Qərbə qarşı çıxan liderlərin sırasında dayanacağını indidən iddia etmək düzgün olmazdı.
İndiki məqamda yeni prezidentin geosiyasi orientasiyasındansa, onun, tam səmimi olaraq, Misir cəmiyyətində neçə aydır davam edən gərginliyi aradan qaldırmağa yönəlmiş addımlarına diqqət yetirmək daha doğru olardı. Prezident qismində ilk çıxışında o, ölkədə dəyişikliklər naminə canından keçmiş "şəhidlər"in ruhu qarşısında baş əydiyini bildirərək deyib ki, "İnqilab davam edir, hələlik onun məqsədlərinə çatılmayıb". Dövlət başçısı inqilab zamanı ölən və yaralananların ailələrinə də minnətdarlıq edib: ""Əgər inqilab zamanı tökülən o qanlar olmasaydı, mən bu gün sizin qarşınızda dayanmazdım. Onlar bizim qələbəyə gedən yolumuzu açdılar...
Verdiyim vədləri yerinə yetirmək üçün əlimdən gələni edəcəyəm. Mənim heç bir hüququm yoxdur, yalnız xalq tərəfindən üzərimə qoyulan məsuliyyətim var. Mənim xalqım, xahiş edirəm, nə qədər ki təmiz və Allaha itaətliyəm, mənə kömək edin!", - deyə yeni prezident bildirib.
M.Mursinin ölkədə sabitliyin bərqərar olmasına yönəlmiş vədlərinə əməl etməsi, Misirin maraqlarına uyğundur. Bu həm də bütün dünyanın, Yaxın Şərqdə sülh və sabitliyin, bütün ərəb dünyasının maraqları baxımından vacibdir. Ən azı ona görə ki, Misir bu başıbəlalı regionun geosiyasi baxımdan ən nüfuzlu və əhali baxımından ən böyük dövlətlərindən biridir.
MƏSLƏHƏT GÖR: