
İRAN ÜÇÜN "SEÇİM NÖQTƏSİ"
Uğursuz danışıqlar regionu anbaan müharibəyə yaxınlaşdırır
Müəllif: NURANİ Bakı
İranın nüvə proqramı ilə bağlı böhranın aradan qaldırılması istiqamətində Tehranla "altılıq" (BMT TŞ-nin daimi üzvləri və Almaniya) arasında danışıqlar dünya ictimaiyyətinin diqqət mərkəzində qalmaqdadır. İyunun 18-19-da Moskvada keçirilmiş müzakirələr başa çatmamış, iyulun 3-nə İstanbulda danışıqların növbəti mərhələsi təyin edilib - əvvəlcə ekspertlər səviyyəsində diskussiya, daha sonra İran Ali Milli Təhlükəsizlik Şurası (AMTŞ) katibinin müavini Əli Bagiri ilə Aİ-nin xarici məsələlər üzrə ali nümayəndəsinin müavini Helgi Şmidt arasında danışıqlar.
Əksər ekspertlər hesab edir ki, hələlik tərəflər ciddi nəticə əldə edə bilməyiblər. Moskva görüşünə böyük ümidlər bəslənsə də, real nəticələr son dərəcə cüzidir. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, danışıqların Moskva raundu çox konkret olub. "İndi start verilmiş mövqelərin yaxınlaşdırılması prosesini davam etdirmək mümkündür. Konkretlikdən heç bir sapma olmayıb", - deyə o, qeyd edib.
Bununla yanaşı, nazir müavini İranla "altılıq" arasında fikir ayrılıqlarının "son dərəcə ciddi" olduğunu da etiraf edib: "Məhz bu üzdən 5 tamformatlı iclas və çoxsaylı ikitərəfli görüşlər keçirilib".
Diplomatik dildən tərcümədə bu, Moskva görüşünün heç bir nəticə vermədiyi anlamına gəlir. Yeganə müsbət məqam kimi İran üçün "diplomatik qapı"nın tam qapadılmamasını göstərmək olar. Bunu Aİ-nin danışıqlarda iştirak etmiş nümayəndəsi Ketrin Eşton da bildirib. O, iyulun 3-də İstanbulda danışıqların növbəti mərhələsinin keçiriləcəyini bəyan edib.
Amma cəmi 1 həftə sonra elə Eştonun özü bildirib ki, bu prosesin gələcəyi iyulun 3-də İstanbulda İran nümayəndələri ilə "altılıq" arasında keçiriləcək görüşün nəticəsindən asılı olacaq. "Müavinlər Şmidt və Bagiri arasında keçiriləcək texniki görüşün nəticələrindən asılı olaraq danışıqlar baş tuta bilər və bu zaman biz doktor Cəlili (AMTŞ katibi) ilə irəliləməyin yollarını müzakirə edəcəyik", - deyə Eşton bildirib. Bununla yanaşı, o, Aİ-nin Xarici Məsələlər üzrə Şurasının qərarına əsasən, iyulun 1-dən İran neftinin Avropa İttifaqı ölkələrinə idxalının dayandırılacağını da əlavə edib.
Diplomatiya "İran istiqaməti"ndə son dərəcə fəal şəkildə irəliləyir. Əvvəlcə aprelin 14-də İstanbulda, daha sonra mayın 23-24-də Bağdadda, iyunun 18-20-də isə Moskvada aparılmış danışıqlar iyulun 3-də yenidən İstanbulda davam etdiriləcək. Halbuki bunadək tərəflər arasında 1 ildən artıq idi, heç bir müzakirə aparılmırdı.
Bununla yanaşı, danışıqların hazırkı mərhələsini müşahidə edən əksər ekspertlər hesab edir ki, bu, İran üçün "qərarların qəbulu nöqtəsi", bəlkə də problemin güc yolu ilə həllindən qaçmaq üçün son şansdır.
Problemin mövcudluğuna şübhə yoxdur. Öz gücünə nüvə silahı əldə etmiş Pakistandan fərqli olaraq, İran "nüvə dünyası"na MAQATE-yə qoşulmaqla daxil olub. Bu, İranın nüvə texnologiyalarına yolunu açır, əvəzində onun üzərinə bir sıra ciddi öhdəliklər qoyurdu. Söhbət Tehranın nüvə fəaliyyətinin təftişinə imkan yaradılmasından, onun bu fəaliyyətinin "açıqlığı" və "şəffaflığı"ndan, nüvə proqramının birmənalı şəkildə dincxarakterli olmasından gedir. İran isə bu öhdəliklərə əməl etməyə tələsmir, "nüvə texnologiyaları hüququ"nun, "nüvə suverenliyi"nin, "uranı müstəqil şəkildə zənginləşdirmək" və tibbi tədqiqatlar üçün izotop istehsalı hüquqlarının olduğunu bildirir. Bundan başqa, İrana tətbiq edilmiş sanksiyalar vasitəsilə onun nüvə sahəsindəki fəaliyyətini ləngitmək mümkün olubmu? Sual hələ də açıq qalır. Bütün bunlarla yanaşı, danışıqlar İran üçün ən yaxşı zəmanət və problemin hərbi yolla həllindən sığortalanma vasitəsidir - onunla pərdələnərək əvvəlki fəaliyyəti davam etdirmək mümkündür.
İstənilən halda, İran təmsilçilərinin Moskva görüşünün gedişində səsləndirdikləri bəyanatlar nikbinliyə əsas vermir. Danışıqlarda İranı təmsil edən AMTŞ-nin katibi Səid Cəlili bildirib ki, "altılıq" Tehranın kompleks şəkildə ortaya qoyduğu mövqeyini nəzərə alıb, lakin onun bu məsələ ətrafında düşünməsi üçün vaxt lazımdır. İran rəsmisi İrana qarşı birtərəfli sanksiyaların yalnız "altılıq"la aparılan danışıqlarda nəticənin əldə edilməsinə mane ola biləcəyini də söyləyib. O bildirib ki, İranın apardığı danışıqlar, tərəflərin razılaşma əldə etmək cəhdləri yalnız o halda nəticə verəcək ki, hər şey əməkdaşlıq və qarşılıqlı əlaqə strategiyasına uyğun olsun: "Bunun əksinə olan bütün tədbirlər prosesə yalnız zərər vuracaq". Bu fikirlərin "tərcüməsi" də tam aydındır: İran real güzəştlərə, yumşaq desək, "hazır deyil". Bu üzdən ekspertlər bərpa olunmuş danışıqların perspektivinə çox bədbin yanaşırlar.
Fransanın "Le Monde" qəzeti yazır ki, Obama administrasiyasının seçki təbliğatı dövründə İsrailin İrana hərbi müdaxiləsinin, neftin bahalaşmasının qarşısını almaq üçün yararlanmağa çalışdığı dialoq iflic vəziyyətinə düşüb. Qəzet yazır ki, İranda sentrifuqaların fəaliyyətdə olduğu bir şəraitdə Tehranla dialoq xətrinə dialoqun aparılması Obama komandası üçün yeni tənqid dalğası ilə nəticələnə bilər. Bütün tərəflər aralıq həll variantının axtarışını davam etdirməkdə maraqlıdır. Məqalədə bildirilir ki, ABŞ və Aİ ciddi böhran risqini azaltmağa çalışır, Rusiya ilə Çin sanksiyaların təsirli olacağına inanmır, İran isə iqtisadi təzyiqlərin zəiflədilməsinə cəhd edir.
Şərhçi Culian Borcer isə "The Guardian" saytındakı bloqunda bildirir ki, İran probleminin diplomatik həll prosesi faktik olaraq Moskva danışıqlarında "ölüb". "Amma bu "ölüm" rusların "idarə" etdikləri və öz-özü ilə yaman fəxr edən bir "xəstəxana"da baş verdiyindən, üstəlik, "diplomatiyanın ölümü" faktının konstatasiyasının qlobal nəticələr verə biləcəyindən, tərəflər özlərini elə aparırlar ki, sanki proses hələ "nəfəs alır", - deyə o yazır.
"Frankfurter Allgemeine Zeitung" qəzetində yer almış qısa şərhdə isə bildirilir ki, İrana tətbiq olunan sanksiyalar onun üçün kifayət qədər ağrılıdır. İran tərəfinin Moskva danışıqlarında israrla onların aradan qaldırılmasını tələb etməsi bunu göstərir. Yazıda bildirilir ki, sanksiyaların İranı güzəştlər haqda düşünməyə vadar edəcəyi istisna olunmur.
Tehran isə əvvəlkitək heç kəsə inanmır. Danışıqlarda iştirak edən digər 6 dövlətin münasibəti də tam aydın deyil. Qəzet bildirir ki, xoşbəxtlikdən hərbi yola həvəs çox zəifdir. "Rusiya ilə Çinin problemin həlli haqda düşüncələrini açıq şəkildə ortaya qoymaları isə yaxşı olardı. Əks təqdirdə, onlar problemin həllinə maneə kimi qəbul olunacaqlar", - deyən "Frankfurter Allgemeine Zeitung" yazır.
Amerikalı analitiklər isə diqqəti məsələnin daha təhlükəli tərəfinə çəkir. "The New York Times" iddia edir ki, İran nüvə proqramına dair danışıqlardan sonra, Qərbə qarşı sayqısızlıq nümayiş etdirir. "İran siyasətçiləri və hərbi rəhbərlik Tehranın nüvə hüququndan heç zaman imtina etməyəcəyini bildirir. Bu, Moskvada problemlə bağlı danışıqlarda heç bir real nəticənin əldə edilməməsindən bir gün sonra bəyan olunur", - deyə məqalədə bildirilir.
İran Parlamentinin nüfuzlu üzvlərindən olan Məhəmməd Rza Bahonar isə IRNA dövlət agentliyinə açıqlamasında dünya fövqəldövlətlərinin "İranın nüvə hüququnu tanımalı olduğunu" bildirib: "İran dincxarakterli nüvə texnologiyası əldə etmək hüququndan heç zaman imtina etməyəcək".
Bahonar keçirdiyi mətbuat konfransında bəyan edib ki, Moskva danışıqları onun ölkəsi üçün müsbət keçib. Çünki İran həmin görüşdə dünya fövqəldövlətlərinin danışıqlar prosesinə ciddi yanaşıb-yanaşmadığını müəyyənləşdirmək imkanı qazanıb.
Briqada generalı Rza Nakti isə Fars agentliyinə açıqlamasında "İran xalqının dünya fövqəldövlətlərinin heç nə olduğunu sübut etməyə hazır olduğunu" bildirib: "Demək, onlar müharibə apara, İrana təzyiq göstərə bilməz".
Bu bəyanatlar İranın hansı nəticəyə gəldiyini göstərir: Qərb formal olaraq İrana güzəştə getmək istəmir, amma o, real fəaliyyətə keçməyə, xüsusilə də hərbi vasitəyə əl atmağa hazır deyil, hətta İsraili bundan çəkindirməyə çalışır.
Əksər ekspertlərin fikrincə, bəlkə də bu dəfə Tehran öz vizavilərinin "yumşaqlığı"ndan səhv nəticə çıxarıb. Moskva danışıqlarının iflasa uğramasından dərhal sonra, İsrailin müdafiə naziri Ehud Barak "artıq sanksiyalar və diplomatiyanın İranın nüvə silahına doğru yürüşünü dayandıracağının mümkünsüz möcüzə təsiri bağışladığını" bəyan edib. O, "The Washington Post" qəzetinə müsahibəsində bildirib ki, hazırda Amerika hökumətində İrana qarşı hərbi əməliyyatların texniki tərəfləri müzakirə olunur. Barak deyib ki, Birləşmiş Ştatların İran probleminin diplomatik yolla həllinə üstünlük verdiyi heç kim üçün sirr deyil: "Biz sanksiyaların sərtləşdirilməsindən və ya istənilən digər formalı təzyiqlərdən sonra hər şeyin ayətullaların öz istəkləri ilə həll olunacağına da ümid edirik".
Barak fövqəldövlətlərlə İran arasında aparılan danışıqların nəticə verəcəyinə şübhə ilə yanaşdığını da bildirib: "Əlbəttə ki, bir gün səhər yuxudan oyanıb İranla fövqəldövlətlər arasında razılığın əldə olunduğunu, Tehranın hərbi atom layihəsini dayandırdığını görməyi çox istərdik. Amma biz çox realist insanlarıq. Hazırkı sanksiyalar Tehrana qarşı tətbiq olunan diplomatik sanksiyalar qədər kəsərlidir. Amma mən bunların ayətullaları hərbi atom layihəsindən imtinaya sövq edəcəyini düşünmürəm".
Bu o deməkdir ki, İranın nüvə proqramı ilə bağlı problemin diplomatik yolla həlli prosesinin hazırkı vəziyyəti İsraildə, həmçinin, digər dövlətlərdə getdikcə daha ciddi məyusluq yaradır. Danışıqlardakı hər uğursuzluq məlum səbəblərdən problemin güc yolu ilə həlli tərəfdarlarını artırır.
MƏSLƏHƏT GÖR: