
QARABAĞ MÜNAQİŞƏSİ DALANDA
Neqativ reallıqlar fonunda pozitiv çağırışlar
Müəllif: Rasim MUSABƏYOV, politoloq, Milli Məclisin deputatı Bakı
2012-ci il Dağlıq Qarabağ münaqişəsinin həlli kontekstində pozitiv başladı. Yanvarda prezidentlər İlham Əliyevlə Serj Sarqsyan Soçidə bir araya gəldilər. Bu, Rusiya prezidenti kimi fəaliyyət müddətini başa vurmaqda olan Dmitri Medvedevin təşkilatçılığı ilə keçirilmiş son görüş idi. Soçi danışıqlarının sonunda tərəflər münaqişənin həlli üzrə baza prinsipləri üzərində işlərin intensivləşdiriləcəyini bəyan etdilər. Vasitəçilərin humanitar əlaqələri inkişaf etdirməsinə dəstək, ziyalılar, elm nümayəndələri və ictimai dairələr arasında bundan sonra da dialoqun qurulmasına köməklik göstərilməsinə hazırlıq kimi ifadə olundu. Ermənistan və Azərbaycan prezidentləri danışıqlarda irəliləyişə nail olunması üçün maksimalist mövqedən geri çəkilməyin vacib olduğuna dair razılığa da gəldilər.
Lakin əslində proseslər əks, yəni neqativ istiqamətdə inkişaf etməyə başladı. Qoşunların təmas xəttində atəşkəsin pozulması halları intensivləşdi, demək olar ki, gündəlik hala çevrildi, hərbçilərin ölümü və yaralanması halları artdı. Kəşfiyyat qrupları zaman-zaman tərəflərin hərbi hazırlıq vəziyyətini yoxlamaq üçün hərəkətə keçir. Son belə hadisə iyunun əvvəlində baş verdi və təxminən, 10 nəfərin ölümü ilə nəticələndi.
Erməni diplomatiyası və təbliğatı hərbi gərginliyin artmasına görə məsuliyyəti Azərbaycanın üzərinə qoymağa çalışır. İrəvan Bakını silahlanma yarışını genişləndirməkdə, snayperləri təmas xəttindən çəkməkdən imtinada günahlandırır. Onlar hərbi qarşıdurmanın əsl səbəbini mötərizə xaricinə çıxarmağa çalışır. Söhbət BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, BMT Baş Assambleyasının qərarına, AŞPA və Avropa Parlamentinin tövsiyələrinə, İslam Əməkdaşlıq Təşkilatının tələblərinə rəğmən ermənilərin Azərbaycanın işğal altındakı rayonlarını boşaltmamasından gedir.
Son zamanlar Ermənistan, hətta Qarabağ münaqişəsinə birbaşa hərbi aidiyyətinin olduğunu da gizlətmir. Minlərlə çağırışçı, həmçinin, Ermənistan ordusunun zabitləri istəklərinin əksinə olaraq Qarabağa göndərilir. Oraya hərbi texnika cəmlənir. Bu texnikalar arasında Ermənistanın Rusiyadan aldığı ortamənzilli "Skad" raketləri, "C-300" HHM kompleksləri, hərbi təyyarələr və vertolyotlar, "Tayfun" yaylım atəşi qurğuları da var. Bütün bunlar mayın 9-da Dağlıq Qarabağda Şuşanın işğalının 20 illiyinə həsr olunmuş hərbi paradda həyasızcasına nümayiş etdirilib. Ermənistan prezidenti Serj Sarqsyan, müdafiə naziri Seyran Ohanyan Azərbaycanın işğal altındakı ərazilərində keçirilən hərbi təlimlərə açıq şəkildə rəhbərlik edir. Əslində, ermənilər Azərbaycan ərazilərinin işğalını leqallaşdırmaq, dünyanı bununla barışmaq məcburiyyətində qoymaq üçün əlindən gələni edir.
Ermənistan əməlləri ilə eyni zamanda Bakını təxribata çəkir, onu təcavüzkar, hərbi əməliyyatların bərpasına görə günahkar tərəf kimi göstərməyə imkan verəcək addımlara sövq edir. Onlar öz hərbçilərinin hazırladıqları hərbi əməliyyatlara məcburi, müdafiə xarakterli əməllər donu geyindirməyə çalışır. Azərbaycanın demoqrafik, maddi-iqtisadi, indi isə həm də hərbi baxımdan bir neçə dəfə güclü olması onlarda yalnız narahatlıq deyil, həm də qorxu yaradır. İrəvan qəzetləri durmadan ləngiməyin yolverilməz olduğunu, əks təqdirdə, Azərbaycanın üstünlüyünün bir neçə dəfələrlə ölçüləcəyini, Ermənistanın onunla hərbi qarşıdurmaya getmək şanslarının qalmayacağını yazır. Məhz bu baxımdan bəziləri önləyici müharibə, yeni ərazilərin işğalına çağırışlar edir və bununla Bakının ermənilərin şərtləri əsasında sülhə razılaşacağını mümkün sayır. Belə düşünənlər gözlənilməz və qısamüddətli əməliyyatın uğuruna ümid bəsləyir. Uzunmüddətli hərbi əməliyyatlar üçün ermənilərin nə demoqrafik, nə də maddi-iqtisadi imkanları var. Bəlkə də Azərbaycana zərbələrin endirilməsi, ona mümkün olan maksimum zərərin vurulması, daha sonra isə cavab addımlarından qorunmaq üçün KTMT-nin prosesə cəlb olunması nəzərdə tutulur. Ermənilər hər şeyin uğursuz alınacağı təqdirdə, yalnız Moskvanın köməyinə yox, Qərbdəki ənənəvi himayədarları və lobbiçilərinin də dəstəyinə ümid edir. Onlar düşünür ki, həmin qüvvələr müharibənin Ermənistan ərazisinə keçməsinə imkan verməyəcək və əməliyyatların qarşısını alacaq. Hərbi gərginliyin artırılması dolayısı ilə Ermənistana başqa məqsədlə də lazımdır: KTMT-nin Ermənistan və Şimali Qafqazda keçirməyi planlaşdırdığı hərbi təlimlər erməni ssenarisi üzrə gerçəkləşsin, açıq şəkildə antiazərbaycan yönümlü olsun.
Bütün bunlar avantürizm olsa da, Ermənistanın Qarabağ müharibəsində yetişmiş səhra komandirlərindən ibarət hazırkı siyasi və hərbi elitasının ruhuna uyğundur.
Dağlıq Qarabağ münaqişəsinin həllinin dalana dirənməsi və Azərbaycanla Ermənistan arasında artmaqda olan qarşıdurmanın təhlükəli simptomları region və dünya fövqəldövlətlərinin, beynəlxalq təşkilatların diqqətindən yayınmayıb. Bu gün əsas diqqət İran və Suriya problemlərinə, dünya iqtisadiyyatındakı böhrana yönəlsə də, Rusiya, ABŞ və Fransa prezidentləri "G20" ölkələrinin Meksikadakı sammitində Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanatla çıxış etməyi lazım biliblər. "Biz - ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr - Fransa, Rusiya və ABŞ prezidentləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tam sadiqlikdə həmrəyik. Münaqişə tərəfləri sülh yolu ilə möhkəm nizamlanmaya nail olunması üçün vacib olan qərarların qəbulunu uzatmamalıdır. Azərbaycan və Ermənistan prezidentlərinin 2011-ci il mayın 26-da Dövildə qəbul etdiyimiz bəyanata uyğun olaraq, qəti addımlar atmamalarından təəssüflənirik", - deyə Vladimir Putin, Barak Obama və Fransua Ollandın birgə bəyanatında bildirilir.
Onlar Ermənistan və Azərbaycan prezidentlərinə danışıqlar zamanı maksimalist mövqedən çəkilməyi, 1994-cü ildə əldə olunmuş atəşkəs razılaşmasına hörmət etməyi, gərginliyi artıran sərt ritorikadan uzaq olmağı tövsiyə ediblər: "Biz liderləri Helsinki Yekun Aktının xüsusilə güc tətbiq etməmək və ya güc tətbiqi ilə hədələməmək, ərazi bütövlüyü, xalqların müqəddəratını təyinetməsi prinsiplərinə, həmçinin, ölkələrimiz tərəfindən 2009-cu ildə Akvildə, 2010-cu ildə isə Muskokda qəbul edilmiş bəyanatlarda yer almış nizamlama elementlərinə əsaslanmağa çağırırıq".
Həmsədr ölkələrin prezidentləri tərəfindən qəbul edilmiş bəyanatda daha sonra birmənalı şəkildə deyilir: "Bütünlükdə regionun hazırkı status-kvo çərçivəsindən təhlükəsiz və çiçəklənən gələcəyə çıxmasına yalnız münaqişənin sülh yolu ilə həlli imkan verə bilər. Ölkələrimiz bundan sonra da tərəflərlə sıx şəkildə işləyəcək. Biz tərəfləri Minsk qrupu həmsədrlərinin vasitəçi qismində köməyindən tam istifadəyə çağırırıq. Bununla belə, yekunda sülh tərəflərin qarşılıqlı anlaşma şəraitində razılığa gəlib-gəlməyəcəyindən asılı olacaq".
Həmsədr ölkə başçılarının Los-Kabos bəyanatında sanki əvvəllər də dəfələrlə səsləndirilmiş tezislər təkrarlanır. Diqqətçəkən bu dəfə bəyanatda öyüdverici tonun artması və münaqişənin həllinə dair baza prinsiplərinin "Madrid prinsipləri" adlandırılmamasıdır. Bu baxımdan düşünmək olar ki, "Madrid prinsipləri" əsasında aparılan danışıqların nəticə verməyəcəyi anlaşılıb və tərəflərə hansısa yeni təkliflər təqdim olunub. Güman ki, onlara marağın ortaya çıxacağı təqdirdə, həmin təkliflər yeni sənədin əsasını təşkil edəcək. Yeri gəlmişkən, ABŞ dövlət katibi Hillari Klinton da Cənubi Qafqaza bu yaxınlarda etdiyi səfəri zamanı bu haqda danışmışdı.
Görünür, yeni təkliflərlə bağlı ilkin müzakirələr Elmar Məmmədyarovla Edvard Nalbandyanın iyunun 18-də Parisdə baş tutmuş görüşlərində aparılıb. Həmin görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Jak For (Fransa) və İqor Popov (Rusiya), həmçinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspirşik də iştirak ediblər. ATƏT-in mətbuat xidmətindən verilən məlumata görə, Parisdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, humanitar sahədə əlaqələrin inkişafı üzrə görüləcək işlər, insidentlərin araşdırılması mexanizminin işə salınması, həmçinin, tarixi və mədəni əhəmiyyətli obyektlərin müdafiəsi yolları müzakirə olunub. Görüş zamanı həmsədrlərin iyulun sonlarında regiona səfər edəcəkləri də bəyan olunub.
Əlbəttə ki, bütün bu məqamlar vacibdir. Amma XİN başçılarının Paris görüşü və ABŞ, Rusiya, Fransa prezidentlərinin birgə bəyanatını şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi Elman Abdullayevin də qeyd etdiyi kimi, "Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin irəli aparılmasının əsas şərti erməni silahlı birləşmələrinin Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılmasıdır. Bu proses üçün yeni imkanları yalnız bu, aça bilər. Bakının mövqeyi dəyişməzdir - erməni silahlı qüvvələri işğal olunmuş Azərbaycan torpaqlarından çıxmalıdır. Bundan sonra təmas xəttində insidentlərə də son qoyulacaq".
Bu tezisi iyunun 21-də Fransanın Bakıya yeni təyin olunmuş səfiri Paskal Monini qəbul edərkən XİN başçısı Elmar Məmmədyarov da təkrarlayıb. O bildirib ki, münaqişənin həllini uzatmaq yolverilməzdir. Münaqişənin həlli üçün ilk növbədə, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılmalı olduğunu deyən nazir bildirib ki, "Azərbaycan ərazilərinin işğalı faktı olduğu kimi təqdim edilməlidir".
Bu arada ABŞ Senatının xarici əlaqələr komitəsi Riçard Morninqstarın Birləşmiş Ştatların Azərbaycandakı səfiri postuna namizədliyini təsdiqləyib. O, senator Bokserin suallarını cavablandırarkən bildirib ki, səfir təyin olunacağı təqdirdə, "atəşkəs rejiminə hörmətlə yanaşmağa və ona əməl etməyə çağırmaq" üçün Minsk qrupunun amerikalı həmsədri Robert Bradtke və Azərbaycan hökuməti ilə ən yüksək səviyyədə işləyəcək.
Riçard Morninqstar kimi təcrübəli və nüfuzlu diplomatın Bakıya səfir təyin olunması Vaşinqtonun Azərbaycana xüsusi diqqətinin göstəricisidir və bu, dolayısı ilə ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində rolunu artırmaq niyyətindən xəbər verir. Bu, Vladimir Putinin prezident seçilməsindən sonra, Rusiyanın Ermənistan-Azərbaycan danışıqlarına ən yüksək səviyyədə vasitəçilik etmək marağının azalması fonunda daha da vacib xarakter daşıyır.
Dünyanın aparıcı "beyin mərkəzləri" Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli istəyinin səmimiliyinə şübhə ilə yanaşır. Bu yaxınlarda Britaniyanın "Chatham House" Beynəlxalq Münasibətlər Kral İnstitutu "Uzanan vidalaşma: Rusiyanın Cənubi Qafqazda və Mərkəzi Asiyadakı nüfuzunun sönməsi" adlı məruzə açıqlayıb. Müəllifi Ceyms Niksi olan məruzədə bildirilir ki, Rusiyanın Cənubi Qafqaz və Mərkəzi Asiyadakı nüfuzu azalır. Lakin Rusiya bununla mübarizə üçün bir sıra alətlərdən istifadə edir. Məruzənin bir hissəsi ayrıca olaraq Dağlıq Qarabağa həsr olunub. Orada bildirilir ki, "Dağlıq Qarabağ münaqişəsində Rusiyanın Ermənistana dəstəyi onun bir neçə marağı ilə bağlı olub: Türkiyənin təsir imkanlarının məhdudlaşdırılması, müstəqilliyin ilk illərindəki rusofobiyalı Azərbaycanla mübarizə və Rusiyadakı çoxsaylı erməni diasporunun da əks olunduğu mədəni əlaqələr". Müəllifin fikrincə, Dmitri Medvedevin prezidentliyi dövründə danışıqlar prosesinin irəli aparılması üçün nəzərəçarpacaq səylər göstərilsə də, "...Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllindəki vasitəçiliyinə öz nüfuzu nöqteyi-nəzərindən yanaşır və o, münaqişənin həllində həqiqətən maraqlı ola bilməz".
ABŞ, Avropa, Gürcüstan və Azərbaycandan olan bəzi analitiklər öz qiymətləndirmələrində daha da uzağa gedir. Onların iddiasına görə, Moskva Ermənistan-Azərbaycan qarşıdurmasının həll olunmamış qalmasında maraqlıdır. Həmin analitiklər hesab edir ki, bu, Moskvaya 2008-ci ilin avqustunda Gürcüstanda olduğu kimi, özünə lazım olduqda hərbi əməliyyatları "işə salaraq", Azərbaycan üzərində nəzarətini bərpa etməsi üçün lazımdır.
Amma buna əks olan fikir də əsaslı görünür. Vladimir Putinin MDB-nin Vahid İqtisadi Məkan və Avrasiya İttifaqı vasitəsilə reinteqrasiya olunması planına Cənubi Qafqazın cəlbi yalnız Azərbaycanda buna maraq yaratmaqla mümkündür. Bunun üçün isə Moskvanın Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişdən başqa təklif edə biləcəyi heç nə yoxdur. Ermənistan KİV və analitikləri də belə narahatlığın olduğunu bildirir və Serj Sarqsyan hökumətinə xarici siyasi kursun vaxtında Qərbə tərəf döndərilməsini tövsiyə edir.
ABŞ, Rusiya və Avropa İttifaqının Qarabağ nizamlanması kontekstində irəli sürəcəyi təşəbbüslər haqda, bu geosiyasi mərkəzlərin öz avtoritetindən istifadə edərək həmin təşəbbüsləri reallaşdırmaq əzmində olub-olmaması barədə indidən fikir söyləmək çətindir. Bu problemlə bağlı indiyəqədərki təcrübə göstərib ki, ermənilərin "ağlına", Bakının isə "güzəştə gedəcəyi"nə ümid etməyə dəyməz. Üstəlik, 2013-cü ildə həm Ermənistanda, həm də Azərbaycanda prezident seçkisi keçiriləcək. Bu halda opponentlərin tənqid atəşinə tutduğu kompromislərə getmək həm son dərəcə çətin, həm də təhlükəlidir. Odur ki, Minsk qrupu və XİN-lər səviyyəsində danışıqlar az və ya çox intensivliliklə aparılacaq, hansısa yeni ideya və təkliflər qiymətləndiriləcək. Amma hələlik prosesdə hansısa irəliləyişin olması ehtimalı isə çox azdır.
MƏSLƏHƏT GÖR: