
İNSAN PORTRETİ
Oqtay Sadıqzadə, Azərbaycanın xalq rəssamı: "Həyat o qədər qısa və anlaşılmazdır ki, hətta yolun sonunda belə, onun mənasını izah edə bilmirsən"
Müəllif: Nərminə VƏLİYEVA Bakı
Xalq rəssamı Oqtay Sadıqzadə yalnız Azərbaycanda yox, onun sərhədlərindən kənarda da çox məşhurdur. Onun əsərləri Rusiya, ABŞ, Kanada, Almaniya, Fransa, Türkiyə, İsrail, Pakistan kimi ölkələrin bir çox muzeylərində dəfələrlə nümayiş etdirilib. Ötən il 90 illik yubileyində isə Oqtay Sadıqzadə Vətən qarşısındakı xidmətlərinə görə "Şərəf" ordeninə layiq görülüb. Hazırda o, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının kitab qrafikası kafedrasında gənc rəssamlara kitabların tərtibatının, ədəbi əsərlərdə şəkillərin təqdimatı yollarını öyrədir.
- Oqtay müəllim, əvvəlcə ailəniz haqda danışın...
- Ulu babam Seyid Sadıq din xadimi Mir Həsənin oğlu olub və İçərişəhərdə yaşayıb. Onu orada xeyirxah, alicənab insan kimi tanıyıblar. Naviqasiyanı yaxşı bilib və ticarət gəmisində losmanlıq edib. Atam Seyid Hüseyn gözəl yazıçı, ədəbiyyatın, poeziyanın və milli müstəqillik ideyasının vurğunu olub. Çox yazıb, qəzet və jurnallarda məqalələri çıxıb. Anam Umgülsüm xanım Məmmədəmin Rəsulzadənin qohumu olub. Hüseyn Cavid və xanımı valideynlərimi Cəlil Məmmədquluzadənin "Ölülər" tamaşasının premyerası zamanı tanış ediblər.
Mən uşaqlıqdan rəssam olmaq arzusunda idim. Atam bu işdə məni dəstəkləyirdi: o özü də pis çəkmirdi və rəssamlıqla maraqlanırdı. Rəssamlığı da bacaran yazıçı və şairənin oğlu kimi, məni həm rəssamlıq, həm də ədəbiyyat eyni dərəcədə cəlb edirdi. Rəsm çəkməyi sevirdim, amma şeir yazmaq da xoşuma gəlirdi. Anam məni buna həvəsləndirirdi. Füzulinin, Natəvanın yaradıcılığının vurğunu olan anam məni, həmçinin, kiçik qardaşlarım Toğrul və Cığatayı, bacım Qumralı yüksək poeziyaya qoşmaq istəyirdi. O, bizə lap uzaq yaşlarımızdan Azərbaycan şairlərinin və özünün yazdığı şeirləri oxuyurdu.
- Amma siz rəssamlığı seçdiniz...
- 1935-ci ildə rəssamlıq məktəbinə qəbul olundum. Ozamankı müəllimlərdən rəssam Piralovu minnətdarlıqla xatırlayıram. Yeri gəlmişkən, mənimlə eyni qrupda sanki ən istedadlı uşaqlar yığışmışdılar. Azərbaycan rəssamlıq sənətinin gələcək korifeyləri Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Qafar Seyfullayev mənimlə bir qrupda təhsil alıblar. Məktəbdə yaradıcılıq və bilik ruhu hökm sürürdü. İlboyu etüdlərə gedirdik. İmtahan baxışları zamanı o qədər rəsm yığılırdı ki, onları asmaq üçün divarlarda yer çatışmırdı. Əsərləri döşəməyə düzməli olurduq. Bir sözlə, məktəb illəri çox dolğun keçib. Məktəbdə ədəbiyyatla da maraqlanırdım. Dərsdən sonra evdə Floberi, Balzakı, Hüqonu, Dikkensi, Rablı, Tolstoyu, Sabiri, Hüseyn Cavidi oxuyurdum. Atamın əsərləri də çox xoşuma gəlirdi.
Amma bizim bütün ailə xoşbəxtliyimiz bir anın içində məhv oldu. 1937-ci ildə valideynlərimi xalq düş-məni kimi həbs etdilər. Atamı DİXK binasında güllələdilər, anamı isə 8 il müddətinə Mordoviyaya sürgün etdilər. Anam orada möhkəm xəstələndi və nəticədə, onu vətənə 1 il tez qaytardılar. Amma Bakıda onu qəbul etmədilər. Sürgün olunmuş insanlar paytaxtda yaşaya bilməzdi. Bu üzdən anam Şamaxıya köçdü və 3 ay sonra vəfat etdi.
- Bu faciəni siz uşaqlar necə yaşadınız?
- Atam güllələndikdə, anam isə sürgün edildikdə mən, bacım və qardaşlarım atamın yaxın qohumları ilə yaşamağa başladıq. Ailə başçısına çevrilmişdim və çörəkpulu qazanmalı idim. 1939-cu ildə rəssamlıq məktəbini bitirdim və təhsilimi Moskvada davam etdirməyi arzulayırdım. Amma ailənin məsuliyyəti və ehtiyac məni bu fikirdən daşınmağa məcbur etdi. Müxtəlif sərgilərdə iştirak edirdim. Əl işlərim sərgi komitələri tərəfindən yüksək qiymətləndirilirdli. Xatırlayıram ki, 1940-cı ildə Tretyakov qalereyasında keçiriləcək Ümumittifaq sərgisinə əsərlər seçmək üçün Moskvadan sovet rəssamlarından ibarət qrup gəlmişdi. Onların seçdiyi iki şəkildən biri mənim "Çağırışçıların yola salınması" əsəri idi. O zaman 19 yaşım var idi. Bu uğur məni çox ruhlandırdı. Amma təəssüf ki, qismət başqa imiş. Böyük Vətən müharibəsinin başlanmasına 20 gün qalmış məni xalq düşməninin oğlu kimi Altay əyalətinə sürgün etdilər. Yaxşı yadımdadır, bir qazmada 250 nəfər qalırdıq, gecələr necə donduğumuzu, 3-4 ayda 1 dəfə 3 kilometr yolu piyada hamama aparıldığımızı, traktor zavodunu necə tikdiyimizi xatırlayıram. Yeri gəlmişkən, sonradan yaşadığımız həmin yerin şəklini yadımda qaldığı kimi çəkmişdim. Yaddaşımda qalanlara və şəkillərə əsasən 1992-ci ildə anamın portretini də yaratdım. Onun köhnə evdəki sandıqda möcüzə sayəsində salamat qalmış düşərgə gündəliyini və şeirlərini nəşr etdirdim.
Mən sürgündə olarkən istedadımı hiss etmiş və mənə bayramlarda müxtəlif plakatların çəkilməsini, şüarların yazılmasını, rəhbərlərin portretlərinin yaradılmasını tapşırmışdılar.
Xatırlayıram, 1 həftə ərzində Stalinin 40 portretini yaratmağı tapşırdılar. Vaxt az idi və 7 sutka ərzində, demək olar ki, yatmadım və işi vaxtında bitirdim. Əlbəttə ki, portretini yaratdığım şəxsin valideynlərimi o dünyaya göndərdiyini yaxşı bilirdim. Rejimin nə qədər azğın və dəhşətli olduğunu anlayırdım. Anlayır və ona nifrət edirdim. Amma əlimdən heç nə gəlmirdi. Bu gücsüzlük çox dəhşətli idi...
- Qardaşlarınızın və bacınızın taleyi necə oldu?
- Mən sürgündə olan zaman qardaşlarım və bacım çox əziyyətlər çəkdilər. Əmimiz oğlunu da sürgün etmişdilər. Nəslimizdə 17 nəfəri "xalq düşməni" damğası ilə həbsə almışdılar. Azərbaycan Demokratik Respublikasının banisi Məmmədəmin Rəsulzadə anamın yaxın qohumu idi. Onların evi hazırda metronun "Nizami" stansiyasının yaxınlığında idi. Mən sürgündən qayıtdıqdan sonra, Toğrul bir müddət "Azneft"də işlədi, sonradan isə rəssamlıq məktəbinə daxil oldu. Digər qardaşımın bəxti gətirmədi. O, fəhlə batalyonuna düşdü, ağır xəstəlik tutdu və 24 yaşında dünyasını dəyişdi. Bacım Qumral isə universitet bitirsə də, uzun müddət heç yerdə işə götürülmürdü. Sonradan ailə qurdu, yazıçı, Yazıçılar İttifaqının üzvü oldu. Çox kitabın müəllifidir. Kitablarından ikisini ailəmizin faciəvi tarixçəsinə həsr edib.
- Uzun müddət "Azərnəşr" nəşriyyatında çalışmısınız. Kitabların tərtibatı və bədii əsərlərdə şəkillərin təqdimatı ilə məşğul olmusunuz...
- 1955-ci ildə "Azərnəşr" dövlət nəşriyyatına işə dəvət olundum və bundan son dərəcə sevinirdim. Müharibədən sonra iş tapmaq çox çətin idi! Beləliklə, bədii redaktor oldum və 9 nəfərdən ibarət şöbəyə rəhbərlik etməyə başladım. Biz Azərbaycan nağıllarını, Hüseyn Cavidin pyeslərini, Cəlil Məmmədquluzadənin, Səid Hüseynin, Cəfər Cabbarlının, Mirzə Fətəli Axundovun və digərlərinin hekayələrini nəşr və tərtib edirdik. Elə həmin dövrdə Surikov adına Moskva Rəssamlıq İnstitutunun qrafika şöbəsini bitirdim.
- Həyat yoldaşınız Elmira Şahtaxtinski də tanınmış rəssam olub. İki rəssam bir evdə necə yola gedirdi?
- O artıq 15 ildən çoxdur yoxdur. Amma xəyallarımda hər zaman yanımdadır. Biz Elmira ilə "Azərnəşr"də tanış olmuşduq. Oraya Moskva Rəssamlıq İnstitutunun qrafika şöbəsini bitirdikdən sonra işləmək üçün gəlmişdi. Onu görən kimi anladım ki, qismətim budur! O, çox istedadlı, hər zaman şən, nursaçan insan idi. Bizim üçün birlikdə olmaq çox xoş idi. Bəzən aramızda yaradıcılıqla bağlı mübahisələr olurdu. Amma hər zaman bir-birimizi dəstəkləyirdik.
Nəşriyyat sahəsində fəaliyyətdən ayrılaraq, sərbəst yaradıcılığa başladığımız zaman Elmira xanım peyzaj və plakatlarla işləməyə başladı, mən isə demək olar ki, bütün diqqətimi portretlərə yönəldərək rəssamlıq etməyə başladım.
- Sizin əsərlərinizin əksər hissəsini məhz portretlər təşkil edir. İnsanın əhvalını kətana köçürmək çətindirmi?
- Portret çəkmək çox maraqlıdır. İnsandakı ən başlıca cəhəti, ona ən xarakterik olan məqamı üzə çıxarmağa çalışırsan. Mən əsərlərimdə qəhrəmanlarımın psixoloji portretini yaratmağa, onların daxili dünyasını göstərməyə çalışıram.
Yəqin ki, texniki baxımdan bu, o qədər də çətin deyil. Bunu hər kəs öyrənə bilər. Fikrimcə, mən "oxşatmağın" yollarını çox rahat başa sala bilərəm. Amma bəzi incə məqamlar var ki, onları sözlə izah etmək mümkün deyil. Onları yalnız hiss etmək mümkündür... Axı hətta fotolar da bənzəyən və bənzəməyən olur, insanın xasiyyətinin müxtəlif tərəflərinin əks olunub-olunmaması da fotoqrafın bacarığından asılıdır. Odur ki, bu çox çətin işdir.
Heydər Əliyev həyat yoldaşım Elmira xanımı dövlət hesabına müalicəyə göndərən zaman, ona təşəkkür olaraq portretini çəkməyə başladım. O portretin üzərində düz, 3 ay işləsəm də, heç nə alınmadı. İkinci dəfə cəhd etdim, amma yenə də portret "canlı" alınmadı. 2 il sonra bu işə 3-cü dəfə başladım. Heydər Əliyevin çoxlu fotosunu topladım. Çünki onun poza verməyə vaxtı yox idi. Nəhayət, lazım olan "Əliyev baxışı"nı tutdum. Bu insanın portretini yaratmaq çox çətin idi. Onun əhvalından və ruh halından asılı olaraq, hətta gözlərinin rəngi belə fərqlənirdi. Amma mənim yaratdığım portreti bəyənmişdi...
- Belə çıxır ki, rəssam, bir növ, psixoloq olmalıdır?
- Əlbəttə. Mənə elə gəlir ki, yaxşı rəssam insanın yaxşı keyfiyyətlərini tapmağı və göstərməyi bacarmalıdır. Mən işə başlamazdan əvvəl gələcək qəhrəmanımla ünsiyyət qurur, söhbətləşir və yalnız bundan sonra fırçanı əlimə alıram.
- Oqtay müəllim, 90-dan artıq yaşınız var və çox şey görmüsünüz, çox şeylər yaşamısınız. Necə düşünürsünüz, həyatın mənası nədədir?
- Həyat o qədər qısa və anlaşılmazdır ki, hətta yolun sonunda belə, onun mənasını anlaya bilmirsən. Hansısa dövrdə düşünürsən ki, mütləq insanların yaddaşında nə iləsə qalmalısan. Amma yaş artdıqca anlayırsan ki, hər şey unudulur və zaman hər şeyi silir. Yalnız öz doğmalarının, ailənin yadında qala bilirsən. Həyatın mənası da məhz ailədir...
MƏSLƏHƏT GÖR: