
İDDİALI NİYYƏT
"Avro - 2020" Azərbaycan və Gürcüstanda: arzu, yoxsa reallıq?
Müəllif: Nadir XOSROVoğlu Bakı
Azərbaycan Gürcüstanla birlikdə futbol üzrə Avropa Çempionatını təşkil etmək iddiasını ortaya qoyub. Bu məqsədlə AFFA prezidenti Rövnəq Abdullayevlə Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Siçinava Batumi şəhərində görüşərək qitə birinciliyinin birgə təşkil edilməsi ilə bağlı vacib məsələləri müzakirə ediblər. Qərara alınıb ki, tez bir zamanda işçi qrupu yaradılsın və çempionat oyunlarının hansı şəhərdə keçirilməsinin mümkün olacağı dəqiqləşsin.
AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan və Gürcüstanın 2020-ci ildə Avropa Çempionatını keçirmək arzusunun reallaşmasını mümkün sayır. O, bu barədə belə deyib: "Bu, ciddi layihədir. İstəyimizə çatacağımıza inanırıq. Bu işdə dövlət rəhbərliyinin dəstəyinə arxalanırıq. Azərbaycanla Gürcüs-tan arasındakı münasibətlər çox yüksək səviyyədədir. Bunlara arxalanaraq, ağır yükün altına girməyi qərara aldıq. FİFA U-17 qızlar arasında Dünya Çempionatının keçirilməsini Azərbaycana həvalə etməklə bizə böyük etimad göstərib. Biz bu yarışı yüksək səviyyədə keçirdikdən sonra, FİFA və UEFA Avropa Çempionatını keçirmək gücündə olduğumuza əmin olacaq. Ola bilər ki, bundan sonra şansımız daha da artsın. FİFA və UEFA-nı inandırmalıyıq ki, bizim kimi kiçik ölkələr də belə mötəbər turnirləri keçirə bilər".
Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Siçinava da "Avro - 2020" barədə nikbin danışıb: “Biz "Avro - 2020" ilə bağlı qələbəyə köklənmişik. Yaxın günlərdə təşkilat komitəsi yaradılacaq. Bakı şəhərində görüşlərimiz olacaq. Orada qitə çempionatını hansı şəhərlərdə keçirmək istəyimizi açıqlayacağıq. Şanslara gəlincə, Almaniya və Hollandiya geri çəkildikdən sonra şanslarımız realdır. Açılış və final oyunlarının harada olacağını hələlik müzakirə etməmişik".
UEFA iyunun 30-na qədər "Avro -2020"yə ev sahibliyi etmək istəyən ölkələrin namizədliyini təsdiqləməlidir. Azərbaycan-Gürcüs-tan cütlüyü ilə yanaşı, bu mötəbər yarışı keçirmək istəyənlər arasında Türkiyə və Şotlandiya-İrlandiya-Uels üçlüyü də var. Etiraf etmək lazımdır ki, Türkiyənin şansları daha çoxdur. Əgər qardaş ölkə 2020-ci il Olimpiadasına olan iddiasından əl çəksə, UEFA Avropa Çempionatını Türkiyəyə həvalə edə bilər.
Azərbaycan və Gürcüstana gəldikdə isə, qısa zaman ərzində təşkilat komitəsi UEFA-ya şəhərlərin infrastrukturu, hava limanı və digər vacib məsələlər barədə məlumat verməlidir. "Avro - 2020"ni keçirmək ölkələrimizə ayrı-ayrılıqda 100 milyonlarla avroya başa gələcək. Lakin tək maliyyə ilə iş bitmir. "Avro - 2020"ni keçirmək istəyən ölkə UEFA-nın bir sıra şərtlərinə cavab verməlidir.
Azərbaycan və Gürcüstanda futbol o qədər yüksək səviyyədə olmasa belə, bu ölkələr artıq UEFA-nın rəğbətini qazanıb. Avropa futbol qurumu son illər qitə birinciliyini futbolun zəif inkişaf etdiyi ölkələrə həvalə etməyə çalışır. Bu mənada Azərbaycanla Gürcüstan ümidləri doğrulda bilər. Xüsusən də nəzərə alsaq ki, artıq Azərbaycanı dünyada idman ölkəsi kimi tanıyırlar. Bu ilin sentyabrında ölkəmiz 17 yaşlı qızların Dünya Çempionatına, 2016-cı ildə isə yeniyetmələrin Avropa Çempionatına ev sahibliyi edəcək. Bunun özü artıq UEFA-nın Azərbaycanın təşkilatçılıq təcrübəsinə etibar etdiyini göstərir.
Digər vacib məqam stadionlardakı ot örtüyü ilə bağlıdır. "Avro - 2012" ərəfəsində Polşaya səfər edən Mişel Platini stadionların birində ot örtüyünü bəyənmədi. Nəticədə, təşkilatçılar tez bir zamanda örtüyü dəyişdilər. Yəni belə olacaq halda UEFA-nın tələbi dərhal yerinə yetirilməlidir. Stadionların tutumu, şəraiti, yerləşdiyi ərazinin geniş olması, şəhər infrastrukturunun inkişaf etmiş olması da çox vacibdir. Bura beynəlxalq hava limanları, mehmanxanalar, rahat nəqliyyat və s. daxildir. Əlbəttə, Azərbaycan "Avroviziya" mahnı müsabiqəsində deyilənləri yüksək səviyyədə yerinə yetirdi. Mövcud stadionların yenidən qurulması və yenilərinin tikintisi də artıq getməkdədir. Amma "Avro - 2020" miqyasına görə, daha böyük tədbirdir. Ölkəyə gələcək çoxlu sayda azarkeş "Avroviziya"da olduğu kimi bir həftə deyil, təxminən, bir ay Azərbaycanda qalacaq. Mahnı müsabiqəsindən fərqli olaraq, çempionatın keçirilmə müddəti daha böyükdür. Mehmanxanalara gəldikdə, şəraitlə yanaşı, qiymət də vacibdir. Çünki sıravi avropalı orta qiymətə, imkan daxilində isə daha ucuz otel axtaracaq.
Son məqam isə Azərbaycanla Gürcüstandakı futbolun aşağı səviyyədə olması ilə bağlıdır. Məlumdur ki, bu iki ölkə "Avro - 2020"ni keçirsə, onların milli komandaları seçmə mərhələdən kənar birbaşa finala vəsiqə qazanacaq. Ona görə nəticələri yaxşılaşdırmaq lazımdır. Xüsusilə yeniyetmə və gənclərin komandasında qələbə çox vacibdir. Çünki 2020-ci ildə Azərbaycan millisinin şərəfini məhz indiki yeniyetmələr qoruyacaq.
Maraqlıdır ki, indiyə qədər Avropa Çempionatı yalnız üç dəfə 2 ölkəyə həvalə edilib. 2000-ci ildə yarış Belçika-Hollandiya, 2008-də Avstriya-İsveçrə və bu il Polşa-Ukrayna cütlüyünə həvalə edilib. Adıçəkilən ölkələrdən Hollandiya futbol ölkəsi kimi tanınır. Digərləri isə qitənin ortabab komandalarıdır. Avropa Çempionatını keçirmək üçün, heç olmasa, ortabab futbol ölkəsi olmaq vacibdir.
Azərbaycanla Gürcüstana "Avro - 2020" üçün ümumilikdə 8 stadion lazımdır. Onların azarkeş tutumu 35 000 - 55 000 arasında olmalıdır. Şəhərlərə gəldikdə, Azərbaycan 4 və ya 5 şəhərində futbol oyunlarını keçirmək iddiasını irəli sürə bilər. Yekun qərar isə UEFA tərəfindən veriləcək. Həmin şəhərlərdə stadionla yanaşı, otel, hava limanı, şəhər nəqliyyatı, eləcə də əyləncə məkanlarının olması vacib şərtdir.
Beləliklə, Azərbaycan daha bir mötəbər yarışı keçirmək iddiasını ortaya qoyub - bu dəfə qonşu Gürcüstanla birlikdə. UEFA-nın qitə birinciliyini bu iki ölkəyə etibar edib-etməyəcəyini zaman göstərəcək. Lakin artıq Azərbaycanla Gürcüstanın bu iddiada olmasının özü belə çox mətləblərdən xəbər verir.
MƏSLƏHƏT GÖR: