
İKİ ŞƏRİF
Pakistan daxili siyasi gərginliyin növbəti dalğasını aşa biləcəkmi?
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Pakistanda ara yenidən qarışıb. Avqustun ortalarından bu ölkədə baş nazir Nəvaz Şərifin istefası tələbilə keçirilən nümayişlər səngimək bilmir.
Pakistanın iri şəhərlərində baş verən toqquşmalarda yaralananların sayı 300 nəfəri ötüb. Nümayişçilər baş naziri korrupsiyada, ötən il keçirilmiş parlament seçkisinin nəticələrini saxtalaşdırmaqda günahlandırır, onun istefasını tələb edirlər. Əhalini narazı salan məqamlar arasında sosial problemlər, xüsusilə işsizliyin həddindən artıq geniş yayılması, elektrik enerjisinin verilişində tez-tez fasilələrin olması yer tutur.
Etirazçıların başında "Pakistan Təhrik-e İnsaf" ("Pakistan Ədalət Hərəkatı") partiyasının lideri İmran Xan və "Minhacul Quran" ("Quran yolu") dini hərəkatının rəhbəri Tahir ul-Kadri dayanırlar. Onlar ölkədə "vətəndaş itaətsizliyi hərəkatı"nın başlandığını bəyan edib, tərəfdarlarını hazırkı nazirlər kabinetinin istefaya getməsinədək hökumətə itaətsizlik göstərməyə çağırıblar.
Müxalifətçilər İslamabadın mərkəzində yerləşən hökumət binasını və dövlət teleradio şirkətinin qərargahını ələ keçirməyə cəhd göstəriblər. Lakin ordu və polisin xüsusi bölüyü onların qarşısını almağa, dövlət hakimiyyəti orqanlarını nəzarətdə saxlamağa nail olublar. Quru qoşunlarının qərargah rəisi Rahil Şərifin başçılıq etdiyi generalitet "istər ölkədəki dərin siyasi böhrandan, istərsə də çox sayda insanın yaralanmasına, hətta tələfata səbəb olmuş zorakılıq hallarından ciddi təşviş keçirdiyini" bəyan edib. Bununla yanaşı, hökumət əleyhinə nümayişlərin arxasında, məhz, ordu komandanlığının - ənənəvi olaraq, Pakistanın ən nüfuzlu qüvvəsinin - dayandığına dair fikirlər var. Çünki ordu rəhbərliyi baş nazirin mövqelərinin zəifləməsində maraqlıdır.
Baş nazir Nəvaz Şərif Pakistan hökumətinə üçüncü dəfə ötən ilin iyununda rəhbərlik etməyə başlayıb. O, baş nazir postunu ilk dəfə hələ 1990-cı ildə sələfi Benazir Bhuttonun vəzifədən kənarlaşdırılmasından sonra tutmuşdu. 1993-cü ildə Şərif korrupsiyada və siyasi opponentlərinin qətlində ittiham olunaraq vəzifədən kənarlaşdırılıb. O zaman baş nazirin vəzifədən kənarlaşdırılması qərarı Ali Məhkəmə tərəfindən ləğv olunsa da, ordu bu məhkəmə qərarını dəstəkləməmişdi.
Nəvaz Şərif ikinci dəfə hökumət başına 1997-ci ildə keçsə də, 2 il sonra yenidən hakimiyyəti itirmişdi. Bu dəfə onun hakimiyyətinə ordu komandanı Pərviz Müşərrəf tərəfindən həyata keçirilən hərbi çevriliş son qoymuşdu. Bununla da, ordu Şərifin hökumət başında görmək istəmədiyini növbəti dəfə nümayiş etdirmişdi.
Sonrakı bir neçə ili Nəvaz Şərif Səudiyyə Ərəbistanında mühacirətdə keçirib. Ötən il mayın 11-də Pakistanda baş tutan parlament seçkisi bu ölkədə, təxminən, 70 ildə ilk dinc hakimiyyət dəyişikliyi kimi tarixə düşüb. Seçkidə qələbəni isə məhz Nəvaz Şərifin (vətənə 2007-ci ildə qayıdıb) başçılıq etdiyi Pakistan Müsəlman Liqası qazanıb.
İndi gündəmdə olan sual bəllidir: Şərif baş nazir kürsüsündə səlahiyyət müddətinin sonunadək otura biləcək, yoxsa növbəti dəfə istefaya getmək məcburiyyətində qalacaq? Nəvaz Şərif haqda bir fikir var ki, o, hakimiyyətə ustalıqla gəlməyi bacaran, lakin hakimiyyəti əldə saxlamaq iqtidarında olmayan siyasətçidir.
Bəs, Nəvaz Şəriflə ordu komandanlığı arasında münasibətlərin pis olması nə ilə bağlıdır? Cavab aydındır - siyasətçinin hərbçilərin dövlət idarəçiliyi sisteminə təsir imkanlarını məhdudlaşdırmaq cəhdlərilə. Nəvaz Şərif təhlükəsizlik siyasətinə mülki nəzarətin qurulmasına yaxındır. Bu məqsədlə o, bir müddət əvvəl Pakistan taliblərinin təşkilatı ("Təhrir-e Taliban Pakistan") ilə danışıqlara belə gedib. Xatırladaq ki, bu quraplaşma vaxtilə İslamabaddan maliyyə dəstəyi alsa da, 2007-ci ildə Pakistan dövlətinə qarşı çıxmaqla yerli ordu ilə silahlı mübarizəyə başlayıb. Navaz Şərifin taliblərlə danışıqları onların iyunda Karaçi aeroportuna hücumundan sonra kəsilib. Ordu dərhal Vəziristan əyalətində taliblərə qarşı əməliyyatlara başlayıb, bununla da, Şərifə təhlükəsizlik sahəsinin onun səlahiyyətlərinə aid olmadığını nümayiş etdirib.
Şəriflə hərbi komandanlıq arasında münasibətlərin pozulmasında hökumətin sabiq ölkə başçısı, istefada olan general Pərviz Müşərrəfə qarşı başladığı məhkəmə prosesi də rol oynayıb. Hazırkı hökumət sabiq prezidenti dövlətə xəyanətdə ittiham edir. Müşərrəf isə hakimiyyətdən kənarlaşdırılsa da, hərbi dairələrdə nüfuzunu qoruyub saxlayır. Ordu komandanlığı ona "əl uzadılması"nı ordunun daxili siyasi mövqelərinə ciddi zərbə sayır.
Ordunun Nəvaz Şərifin siyasi kursundan narazı olmasının daha bir səbəbisə sonuncunun Pakistanın tarixi düşməni olan Hindistanla münasibətləri yaxşılaşdırmaq cəhdləridir. Bu mənada bir faktı qeyd etmək kifayətdir: Nəvaz Şərif Hindistan hökuməti başçısının inauqurasiyasında iştirak etmiş ilk pakistanlı baş nazirdir. O, ötən ay Dehliyə səfəri zamanı həmkarının andiçmə mərasiminə qatılıb.
Generalitetlə hökumət başçısı arasındakı bütün bu ziddiyyətləri nəzərə alan bəzi müşahidəçilər hesab edirlər ki, populyarlıqda Şərifdən geri qalan müxalifət liderləri İmran Xan və Tahir ul-Kadrinin hərbi komandanlığın razılığı olmadan hökumətə meydan oxumağa başlamazdılar. Bu fikri möhkəmləndirən daha bir məqam ötənilki parlament seçkisinin saxtalaşdırıldığına dair iddiaların bu sərtliklə rəsmi nəticələrin açıqlanmasından dərhal sonra ortaya qoyulmamasıdır. Müxalifət nədənsə bu haqda Şərif hökumətinin 1 ildən artıq fəaliyyət göstərməsindən sonra danışmağa başlayıb.
Şübhəsiz ki, baş nazirin hazırkı böhrandan çıxmaq üçün kifayət qədər siyasi resursu var. Amma onun mövqelərinin zəifləyəcəyinə də şübhə yoxdur. Hərbi komandanlığın məqsədi də, güman ki, hakimiyyətin devrilməsi yox, Nəvaz Şərifin mövqelərinin zəifləməsinə nail olunmasıdır. Generalitet çevrilişin daxili siyasi qarşıdurmanı kəskin şəkildə qızışdıra biləcəyini anlayır. Çünki baş nazir əhali arasında hələ də ciddi dəstəyə malikdir. Taliblərlə mübarizənin davam etdiyi bir şəraitdə isə vətəndaş qarşıdurması hərbçilərə qətiyyən lazım deyil.
Odur ki, son həftələrdə yaşanan antihökumət nümayişləri Pakistanda, çətin ki, hər hansı inqilabi dəyişikliklərə səbəb olsun. Üstəlik, Pakistandakı etiraz aksiyaları ilə bir sıra ərəb ölkələrində baş vermiş "inqilab"lar arasında analogiyanın aparılması doğru olmazdı. Ən azı ona görə ki, Pakistanda "inqilab ssenarisi" üçün uzun illərin tiranı, milyonlarla insanın devrilməsini arzuladığı personaj yoxdur.
Pakistanda, güman ki, daxili siyasi barışıq prosesinə start veriləcək. Navaz Şərifin general Rahil Şəriflə görüşünü bu istiqamətdə ilk addım saymaq olar. Güman ki, onlar ordunun mülki hakimiyyətə dəstək verməsi üçün tələb olunan şəraiti müzakirə ediblər. Hərbçilərin baş nazirin təhlükəsizlik məsələlərinə müdaxilə etməməsinə çalışacaqlarına şübhə yoxdur. Bu, koalisiya qüvvələrinin də Əfqanıstandan çıxarıldığı bir vaxtda generalitet üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Pakistan da bütünlükdə region kimi, terrorçuluğun yayılması təhlükəsilə qarşı-qarşıya qala bilər.
Müxtəlif ekstremist və terrorçu təşkilatların hədəfində olan, kəskin sosial problemlər yaşayan belə böyük ölkə üçün bu vəziyyət dövlətçiliyin itirilməsi məsələsini aktuallaşdıra bilər. Pakistanın nüvə dövləti olduğunu da nəzərə alsaq, bu, bütünlükdə qlobal təhlükəsizlik baxımından son dərəcə vacib əhəmiyyət kəsb edir.
MƏSLƏHƏT GÖR: