24 Noyabr 2024

Bazar, 20:34

FAYDALI EMBARQO?

Rusiyanın ABŞ və Aİ-dən kənd təsərrüfatı məhsullarının tədarükünə sanksiya tətbiq etməsi azərbaycanlı fermerlərin işinə yarayıb

Müəllif:

02.09.2014

Rusiyanın Avropa ölkələrindən kənd təsərrüfatı məhsulları ixracına embarqo qoyması Azərbaycanın aqrar məhsullarının birbaşa Rusiya bazarına daxil olması məsələsini demək olar ki, həll edib. Azərbaycan bir sıra digər ölkələrlə, o cümlədən Özbəkistan, Tacikistan və qismən də Qırğızıstanla yanaşı, Rusiyaya neft və tərəvəz tədarükü baxımından perspektivli ölkələrin siyahısında yer alır. Bu siyahı Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanıb. Bu, ABŞ, Avropa İttifaqı, Avstraliya, Kanada və Norveçdən Rusiyaya 1 il ərzində meyvə, tərəvəz, ət məhsulları, balıq, süd məhsulları ixracına qadağa qoyulmasından sonra baş verib. Xatırladaq ki, sözügedən ölkələrin Rusiyaya bu sanksiyanı tətbiq etmələrinin səbəbi Ukraynada yaşananlardır. Nəzərə alsaq ki, son 6 ayda Azərbaycandan Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsullarının həcmi 2 dəfə artıb, son hadisələr fonunda ikitərəfli iqtisadi münasibətlərdən ciddi irəliləyiş gözləmək olar. 

Yeri gəlmişkən, Azərbaycanın Rusiya bazarlarında itirilmiş mövqeyini bərpa etməsi vacibdir və bunun üçün düz 1 il vaxt var.

 

Sərfəli sanksiyalar

Rusiya hökuməti ölkənin ərzaq təhlükəsizliyinin təminində Azərbaycanın vacib rol oynadığını artıq etiraf edib. Bu fikri Rusiya baş nazirinin müavini Dmitri Roqozin bu günlərdə Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşündə bildirib.

Şimal qonşumuzun ərzaq  çatışmazlığını aradan qaldırmaq cəhdləri başadüşüləndir. Birincisi, Rusiya bazarı Azərbaycan üçün ənənəvi bazardır. Ötən il Azərbaycanın qeyri-neft sektorundan ixracın 32, aqrar sənaye kompleksi məhsulları ixracının isə 30%-dən çoxu məhz bu ölkənin payına düşüb. Digər tərəfdən, Rusiya bu gün tam idxalı əvəz etməyə hazır olmadığını  da anlayır. Çünki bunun üçün dövlətin kənd təsərrüfatı sektoru ilə bağlı siyasətinə kökündən dəyişikliklər edilməlidir. Sanksiyaların qısamüddətli xarakter daşıdığını düşünən fermerlər sabit satış bazarı olmadan, çətin ki, məhsul istehsalını artırsınlar. Onlar sanksiyaların ləğvindən sonra Polşa və Moldovadan ucuz alma tədarükünün bərpa olunacağını yaxşı bilirlər. ÜTT-yə üzvlükdən sonra Rusiya alması üçün qiymət baxımından bu məhsullarla rəqabət aparmaq çox çətindir. Azərbaycan hökumətində hesab edirlər ki, bütün bunların fonunda Rusiya vəziyyətdən çıxış yollarını təbii olaraq, MDB çərçivəsində axtaracaq.

Ümumiyyətlə, rəsmi Bakı ilə Moskva arasında iqtisadi əlaqələrin son ildəki inkişaf dinamikasına nəzər salsaq, Rusiya regionlarının Azərbaycana marağının ciddi şəkildə artdığını görə bilərik. Amma ölkə hökumətində bu faktın (Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin fəallaşması) Rusiya ilə Qərb arasındakı qarşıdurma ilə əlaqələndirilməsini doğru saymırlar.

"Bu, qonşu ölkələrdə sabitliyin müəyyən dərəcədə pozulduğu, hətta bizim regionda ziddiyyətlərin meydana çıxdığı bir şəraitdə Azərbaycanda sabit iqtisadi durumun davam etməsi fonundakı təbii prosesdir. Azərbaycanda sabit inkişaf müşahidə olunur və bu, kənd təsərrüfatı sahəsinə də aiddir. Bu il kənd təsərrüfatı sektorundan yaxşı məhsul götürülüb. Halbuki, bir çox ölkələrdə bu sahədə kəskin geriləmə müşahidə olunur. 

Digər tərəfdən, Azərbaycan istər iqtisadi, istərsə də maliyyə baxımından güclü ölkəyə çevrilib və öz ayaqları üzərində kifayət qədər inamlı dayanır", - deyə Azərbaycan hökumətində hesab edirlər.

Digər tərəfdən, yaranmış vəziyyətin Azərbaycanın kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdiyi də ortadadır. Xüsusilə Azərbaycan-Rusiya sərhədinə yaxın olan Quba-Xaçmaz regionunun fermerləri üçün Rusiya bazarlarına ixrac etdikləri məhsullarının həcmini ciddi şəkildə artırmaq şansı yaranıb. Kəndlilərin yeni perspektivli bazarlara yiyələnmək istəyi özünü açıq şəkildə göstərir: onlar üzərində məhsul növünün adının rus dilində yazıldığı, istehsalçının telefon nömrəsinin həkk olunduğu qablar hazırlayırlar. Bu regionda logistika mərkəzinin tikintisi üçün dövlət, hətta güzəştli kreditlər ayırmağa da hazırdır. Digər tərəfdən, Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev artıq Rusiyada Azərbaycanın logistika mərkəzlərinin açılması məsələsini qaldırıb. Azərbaycan tərəfi  təkcə  Moskva və ya Sankt-Peterburqda bir logistik mərkəz tikmək deyil, Rusiyanın regionlarında belə mərkəzlər şəbəkəsi yaratmağa hazırdır. Bu şəbəkənin doldurulması üçün isə azərbaycanlı biznesmenlər bütün imkanlara malikdirlər.

Ötən il Azərbaycanda, təxminən, 250 min ton alma istehsal olunsa da, onun yalnız 37 min tonu Rusiya bazarlarına çıxarılıb. Digər meyvələrlə bağlı da nisbət təxminən eynidir. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədovun sözlərinə görə, Azərbaycanda ildə, təxminən, 1 milyon ton kartof istehsal edilir. Bununla yanaşı, ötən il Rusiya bazarlarına hardasa 54 min ton kartof ixrac olunub. 2013-cü ildə ölkədə istehsal olunmuş 467 min ton pomidordan Rusiyaya 46 min tona yaxın məhsul göndərilib. Azərbaycanın Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracını kəskin artırmaq imkanları var. 2014-cü ildə əldə edilmiş məhsuldarlıq bunu asanlıqla həyata keçirməyə imkan verir. Amma bir məsələ də var ki, ixracın real artımı iki ölkənin kommersiya şirkətlərinin sürətlə hərəkət etmək qabiliyyətindən asılıdır - onlar əlavə ixracı mümkün qədər operativ şəkildə təşkil etməyi bacarmalıdırlar.

Bununla yanaşı, yaranmış vəziyyət ikitərəfli iqtisadi münasibətlərdə həlli vacib olan bir sıra məqamları da ortaya çıxarıb - məsələn, Rusiyanın gömrük prosedurlarını sadələşdirməsi. Azərbaycan hökumətində hesab edirlər ki, bu, son dərəcə çətin prosesdir. Bir tərəfdən, Rusiya özünü Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə bağlayıb, digər yandan üçüncü ölkələr Rusiyaya müqavimət göstərir, daxili sabitliyi pozmağa çalışır. Bütün bunların fonunda Rusiya ticarət siyasətində yumşaltmaya gedərsə, hər şey dağılacaq. Gömrük prosedurlarının sərtləşdirilməsi isə daha böyük problemlər yaradır. Beləliklə, Rusiyanın bundan sonra hansı siyasətə üstünlük verəcəyi hələ ki, məlum deyil.

İstənilən halda, Rusiya Azərbaycanla 1992-ci ildən qüvvədə olan Azad Ticarət Zonası haqqında sazişdən imtina etməyib. Halbuki, Bakı razılaşmanın bəzi maddələrinin bugünkü şəraitdə qəbuledilməz olduğunu əsas gətirərək, onun yenilənməsini istəyir.

 

Tələbatı qiymət artımı yaradır

Rusiya  hökumətinin Aİ məhsullarına embarqo tətbiq etməsinin məntiqi nəticəsi bu məhsulların qiymətindəki dəyişikliklər olub. Aİ ölkələrində onlar ucuzlaşmağa başlayıbsa, Azərbaycanda artıq qyimət artımı müşahidə olunur.

Ötən ilin analoji dövrü ilə müqayisədə Latviya bazarlarında bir çox tərəvəz məhsullarının qiyməti 30-50% ucuzlaşıb. Bu, xüsusilə kartofun, kökün, soğanın, kələmin və çuğundurun qiymətində müşahidə olunur. 

Bundan başqa, Rusiyanın tətbiq etdiyi embarqo nəticəsində Niderlandın ərzaq məhsulları istehsalçıları,  ən azı, 300 milyon avro ziyana düşə bilərlər. Niderland dünyanın kənd təsərrüfatı məhsulları ixracının həcminə görə, ikinci ölkəsidir. Hollandiyada ixracın 2%-i son zamanlaradək məhz Rusiyanın payına düşürdü.

Xatırladaq ki, Avropa Komissiyası Rusiyanın Aİ-nin kənd təsərrüfatı sahəsinə tətbiq etdiyi embarqonun mənfi nəticələrinin azaldılması üçün bir sıra tədbirlərin həyata keçirilməsini təklif edib.

Azərbaycanda isə əksinə, son günlər mövsümi meyvələrin, xüsusilə tərəvəzlərin qiymətində bahalaşma müşahidə olunur. Ötən ay 1 kiloqram pomidor 30-40 qəpik idisə, hazırda onun qiyməti 80 qəpik - 1 manat arasında dəyişir.

Ekspertlər və fermerlərin özləri qiymət artımında Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına çıxarılmasının rolunu qeyd edirlər. Yerli bazarda artıq müəyyən qıtlıq da müşahidə olunur: xırda ticarət mərkəzlərinin satıcıları fermerlərin onlara daha az həcmdə məhsul verməyə başladıqlarından şikayətlənirlər. Onlar indi daha keyfiyyətli məhsullarını qonşu ölkəyə ixrac etməyə çalışırlar.

Azərbaycanın kənd təsərrüfatı naziri Heydər  Əsədov məsələyə münasibət bildirərəkən qiymət artımının iqtisadi proses olduğunu söyləyib. O, yaranmış vəziyyətin müsbət tərəflərinin daha əhəmiyyətli olduğunu bildirib. Axı cəmi 1 il əvvəl yerli istehsalçılar satış bazarının olmamasından şikayətlənirdilər. "Bu məsələyə kompleks yanaşmaq lazımdır. Çünki Azərbaycan məhsullarının Rusiya bazarında brend kimi möhkəmlənməsi üçün əla imkan yaranıb. Bizim məhsullarımız Rusiya bazarında məşhurdur. Amma yaranmış vəziyyət yerli istehsalçılar üçün əlavə imkanlar yaradır", - deyə nazir qeyd edib. O, Rusiyaya kənd təsərrüfatı məhsulları ixracının artmasının xarici ölkələrdən Azərbaycana mal idxalına da təsir göstərəcəyini söyləyib.

Şübhəsiz, idxalın artması yerli bazarda qiymətlərə təsir göstərən daha bir əsas amildir. Bu üzdən də kənd təsərrüfatı naziri əhalini xarici məhsullara tələbatın artmaması üçün yerli mal almağa çağırıb.

Yeri gəlmişkən, öz məhsullarının ixracı ilə qazanmaq, biznesi genqişləndirmək və inkişaf etdirmək, o cümlədən, Rusiyanın sanksiyalarının azərbaycanlı kənd təsərrüfatı məhsulları istehsalçıları qarşısında açdığı digər sevindirici perspektivlər, əlbəttə ki, müsbət haldır. Amma bundan yerli bazarın və istehlakçıların əziyyət çəkməsi də yumşaq desək, ədalətsizlik olardı. Bu gün belə hallar artıq müşahidə olunmaqdadır. Odur ki, problem Azərbaycanda inflyasiya ilə bağlı ciddi təhlükəyə çevrilməmiş, məsələnin həlli yolları tapılmalı, bütün tərəflərin maraqları arasında balansın qorunmasına çalışılmalıdır.



MƏSLƏHƏT GÖR:

488