15 Mart 2025

Şənbə, 00:34

ŞƏRQ ALOV İÇİNDƏ

"Yanğın", böyük ehtimalla, hələ çox alovlanacaq

Müəllif:

02.09.2014

Bu il dünya Birinci Dünya müharibəsinin 100-cü ildönümünü qeyd edir. Onun başlanma səbəbləri hələ də dünya tarixşünaslığında mübahisə və diskussiya mövzusudur. Əksər dairələrdə hesab edirlər ki, hərbi əməliyyatların başlanmasına serb vətənpərvərin şahzadə Ferdinandı qətlə yetirməsi səbəb olub. Amma o da məlumdur ki, Sarayevodakı bu qətl, sadəcə, bəhanə idi. Böyük müharibəyə aparan səbəblər çox idi. Söhbət, əsasən, Avropanın nəhəng dövlətlərinin işğalçı planlarından və dünyanın yenidən bölüşdürülməsi istəyindən gedir. O dövrdə yer üzündə, demək olar ki, Avropa fövqəldövlətləri tərəfindən işğal olunmamış ərazi qalmamışdı. Amma ən "ləzzətli tikə" - zəngin Yaxın Şərq, Osmanlı İmperiyasının nəzarətində idi. "Avropanın xəstə insanı"nın mirası bölüşdürülməli idi. Bu ərazilərdə artıq 400 il idi ki, daxili nifaq, dini zəmində müharibələr yaşanmırdı. XIX əsrin sonlarından başlayaraq isə köçəri ərəb tayfaları arasında ingilis emissarlar peyda olmağa başlamışdılar. İslam fundamentalizmi əsasında ərəb millətçiliyinin güclənməsinə məhz onlar ciddi təkan veriblər. İlahiyyatçı Məhəmməd bin Əbd əl-Vahhabın təlimlərinin səhralarda yaşayan bədəvi tayfaları arasında populyarlıq qazanmağa başladıqları vaxtlar idi. Onlardan biri, Məkkə əmiri Hüseyn ibn Əli əl-Haşimi "əfsanəvi" ingilis casusu Lourensin təkidilə Britaniya hökumətilə razılaşmaya getdi. Razılaşma, osmanlılara qarşı qiyamın qaldırılmasını nəzərdə tuturdu. Bunun əvəzində ingilislər ona müstəqilliyinin tanınmasını vəd etmişdilər.

Beləliklə, Avropa fövqəldövlətləri Birinci Dünya müharibəsinin gedişində qiyamçı islam fundamentalistlərinin də dəstəyilə osmanlıları asanlıqla məğlub edərək Yaxın Şərqi parçaladılar. Böyük Britaniya, Fransa, Rusiya, daha sonra isə İtaliya hökumətləri arasında bağlanmış məxfi razılaşmada Birinci dünya müharibəsindən sonra Yaxın Şərqdəki maraq sahələri müəyyənləşdirildi.

Razılaşmaya əsasən, Böyük Britaniya müasir İordaniya, İraq və Hayfa şəhəri ətrafındakı əraziləri ələ keçirdi. Fransa Türkiyənin cənub-şərq hissəsinə, Şimali İraqa, Suriya və Livana sahib çıxdı.

Razılaşma ərəblərə Lourens tərəfindən verilmiş vədi rədd edirdi. Söhbət Osmanlı İmperiyası ilə mübarizədə Britaniya ordusuna dəstək müqabilində Böyük Suriya ərazisində milli ərəb dövlətinin yaradılacağına dair vəddən gedir. Beləliklə, şeyxin arzusu baş tutmadı.

Yaxın Şərq ölkələri nominal müstəqilliyə yalnız ötən əsrin 50-ci illərinin ortalarında nail oldular. Amma bu müstəqillik regiona müstəqillik və çiçəklənmə gətirmədi. "Parçala, hökm sür!" prinsipinə sadiq olan Britaniya diplomatiyası bu regionda münaqişələr üçün səbəblərin daim mövcud olmasını təmin edib.

Birincisi, müstəmləkəçilər, əslində, heç zaman heç yerə getməyiblər və Qərbin transmilli şirkətləri bu zəngin regiona kifayət qədər uğurla yiyələnə biliblər.

İkincisi, Yaxın Şərq dövlətləri, əslində, özündə barışmaz etnik və dini icmaları birləşdirən süni qurumlardan başqa bir şey olmayıblar. Yaxın Şərqdə ilkin mərhələdə yerli əhali tərəfindən qəbul olunmayan rejimlər yaranıb. Məsələn, İraqda əhalinin əsas hissəsini bu gün şiələr təşkil etsələr də, hakimiyyət sünni azlığın əlində olub. Suriyada isə hakimiyyət başındakı ələvilər əhalinin 20%-dən də azını təşkil edir. Yəni bu ölkələrdə vətəndaş itaətsizliyi gec işə düşən mina kimi əvvəlcədən yaradılıb.

Ötən əsrin ikinci yarısında Yaxın Şərq ABŞ ilə SSRİ arasında geosiyasi mübarizə meydanına çevrilib. Terror aktları, çevrilişlər, vətəndaş müharibələri region üçün adi hala çevrilib. Öz oyununu oynamaq istəyən, özlərini müstəqil sayan hökmdarlara qarşı mütəmadi olaraq dövlət çevrilişləri təşkil olunub. Məsələn, İran şahı Rza Pəhləvi bu səbəbdən devrilib. O, ikinci dəfə hakimiyyətə 1953-cü ildə ABŞ və Böyük Britaniya xüsusi xidmət orqanları tərəfindən "Ayaks əməliyyatı"ndan sonra gətirildi. Bu əməliyyat nəticəsində baş nazir Mussadıkın demokratik yolla seçilmiş hakimiyyəti devrildi. İranın neft sənayesi məhz onun tərəfindən 1 il əvvəl milliləşdirilmişdi. Bunadək isə bu sənaye Britaniyanın neft şirkətlərinin əlində idi. Bu, dünya tarixində ABŞ və İngiltərə xüsusi xidmət orqanlarının transmilli şirkətlərin maraqları naminə xarici dövlətdə hakimiyyət çevrilişi təşkil etdikləri ilk hal idi.

1970-ci illərin sonlarında isə artıq şah Rza Pəhləvinin özü daha müstəqil siyasət yürütməyə başladı. Nəticədə, İranda yenidən inqilab baş verdi və hakimiyyətə o vaxtadək Parisdə yaşamış Ruhulla Xomeyni gəldi. Onun da hakimiyyətə yiyələnməsinə Qərb xüsusi xidmət orqanları kömək edib. Amma bu mərhələdə gözlənilməz olaylar yaşanmağa başladı: Xomeyni ölkəsində mövqelərini gücləndirdikdən sonra Qərbə qarşı düşmən siyasəti yürütd?.

Şübhəsiz ki, bu cür "xəyanət"  cəzasız qala bilməzdi. Nəticədə, ABŞ və Böyük Britaniya Yaxın Şərqdəki digər sadiq müttəfiqləri - İraq prezidenti Səddam Hüseyni İranın üzərinə göndərdilər. Rəsmi Vaşinqton Səddam Hüseyni özünün regiondakı "ən güclü adamı" adlandırırdı. Qərb, Səddamın zaman-zaman ölkənin şimalında yaşayan kürd əhalini bombardman etməsinə də göz yumurdu. 8 il davam edən müharibədən sonra İraqda daxili siyasi durum son dərəcə ağır vəziyyətə gəldi. Ölkədə ərzaq çatışmazlığı baş qaldırdı, ciddi sosial problemlər, milli məsələlər meydana çıxdı. Amma S.Hüseyn problemi həll etməsi yerinə, qonşu Küveytin işğalı ilə vəziyyəti daha da qəlizləşdirdi.

Bunun ardınca Küveytin işğaldan azad olunması üçün başlanılan "Körfəzdə müharibə", əslində, BMT-nin mandatı altında keçirilsə də, Yaxın Şərqdə Amerikanın hərbi mövcudluğunu artırması prosesinin başlanğıcı oldu. Ötən əsrin 90-cı illərinin əvvəlləri ərəb ölkələri ərazisində çoxsaylı Amerika hərbi bazalarının yaradılması ilə yadda qalıb. Bu mənada ABŞ-ın regiondakı əsas müttəfiqi, vəhhabi ideologiyasının hökm sürdüyü Səudiyyə Ərəbistanı xüsusilə fərqlənirdi.

2001-ci ilin 11 Sentyabr hadisəsindən sonra ABŞ Şərq dövlətlərinə islam terroru ilə mübarizə adı altında müdaxilə üçün kart-blanş əldə edib. Bu mənada kifayət qədər maraqlı olan bir məqamı qeyd etməmək olmaz: 9/11 terrorunda ABŞ bütün dövrlərin və xalqların 1 nömrəli terrorçusu sayılan Üsəma ben Ladenin rəhbərlik etdiyi "Əl-Qaidə"ni ittiham edib. Məsələ ondadır ki, o, vaxtilə Əfqanıstanda sovet ordusuna qarşı döyüşmüş əfqan mücahidlərinin səhra komandirlərindən olub. Bu mübarizədə ona maliyyə dəstəyini Səudiyyə Ərəbistanı və... ABŞ verib. Nəticədə, amerikalılar geosiyasi baxımından son dərəcə vacib olan ölkəyə - Əfqanıstana müdaxilə imkanı qazanıblar. Cəmi 2 il sonra isə ABŞ Böyük Britaniya ilə birlikdə İraqda hələ 1991-ci ildə başladıqları işi başa çatdırmaq qərarına gəliblər.

Əvvəlcə ABŞ, daha sonra isə Böyük Britaniya İraq rejimini "Əl-Qaidə"yə dəstəkdə ittiham etdi. Halbuki Səddam Hüseyn islam fundamentalistlərinin düşməni idi. Bundan sonra baş verənlər  tam bir tragikomediya ssenarisi sayıla bilər. O dövrdə ABŞ-ın dövlət katibi postunu tutan Kolin Pauell 2003-cü il fevralın 5-də BMT Təhlükəsizlik Şurasının iclasında içərisində, guya, Sibir yarası basilinin olduğu şüşəsini nümayiş etdirir və bunu İraqın kütləvi qırğın silahına malik olduğunun sübutu adlandırır. Bu, Birləşmiş Ştatların İraqa hərbi müdaxiləsi üçün əsas olur. Lakin sonradan şüşədəkinin, sadəcə, paltaryuyan toz olduğu üzə çıxır. Britaniyanın aparıcı tədqiqat qruplarından olan Opinion Research Business (ORB) yalnız 2003-2008-ci illərdə İraqda 1 milyondan artıq dinc sakinin həlak olduğunu etiraf edib.

İraqın nəhəng neft ehtiyatlarına malik cənub regionu uzun illər boyunca Britaniya qoşunlarının nəzarətində olub. Ölkəyə son hərbi müdaxilədən sonra Britaniyanın enerji şirkətlərinin məhz bu bölgədə yüksək fəallıq göstərmələri də bu mənada təəccüblü deyil. Əfqanıstanda neft yoxdur. Amma bu ölkə digər "qiymətli" məhsuluna - tiryəkə görə məşhurluq qazanıb. 2001-ci ildə "Taliban" ölkədə tiryək becərilməsini qadağan edib. NATO-nun Əfqanıstana müdaxiləsindən sonra isə elə həmin ildəcə ölkədə tiryək istehsalı sürətlə genişlənib. Artıq 2008-ci ildə Əfqanıstanda bu bitkinin istehsalı 44 dəfə artaraq ildə 8200 tona çatıb. Halbuki 2001-ci ildə bu rəqəm 185 ton idi.

Barak Obama ABŞ prezidenti seçildikdə, sələfindən fərqli olaraq, hərbi-sənaye və enerji dairələrinin deyil, əsasən maliyyə-oliqarxiyasının əlaltısı idi. Onun Ağ Evə rəhbərliyə başlaması ilə ABŞ-ın siyasətində dəyişikliklər müşahidə olunmağa başlayıb. Bu dəyişikliklər Vaşinqtonun Yaxın Şərq siyasətində də müşahidə olunurdu. Mütəxəssislərin fikrincə, Obamanın prezidentliyi ilə "regiondan strateji çəkilmə" dövrü başlayıb. Bunun bir neçə səbəbi var idi. Birincisi, "ani qələbə"dən sonrakı eyforiya yox olur, ölkəyə isə amerikalı əsgərlərin tabutları gündən-günə daha çox gəlirdi. Əfqanıstanda taliblərin tam məhvi mümkün olmamış, İraqda zaman-zaman NATO qoşunlarına qarşı qiyamlar baş qaldırırdı. Neft quyuları ilə bağlı xüsusi çətinliklər yox idi. Çünki onlar özəl hərbi təşkilatlar tərəfindən mühafizə olunurdu. Əsgər tabutlarının ölkəyə "axını" isə sosial-siyasi duruma təsirsiz ötüşə bilməzdi. İqtisadi baxımdan da vəziyyət çox çətin idi. Digər yandan, öz iqtisadi və hərbi qüdrətini artıran Çin dünyada Amerikanın maraqlarına getdikcə daha ciddi şəkildə meydan oxumağa başlamışdı.

5 yanvar 2012-ci ildə Obama yeni hərbi doktrinanı açıqladı. Orada Amerikanın eyni vaxtda iki müharibə aparmasının mümkün olmadığı bildirilir. Doktrinada deyilir ki, Amerika 1 müharibə apardığı vaxtda dünyanın ayrı-ayrı hissələrində yalnız dolayı hərbi əməliyyatlar həyata keçirə bilər. Çinə sinə gərilməsi üçün isə Amerika hərbi maşınının yarısından çoxunu Asiya-Sakit okean regionuna atmağa başlayıb.

Beləliklə, amerikalıların Yaxın Şərq regionundan "rəsmi gedişi"nə start verilib. Bununla yanaşı, regionu elə tərk etmək lazım idi ki, bundan ABŞ-ın rəqibləri, ilk növbədə, Çin, Rusiya, İran və qismən də Aİ istifadə etməsin. 

Beləliklə, dünyada növbəti manipulyasiyalar və çevrilişlər prosesi başlayır. O, tarixə "ərəb baharı" adı ilə düşür. Yaxın Şərq ölkələrində bir-birinin ardınca xaos başlayır: Tunis, Yəmən, Misir, Liviya, Suriya... Onların hər birində meydana islamçılar çıxır. Hələ 2000-ci ilin əvvəllərində "Fransa beynəlxalq radiosu"nun (RFI) baş redaktoru, məşhur ərəbşünas Rişar Labyevyer islam  fundamentalistlərini "amerikasayağı qloballaşmanın zəncirli köpəkləri" adlandırırdı. Onun fikrincə, islam fundamentalistləri və ABŞ-ın siyasətinə nəzarət edən transmilli şirkətlərin düşməni birdir - milli dövlətlər.

Bu gün Yəməndə faktiki olaraq mərkəzi hakimiyyətdən danışmaq mümkün deyil. Misir 1 illik qabiliyyətsiz hakimiyyətindən sonra xalq kütlələrinin də dəstəyi ilə yenidən hərbçilərin hakimiyyəti qurulub. Lakin ölkədə hələ uzun müddət, çətin ki, sabitlik yaransın. Vaxtilə çiçəklənmə dövrünü yaşamış Liviya artıq bir-birilə mübarizə aparan 3 hissəyə bölünüb. Suriyaya gəlincə, burada söhbət ölkənin 4 və ya 5 hissəyə bölünməsindən gedir.

ABŞ və Böyük Britaniyanın demokratiya "gətirdikləri" daha bir ölkə - İraq da de-fakto dağılıb. Amerikalıların ölkəni tərk etmələrindən sonra Nuri əl-Maliki hakimiyyəti uzun müddət ayaqda qala bilmədi. Çoxları İraqda, təbii ki, islamçıların da iştirakı ilə xaosun baş qaldıracağını proqnozlaşdırırdı. Suriyada "məşhurluq" qazanmış "İraq və Şam İslam Dövləti" qruplaşması günlərin birində qəflətən İraqda fəallaşaraq ölkəni faktiki olaraq 3 yerə parçalayıb. Qruplaşmanın arxasında kimlərin dayandığını isə 2 fakta əsasən müəyyənləşdirmək olar. İtaliyanın "La Stampa" qəzeti iyunda İŞİD lideri əl-Bağdadi haqqında məqalə dərc edib. Sən demə, vaxtilə NATO hərbçiləri tərəfindən həbs olunmuş əl-Bağdadi İraqdakı beynəlxalq qüvvələrin komandanı, sonradan Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri olmuş general Petreusla dəfələrlə söhbət edib. Daha bir dolayı sübut isə təşkilatın komandirlərindən olan Əhməd Gündüzün müsahibəsidir - o, İraqda İrana, Rusiyaya və Çinə qarşı vuruşduqlarını konkret olaraq dilə gətirib...

Yaxın Şərqdə vəziyyət alovlanmaqda olan yanğındır və o, bir çox ölkələr üçün ciddi təhlükəyə çevrilə bilər. Şimali Afrika tərəfdən bu yanğın çox sayda müsəlman immiqrantın olduğu Avropaya, Suriya və İraq tərəfdən Türkiyəyə, oradan postsovet məkanına, İrana, Orta Asiyaya, oradan Rusiya və Çinə keçə bilər. Bu yanğının toxuna bilməyəcəyi yeganə dövlətlər adada yerləşən Böyük Britaniya və ABŞ-dır. Amma perspektivdə bu da mümkündür. Hazırkı dövrdə yanğın günü-gündən daha çox günahsız insanı məhv edəcək. O, kəndləri, zəngin torpaqları, üç əsas dinin və bir çox sivilizasiyaların vətənini məhv edir. Görünən isə odur ki, bu yanğın hələ çox alovlanacaq.



MƏSLƏHƏT GÖR:

554