Müəllif: Vəfa ZEYNALOVA Bakı
Bu il də həmişəki kimi, kimlər üçünsə məktəbdə ilk zəng, kimlər üçünsə son zəng çalınacaq. Amma sən demə, bu məsələdə başqa - belə demək mümkünsə, alternativ variantlar da var. Hipotetik olaraq, heç də bütün məktəblilər sentyabrın 15-də gül dəstəsi və gözəl çanta ilə məktəbə gedənlər sırasında olmayacaq. Bundan başqa, istisna deyil ki, bu il ilk və son zəng həyəcanını yaşamayan məktəblilər də olacaq: formal olaraq, onlar məktəbli hesab edilsə də, məktəbə getməyəcəklər. Onlar evdən çıxmadan təhsil alacaqlar. Evdə təhsil həm zərurətdən (tibbi səbəblər), həm də məktəbdəki təhsilin səviyyəsindən razı qalmayan valideynlərin istəyilə reallaşa bilər. Və bu seçimin hansı səbəbdən edilməsindən asılı olaraq, təhsil prosesi də fərqlənəcək. Gəlin, bütün mümkün variantları nəzərdən keçirək.
Birinci variant: ailə təhsili
Məktəbdəki təhsilin səviyyəsindən narazı qalan valideynlərin sayı az deyil. Təbii ki, alternativ var - özəl məktəblər. Amma etiraf etmək lazımdır ki, bu məktəblər orta səviyyəli həyat tərzi yaşayan insanlar üçün əlçatmazdır. Odur ki, onlar öz övladları üçün keyfiyyətli təhsil baxımından digər alternativlər haqda da düşünməli olurlar.
Evdə təhsil sistemi bizdə o qədər də populyar olmasa da, qonşu Rusiyada geniş yayılıb. Ənənəvi təhsillə paralel aparılan bu sistemin yayılması bir neçə faktorla bağlıdır: uşaqların əlavə stress və təzyiqdən xilas olması (müəllimlər də insanlardır, getdikcə ağırlaşan təhsil proqramı isə əsəb gərginliyini daha da artırır); hələ zəif olan uşaq orqanizmi üçün optimal yüklənmənin təmin edilməsi, təhsil proqramını seçmək imkanı və ən əsası - bu gün 40 nəfərin olduğu siniflərdə uşaqlar üçün çatışmayan fərdi yanaşma imkanı...
Təbii ki, bu üsul da ideal deyil və çatışmazlıqlardan sığortalanmayıb. İlk növbədə, bu sistem məktəbdən fərqli olaraq, uşağı ətrafdakılarla ünsiyyətdən məhrum edir. Ünsiyyət isə sosial xüsusiyyətlərin formalaşması deməkdir. Özü də bu ünsiyyət yalnız uşağın həmyaşıdları ilə münasibətlərini yox, yuxarı sinif şagirdləri və müəllim personalı ilə də təması nəzərdə tutur.
Evdə təhsil konsepsiyası yeni deyil. Tarix və ədəbiyyatda uşaqların evdə mürəbbi və tərbiyəçilərlə fərdi qaydada məşğul olması səhnəsi ilə tez-tez rastlaşmışıq. Valideynlərin həddindən artıq məşğul olduqları ailələrdə bu, qaçılmaz idi. Amma ümumilikdə, götürsək, o dövrdə tam təhsil geniş əhali təbəqəsi üçün əlçatmaz idi və cəmiyyətin yalnız üst təbəqələrinin imtiyazı sayılırdı.
Hazırda bu cür təhsil növü həm uzaq, həm də yaxın xaricdə geniş yayılmaqdadır. Məsələn, bu gün artıq qonşu Rusiyada da, digər ölkələrdə olduğu kimi, valideynlərin istəyi olarsa, evdə təhsil üçün heç bir maneə yoxdur. Və bunun üçün uşağın sağlamlığında hər hansı problemin olması vacib deyil.
Ekspert Rüfət Əliyevin fikrincə, valideynlər bu cür seçim edərsə, evdə təhsil məqbul sxem sayıla bilər. Amma bu zaman valideynlər üzərlərinə götürdüyü məsuliyyəti dərk etməlidirlər. Cəmiyyətimizdə zəngin və motivasiyalı valideynlərin olması pis deyil və bu ənənəvi təhsil sistemi üçün də yardım olardı. Amma, təbii ki, bu, uşaqları məktəblərdən götürərək ev təhsilinə keçmək üçün çağırış sayılmamalıdır. Əvvəla, uşaqlarına bu qədər vaxt ayıra biləcək valideynlər çox deyil. Deməli, evdə təhsil sisteminə üstünlük verən valideynlər ödənişli pedaqoqlara üz tutmalı olacaqlar. Rüfət müəllimin dediyi kimi, əsas variantlar da, məhz, bu mərhələdə üzə çıxır. Pedaqoqları birbaşa məktəbdən də dəvət etmək olar, tanışların tövsiyəsilə də tapmaq mümkündür. Amma istənilən halda, valideynlər üçün pedaqoq seçimində geniş imkanlar açılır. Çünki onlara yalnız pedaqoq yox, əsl mütəxəssis lazımdır - bu zaman onun diplomu o qədər də önəmli deyil.
Ekspertin sözlərinə görə, ailə təhsilinin variantlarından biri də "icma yanaşması"dır - söhbət daha effektli təhsil, təcrübə mübadiləsi və uşaqları ünsiyyətlə təmin etmək məqsədilə bir neçə ailənin bir araya gəlməsindən gedir.
Psixoloq Umay Axundzadənin fikrincə, əsas məsələ təhsilin necə həyata keçirilməsidir. İstənilən yanaşmanın çatışan və çatışmayan cəhətləri var. Amma əgər təhsil evdə həyata keçirilirsə, məktəbdəki sistemdən istifadə olunmalıdır. Xüsusilə də uşaqları valideynlərin özləri hazırlayacaqsa, bu məsələyə ciddi fikir vermək lazımdır. Çünki burada söhbət yalnız valideynlərin savadından yox, həm də onların pedaqoq bacarığı və iradəsindən (aydındır ki, sərbəst şəkildə - ev şəraitində uşağı parta arxasına oturtmaq elə də asan deyil) asılıdır. Məktəb təhsilinə gəlincə, psixoloqun dediyinə görə, müasir şəraitdə pedaqogikanın prinsiplərinin, heç olmasa, 70 faizinə əməl olunursa, bu artıq yaxşı göstərici sayıla bilər. Xarici mütəxəssislər, məsələn, təhsil sistemində tanınmış ekspert Cerri Mans hesab edir ki, valideynlər müəllim qismində çıxış edəndə (müəllim köməkçisi yox, məhz, müəllim), uşaqlar daha yaxşı oxuyur.
Azərbaycanın "Təhsil haqqında" Qanununa əsasən, evdə təhsil mümkündür və evdə ümumtəhsil proqramı çərçivəsində təhsil almaq olar. Yəni ev və özəl təhsil də ümumtəhsil sisteminə daxildir, amma bir şərtlə ki, əyani şəkildə olsun.
İkinci variant: evdə təhsil
Səhhətində problemlər olan uşaqların təhsil prosesi haqda ayrıca danışmaq lazımdır. Bu cür uşaqlar üçün kamal attestatı almağın yeganə yolu evdə təhsil almaqdır. Belə hallarda qanunvericiliyə əsasən, Təhsil Nazirliyi, ilk növbədə, psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi ilə məktəbdə təhsildən azad edilmiş uşaqlara xüsusi diqqət yetirməlidir. Nazirliyin 2013-cü il üçün statistikasına görə, 217 uşaq evdə təhsil alır. Nazirlər Kabinetinin 29 may 2002-ci il tarixli "İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili qaydalarının təsdiq edilməsi haqqında" Qərarına əsasən, təhsil müəssisələrinin rəhbərliyi səhhətilə bağlı məhdudiyyətləri olan şəxslərə lazımi yardım göstərməli, ən əsası isə, onların evdə lazımi kvalifikasiyalı pedaqoqlar tərəfindən təhsil almasını təmin etməlidir. Əlil-uşaqlar üçün evdə təhsilin iki variantı mövcuddur: yardımçı və ya ümumi proqram. Ümumi proqram əsasında təhsil alan uşaqlar məktəbdə oxuyan şagirdlərlə eyni proqramdan istifadə edirlər - eyni fənləri keçirlər, eyni imtahanlar verirlər və s. Sadəcə, evdə təhsil alan uşaqlar üçün dərs cədvəli məktəblərdə olduğu kimi sərt deyil. Dərslər daha az (20-25 dəqiqə) və ya daha çox (1,5-2 saat) çəkə bilər. Hər şey uşağın sağlamlığından asılıdır. Təbii ki, müəllimlərə bir dəfəyə bir neçə dərsi əhatə etmək daha münasibdir, ona görə də uşaqların əksəriyyəti gün ərzində 3 fəndən çox keçmir.
Üçüncü variant: distansiyalı təhsil
Müəyyən səbəblərdən ümumtəhsil müəssisələrində oxuya bilməyən uşaqlar arasında distansiyalı təhsil xarici ölkələrdə geniş yayılıb. Distansiyalı təhsil forması - məktəbə (liseyə, gimnaziyaya, ali təhsil müəssisəsinə) getmədən müasir informasiya-təhsil texnologiyaları və telekommunikasiya sistemlərinin (elektron poçt, TV və internet) köməyilə alınan təhsildir. Bu formada təhsil alan şəxsin məqsədyönlü və nəzarət altında sərbəst təhsil alması nəzərdə tutulur - o özü üçün daha uyğun yerdə fərdi dərs cədvəli ilə təhsil alır və bu zaman ondan sosial təhsil vasitələri və müəllimlə telefon, elektron və ya adi poçt əlaqəsi saxlamaq tələb olunur. Bizim ölkəmizdə distansiyalı orta təhsil forması hələ eksperiment kimi yalnız bir neçə məktəbdə tətbiq edilməyə başlayıb.
Valideynlər bunları bilməlidir
Umay xanımın sözlərinə görə, xarici ölkələrdə inteqrasiya təlimli inklüziv təhsil metodunun tətbiqi (ciddi xəstəlikləri olan uşaqlar istisnadır) geniş yayılıb - bu zaman həm təhsil prosesi, həm də uşaqların adaptasiyası evdə təhsildən daha effektli olur.
Uşaqlarına evdə təhsil vermək qərarına gəlmiş valideynlər bir şeyi də unutmamalıdırlar - ünsiyyət çatışmazlığı. Uşaqda tam sosiallaşmanı təmin etmək istəyirsinizsə, onları evdə bağlı qapılar arxasında saxlamayın, müxtəlif seksiyalara, onları maraqlandıran kurslara yazdırın, onlarla tez-tez gəzintiyə çıxın, həmyaşıdları ilə ünsiyyətləri üçün tam şərait yaradın. Bunları düzgün şəkildə qura bilsəniz, bu, övladlarınızın harmonik inkişafını təmin edəcək.
Əlbəttə ki, bu prosesə keçid üçün tələblər çoxdur - prosesin elementar infrastrukturundan tutmuş (prosesin düzgün təşkili, texniki və inzibati detallar) kadrlar seçiminədək. Bu ağır yolu seçmisinizsə, səhvlərə və qüsurlara da hazır olun - yeniliyə başlayanda bunsuz mümkün deyil.
Eyni zamanda Təhsil Nazirliyi tərəfindən müvafiq proqramın işlənib hazırlanması da məqsədəuyğun olardı. Bu proqram həm məktəb və pedaqoqların yardımı, həm də valideynlərin bu prosesə hazırlığını təmin edərdi. Çünki evdə təhsil ənənəvi məktəb təhsilinə rəqib deyil, sadəcə, "köməkçi" əlavə variantdır.
Evdə təhsilin üstünlükləri
Təhsil prosesinin vaxtını uzatmaq və ya əksinə, bir neçə sinif proqramını cəmi bir ilə keçmək olar.
Uşaq yalnız özünə və öz biliyinə güvənməyə öyrənir.
Uşağı maraqlandıran fənlərin daha dərindən öyrənilməsi imkanı.
Uşaq müəyyən dövr ərzində zərərli təsirdən qorunur (hərçənd, əksər psixoloqlar bunu çatışmazlıq kimi qiymətləndirirlər).
Valideynlər həmişə məktəb proqramının çatışmazlıqlarını korrektə etmək imkanına malikdirlər.
Evdə təhsilin çatışmazlıqları
Kollektivin olmaması. Uşaq komandada işləməyi bacarmır.
Kütlə qarşısında çıxış etmək və həmyaşıdları qarşısında öz mövqeyini müdafiə etmək təcrübəsi olmur.
Uşaqda hər gün ev tapşırığını yerinə yetirmək üçün stimul olmur, hərçənd bəzi psixoloqlar hesab edirlər ki, evdə valideynlər ənənəvi pedaqoji metod olan tapşırıqlardan birdəfəlik imtina etməlidirlər. Cerri Minsin dediyi kimi, "elə etməlisiniz ki, evdə təhsil sizin münasibətlərinizi rəsmiləşdirməyə yox, möhkəmləndirməyə kömək etsin. Uğurun əsas şərti - uşaqla yaxınlıqdır".
MƏSLƏHƏT GÖR: