Müəllif: Redaksiya
Krans Montana Forumu Bakıda, təxminən, 1 ay əvvəl açılmış unikal memarlıq qurğusu olan Heydər Əliyev Mərkəzində keçirilən ilk nəhəng beynəlxalq tədbir oldu. Dünyaca məşhur memar Zaha Hadid tərəfindən layihələndirilmiş müasir, çoxfunksiyalı bina möhtəşəmliyi və gözəlliyi ilə qonaqları valeh edib. Bu onların Azərbaycan paytaxtında gördükləri inkişafla bağlı fikirlərini daha da möhkəmləndirib. Birləşmiş Ərəb Əmirliklərinin Füceyra Əmirliyinin şahzadəsi Şeyx Məhəmməd Hamad bin Məhəmməd əl-Şərqinin jurnalımıza müsahibəsində etiraf etdiyi kimi, Bakı öz gözəlliyi və inkişafı ilə onu heyran qoyub. Paytaxtda gördüklərindən heyrətləndiklərini digər qonaqlar da gizlətməyib.
Sayca 23-cü illik Krans Montana Forumunun əsas məqsədi 2013-cü ildə Bakıda keçiriləcək növbəti mədəniyyətlərarası Ümumdünya forumuna hazırlıqla bağlı idi. Bu, təsadüf deyil. Tarixi yol olan Qərblə-Şərqin kəsişməsində yerləşən Azərbaycan, sivilizasiyalar arasında dialoqun mərkəzinə çevrilib. «Azərbaycan tarixən, əsrlərboyu müxtəlif mədəniyyətlərin, müxtəlif millətlərin sülh şəraitində yaşadığı bir məkan olub. Ona görə də bizim ölkədə belə tədbirlərin keçirilməsi, müxtəlif millətlərin, mədəniyyətlərin nümayəndələrinin bir araya gəlməsi, birlikdə işləməsi, müzakirələrin, debatların keçirilməsi bizim üçün çox təbii bir haldır», - deyə Azərbaycan Prezidenti İlham Əliyev forumun açılışı zamanı etdiyi çıxışında bildirib.
Azərbaycan mədəniyyətlər arasında dialoqun təşəbbüskarı ilə çıxış edərkən debatlar və müzakirələrlə kifayətlənmir, müxtəlif mədəniyyətlərin tarixi irslərinin bərpası və qorunması üçün konkret layihələr reallaşdırır. Məsələn, iyunda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondu və Müqəddəs Taxt-Tac arasında «Roma katakombalarının bərpasına dair Saziş» imzalanıb. Romada bu sənədə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri kardinal Can Franko Ravazi imza atıblar. Kardinal Ravazi bu sənədin imzalanmasını dinlər və mədəniyyətlər arasında dialoqun parlaq nümunəsi kimi qiymətləndirib.
Bununla yanaşı, rəsmi Bakı heç də yalnız mədəniyyətlərarası münasibətlər sahəsində dialoq və praktiki addımlara açıqlıq nümayiş etdirmir, Bakıda keçirilmiş Krans Montana Forumunun iştirakçılar siyahısına diqqət yetirdikdə, orada Azərbaycan qazının potensial alıcıları sayılacaq çoxlu sayda ölkələrin adına rast gəlmək mümkündür. Bu, enerji təhlükəsizliyi məsələsinin müzakirəsi zərurətini də meydana çıxarıb.
Tədbiri açan Krans Montana Forumunun təsisçisi və prezidenti səfir Jan-Pol Karteron deyib: «Biz bilirik ki, Azərbaycan Avropa İttifaqının enerji təchizatçılarından biridir. Biz görürük ki, bu gün qarşımızda həmin o tarix yazılır. İqtisadi əhəmiyyət artır. Artıq bizim əlimizdə məşəl yanır. Bu məşəl, alov artıq güclənir».
Azərbaycan Prezidenti İlham Əliyev isə öz növbəsində, açıq dialoqun aparılmasını, enerji təhlükəsizliyinə mane olan bütün məqamların müzakirəsini təklif edib: «Azərbaycanın enerji ehtiyatları bəzi Avropa ölkələrinin, ümumilikdə, enerji balansının 25-30 faizini təşkil edir və bu rəqəm artır. Azərbaycan, əsasən, neft ölkəsi kimi tanınıb. Belə ki, ilk dəfə nefti Azərbaycanda tapmışdılar və quruda da ilk dəfə neft Azərbaycanda hasil olunmuşdu. İndi Azərbaycan bütün qlobal enerji təhlükəsizliyi məsələlərində həm də böyük qaz ehtiyatlarına malik ölkə kimi tanınıb».
Azərbaycan nəhəng enerji resursları ehtiyatına malik olduğunu bəyan etməklə yanaşı, həm də onların istehlakçılara çatdırılması üçün konkret yollar da təklif edir. Rəsmi Bakı mərhələli şəkildə elan etdiyi bütün layihələri reallaşdırmaqla siyasi iradəsini, məqsədlərinin ciddi olduğunu da nümayiş etdirir. İyunda Türkiyə ilə Azərbaycan arasında Transanadolu qaz kəmərinin tikintisinə dair imzalanmış razılaşmanı bunun son nümunəsi saymaq olar.
Beləliklə, Bakı ilə Ankara Xəzər, Qara dəniz və Aralıq dənizi arasında dəhliz açıb. İndi top Azərbaycan qazının potensial alıcılarındadır. Onlar isə Avropa ərazisinə aparan marşrutlarla bağlı heç cür yekun qərara gələ bilmirlər. Nəzəri olaraq daha böyük maraq məhz onlardan - enerji təhlükəsizliyinin təminində maraqlı olanlardan gəlməli olsa da, əməldə həmin ölkələrin iqtisadi maraqları ilə siyasi maraqları üst-üstə düşmür.
Bakı isə öz potensialına, milli mənfəətinə, istehlakçıların artan tələbatına və qonşularının maraqlarına əsaslanaraq, enerji resurslarının ixracı yollarının diversifikasiyasına yönəlmiş praqmatik siyasətini davam etdirir. «Bütün bu layihələr Azərbaycanın qonşularına da fayda verəcək. Biz bununla həm regionda, həm də ümumiyyətlə, qitədə enerji xəritəsini dəyişmiş olacağıq», - deyə İlham Əliyev bildirib. O, forum iştirakçılarının diqqətini Azərbaycanın başladığı heç bir layihənin uğursuzluğa düçar olmadığına da çəkib.
Qeyd edək ki, Krans Montana Forumunun Bakı toplantısında Gürcüstan, keçmiş Yuqoslaviya respublikaları - Makedoniya və Monteneqronun prezidentləri, müxtəlif ölkələrdən olan ictimai xadimlər, parlamentarilər, ziyalılar, biznes dairələrinin təmsilçiləri də iştirak ediblər.
Krans Montana Forumu 1986-cı ildə İsveçrənin rəsmi şəxslərinin dəstəyi ilə yaradılmış beynəlxalq təşkilatdır. Dünyada böyük nüfuza sahib olan bu qurum BMT, Avropa İttifaqı, Avropa Şurası, həmçinin, YUNESKO, İSESKO və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Forumun təsisçisi və prezidenti səfir Jan-Pol Karterondur. Beynəlxalq əməkdaşlıq və dialoqun dəstəklənməsi məqsədilə yaradılmış qurumun işində Azərbaycan da fəal şəkildə iştirak edir.
MƏSLƏHƏT GÖR: