
ƏN GÜCLÜ "FİL"
Mitt Romni ABŞ-ın hazırki prezidenti Barak Obamanın rəsmən rəqibi oldu
Müəllif: Fuad HİLALOV Bakı
Tanış olun: Mitt Romni...
Siyasət onun qanındadır. Atası Miçiqanın qubernatoru və ABŞ prezidentliyinə namizəd olub. ABŞ tarixində ilk mormon prezidentliyə namizəd Romni 60-cı illərdə Fransada missioner, sonradan öz kilsəsində pastor olub.
Massaçesetsin qubernatoru olmazdan əvvəl, Mitt Romni fond bazarında nəhəng varidat toplayıb.
Biznes və maliyyə sahəsindəki uğurlu fəaliyyəti onun xeyrinə olub. Çünki Romni bununla iqtisadi sahədə böyük təcrübəyə sahib olduğunu və Amerika iqtisadiyyatını böhrandan çıxara biləcəyini nümayiş etdirir. Bu baxımdan o, iş yerlərini itirmiş və Obamadan o qədər də razı olmayan seçiciləri öz tərəfinə çəkə bilər.
Digər yandan, Romninin maliyyə-spekulyant biznesin nüma-yəndəsi olması da ciddi faktordur. Məsələ ondadır ki, amerikalıların əhəmiyyətli bir hissəsi iqtisadi böhranın əsas səbəbkarı kimi məhz onları görür. Yumşaq desək, çoxları Romni kimi zəngin şəxsin adi amerikalının həyatı haqqında az təsəvvürə malik olduğunu düşünür və bundan narahatlıq keçirir.
Romninin mormon kilsəsinə məxsusluğu da ciddi əhəmiyyət daşıyır. Bu, ənənəvi olaraq xristian sektasına yad sayılır. Amma ötən seçkidə ABŞ tarixində ilk dəfə afrikaəsilli namizədin qələbə qazandığını nəzərə alsaq, bu seçkidə də daha bir ilkə imza atıla - mormon prezident seçilə bilər.
Mitt Romni "fillər"in keçmiş namizədləri qədər mühafizəkar deyil. O, mötədil mühafizəkar və respublikaçı sayılır. Romni ənənəvi olaraq demokratların dayağı sayılan ştatın qubernatoru olub. Bu gün də o, çoxlarının əksinə olaraq, öz ideyaları ilə çıxış edir. Məsələn, bu gün Prezident Obama məhz Romninin Massaçusets ştatında apardığı səhiyyə sahəsindəki islahatları, ümumilikdə, ABŞ miqyasıda tətbiq etmək istəyir.
Mühafizəkar respublikaçılar üçün o, həddindən artıq liberal, liberallar üçün isə əksinədir. Buna baxmayaraq, ardarda ikinci müddətə Ağ ev rəhbəri postunda Obamanı görmək istəməyən respublikaçılar Romnini prezidentliyə namizəd göstərməyə razılaşıblar. Başqa sözlə, onlar üçün ən pis respublikaçı da ən yaxşı demokratdan daha yaxşıdır.
Əsas iqtisadiyyatdır
Mütəxəssislərin fikrincə, ABŞ-da keçiriləcək prezident seçkisinin nəticəsinə təsir göstərə biləcək ən vacib və həlledici amil, şübhəsiz, ölkənin o qədər də ürəkaçan vəziyyətdə olmayan iqtisadi durumu, namizədlərin onun sahmana salınması üçün təklif edəcəyi təklifləri və platformalarıdır.
İqtisadi çətinliklərə görə məsuliyyətin həmişə hakimiyyət başında duranların üzərinə düşdüyü sirr deyil. Hazırda ABŞ prezidenti postunda Barak Obama əyləşdiyi üçün böhranın əsas ağırlığı da məhz onun çiyinlərindədir. Bu baxımdan, qarşıdan gələn seçki sanki ABŞ-ın 44-cü prezidentinin fəaliyyətinin nəticəsi ilə bağlı keçiriləcək referendum olacaq. Obamanın fəaliyyətinin nəticələri isə, hətta oğul Buşdan qalma "ağır miras" arqumentinə rəğmən, o qədər də ürəkaçan deyil. Üstəlik, iqtisadi islahatların aparılması qanun layihələrinin Konqresdən keçməsi ilə bağlı çətinliklər üzündən daha da çətinləşir. Demokratlar iqtisadiyyatın böhrandan çıxarılması üçün siyasi tədbirlərin görülməsini lazım bilsə də, respublikaçılar vergilərin və dövlət xərclərinin yenidən artırılmasını əngəlləmək üçün əllərindən gələni edir.
Beləliklə, Obamanın başağrısının iqtisadiyyat olduğunu söyləmək mümkündür. Amerikanın tarixi göstərir ki, ölkə iqtisadiyyatının çətin durumda olduğu dövrlərdə heç bir prezident vəzifəsinə ardıcıl olaraq ikinci dəfə se?ilə bilməyib. Bunun ən bariz nümunəsi 1992-ci ildə məhz iqtisadi çətinliklər üzündən ata Buşun Bill Klintona məğlubiyyətidir.
PBS telekanalının apardığı sorğu göstərib ki, amerikalıların 55%-i hazırkı iqtisadi durumdan və Obamanın böhranın aradan qaldırılması istiqamətində gördüyü tədbirlərdən narazıdır.
Bundan başqa, 1948-ci ildən, Reyqan istisna olmaqla, heç bir ABŞ prezidenti işsizliyin səviyyəsinin 7,2%-dən yüksək olduğu dövrdə vəzifəsinə təkrar seçilə bilməyib. ABŞ Əmək Nazirliyinin son məruzəsində isə hazırda ölkədə işsizliyin səviyyəsinin 8,1%-dən 8,2%-ə yüksəldiyi göstərilir. Yuxarıda qeyd olunan qanunauyğunluqları nəzərə alsaq, Obamanın ikinci müddətə prezident seçilmək şansları kifayət qədər dumanlı görünür. Bu məsələdə məhz işsizliyin səviyyəsi həlledici faktor olacaq.
Amerika iqtisadiyyatının digər problemi dövlət borcudur. ABŞ Konqresinin büdcə idarəsinin proqnozlarına görə, hökumət vergiqoyma və büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı hazırkı siyasətini davam etdirərsə, yaxın 25 ildə Birləşmiş Ştatların dövlət borcu ÜDM-in 200%-nə çata bilər. Müqayisə üçün qeyd edək ki, borc böhranı üzündən avrozonanı tərk etmək risqi ilə üz-üzə qalmış Yunanıstanda bu il ÜDM-in 160%-i dərəcəsində dövlət borcu proqnozlaşdırılır.
Amma Konqresin büdcə idarəsinin proqnozları da vergiqoyma, iqtisadiyyatın inkişafı, xərclərin azaldılması və maliyyə bazarının digər aspektləri ilə bağlı demokratlarla respublikaçılar ara-sındakı fikir ayrılığının aradan qalxmasına kömək etməyib. Obama və partiyadaşları azaldılmış vergi dərəcələrinin olduğu kimi saxlanıl-masını məsuliyyətsiz və ehtiyatsız addım sayırsa, Romni əksini iddia edir: Konqres bəzi hökumət layihələrinə, məsələn, yaşlı və aztəminatlı ailələr üçün tibbi yardım proqramına maliyyəni azaldarsa, aşağı vergi dərəcələrini olduğu kimi saxlamaq mümkündür. Bu məsələdə Obama özünü nəinki dövlətin iqtisadiyyatda həlledici roluna inanan, hətta onu sosial bərabərsizlik probleminin həllində əsas tənzimləyici sayan avropalı sosialistlər kimi aparır.
O, bundan sonra da özündən əvvəlki partiyadaşlarının əksəriyyətindən fərqli olaraq, sosial bərabərsizliyin aradan qaldırılması siyasətini davam etdirmək niyyətindədir. Romni isə hələlik özünü azad bazarın ənənəvi tərəfdarı kimi göstərir. O, xərcləri azaltmağı, vergiləri artırmamağı lazım bilir və bu zaman özünün keçmişdə azad sahibkar kimi fondu vasitəsilə yaxşı nəticələr əldə etdiyinə diqqət yönəldir. Romninin sözlərinə görə, o, bu məsələdə hazırkı prezidentdən fərqlənir. Obama iqtisadi tənzimləməyin yolunu bilən, Romni isə hamının maraqlarına cavab verəcək iqtisadi artıma nail olmağın yolları haqda məlumatlı olan şəxsdir.
ABŞ-da keçirilən prezident seçkisində daxili siyasi məsələlərin prioritet olduğunu düşünmək səhv olardı. Hazırki şəraitdə ABŞ iqtisadiyyatı və əhalinin rifah halı dünya iqtisadiyyatındakı vəziyyətlə düz mütənasibdir. Məsələn, Yunanıstan Aİ-dən çıxmaq qərarı verərsə və Avropada iqtisadi böhran nəzarətdən çıxarsa, bu, bütün dünya iqtisadiyyatına, ilk növbədə isə ABŞ-a öz təsirini göstərəcək. Başqa sözlə, Yunanıstanın seçkisonrası vəziyyəti və mövqeyi belə, ABŞ-da keçiriləcək seçkinin nəticələrinə təsir göstərə bilər. Amma digər tərəfdən, enerjidaşıyıcılarının qiyməti ilə birbaşa əlaqəli olan Yaxın Şərqdəki vəziyyət də Amerikada keçiriləcək seçkinin nəticələrinə təsirsiz ötüşməyəcək. Bu baxımdan, həm Romninin, həm də komandasının xarici siyasi mövqeyini təhlil etmək çox vacibdir.
Padşahı padşah edən onun ətrafıdır
Mitt Romninin ətrafında, əsasən, vaxtilə oğul Corc Buşun komandasına daxil olmuş mühafizəkarlar qrupu toplaşıb.
Mitt Romni ilə Amerika tarixində parlaq iz qoymuş və daha da parlaq yer tutmaq istəyən neomühafizəkarların renessansı baş verib. Qeyri-rəsmi məlumatlara görə, milyonyarım iraqlının həlak olduğu İraq müharibəsi məhz onların vicdanına yazılmalıdır. Yəni, hətta Romni özü radikal mühafizəkar deyilsə və aqressivliyi ilə tanınmırsa belə, onun ətrafı haqda eyni fikri söyləmək olmaz.
Romninin xarici siyasət üzrə məsləhətçisi Robert Kaqan Əfqanıstan və İraq müharibələrinin əsas ideoloqlarındandır və indi o, İranla bağlı eyni fikirdədir. O, bəyanatlarında Rusiya və Çini ABŞ-ın əsas düşmənləri adlandırır. Robert Kaqanın həyat yoldaşı Viktoriya Nuland ABŞ Dövlət Departamentinin rəsmisidir. Romninin komandasına Rusiya üzrə tanınmış mütəxəssis Leon Aron, Kondoliza Rays və digər "qırğılar" da daxildir.
Romni Amerikanın siyasi elitasından praymerizdə partiyasından əsas rəqibi olmuş konqresmen Ron Polun oğlu Rend Polun da dəstəyini alıb. Analitiklər hesab edir ki, bu, "Pol və Romni arasındakı sakit razılaşma"nın nəticəsidir və Romni qələbə qazanacağı təqdirdə, Ron və ya Rend Pol vitse-prezident postunu tuta bilər.
Maliyyə dairələrindən Romni, ilk növbədə, özü-özlüyündə "anti-Obama" kampaniyasına başlamağa hazırlaşan milyarder Donald Trampın, həmçinin, ənənəvi olaraq respublikaçıları dəstəkləyən bir çox nəhəng sənayeçilərin dəstəyini qazana bilər.
Bundan başqa, Romni fərdi ianələrin toplanmasında Obamanı geridə qoyub. Mayda onun seçki qərargahı, təxminən, 77 milyon dollar toplayıb. Obamanın komandasında bu rəqəm 60 milyondur.
Bununla kifayətlənməyən namizədlər seçki kampaniyalarına maliyyə cəlb etmək üçün ekstremal addımlar da atır. Bu yaxınlarda "Amerikanın səsi" radiosunun rus bölməsi bir sıra xidmətlər elan edib. Onlardan həm hazırkı Prezident Obama, həm də onun rəqibi Romni yararlana bilər. İndi 1250 dollardan 35 800 dollaradək məbləğdə qəbiz yazmaqla prezidenti Los-Ancelesdə keçiriləcək qala-konsertdə canlı dinləmək, Obamanın əlini sıxmaq və onunla şəkil çəkdirmək, şəxsi "dəyirmi masa" ətrafında siyasətdən danışmaq mümkündür.
Mitt Romni isə sponsorlarına onun çıxışını canlı dinləmək, ümumi şam məclisində iştirak, xatirə şəkli və fərdi şam etmək imkanları yaradır. Bütün bunlar 2500 - 50 000 dollar arası ödəniş hesabına mümkündür.
Romninin xarici siyasi kursu
Romni xarici siyasət konsepsiyasının Reyqanın xarici siyasətini xatırladacağını, yəni "zorla sülh" nəzərdə tutacağını dəfələrlə bəyan edib. Romni üçün "güclü Amerika bəşəriyyətin müharibələrin qarşısını almaq üçün düşündüyü vasitələrin hər birindən daha yaxşı vasitədir". O hesab edir ki, "radikal islamçı cihadçılar azadlıqsevər millətləri məhv etmək istəyirlərsə", belələri ilə mübarizədə ABŞ kəşfiyyatını, ordusunu yüz minlərlə yeni əsgərlər hesabına gücləndirmək lazımdır.
Romninin prezidenti olduğu ABŞ-ın dövlət büdcəsində xarici yardımlar xeyli azalacaq. Onun özünün bir dəfə dediyi kimi, "mən özü öz qeydinə qala biləcək ölkələrə pul göndərməyə son qoyaca-ğam. Amerikanın maraqlarına qarşı olan heç bir dövlətə dəstək verilməyəcək".
Mitt Romni üçün Barak Obamanın İran siyasəti "uğursuzluqdan başqa bir şey deyil". O, Vaşinqtonun İran siyasəti haqda danışarkən demək olar ki, hər dəfə hərbi variantı dilə gətirir. Mitt Romni İran hakimiyyətinə qarşı müxalifətin və dissidentlərin dəstəyinin gücləndirilməsinə, Tehrana qarşı sanksiyaların sərtləşdirilməsinə də tərəfdardır. Romni hesab edir ki, bu tədbirlər nəticə verməyəcəyi halda, İranın nüvə silahı əldə etməsini önləmək üçün ona qarşı hərbi əməliyyatlara başlanılması mütləqdir.
Romninin məsləhətçisi Riçard Uilyamson İranla bağlı qeyd olunan mövqeni bir daha təsdiqləyib, üstəlik, onu da bildirib ki, Romni prezident seçiləcəyi təqdirdə, Suriya qiyamçılarını silahlandıracaq, ilk növbədə isə İsrailə səfər edəcək.
Obama hökumətini İsrailə dəstəyi azaltmaqda günahlandıran Romni bu gün dünyada ABŞ-ın əsas müttəfiqi saydığı Təl-Əvivə yardımların edilməsinə tərəfdardır.
Romninin Əfqanıstanla bağlı mövqeyində əsas məqam Obamanın ordunu 2014-cü ildə oradan çıxaracağı qərarının tənqididir. Respublikaçı namizədin fikrincə, bu, düşmənə hücuma keçmək imkanı verəcək. Amma Romninin özünün Əfqanıstanla bağlı hələ də dəqiq və aydın fəaliyyət planı yoxdur.
Romni qalib gələcəyi təqdirdə, Rusiya-Amerika münasibətlərinin gələcəyi ilə bağlı baxışları daha aydındır. Seulda Obamanın Medvedevə RMS məsələsində çeviklik nümayiş etdirəcəyi vədini verdiyi mikrofon qalmaqalından sonra Romni CNN-ə müsahibəsində demişdi: "Rusiya, şübhəsiz ki, ABŞ-ın "1 nömrəli" geosiyasi düşmənidir. Onlar həmişə dünyada ən pisləri dəstəkləyir". Bu bəyanatdan sonra, Romninin komanda üzvlərinin vəziyyəti yumşaltmaq üçün səsləndirdikləri bəyanatlara rəğ-mən, onun bu məsələdə Rusiya ilə münasibətlərdə "yenilənmə"nin müəllifi kimi tanınmış Obamadan xeyli fərqli mövqedə olduğu aydındır. Romninin Ağ evə rəhbərlik edəcəyi təqdirdə, Obama administrasiyasının "yenilənmə" siyasəti əvəzinə, "aqressiv və ya ekspansiv davranışa qarşı strategiya"ya üstünlük veriləcək.
Mütəxəssislərin fikrincə, xarici siyasi məsələlərdə Obamanın mövqeləri daha güclüdür. İraqdan qoşunların 2011-ci ilin sonlarında çıxarılacağına dair vədinə əməl etmiş, üstəlik, Əfqanıstandan ordunun çıxarılacağı tarixi dəqiqləşdirmiş Obama prezidentliyi dövründə daha praqmatik və ölçülüb-biçilmiş siyasətə üstünlük verib. Düşmən ölkəyə birbaşa hərbi müdaxilədən çəkinən və Suriya ilə İrana münasibətdə daha elastik və ehtiyatlı mövqe nümayiş etdirən Obama bununla da Amerikaya əsgər tabutlarının gəlməsinin qarşısını, demək olar ki, alıb və bu, ictimaiyyət üçün çox ciddi əhəmiyyət daşıyan məsələdir. Amma vəziyyətin və qüvvələr nisbətinin dəyişməsi prezident seçkisi kampaniyasında reytinqin artırılması üçün daha radikal tədbirlərin görülməsi zərurətini də yarada bilər. Hazırkı prezidentlik yarışının fərqli cəhəti onun tarixə yalnız ən bahalı kampaniya kimi düşəcəyində deyil. Bu kampaniya onun gedişinə təsir edəcək həm daxili, həm də xarici faktorun sayının çoxluğu ilə də fərqlənir.
MƏSLƏHƏT GÖR: