25 Noyabr 2024

Bazar ertəsi, 14:20

SEÇİM MƏRHƏLƏSİ

Avropa regionuna qaz ötürülməsi üçün Azərbaycanın fəal addımlar atması vacibdir

Müəllif:

15.06.2012

Azərbaycan Avropaya qaz təchizatı məsələsində fəaliyyətini gücləndirməlidir və bu barədə qərarı yaxın zamanda vermək lazımdır ki, gözlənilən effekti olsun. Ekspertlərin və aparıcı qaz kəməri şirkətləri təmsilçilərinin Bakıda keçirilən "CaspianOil&Gas" konfransında səslənmiş fikirləri belədir. Avropa Birliyinin (AB) Bakı nümayəndəliyinin başçısı Roland Kobia bildirib ki, əgər 2000-ci ildə Avropaya Süveyş kanalı ilə qaz daxil olmurdusa, 2010-cu ildə AB-yə həmin yolla 35 mlrd kubmetr qaz daxil olub. "Buna görə də indi nə qədər ki, imkan var, Azərbaycan Avropa bazarına qaz nəqli üçün fəal addımlar atmalıdır", - deyə R.Kobia vurğulayıb.

 

Böyük həcmlər 

Azərbaycanın yaxın illərdə Avropaya iri qaz ixracatçısına çevrilməyə hazır olduğuna bu gün heç kim şübhə etmir. Ölkənin 2015-ci il üzrə qaz hasilatı həcmləri laylara vurulan qaz nəzərə alınmadan 20 mlrd kubmetr səviyyəsində proqnozlaşdırılır. Bu barədə ARDNŞ vitse-prezidenti  Xoşbəxt Yusifzadə bildirib. 

Bununla yanaşı, "Abşeron", "Ümid" strukturlarında kəşfiyyat işləri davam etdirilir, ehtiyatları 400 milyard kubmetr qaz və 80 milyon ton kondensat səviyyəsində proqnozlaşdırılan "Babək" strukturunda, həmçinin, "Şəfəq-Asiman" strukturunda  kəşfiyyat işləri planlaşdırılır. Bu işlərin öz vaxtında yerinə yetirilməsi üçün yeni qazma qurğuları tikiləcək. 

Geniş miqyaslı ixracat üçün qaz yetərincədir. Düzdür, hələ ki ARDNŞ başçısı Rövnəq Abdullayevin sözlərinə görə, şirkət dövlət başçısının göstərişi ilə uzun müddət (30-50 il) üçün ölkə iqtisadiyyatının gələcək inkişafı nəzərə alınmaqla, Azərbaycanın qaza olan daxili tələbatını öyrənir, amma bu rəqəmlər ixrac potensialına ciddi təsir göstərməyəcək. "Sanırıq ki, müəyyən qaz həcmlərini ehtiyat kimi saxlamaq lazımdır. Bu baxımdan, "Ümid" yatağı nəzərdə tutulur", - deyə R.Abdullayev vurğulayıb. O həm də əlavə edib ki, bu planlar sözügedən strukturdan qaz hasilatına təsir göstərməyəcək. 

""Ümid-1" platformasından yeni quyuların qazılması davam etdiriləcək. Hazırda bu yataqdan qazma əməliyyatları bu layihədə payı olan "NobelOil" şirkəti ilə birgə aparılır. Ölkənin qaz balansının hazırlanması nəzərə alınaraq, bu yatağın işlənməsi və hasil edilən qazın ixracı üzrə sazişin bağlanması məsələsi açıq qalır", - deyə R.Abdullayev bildirib.

Amma bununla belə, Azərbaycanın "Şahdəniz" yatağı da var. "Mərhələ 2" üzrə qazın hasilatı 2017-ci ilə planlaşdırılıb və onun illik həcmi 16 mlrd kubmetr olacaq, hər il bunun 6 mlrd kubmetri Türkiyəyə, qalanı isə Avropaya ixrac ediləcək. "bp"nin proqnozlarına görə, 2030-cu ildə Avropaya idxal edilən qazın payı ümumi istehlakda 80% təşkil edəcək. Bundan başqa, bu müddət ərzində Türkiyənin qaza olan tələbatı 50 mlrd kubmetrə qalxacaq. Bütün bunlar Azərbaycan üçün, xüsusilə də "Şahdəniz" yatağının "Mərhələ 2" layihəsi üçün böyük imknalar açır. 

Amma hələ ki  layihənin yolunun üzərində üç önəmli məsələnin çözülməsi - ixrac marşrutunun seçilməsi, sərmayə həcminin və qaynaqlarının müəyyən edilməsi, nəql sisteminin yaradalması durur. 

Amma ikinci komponentlə bağlı hansısa müəyyənlik var - "bp-Azerbaijan" şirkətinin prezidenti Rəşid Cavanşir bildirib ki, "Mərhələ 2" çərçivəsində Azərbaycan qazının çıxarılması və Avropaya ötürülməsi üzrə toplam sərmayələr $40-45 mlrd səviyyəsində qiymətləndirilir. 

""Şahdəniz" ytağının işlənməsinin 2-ci mərhələsi çərçivəsində hasilat və qaz nəqli üzrə Azərbaycanda və Gürcüstanda görüləcək işlərin dəyəri $25 mlrd təşkil edir. Əlavə $15 mlrd.-a yaxın sərmayə bu qazın Avropaya çatdırılması üçün tələb edilir. Beləliklə, "Mərhələ 2" çərçivəsində qazın çıxarılması və Avropaya çatdırılması üçün lazım olan sərmayə həcmi $40-45 mlrd təşkil edə bilər", - deyə  R.Cavanşir bildirib.

 

Tranzit marşrutu

Marşruta gəldikdə isə, bu barədə dəfələrlə yazılıb və deyilib ki, hələ seçim prosesi gedir. Gündəlikdə üç marşrut: "Nabucco-West", "SEEP" və "TAR" dayanıb. Bu gün bəllidir ki, "Nabucco-West" üzrə şirkətlər konsorsiumu "open season" prosesinə başlayır. Bu proses zamanı qaz treyderləri alacaqları qaz həcmlərini rezervləşdiririr ki, bundan sonra da layihənin ümumi texniki detalları müəyyən edilir. "Bu zaman boru kəmərinin gücü dəqiqliklə 20 mlrd kubmetri keçəcək. Halbuki ilk başdan o, 10-16 mlrd həcmində ehtimal edilirdi", - deyə "Nabucco Gas Pipeline International Gmb H"ın icraçı-direktoru Reynhard Mitçek bildirib. 

Mitçekin sözlərinə görə, boru kəmərinin yeni gücləri daha az ilkin xərclər və səhmdar yatırımları tələb edir. Mitçek sanır ki, konsorsium layihənin Avropa İnvestisiya Bankı (AİB) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Avropa Bərpa Energetikas? Proqramı  (EEPR) kimi beynəlxalq maliyyə institutları tərəfindən, həm də ixracat maliyyələşdirilməsi və kommersiya banklarının hesabına maliyyələşdirilməsi  təmin edilə bilər. 

İstənilən halda gözlənilir ki, "Şahdəniz" layihəsi üzrə konsorsium  yaxın zamanlarda "Nabucco-West" və "SEEP" arasında seçim edəcək. Bundan sonra mübarizə mübarizə  qaz kəməri ilə Transadriatik boru kəməri (TAR) arasında gedəcək. "TAP"ın icraçı-direktoru Kjetil Tunqland Bakıda bildirib ki, əgər "Şahdəniz" yatağının işlənməsinin  ikinci mərhələsindən ilk qaz həcmləri 2017-ci ildə alınacaqsa, "TAR" istismar üçün 2018-ci ildə hazır olacaq. Onun sözlərinə görə, "TAP" qaz kəmərinin tikintisinə 2014 və ya 2015-ci ildən gec olmayaraq başlanacaq. "TAP"ın üstünlüyü kimi, Tunqland göstərib ki, "Şahdəniz 2"dən 10 mlrd kubmetr qazın nəqli üçün yalnız iki kompressor stansiyası işlədilə bilər. "Daha iki kompressor stansiyasının işlədilməsi ilə biz qaz kəmərinin buraxılış gücünü 20 mlrd kubmetrə qədər qaldıra bilərik", - deyə o vurğulayıb.

Bununla yanaşı, oyundan çıxmış "ITGI" (İnterkonnektor Türkiyə - Yunanıstan -İtaliya) layihəsi hələ də Azərbaycan qazını nəql etmə hüququnu almaq ümidini itirməyib. Belə ki, "ITGI"nin tikintisi üzrə konsorsiumun rəhbərliyi baxmaq üçün yeni təkliflərini təqdim edib. Bu barədə "IGIPoseidon"un baş direktoru  Elio Ruceri bildirib. ""Şahdəniz" konsorsiumu bizim yeni təkliflərə baxmağa razılaşıb. Əgər baxılandan sonra onlar qəbul edilməyəcəksə, layihəmiz üçün alternativ qaz mənbələri aramağa davam edəcəyik", - deyə o vurğulayıb.

Bunlar marşrutlar barədə idi. Azərbaycandan qaz ixracı üzrə birbaşa nəqliyyat sisteminin çəkilməsi ilə bağlı hazırda dəyəri 7 milyard avro olan Transanadolu qaz kəmərinin (TANAP) tikinti layihəsi işlənilir. İlkin mərhələdə "TANAP"ın buraxılış  gücü ildə 16 mlrd kubmetr olacaq. Amma 2025-ci il üçün hasilat üzrə proqnozlara görə Azərbaycanda təbii qaz hasilatı ildə 50 mlrd kubmetr olacaq, ona görə "TANAP"ın qazötürmə buraxılış qabiliyyəti ildə 24 mlrd kubmetrə qaldırılacaq. 

Gəlin, hər şeyi yekunlaşdıraraq zaman məsələsinə də qayıdaq. Böyük ehtimalla, yaxın zamanlarda Azərbaycan qazının Avropaya ixracının təşkil edilməsi məsələsinin həlli sürətlənəcək. Bəli, biz əlverişli şəraitə, yaxşı coğrafi mövqeyə, nöqsansız iş etibarına malikik. Ancaq real alıcılara tələb edilən müddətdə real mal almaq lazımdır, buna görə də gecikməmək üçün tələsmək lazımdır. Axı bəllidir ki, alıcı həmişə haqlıdır...


MƏSLƏHƏT GÖR:

336