
GEOSİYASƏT BUQƏLƏMUNLARI
Fövqəldövlətlər separatçı münaqişələrə öz maraqları prizmasından baxırlar
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Separatçılıq terrorçuluqla birlikdə müasir dövrün əsas bəlalarından biri olaraq qalır. Onlar beynəlxalq təhlükəsizliyə, qlobal yaşayışın bünövrəsinə, sözün əsl mənasında zərbədir. Amma günahkar yalnız bu və ya digər ölkədəki separatçı hərəkatlar yox, həm də dünyanın güc mərkəzlərinin siyasətidir. Onlar bir sıra hallarda öz maraqlarına uyğun olaraq, separatçılıq zəminində meydana çıxmış ərazi, millətlərarası, dövlətlərarası münaqişələrin həllində vasitəçilik missiyasını öz üzərlərinə götürürlər. Belə hallara postsovet məkanında da rast gəlinir və artıq 20 ildən çoxdur, Ermənistan tərəfindən təcavüzə məruz qalmış, qatı erməni separatçılığından əziyyət çəkən Azərbaycan xalqı buna misaldır.
Qarabağ probleminin həllində vasitəçi kimi çıxış edən ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlər ikili standartlar məsələsində zəif olduqlarını dəfələrlə sübut ediblər. Rusiya, ABŞ və Fransa keçmiş SSRİ ərazisindəki ərazi münaqişələrlə bağlı hər zaman fəal mövqe nümayiş etdiriblər. Amma nədənsə onlar separatçılığın oxşar təzahürlərinə münasibətdə beynəlxalq hüququn dövlətlərin ərazi bütövlüyü, xalqların öz müqəddəratını həll etməsi və güc tətbiq etməmə prinsipləri ilə bağlı fərqli mövqe ortaya qoyurlar. Misal kimi, özünü dünya düzəninə görə məsuliyyət daşıyan qüvvə kimi təqdim edən Birləşmiş Ştatların mövqeyini göstərmək olar.
Gürcüstanın qiyamçı Abxaziya və Cənubi Osetiya muxtariyyətləri ilə bağlı məsələdə ABŞ onların Gürcüstana tabe olmasına tərəfdar kimi çıxış edir, separatçı rejimlərin müstəqilliyini tanımış Rusiyadan öz qoşunlarını beynəlxalq birlik tərəfindən Gürcüstan ərazisi kimi tanınmış torpaqlardan çıxarmasını istəyir. Bu günlərdə ABŞ Dövlət Departamentinin rəsmisi Cen Psaki Vaşinqtonun bu mövqeyini bir daha təsdiqləyərək, Moskvanı Gürcüstanla 2008-ci ildə əldə edilmiş atəşkəs rejiminə əməl etməyə, öz qoşunlarını Abxaziya və Cənubi Osetiyadan çıxarmağa, Gürcüstanın bu qiyamçı regionlarını müstəqil dövlət kimi tanımamağa səsləyib.
Bu bəyanata səbəb Abxaziyada keçirilmiş "prezident seçkisi" olub. Qərbin aparıcı instansiyaları olan NATO və Avropa İttifaqı da daxil olmaqla, dünya birliyinin əksər üzvləri seçkinin nəticələrini tanımayıb. Analoji mövqeyi Azərbaycanın Xarici İşlər Nazirliyi ortaya qoyub. XİN Bakının "Gürcüstanın ərazi bütövlüyü və suverenliyin birmənalı şəkildə dəstəklədiyini" bəyan edib. Rəsmi Bakı bununla separatçılıqla bağlı istənilən münaqişəyə qarşı prinsipial mövqe nümayiş etdirdiyini bir daha təsdiqləyib. Bu mövqe Serbiyanın ərazi bütövlüyünün dəstəklənməsində, ondan ayrılmış Kosovonun müstəqil dövlət kimi tanınmamasında da nümayiş olunur. Azərbaycan Ukrayna münaqişəsi ilə bağlı beynəlxalq hüququn əsas normalarının müdafiəsini ardıcıl olaraq davam etdirir. Bakı Rusiyanın Krımı işğal etməsini dəstəkləmir, Ukraynanın BMT tərəfindən tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.
Amma fövqəldövlətlər, o cümlədən ABŞ, Rusiya və Fransa bu və ya digər separatçı münaqişələrə münasibətdə əsl siyasi buqələmunluq nümayiş etdirirlər. Elə həmin Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı, separatçılıqdan əziyyət çəkən, təcavüzlə üzləşmiş Azərbaycana münasibətdə Gürcüstan və Ukrayna ilə bağlı nümayiş etdirdiyi prinsipiallığı ortaya qoymur.
Bundan başqa, Kaliforniya Senatı Dağlıq Qarabağın separatçı rejiminin tanınması haqqında qətnamə qəbul edib və ABŞ Senatını analoji mövqe ortaya qoymağa çağırıb.
Yeri gəlmişkən, ABŞ-ın bu ştatının qanunverici orqanı hər zaman anti-Azərbaycan mövqeyi ilə seçilib və buna səbəb orada erməni lobbisinin böyük təsir imkanlarına malik olmasıdır. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun məlumatına görə, Kaliforniya Senatının deputatları qurumun iki erməni üzvü tərəfindən hədə və şantajlara, erməni lobbisinin təzyiqlərinə məruz qalıblar. Amma bu da qətnaməni deputatların hamısının dəstəkləməsinə kömək etməyib - 40 senatordan 17-si onun qəbulu ilə bağlı səsverməyə qatılmaqdan imtina edib. Aydındır ki, bu qətnamə rəsmi Vaşinqtonun xarici siyasi prioritetlərinə heç bir təsir göstərə bilməz. ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
Bununla yanaşı, Amerika ATƏT-in Minsk qrupunda yer aldığı 22 ildə bir dəfə də olsun, Ermənistanı Azərbaycan ərazilərinin işğalına qeyd-şərtsiz son qoymağa çağırmayıb. O, İrəvana qarşı Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərindən qoşunlarını çıxarmaq tələbi də irəli sürməyib. ABŞ Ermənistana mümkün sanksiyalar və beynəlxalq arenadan təcrid vasitəsilə təzyiq göstərməyi də düşünmür.
Amerikanın Azərbaycandakı sabiq səfiri Metyu Brayzənin fikrincə, ABŞ ATƏT-in Minsk qrupunun digər həmsədrləri olan Rusiya və Fransa ilə birlikdə BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin tələblərinə əməl olunmamasına görə bilavasitə məsuliyyət daşıyır. Söhbət erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələrdən gedir. Brayzə hesab edir ki, bu qətnamələrin tələblərinə əməl olunmaması erməni diasporunun, xüsusilə Amerika Erməni Milli Komitəsinin fəallığı ilə bağlıdır. Onlar Qarabağ münaqişəsinin başlandığı vaxtdan birtərəfli təbliğat kampaniyası aparır, Azərbaycanı təcavüzkar, Ermənistanı isə qurban kimi təqdim edirlər. Amerikalı diplomat ölkəsinin sözügedən qətnamələrin tələblərinə əməl olunmasında israr etməməsini Minsk qrupunun himayəsi altında aparılan sülh danışıqlarının nəticə verəcəyi ilə bağlı gözləntilərlə əlaqələndirir.
Şübhəsiz ki, istər erməni diasporunun fəaliyyəti, istərsə də Dağlıq Qarabağ münaqişəsinin Minsk qrupunun vasitəçiliyi ilə sülh yolu ilə həllinə ümidlər Birləşmiş Ştatların və vasitəçilik missiyasındakı tərəfdaşlarının mövqeyinə bu və ya digər dərəcədə təsir göstərir. Amma bu məqamlar istər Vaşinqtonun, istərsə də Moskva, Paris və digər fövqəldövlətlərin siyasətində ikili standartın motivlərini sonadək açmır. Çünki dünya siyasətinin nüfuzlu oyunçuları bu və ya digər münaqişənin həllində iştiraka yalnız öz geosiyasi maraqları kontekstində yanaşırlar. Bu prinsipdən asılı olaraq, beynəlxalq mübahisələrin həllində aparıcı güc mərkəzləri özlərinə sərf edən mövqe ortaya qoyurlar.
Bəs münaqişələrin həllində vasitəçiliyi üzərinə götürmüş fövqəldövlətlərin bu ikiüzlülüyü fonunda böhranlı regionlarda onların köməkliyi ilə uzunmüddətli sülhə nail olunacağına ümid etmək olarmı? Buna inanmaq çətindir. Qarabağ münaqişəsinin nizamlanma prosesinin 20 ildən artıqdır yerində sayması bunun bariz göstəricisidir.
Qeyd edək ki, həmin Meytu Brayzə ABŞ-ı Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda irəliləyişə nail olunması üçün səyləri artırmağa, hətta prezident Barak Obamanın və dövlət katibi Con Kerrinin Azərbaycan və Ermənistan prezidentlərinin dialoqunda şəxsən iştiraklarına çağırış edib. Amma vasitəçi dövlət başçısının danışıqlar prosesində iştirakı münaqişənin sülh yolu ilə həllinə təkan vermək iqtidarındadırmı? Hər halda, yüksək səviyyədə vasitəçilikdə indiyədək yaşanmış təcrübə (məsələn, Rusiya və Fransa prezidentlərinin şəxsi vasitəçilik səyləri) Qarabağ probleminin həllində müsbət nəticələrə səbəb olmayıb. Məhz ikili standartların nəticəsidir ki, ABŞ, Rusiya və Fransa problemin guya dəstəklədikləri beynəlxalq hüquq prinsipləri əsasında nizamlanmasından çox, öz şəxsi maraqları haqda düşünürlər.
Bütün bunları nəzərə alan Azərbaycan dünya siyasətinin aparıcı mərkəzlərinin müasir dünya düzəninin aktual problemlərinin həllində, terrorçuluq və separatçılıqla mübarizədə beynəlxalq qanunvericiliyə qəti şəkildə əməl edilməsini tələb edir. Bakının tələbi ondan ibarətdir ki, onlar öz maraqlarına uyğun olaraq, bu və ya digər ekstremizm təzahürləri arasında ayrı-seçkilik qoymamalıdırlar.
MƏSLƏHƏT GÖR: