
"AZƏRBAYCAN AVROPALILARIN BACARMADIĞINI ETDİ"
Ceymstaun Fondunun (ABŞ) baş eksperti Vladimir SOKOR ilə müsahibə
Müəllif: Ceyhun NƏCƏFOV Bakı
-Azərbaycanla Türkiyə "TANAP" Transanadolu qaz kəmərinin çəkilməsinə dair razılaşma imzaladı. Bu layihənin siyasi-iqtisadi və geosiyasi perspektivləri nədən ibarətdir?
- Bu müqavilənin imzalanması bir dövlət olaraq, Azərbaycanın nəhəng uğurudur. Azərbaycan Qərbə istiqamətlənmiş siyasət yürütməsəydi, bu, mümkün olmazdı. Azərbaycan avropalıların bacarmadığını etdi və bu çox vacibdir. Çünki Azərbaycanın qazı, qaz kəmərinin inşası üçün kapitalı, siyasi iradəsi və ölkə rəhbərliyi səviyyəsində qərarların qəbulu üçün çox effektiv mexanizmi var idi. Avropalılarda isə nə qaz, nə boru xətlərinin inşası üçün kapital, nə də qərarların qəbulu üçün effektiv mexanizmlər mövcuddur. Üstəlik, Avropanın bütün boru xətti layihələri bir-biri ilə ziddiyyət təşkil edir.
Azərbaycan Avropanın qaz ixracatında vacib faktora çevriləcək. O, yalnız neft tədarükçüsü kimi yox, həm də qaz ixracatçısı rolunda çıxış etməyə başlayır. Azərbaycanın Türkmənistan qazının nəqlində tranzit ölkəyə çevrilməklə bağlı yaranmış real şansı da son dərəcə vacib məqamdır. Bunlar böyük uğurlardır. "TANAP" layihəsi göstərir ki, Azərbaycan Avropa ilə Asiyanı bir neçə baxımdan birləşdirən bəndə çevriləcək: neft, qaz tranziti və Bakı-Tiflis-Qars dəmir yolu. Bu qaz layihəsi göstərir ki, Azərbaycanın iştirakı olmadan regionda heç nə mümkün deyil. Regionun inkişafının açarı Bakıdadır. Azərbaycan, Gürcüstan və Türkiyə irəli gedir, inkişaf edir. Ermənistan isə başqa dövlətin ərazisini işğal etdiyi üçün özünütəcrid durumundadır. Onu heç kəs təcrid etməyib.
"TANAP" layihəsi Azərbaycanla Türkiyəni daha da birləşdirdi. Bu isə o deməkdir ki, Bakı ilə Ankaranın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vahid mövqeyi daha da möhkəmləndi. 2009-2010-cu illərdə Azərbaycanla Türkiyənin ümumi siyasətinin pozulmasına, Ankaranın Ermənistanla sərhədləri açmağa məcbur edilməsinə cəhdlər oldu. Amma Azərbaycanla Türkiyənin birgə siyasəti Ermənistanla sərhədlərin açılmasının, həmçinin, bunun enerji layihələri üçün edilməsinin yalnız bir halda mümkün olduğunu nəzərdə tutur: İrəvan qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Bəzilərinin şübhə altına aldığı bu bağlılıq indi daha da möhkəmləndi. İndi işğal altındakı torpaqlar boşalmayınca İrəvana birtərəfli güzəştlər istisna olunur.
"TANAP" Avropaya cənub qaz dəhlizinin yaradılmasına yol açır. Bu layihənin Azərbaycanla Avropa arasında orqanik əlaqə yaratması da çox əhəmiyyətlidir. Əvvəllər bu, heç zaman olmayıb və "TANAP" layihəsinin reallaşdırılmasından sonra olacaq.
Qeyd etmək lazımdır ki, Azərbaycan Türkiyənin qaz tranzitçisinə çevrilməsi üçün real perspektiv yaratmaqla, bu ölkənin siyasi elitasının arzusunu da gerçəkləşdirib. Türkiyə məhz Azərbaycanın sayəsində Bakı-Tiflis-Ceyhan boru xətti vasitəsilə neft tranzitçisinə çevrilmişdi. İndi isə "TANAP", Bakı-Tiflis-Qars dəmir yolu vasitəsilə yüklərin daşınması. Yəni, Türkiyə Azərbaycanın sayəsində vacib tranzit ölkəyə çevrilir. Türkiyəyə heç bir başqa dövlət belə imkan yaratmayıb.
- "TANAP"ın reallaşdırılması digər vacib layihə - Xəzərin dibi ilə qaz kəmərinin çəkilməsinə impuls verməsi baxımından nə dərəcədə effektiv olacaq? Qərb uzun illərdir ki, bu layihənin lobbiçiliyi ilə məşğuldur...
- Bu çox vacib məsələdir. Transanadolu qaz kəməri Türkmənistan qazının Avropaya yolunu açır.
Məlum olduğu kimi, ilkin mərhələdə "TANAP"-ın nəqletmə qabiliyyəti ildə 16 milyard kubmetr olacaq. Texniki baxımdan bu rəqəmin 60 milyardadək artırılması da mümkün sayılır. Boru xəttinin gücünün artırılması sxemi var: ikinci mərhələdə 23 milyard, üçüncü mərhələdə 31 milyard kubmetrədək və sair. Bu artımı həyata keçirmək çətin olmayacaq. Çünki hazır boru xətti və bu xəttin keçəcəyi ərazi dəhlizi olacaq. Bu, müəyyən mənada Türkmənistan qazı üçün bir dəvətdir. Türkmənistan Prezidenti Qurbanqulu Berdımuhammedov da TANAP layihəsinin reallaşdırılması ilə bağlı müqavilənin imzalanmasına dərhal reaksiya verib. O, hökumətə Qərbi Türkmənistanı Xəzər sahili ilə birləşdirəcək, illik gücü 31 milyard kubmetr olan Şərq-Qərb qaz kəmərinin tikintisi üçün əlavə vəsait axtarmağı tapşırıb. Bu qaz kəməri 2016-cı ilədək çəkilməlidir. Həmin vaxtadək Xəzərin Türkmənistana aid sektorunda qaz hasilatının həcmi ildə 10 milyard kubmetrə çatacaq, ümumilikdə 40 milyard kubmetr. Bu, Türkmənistan Prezidentinin vədidir. Əlbəttə ki, Transxəzər qaz kəmərinin maliyyələşdirilməsində çətinliklər var, Rusiyanın müqavimətini aşmaq lazımdır. Bu işdə Avropa Komissiyasının timsalında Avropa çox fəaldır. Bu yaxınlarda Avropa İttifaqının səfiri Avropa Komissiyası adından Berdımuhammedova Aİ-nin Transxəzər qaz kəməri layihəsinə dəstəyinin yer aldığı məktubu təqdim edib. Aİ-nin mövqeyi belədir: Xəzəryanı ölkələrlə ikitərəfli layihələrin reallaşdırılması üçün üçüncü tərəfin razılığına ehtiyac yoxdur. Aİ Xəzəri milli sektorlara bölən sərhədlərin harada yerləşməsi ilə bağlı da dəqiq mövqeyə malikdir. Amma o, prinsipial olaraq hesab edir ki, Xəzərdəki ikitərəfli layihələrin reallaşdırılması üçün digər sahilyanı dövlətlərin razılığına ehtiyac yoxdur. Bu, məktubda da açıq şəkildə göstərilib. Aİ rəhbərliyi Avropa İnvestisiya Bankının Transxəzər qaz kəməri layihəsini qismən maliyyələşdirə biləcəyini və özəl bankların bu layihə üçün kreditlər ayıracağını vəd edib. Hazırkı və gələn il nəhəng infrastruktur layihələrinin reallaşdırılması üçün çox əlverişli illərdir. Çünki böhranla əlaqədar olaraq Qərb bankları çox aşağı illik faiz dərəcələri müəyyənləşdirib. Odur ki, Xəzəryanı ölkələr Transxəzər qaz kəmərinin inşası işində tələsməlidir. Böhran başa çatdıqdan sonra faiz dərəcələri artırılacaq.
- Yeri gəlmişkən, Xəzəryanı ölkələr haqda. İranla "altılıq" arasında iyunda Moskvada keçirilmiş danışıqlar nəticəsiz bitdi. İranın birmənalı şəkildə nüvə proqramından imtina etdiyi şəraitdə, Qərbin bundansonrakı fəaliyyəti nədən ibarət ola bilər?
- Düşünürəm ki, ABŞ-da keçiriləcək prezident seçkisinədək hər hansı sərt addım atılmayacaq. Obama administrasiyası seçkiyədək hərbi əməliyyatların başlanmasında maraqlı deyil. Amma prezident seçkisindən sonra nələrin baş verəcəyini heç kim söyləyə bilməz. Ümumilikdə, Qərb İranla bağlı çox qeyri-effektiv siyasət yürüdür. Bu siyasətin dəqiq hədəfləri yoxdur. Qərbin siyasəti baş verməli olan nəyi isə sonsuzluğadək gözləməkdən ibarətdir. İrana tətbiq olunmuş sanksiyalar əsassız, hətta səmərəsizdir. İranda isə uranın zənginləşdirilməsi məsələsində milli konsensus var. Təhlükə yalnız İranla ABŞ və ya İranla İsrail arasında mümkün müharibə deyil. Belə risk həmişə olub. İndi daha ciddi narahatlıq yaradan İranın qonşularının hərbi əməliyyatlara cəlb oluna biləcəyi ilə bağlıdır. İranın qonşuları iki od arasında qalmamalıdır. Heç kim bu ölkələri Qərb-İran qarşıdurmasına cəlb etmək üçün onlara təzyiq göstərməməlidir. Bu baxımdan, Azərbaycan çox balanslaşdırılmış siyasət yürüdür. Bakı BMT Təhlükəsizlik Şurasının təsdiqlədiyi sanksiyalara əməl edir. Qalan sanksiyalar isə Azərbaycan üçün mütləq deyil. Bakı Naxçıvana çıxışı əldə saxlamaqda maraqlıdır. İran Naxçıvanı elektrik enerjisi ilə təmin edir, ölkələr arasında ticarət əlaqələri var, Şimali İranda azərbaycanlılar yaşayır. Hələlik ekspertlərə İranda Azərbaycanla bağlı gərginliyi kimlərin yaratdığı bəlli deyil. İran siyasi elitasının hakimiyyət uğrunda mübarizə aparan müxtəlif qruplaşmalara bölündüyünə şübhə yoxdur. Amma onlardan hansının Bakı-Tehran münasibətlərində gərginliyin davam etməsində maraqlı olduğu məlum deyil. Azərbaycan İrana qarşı düzgün, etibarlı, sakit siyasət yürüdür. Azərbaycanın təhlükəsizlik xidmətinin vəziyyətə nəzarət etdiyi bəllidir. İrana qarşı hərbi əməliyyatlar başlanmasa, Azərbaycan-İran münasibətləri ümumilikdə sabit qalacaq.
MƏSLƏHƏT GÖR: