
SÜLHƏ ÜMİD
Amma Ukraynada barışığa nail olunması belə, Qərblə Rusiya arasında "müharibə"nin bitəcəyinə zəmanət vermir
Müəllif: İrina XALTURİNA Bakı
Sentyabrın 5-də Minskdə Ukrayna hökumətilə tanınmamış Donetsk və Luqansk "xalq respublikaları" arasında atəşkəs razılaşması imzalanıb. Danışıqlarda Ukraynanın sabiq prezidenti Leonid Kuçma, tanınmamış "Donetsk Xalq Respublikası"nın baş naziri Aleksandr Zaxarçenko, tanınmamış "Luqansk Xalq Respublikası"nın rəhbəri İqor Plotnitski, Rusiyanın Kiyevdəki səfiri Mixail Zurabov, həmçinin ATƏT təmsilçisi Haydi Talyavini iştirak ediblər.
İmzalanmış sənəd 12 bənddən ibarətdir. Orada atəşkəsə əməl olunması və əsirlərin dəyişdirilməsi əksini tapıb. Zurabovun bildirdiyinə görə, atəşkəs sənədin ilk maddəsində əks olunub, digər müddəalar isə monitorinq üzrə strukturun yaradılmasını nəzərdə tutur. Atəşin dayandırılması əmrindən sonra Ukrayna prezidenti Pyotr Poroşenko xarici işlər naziri Pavel Klimkinə ATƏT-lə birlikdə "atəşkəs razılaşmasına əməl olunmasına effektiv beynəlxalq nəzarət"in təmin olunmasını tapşırıb. Poroşenkonun sözlərinə görə, Minsk razılaşması onların təklif etdikləri sülh planına əsaslanır.
Maraqlıdır ki, Minsk protokolunun imzalanmasından bir müddət əvvəl KİV-də Poroşenko ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığının olduğuna, onların telefon vasitəsilə razılığa gəlməyə cəhd etdiklərinə dair xəbərlər yer alıb. Amma Putinin mətbuat katibi Dmitri Peskov heç bir razılaşmanın olmadığını deyib və bunu "Rusiyanın münaqişə tərəfi olmaması" ilə əsaslandırıb. Bundan başqa, Aİ sammitində iştirak edən Poroşenko Ukraynada yaşanan münaqişənin "geri dönüşü olmayan nöqtəyə" çatdığını deyib və bunun Rusiya hərbçilərinin separatçıların tərəfində döyüşməsilə izah edib. Rəsmi təsdiqini tapmayan telefon danışığı xəbərindən cəmi bir neçə saat sonra, Minsk görüşünə 1 gün qalmış Putin Monqolustana uçduğu təyyarənin göyərtəsində Ukraynada müharibənin başa çatması üçün 7 bənddən ibarət "sülh planı" açıqlayıb. Kreml rəhbəri hər iki tərəfin hücum əməliyyatlarını dayandırmasını, Ukrayna ordusunun yaşayış məntəqələrinin atəşə tutulmasının mümkün olmayacağı məsafəyə çəkilməsini, atəşkəs razılaşmasına əməl olunmasına obyektiv beynəlxalq nəzarətin təminini, dinc sakinlərə qarşı hərbi aviasiyadan istifadənin birmənalı istisna edilməsini, "hər kəs hər kəsə" prinsipi ilə bütün əsirlərin dəyişdirilməsini, qaçqınların hərəkətinin təmini, Donetsk və Luqansk vilayətlərinə yüklərin daşınması üçün humanitar dəhlizin yaradılmasını təklif edib. Bundan əvvəl isə Vladimir Putin BBS-yə müsahibəsində Ukrayna hökumətinin ölkənin cənub-şərqi ilə siyasi məzmunlu dialoq aparmalı olduğunu söyləmişdi.
"LXR"in "baş nazir"i İqor Plotnitski isə RİA "Novosti"yə bildirib ki, Minsk görüşündə tanınmamış "DXR" və "LXR"in gələcək statusu müzakirə edilməyib. Bununla yanaşı, "DXR" və "LXR" rəhbərləri yalnız antiterror əməliyyatlarının dayandırılması deyil, həm də onların ərazilərinin xüsusi statusunun, rus dilinin statusunun, öz hərbi birləşmələrinin, prokuror və hakim təyinatı hüquqlarının tanınması tələblərilə də çıxış edirlər. Bundan başqa, onlar hesab edirlər ki, Rusiya və Gömrük İttifaqı ilə inteqrasiyanın dərinləşməsi nəzərə alınaraq, onların xarici iqtisadi fəaliyyətlə məşğul olmaları üçün xüsusi qayda yaradılmalıdır. Poroşenkoya gəlincə, o, atəşkəs razılaşmasının imzalanmasından dərhal sonra Donetsk və Luqansk vilayətlərinə iqtisadi azadlıq, amnistiya və əsirlərin dəyişdirilməsi vədlərini verib.
Amma bu, "LXR" və "DXR" üçün kifayət edəcəkmi? Ümumiyyətlə, tərəflər barışıqda nəzərdə tutulmuş şərtlərə əməl etməyə nə dərəcədə hazırdırlar? Müşahidəçilərin fikrincə, indi çox şey Kiyevdəki daxili siyasi vəziyyətdən asılı olacaq. Ukraynada parlament buraxılıb, ölkədə seçkiqabağı qarışıqlıq hökm sürür, qış ərəfəsində iqtisadi xarabalıq, pozğunluq aradan qaldırılmalıdır. Bu şəraitdə Kiyevdə prezidentlik fəaliyyətinə başlayarkən ölkənin cənub-şərqindəki separatçıların öhdəsindən gələcəyini vəd edən, indisə onlarla danışıqlar masasına əyləşən Poroşenkonun siyasi nüfuzu nə dərəcədə güclü olacaq?
Avqustun ikinci yarısında Donbassda hərbi əməliyyatlar fəallaşıb. Ukrayna ordusu mühasirəyə düşərək Luqansk da daxil olmaqla, bir sıra yaşayış məntəqələrini tərk etməli olub. Tanınmamış respublikaların tərəfdarları isə Mariupol da daxil olmaqla, bir çox istiqamətlərdə fəal hücumlara keçiblər. Qiyamçıların ard-arda qazandığı uğurları Aİ, ABŞ və NATO Rusiyanın onlara birbaşa dəstək verməsilə əlaqələndirir. Moskva isə bu ittihamları qəti şəkildə rədd edib. Əksər Qərb analitiklərinin fikrincə, Rusiya beynəlxalq hüquq normalarına zidd hərəkətlər edir, "soyuq müharibə"nin başa çatmasından sonra dünyada sabitliyə zəmanət verən bütün razılaşmaları pozur.
Bütün bunların fonunda Qərb ölkələri Rusiyaya təzyiqləri davam etdirmək üçün yenidən qruplaşıblar. Onlar Moskvaya qarşı yeni sanksiyalar hazırlayırlar. Gələcək plan Rusiyanın dövlət qurumlarının xaricdən maliyyələşməsini çətinləşdirmək, Rusiyaya enerji texnologiyalarının və ikili təyinatlı texnologiyaların satışına qoyulmuş qadağaları sərtləşdirməkdir. Sanksiyalar Rusiyanın nəhəng neft şirkətlərinə də tətbiq ediləcək və bu, Moskvanın Arktika və Sakit okean şelflərindəki iddialı layihələri reallaşdırmasına ciddi əngəl ola bilər. Fransa Rusiyaya ilk "Mistral" vertolyot daşıyan gəmisinin verilməsindən imtina edib. Obama "təcavüz"ün Rusiyaya baha başa gələcəyini deyir. Britaniyanın baş naziri Devid Kemeron da Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların onun iqtisadiyyatını "birdəfəlik məhv edəcəyini" söyləyib.
Şimali Atlantika alyansı üzvləri mövqelərini Uelsdə keçirilən NATO sammitində uzlaşdırıblar. Nyuport şəhərində baş tutan görüş Rusiyanın iştirakı olmadan keçib. Əsas müzakirə mövzusu isə NATO-nun Şərqi Avropada yeni bazalar yaratması məsələsi olub. Alyans Avropanın şərqində çevik reaksiya qüvvələri toplamaq niyyətindədir. Rusiyanın mümkün hücumundan qorunmaq məqsədilə yaradılacaq bu qüvvələr bir neçə min nəfərdən ibarət olacaq. Bundan başqa, bir müddət əvvəl Estoniyada səfərdə olan ABŞ prezidenti Barak Obama bu ölkədə Amerikanın hərbi-dəniz bazasının yerləşdiriləcəyini bəyan edib. Maraqlıdır ki, indi Ukraynada bloklara qoşulmama statusundan imtina etmək, NATO-ya üzvlük kursu götürməkdən danışır. Kiyev NATO-nun bir nömrəli tərəfdaşı olmaq istəyir və bunun üçün ona xüsusi statusun verilməsinə çalışır. O, yaxın vaxtlarda yeni hərbi doktrinanın qəbulunu da planlaşdırır. Sənəddə Rusiyanın təcavüzkar ölkə olduğu aydın şəkildə əksini tapmalıdır.
Beləliklə, Minsk razılaşmasının effektivliyindən asılı olmayaraq, Rusiya ilə Qərb arasında qarşıdurma getdikcə dərinləşməkdədir. Bu, artıq hər şeyin rasional olduğu, "treyd-off" sisteminin işlədiyi adi maraqlar oyunu deyil. İndi həqiqi müharibə gedir və tərəflər hətta öz zərərlərinə olan addımları belə, atmaqdan çəkinmirlər. Almaniya kansleri Angela Merkel ölkə parlamentindəki çıxışında Rusiyaya tətbiq edilən sanksiyaların Almaniyada özəl biznesə mənfi təsir göstərdiyini etiraf edib. Moskvaya "Mistral" gəmilərinin satışından imtina edən Fransa indi buna görə cərimə ödəməklə yanaşı, Rusiyanın tələbləri əsasında hazırlanmış gəmilərə başqa müştəri axtarmaq məcburiyyətindədir. Bundan başqa, Avropanın bir çox sahələrdə ABŞ-ın istəyinə uyğun hərəkət etməli olduğuna dair fikirlər var - doğrudur, bu fikri, əsasən, Rusiya tərəfi səsləndirir, lakin bəzi Qərb siyasətçiləri və blogerləri də buna bənzər fikirlər söyləyirlər. Belə hesab olunur ki, ABŞ Rusiyaya yeni sanksiyaların tətbiqində israr etməklə və NATO-nu gücləndirməklə, öz hərbi sənayesinin yüksəlməsinə çalışır, Şərqi Avropada mövcudluğunu artırır və Avropanın iqtisadiyyatını zəiflədir.
Vəziyyət isə elədir ki, hətta barışıq belə, müharibənin başa çatacağına zəmanət vermir. Ən yaxşı halda Rusiya ilə Qərbi "soyuq ünsiyyət" gözləyir, Rusiya ilə Ukrayna isə bundan sonra da "başlarını divara vurmağa" məhkumdurlar. Təsadüfi deyil ki, Ukrayna hökumətinin Ukrayna-Rusiya sərhədinin möhkəmləndirilməsinə dair hazırladığı layihənin adı, məhz, "Divar"dır. Quruda sərhəd ən azı 4 metr enində, 2 metr dərinliyində xəndəkdən ibarət olacaq. O, əlavə optik-elektrik müşahidə, qüllələr və digər qurğularla birlikdə avtomobillərin hərəkətinə mane olacaq. Dəniz sərhədlərində tam optik-elektrik müşahidənin qurulması təklif olunur. Rusiya-Ukrayna sərhədinin uzunluğu 2295 kilometrdir.
Beləliklə, bütün beynəlxalq təhlükəsizlik sisteminin və beynəlxalq hüququn 2295 kilometrlik iflası. Sərhədsiz və müharibəsiz dünya əvəzinə 2295 kilometrlik "divar". Üstəlik, açıq danışsaq, indi dünya üzrə bu cür gözlə görünən və görünməyən divarların sayı-hesabı yoxdur.
MƏSLƏHƏT GÖR: