14 Mart 2025

Cümə, 23:38

ERMƏNİSTANI "KLANLARARASI MÜHARİBƏ" GÖZLƏYİR

Onun "əsas prizi" Rusiyadan gələn maliyyə axınına nəzarətdir

Müəllif:

02.09.2014

Bu gün, çətin ki, dünyada kimsə çoxsaylı reytinqlərin, reytinq araşdırmalarının nə vaxtdan dəbə mindiyini söyləyə bilsin. Bu gün az qala bütün göstəricilər üzrə ölkələrin və şəhərlərin reytinqlərini müqayisə etmək mümkündür və bu, güman ki, kifayət qədər müsbət haldır. Hazırda ayrı-ayrı şəhərlərin, ölkələrin içki verilən obyektlərinin sayından tutmuş sərçə və ev sarı bülbüllərinin sayına qədər müxtəlif sahələrdə reytinqilə tanış olmaq mümkündür. Amma bu məsələdə bir problem də var: belə reytinqlərin heç də hamısına inanmaq mümkün və lazım deyil.

Bu ilin mayında Ermənistan KİV bir məlumatı son dərəcə sevinclə tirajlayırdı: "Uşaqları xilas edin" (Save the Children) beynəlxalq ictimai təşkilatı 2014-cü il üçün analar və uşaqlar üçün dünyanın ən yaxşı ölkələrinin reytinqini müəyyənləşdirib. "Analıq indeksi" reytinqini hazırlayan bu QHT-nin mütəxəssisləri 5 göstərici üzrə təhlil aparıblar: anaların sağlamlıq durumu, uşaqların rifahı, təhsil səviyyəsi, gəlir səviyyəsi və siyasi durum (hökumət işlərində qadınların iştirakı). Aparılan təhlil nəticəsində belə qənaətə gəlinib ki, 178 ölkə arasında Ermənistan regionun digər ölkələrini qabaqlayaraq, 95-ci pillədə yer alıb.

Reytinq müəllifləri bu qədər gözəl şəraitdə Ermənistanda analığın nədən demoqrafik fəlakət yaşadığını dəqiqləşdirməyiblər. Amma ən maraqlısı da bu deyil: artıq avqustun əvvəlində Ermənistan KİV, sözün əsl mənasında, şok informasiya yayıb - Ermənistanda yaşı 5-dək olan hər 5 uşaqdan birinin böyüməsində ləngimə yaşanır və bu, onların doyanadək qidalana bilməməsilə bağlıdır. Səhiyyə sahəsində ekspertlərin sözlərinə görə, vəziyyət getdikcə ağırlaşmaqdadır. Bunun izahı da var: hətta rəsmi məlumata görə, Ermənistanda hər 3 nəfərdən 1-i ehtiyac içərisində yaşayır. Bundan başqa, Ermənistanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar 

İrəvana bu ağır vəziyyətdən çıxış yolları ilə bağlı məsləhət belə, verə bilmirlər. Aydındır ki, Ermənistanın yoxsulluğu, məsələn, Şimali Koreyanın yoxsulluğu kimi deyil. Ermənistanda yoxsulluq nümayişkaranə dəbdəbə ilə "yanaşı yaşayır". 

Yeni il ərəfəsində erməni mətbuatının yerli univermaqların birində satışa çıxarılmış delikateslə bağlı necə səs-küy qaldırdığı hər kəsin yaxşı yadındadır - söhbət hisə verilmiş timsahlardan gedirdi. Onun biri, təxminən, 1000 dollara satılırdı. İrəvan ictimaiyyətinin bu fakta münasibəti birmənalı olmuşdu: delikates yalnız yerli oliqarxlar üçündür. 

Yoxsul əhali ayı çətinliklə başa vurursa, oliqarxlar başqa proseslərlə üzləşirlər - onların "biznes məkanları getdikcə daralır". Nəzərə alsaq ki, ölkədə iqtisadi kollapsın yaşanması ilə əlaqədar biznes üçün cəlbedici sahələr azalır, bu, proqnozlaşdırılandır. Belə vəziyyətdə təbii ki, İrəvanda ayrı-ayrı kriminal-siyasi klanlar arasında "rəqabət"i artırır.

Bu yerdə bir aydınlatmaya ehtiyac var. Ermənistan, əlbəttə ki, nüfuzlu teyplərə malik Çeçenistana, Əfqanıstana və ya Tacikistana az bənzəyir. Ermənilər Cənubi Qafqazın etnik palitrasında əhəmiyyətli element kimi, yalnız XIX əsrin ortalarında meydana çıxıblar. Bu müddətdə öz qohum-əqrəbaları ilə tammiqyaslı "klan strukturu" yaratmaq, sadəcə, mümkün deyil.

Bu gün Ermənistanda siyasətin ön səhnəsinə daha çox "ərazi" qruplaşmaları çıxır. Onlar 90-cı illərin əvvəllərinə aid "solnsevski" və ya "uralmaşlılar"ı xatırladırlar. Bununla yanaşı, "kriminal vertik" getdikcə daha yüksəyə qalxır.

Ermənistanın müstəqilliyinin ilk illərində 3 "qruplaşma" üzdə idi - "irəvanlılar", "qarabağlılar" və "Spürkdən olanlar", yəni xaricdəki erməni diasporu.

Suriyanın Hələb şəhərində doğulmuş Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanı əksər ekspertlər "Spürkdən olanlar"ın lideri sayırdılar və indi də belə hesab edirlər. Amma hələ 90-cı illərdə məhz o, Ermənistanın siyasi həyatına erməni diasporunun təsir imkanlarının azaldılması məqsədilə bir sıra addımlar atmışdı. "Daşnaksütyun"un fəaliyyətinin qadağan edilməsində də məqsəd bu idi. Hökumət bu qərarla formal olaraq, daşnakların "himayəsi" altında fəaliyyət göstərən "Dro" terror qruplaşmasının əməllərinə reaksiya göstərmişdi. "Dro"nun planları arasında Ermənistanda hakimiyyətin güc yolu ilə bölüşdürülməsi də var idi. Reallıqda Ter-Petrosyan artıq o zaman bir şeyi dəqiq anlayırdı: Qleyndeyl və ya Marseldə yüksək materiyalar, "erməni xalqının tarixi hüquqları", "ermənilərin Türkiyə üzərində məhkəmə qurması" və s. haqda danışmaq daha asandır, nəinki İrəvanda, çünki bu zaman real Ermənistanın bu "nəzəriyyələrə" görə hansı geosiyasi "qurbanlar" verəcəyi haqda düşünməmək də olar.

1997-98-ci illərdə Ermənistanda baş vermiş "ləng çevriliş"də isə özünü Robert Koçaryanın liderlik etdiyi Qarabağ klanı göstərib. Bu klan, sadəcə, işğalçı müharibə şəraitdə meydana gəlməyib. Söhbət heç kimin tanımadığı "dövlət"dən gedirdi. O, məlum səbəblərdən xarici dünya ilə leqal, qanuni əlaqələr qura bilməyib və nəticədə, istər-istəməz "qara sxemlər"ə üz tutmaq məcburiyyətində qalıb. Nəticə tamamilə gözlənilən olub.

2008-ci ildə Robert Koçaryanın ikinci müddətə prezident seçilməsilə bağlı "Aravot" qəzetində yer almış bir fikrə Azərbaycan KİV-də dəfələrlə yer verilib. Lakin onu bir daha xatırlatmaq yerinə düşər: "Ambarsum Qalstyanın 1993-cü ildə İrəvan Şəhər Sovetinin rəhbəri postunu tərk edərkən maraqlı bir fikir işlədib: "Məni narahat edən hakimiyyətə kommunistlərin və ya daşnakların gəlmə ehtimalı deyil. Problem ondadır ki, hakimiyyətə cibgirlər gələcək". Ola bilsin ki, tarixçi olan Qalstyan bəzi şeyləri əvvəldən görə bilirmiş. "Aravot" qəzetinin fikrincə, Koçaryan təkrarən prezident seçilməsinə görə, "heç də onu seçməyən xalqa, onu dəstəkləməyən, təbliğatları qəpiyə dəyməyən partiyalara, saxtakarlıqların həyata keçirilməsinə kömək etmiş, amma yenə də ikinci dərəcəli rol oynamış güc strukturlarına borclu deyil. O, seçkidən qalib çıxdığına görə, məhz cibgirlərə minnətdardır".

Ermənistanda hakimiyyətə gəlmiş "qarabağlılar" xüsusi əziyyət çəkmədən iqtisadiyyatda lider mövqelərə yiyələniblər və nə "irəvanlılar"a, nə də diaspora manevr imkanı saxlayıblar. Son zamanın istisnası kimi yalnız Vardan Quksyanın başçılıq etdiyi "gümrülülər"i göstərmək olar. O, az qala yerli Al Kapone sayılır. Amma sonda o da könüllü şəkildə təslim olub.

2008-ci ildə "qarabağlılar" xüsusi çətinlik çəkmədən Serj Sarqsyanı prezident kürsüsünə əyləşdirə biliblər. Onlar buna kütləvi saxtakarlıqla, açıq küçə toqquşmaları ilə nail olublar. Yeri gəlmişkən, həmin qarşıdurmalar 2008-ci il martın 1-də İrəvan küçələrində kütləvi qətliamla nəticələnib. Qeyd edək ki, həmin anda "Qarabağ klanı"nın özündə ciddi parçalanma müşahidə olunmağa başlamışdı. Artıq Robert Koçaryan böyük siyasətə qayıtmaq niyyətində olduğunu açıq şəkildə büruzə verir, Serj Sarqsyan isə buna fəal şəkildə müqavimət göstərirdi. Artıq Sarqsyan "yaxın ətrafında" "Zəngəzur klanı"nı da formalaşdırmışdı. Məsələ ondadır ki, Sarqsyan Qarabağda doğulsa da, atası əslən Zəngəzurdandır. Bu amil siyasətdə də öz rolunu oynayır. Sarqsyanın yeni klanının əsas simalarından biri Suren Xaçatryan idi. "Syunik"in (Zəngəzurun ermənicə adı) qubernatoru olan Xaçatryan daha çox "Liska" ləqəbilə tanınır. Rəsmi versiyaya görə, "Lisk" müharibədə fəal iştirak etmiş şəxslərdəndir. Amma onun müharibə ətrafında, əsasən, "biznes"lə məşğul olduğuna dair iddialar da var.

"Liska"nın sürətli yüksəlişi 2013-cü il iyunun 1-də başa çatdı. Bu, onun evində Qoris meri postuna sabiq namizəd Avetik Budaqyanın ölümü ilə nəticələnmiş atışmadan sonra baş verdi. İnsident nəticəsində "Liska"nın qardaşı, hərbi hissələrdən birinin komandiri Artak Budaqyan güllə yarası alaraq hərbi hospitala yerləşdirilmişdi. Qubernatorun cangüdəni Nikolay Abramyan da hadisə zamanı yaralanaraq xəstəxanaya aparılmışdı. Bir çoxlarının iddiasına görə, faciə ilə nəticələnən qonaqlıq "Dağlıq Qarabağın prezidenti" Bako Saakayanın şərəfinə qurulubmuş. Amma insident, əslində, narkotik biznesindən gələn gəlirin bölüşdürülməsi uğrunda aparılan "razborka" idi. Söhbət artıq illərdir Azərbaycanın işğal altındakı ərazilərində çiçəklənməkdə olan biznesdən gedir. Qalmaqal nəticəsində "Liska" həbsxanaya atılmadı, amma qubernator postunu itirməli oldu.

Ovik Abramyanın Ermənistan parlamentinin spikeri seçilməsi isə artıq mübarizəyə "artaşatlıların" da qatıldığını göstərdi... Əslində, Ermənistanda hər bir az-çox əhəmiyyətə malik fiqurun öz "mini klan"ı olur.

Klanlararası savaşın əsas məqsədi isə Rusiya ilə bu və ya digər formada əlaqəli maliyyə axınını tənzimləyən strukturlara nəzarətin ələ keçirilməsi ola bilər. Bununla əlaqədar olaraq, "Çiçəklənən Ermənistan" partiyasından olan deputat David Koçaryanla bağlı vəziyyət kifayət qədər maraqlıdır. "Aravot" qəzetinin yazdığına görə, onunla bağlı növbəti qalmaqal baş qaldırmaqdadır. Qəzet bildirir ki, "Qazprom Ermənistan" şirkətinin Razdan vilayət filialında "bu yaxınlarda ciddi mübahisə yaşanıb. Mübahisə filialın rəhbəri Qagik Piliposyanla David Koçaryan arasında baş verib. Deputat bir qrup insanla bir neçə avtomobilə doluşaraq Piliposyanın rəhbərlik etdiyi ofisə "hücum" çəkib. Razdanda dolaşan söhbətlərə görə, David Koçaryan "Qazprom Ermənistan"ın bu vilayət ofisinə qardaşını rəhbər qoymaq istəyir. Mənbəmizin məlumatına görə, münaqişəyə səbəb məhz budur. Yerli mənbələrin iddiasına görə, deputat öz qardaşını yalnız bu şirkətdə işə düzəltməyə çalışmır. O, bir sıra digər gəlirli sahələrdə də eyni cəhdi göstərir". Ermənistanda belə "istiqamətlər" isə, şübhəsiz ki, onlara nəzarət etmək istəyənlərin sayı ilə müqayisədə azdır.



MƏSLƏHƏT GÖR:

526