
ÜSTÜNLÜK HÜQUQU OLMADAN
R.Toniatti: "Xalqların öz müqəddəratını təyinetmə prinsipi beynəlxalq hüququn əsas prinsipi deyil"
Müəllif: Fuad HİLALOV Bakı
Bakıda "Avropada milli azlıqlar: Cənubi Tirol modeli və onun Qafqaza uyğunluğu" mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda iştirakının məqsədinin təcrübə mübadiləsi olduğunu deyən Trento Universitetinin (İtaliya) professoru Roberto Toniatti Cənubi Tirolda münaqişənin yaranması və onun sülh yolu ilə həlli haqda danışıb. Bununla yanaşı, o, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bütünlükdə region üçün vacib olduğunu bildirib, onun tezliklə çözüləcəyinə əminliyini ifadə edib.
Professor Toniatti jurnalımızın suallarını cavablandırmağa razılıq da verib.
- Bildiyiniz kimi, Cənubi Qafqaz polietnik regiondur - Azərbaycan və Gürcüstanda müxtəlif millətlərdən olan insanlar yanbayan yaşayır. Bu regionun yeganə monoetnik ölkəsi Ermənistandır. Oradan azərbaycanlılar, kürdlər və digər millətlərin nümayəndələri qovulub. Regionumuza aid ölkələrdə milli azlıqların hüquqlarının qorunması ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz?
- Təəssüf ki, bizdə regionun hər üç ölkəsində milli azlıqların hüquqlarının müdafiəsi sahəsində vəziyyətlə bağlı dəqiq bilgi yoxdur.
- Belə olan təqdirdə, müqəddəratı təyinetmə prinsipi haqda nə deyə bilərsiniz? Bildiyiniz kimi, Azərbaycan ərazisinin Dağlıq Qarabağ da daxil olmaqla, beşdəbir hissəsini işğal etmiş Ermənistan orada ikinci erməni dövləti yaratmağa çalışır. Bu zaman o, Dağlıq Qarabağda yaşayan ermənilərin öz müqəddəratını təyinetməsi prinsipinə istinad edir. Bu, beynəlxalq hüququn tələblərinə nə dərəcədə uyğundur?
- Tarixə nəzər salsanız, görərsiniz ki, xalqların müqəddəratını təyinetməsi prinsipi beynəlxalq hüququn əsas prinsipi deyil. O, beynəlxalq hüququn digər prinsiplərinə, həmçinin, ərazi bütövlüyünə rəqib olmayan prinsiplərdən biridir. Məncə, öz müqəddəratını təyin etmiş milli azlıqların regionda məskunlaşması ilə, həmin regionun yerləşdiyi ölkənin ərazi bütövlüyü arasında mümküm kompromis tapılmalıdır.
- Məlumdur ki, milli azlıqların hüquqlarının müdafiəsi məsələsi çox tez-tez siyasi alverə çevrilir və ondan bu və ya digər dövlətə təzyiq vasitəsi kimi istifadə olunur. Bu haqda düşüncələriniz nədən ibarətdir?
- Şübhəsiz, münaqişənin yaşanmadığı region yoxdur. Faktik olaraq, "soyuq müharibə"nin başa çatmasınadək dünyada indikindən daha çox münaqişələr var idi. Lokal münaqişələr isə ölkələr arasındakı münaqişə və müharibələrdən daha sərt olur. Bu, hazırkı dövrdə kifayət qədər əhəmiyyətli məsələyə çevrilib. Fikrimcə, bunun səbəblərindən biri odur ki, dövlətüstü qurumların mövcudluğuna baxmayaraq, son yüz illərboyu milli dövlət sistemi problemdən ən məqbul çıxış yolu olub. Bəlkə də bu, düzgün deyil. Ona görə belə deyirəm ki, hazırda milli dövlətlər Avropada baş verənlərə uyğun olaraq, dövlətüstü inteqrasiyaya can atırlar. Amma əlbəttə ki, inteqrasiya yolunda müəyyən çətinliklər mövcuddur. Fundamental olaraq bu inteqrasiya sistemi Latın Amerikası ölkələrində işləyir və hətta başqa yerlərdə təkrarlanaraq, Afrika ərazisində genişlənir. Bundan çıxış edərək və statistik məlumatlara heç bir istinad etmədən düşünürəm ki, milli dövlət sistemi heç zaman bütün problemlərin həlli olmayacaq.
MƏSLƏHƏT GÖR: