25 Noyabr 2024

Bazar ertəsi, 14:19

“ENERJİ RESURSLARI BİRLƏŞDİRİLMƏLİDİR”

Prezident ilham əliyev neft istehsal edən ölkələri bu fəlsəfəni izləməyə çağırıb

Müəllif:

15.06.2012

Bakıda "Caspian Oil&Gas"  sərgi və konfransın keçirildiyi 19 il ərzində Azərbaycanın neft və qaz sahəsində çox şey dəyişib - perspektiv strukturların işlənməsi üzrə sox sayda sazişlər bağlanılıb, iri yataqların sayı artıb, milyonlarla barrel neft, milyardlarla kubmetr qaz çıxarılıb... Amma ölkənin imici üçün çox önəmli olan bir amil dəyişməz qalır - yanacaq-energetika sektorunun sərmayə potensialına xarici tərəfdaşların etibarı dəyişmir. Bu dəfə keçirilən və dünyanın 35 ölkəsindən 300-dən çox şirkətin qatıldığı "Caspian Oil&Gas"  sərgi və konfransında məhz bu məqam dəfələrlə vurğulanıb. 

 

Etibarlı tərəfdaş 

İlk neft-qaz sərgisindən bu yana Bakıda çox sular axıb. Bu gün əminliklə demək olar: Azərbaycan neft-qaz dövləti kimi möhkəmlənə bilib və dünya üzrə bu sektorun liderləri arasında önəmli yer tutmağı bacarıb. Bir amili vurğulamaq yetərlidir ki, bu gün bir sıra ölkələrin energetika balansında Azərbaycan neftinin payı 25-35% təşkil edir. Prezident İlham Əliyevin "Caspian Oil&Gas 2012"nin açılış mərasimində dediyi kimi, bir etibarlı tərəfdaş kimi ölkənin rolu həm dostlarımız üçün, həm də Avropa istehlakçısı üçün daim artmaqdadır. "Eyni zamanda, biz neft və qazla zəngin ölkənin qarşısında duran başqa məsələni də həll etmişik. Bu, ixrac imkanlarının şaxələndirilməsidir. İndi bizim resursları bütün istiqamətlərə yollayan yeddi neft və qaz kəmərimiz var. Biz bir marşrutdan, bir yoldan asılı deyilik", - deyə dövlət başçısı vurğulayıb. 

O, əlavə edib ki, Azərbaycanın energetika siyasəti çox açıqdır, xoşməramlı siyasətdir. Sirr deyil ki, bir sıra hallarda bəzi ölkələrin çətinliyini görərək, biz onlara yardım əli uzadırıq. "Sanıram ki, indiki mərhələdə və qarşıdan gələn illərdə dünya üzrə energetika siyasətində bu cür meyillər güclənərsə, onda bütün məsələləri proqnozlaşdırmaq asan olacaq. Bir sözlə, enerji resursları ölkələri birləşdirməlidir, ayırmalı deyil. Mən sanıram ki, Azərbaycanın bu sahədə təcrübəsi çox əlverişlidir və öyrənilə bilər", - deyə İ.Əliyev vurğulayıb. 

Bununla yanaşı, artıq yuxarıda deyildiyi kimi, xarici sərmayəçilər, yerli şirkətlər və hakimiyyət orqanları arasında əməkdaşlıq baxımından bizim ölkənin təcrübəsi ən yaxşı sayılır. "Biz artıq 20 ildir ki, əsas energetika tərəfdaşımız olan "bp" şirkəti ilə əməkdaşlıq edirik. Mən sanıram ki, bu əməkdaşlıq və təcrübə müəyyən mənada dünya üzrə unikaldır. Bu da öyrənilə bilər", - deyə Prezident əminliklə bildirib. 

Yeri gəlmişkən, bu faktı ABŞ Prezidenti Barak Obama da  "Caspian Oil&Gas 2012" sərgisi iştirakçılarına yolladığı məktubunda vurğulayıb. O bildirib ki, "Azərbaycan tərəfindən Avropa ilə əlaqələrin Cənub qaz dəhlizi vasitəsilə möhkəmləndirilməsi, bu ölkənin çağdaş şaxələndirilmiş iqtisadiyyatında inkişafın təmin edilməsi, dünya səviyyəsində öz üzərinə daha önəmli öhdəliklər götürməsi ilə bağlı olaraq, aramızda artıq mövcud olan güclü əməkdaşlığı daha da irəli aparacağıq". 

Onun bəyanatı ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycana etdiyi qısamüddətli səfər zamanı  "Caspian Oil&Gas 2012" sərgisinə baş çəkməsi ilə üst-üstə düşdü ki, bu da tədbirin yüksək statusundan, Qərbin energetika sahəsində Azərbaycanla əməkdaşlığa verdiyi önəmdən xəbər verir. Sərgi meydançasında xanım Klinton Amerika Ticarət Palatasının (AMCHAM) stendi ilə tanış olub. 

"ABŞ energetika təhlükəsizliyi sahəsində Azərbaycanla sıx əməkdaşlıq edir və bu, hər iki ölkə üçün ümumi strateji maraqdır, bizim zamanın qlobal problemlərindən biridir", - deyə H.Klinton səfərin yekunu üzrə keçirilmiş brifinqdə bildirib. Neft və qaz nəqli, onların ixrac marşrutlarının şaxələndirilməsi üzrə göstərilən cəhdlərdə oynadığı vacib rola görə Azərbaycana dərin təşəkkür ifadə edib. 

Bununla bağlı, Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin energetika məsələləri üzrə müşaviri Anqusa Millerin sözlərini də qeyd etmək yerinə düşərdi: "Azərbaycan Avropa Birliyinin (AB) əsas və etibarlı tərəfdaşıdır, Cənub Qaz Dəhlizi AB üçün həddindən vacib olaraq qalır". Başqa sözlə, Qərb və Köhnə Dünya Azərbaycana bir etibarlı tərəfdaş kimi inanır. Buna görə də məhz ölkəmizlə enerji təminatı sahəsində işgüzar tərəfdaşlığı davam etdirməyə can atırlar. 

 

Etibarlı sərmayəçi

Etiraf etməyə dəyər ki, məhz Azərbaycanın bir tərəfdaş kimi etibarlılığı ölkəyə qoyulan sərmayələrin yetərincə böyük həcmlərdə olmasının əsasında durur - 1995-ci ildən bu günə kimi ölkəyə yatırılan sərmayələrin toplam həcmi  $120 mlrd olub ki, bunun $50 mlrd.-ı neft-qaz sektorunun payına düşür. Yeni iri qaz yataqlarının açılması nəzərə alındıqda, bunun hələ son olmadığı ortaya çıxır. Ölkənin qaz potensialı önəmli dərəcədə artıb - Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trln kubmetr təşkil edir. 

Prezident İ.Əliyevin sözlərinə görə, qaz yataqları ölkəyə bəlkə də yüz ildən çox, neft yataqları isə 50 ildən çox xidmət edə bilər, çünki "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqları blokunda ehtiyat əvvəl düşünüldüyündən çoxdur. Qeyd edək ki, "SOCAR" (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, Azərbaycanın sübut edilmiş karbohidrogen ehtiyatı 4,2 mlrd ton şərti yanacağa bərabərdir. 

Yeri gəlmişkən, işlənməyə başlandığı andan, yəni 1997-ci ildən bu yana AÇG blokundan çıxarılan neftin toplam həcmi 272 mln ton olub. "SOCAR"ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib ki, bu həcmdən 134 mln ton mənfəət nefti kimi Azərbaycanın payına düşüb. 2012-ci ilin yanvar-may aylarında bu blokdan 15 mln ton neft çıxarılıb ki, bunun 9,5 mln tonu Azərbaycanın mənfəət neftidir. 

O, həmçinin bildirib ki, 1996-2011-ci illərdə Azərbaycanda neft-qaz sazişləri çərçivəsində 18 strukturda kəşfiyyat işləri aparılıb və toplam dərinliyi 159 min metr olan 34 quyu qazılıb: "Bu qazma işlərinin hesabına Azərbaycanın sübut edilmiş karbohidrogen ehtiyatlarının həcmi 2 mlrd 775 mln ton şərti yanacağa qaldırılıb".

Xarici sərmayələrin artımı "SOCAR"ın özünün möhkəmlənməsinə müsbət təsir göstərib - bu gün o, dünyanın önəmli neft qaz şirkətləri sırasındadır, xaricdəki perspektivli layihələrin etibarlı sərmayəçisidir. Bunu vurğulamaq yetərlidir ki, keçən ilin nəticələrinə görə, ARDNŞ-nin illik balans gəliri 879 mln manat olub. Bu göstərici 2008-ci ilin göstəricisinə baxanda 81% artıqdır, şirkətin aktivlərinin toplam həcmi də 2012-ci ildə 17 mlrd manat təşkil edib ki, bu da 2008-ci ilin göstəricisindən 36% çoxdur. 

Bəllidir ki, "SOCAR" artıq özünü Gürcüstandakı layihələrin sərmayəçisi kimi sınayıb - şirkətin bu ölkədəki yanacaqdoldurma məntəqələrinə ümumi sərmayəsi $110 mln,  Kulevi neft terminalına $400 mln, bu ölkənin qazpaylayıcı şəbəkəsinə sərmayələri  $176 mln təşkil edir. Rumıniyada 13 yanacaqdoldurma stansiyasına (YDS) 9,5 mln avro, Ukraynada 66 yanacaqdoldurma məntəqəsinə və  3 neft bazasına $160 mln xərcləyib. "SOCAR"ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımovun sözlərinə görə, "SOCAR"ın ticarət bölməsi "SOCAR Trading"in yaradılmasına sərmayələr 60 mln İsveçrə frankı təşkil edir. "SOCAR" keçən ilin noyabr ayında «Exxon Mobil"lə bu şirkətin İsveçrə filialı "Esso Schweiz GmbH"ın alınması barədə saziş bağlayıb ki, bu da 330 mln İsveçrə frankına başa gəlib. 

Amma xarici yatırımlar siyahısında, əlbəttə ki, Türkiyə liderdir - yaxın 7-8 il ərzində "SOCAR" bu ölkələrdəki layihələrə $10 mlrd.-a yaxın vəsait yatırmalıdır, "TANAP"ın (Transanadolu qaz kəmərinin) tikintisi nəzərə alındıqda bu,  $17 mlrd.-a qalxacaq.  

Rəqəmlər, planlar və layihələr kimi ürəkaçandır. Ola bilər ki, onlar "Caspian Oil&Gas"un gələnilki 20 illik yubiley sərgi və konfransına qədər dəyişsin. Amma birmənalı şəkildə demək olar ki, bu dəyişmə müsbət istiqamətə olacaq.



MƏSLƏHƏT GÖR:

447