
SON HƏDD
Suriya vətəndaş müharibəsi burulğanında batır
Müəllif: Natiq NAZİMoğlu Bakı
Suriya vətəndaş müharibəsi şəraitindədir. Bu məyusedici faktı BMT rəsmisi bəyan edib. Bir ildən artıqdır, Bəşər Əsəd rejimi ilə müxalifət arasında davam edən qarşıdurmada ölənlərin sayı 10 min nəfəri ötüb. 230 minədək insan qaçqın düşüb, milyonadək suriyalının təcili humanitar yardıma ehtiyacı yaranıb. Amma görünən odur ki, bu, hələ son deyil. Deyəsən, son dövrlərədək ərəb dünyasının ən öndəgedən dövləti sayılan ölkədə hakimiyyətə can atan qüvvələrlə nəyin bahasına olursa-olsun hakimiyyəti əldən vermək istəməyən rejim arasındakı silahlı münaqişə hələ çox iztirablara səbəb olacaq.
Əl-Kubeyr əks-sədası
Suriyada vəziyyətin nəzarətdən tam çıxmaqda olduğu və ölkənin tamamilə vətəndaş müharibəsinin girdabına yuvarlanmaqda olduğu Xama əyalətinin Əl-Kubeyr şəhərciyindəki qətliamla hər kəsə aydın olub. Xatırladaq ki, həmin qətliamda 100-dək insan öldürülüb və ölənlər arasında qadınlar və uşaqlar da var. Suriya müxalifətçilərinin Milli Şurası və onun arxasında duran Qərb bu qanlı aksiyada rəsmi Dəməşqi günahlandırır. Hakimiyyət isə kütləvi qırğına heç bir aidiyyətiınin olmadığını bildirir və baş verənlərə görə məsuliyyəti "terrorçu qruplaşma" adlandırdığı silahlı müxalifətin üzərinə qoyur.
Əl-Kubeyrdə baş vermiş faciədən bir neçə gün sonra, hökumət qüvvələri ilə Prezident Bəşər Əsədi devirməyə çalışan silahlı qruplaşmalar arasında ilk əsl döyüş Dəməşqdə qeydə alınıb. Təxminən, 121 saat davam edən döyüşdə 50-dən artıq dinc sakin həlak olub.
Bununla da BMT-nin xüsusi nümayəndəsi Kofi Annanın Suriya müxalifəti və hökuməti tərəfindən icra edilməli olan sülh planını iflasa uğramış saymaq olar. O da qeyd olunmalıdır ki, hazırkı şəraitdə qəbul edilə biləcək yeganə planın iflasına yalnız suriyadaxili hadisələr yox, xarici faktorlar da öz təsirini göstərib.
İyunun 6-da İstanbulda Suriyada hakimiyyətin dəyişməsini dəstəkləyən dövlətlərdən ibarət "Suriyanın dostları" qrupunun növbəti toplantısında beynəlxalq ictimaiyyət Bəşər Əsəd rejiminə qarşı əlavə sanksiyaların tətbiqinə çağrılıb. Məqsəd onu hakimiyyəti müxalifətə təhvil verməyə məcbur etməkdir. Amma daha maraqlı olanı (hər halda, Qərb və onun Yaxın Şərqdəki müttəfiqlərinin Suriya prezidentini istefaya çağırması yenilik deyil) "Suriyanın dostları"nın Suriya müxalifətinə yardım göstərəcək xüsusi qrup yaratmaq niyyətlərini açıqlamasıdır.
Antiəsəd kampaniyasının davamı ilə bağlı vacib qərarlar, güman ki, "Suriyanın dostları" qrupuna daxil olan dövlətlərin XİN başçılarının iyulun 6-da Parisdə keçiriləcək görüşündə qəbul olunacaq. Həmin forumun təşkilatçısı olacaq Fransanın Xarici İşlər Nazirliyi artıq "humanitar vəziyyətin, təhlükəsizliklə bağlı durumun ağırlaşdığı, repressiyaların davam etdiyi şəraitdə Suriya xalqını dəstəkləmək istəyən bütün dövlət və təşkilatları bir araya cəmləməyə hazır olduğunu" bəyan edib.
"Suriya məsələsi"lə bağlı hakimiyyətin dəyişməsi prosesini sürətləndirməyə çalışan Qərbin mövqeyini sərtləşdirdiyini nəzərə alsaq, Suriyaya kənar hərbi müdaxilə ehtimalı kifayət qədər artıb. ABŞ lazım gələcəyi təqdirdə, Bəşər Əsəd rejiminə qarşı BMT qərarı olmadan belə, hərbi əməliyyatlara başlaya biləcəyini çoxdandır ki, açıq şəkildə bəyan edir. Məsələ ondadır ki, BMT Təhlükəsizlik Şurasında Rusiya və Çinin fərqli mövqeyi hələ də "Suriya məsələsi"nin həllinə sərt yanaşmanı nəzərdə tutan qətnamənin qəbuluna imkan vermir.
Fransanın yeni Prezidenti Fransua Olland da öz növbəsində Suriyada böhranın aradan qaldırılması üçün hərbi varianta əl atılmasının məqsədəuyğun olduğunu söyləyib. Bir sıra ölkələrin - Fransa, Almaniya, Böyük Britaniya, Niderland, İtaliya, İspaniya, Kanada, Yaponiya və Türkiyənin ABŞ-ın ardınca Suriyadakı səfirlərini bu ölkəni tərk etməyə çağırması da vəziyyətin ciddiliyindən xəbər verir.
Amma dünya ictimaiyyətinin antiəsəd əhvalının idillik mənzərəsinin çəkilməsinə ayrı-ayrı dövlətlərin fərqli yanaşması imkan vermir. Söhbət ilk növbədə Suriya münaqişəsinə kənar hərbi müdaxilənin yolverilməz olduğunda israr edən Rusiya və Çindən gedir. Bu baxımdan, Moskva faktoru daha ciddi nəzərə çarpır. Çünki Qərb Moskvanı birmənalı şəkildə Əsəd rejiminin müttəfiqi kimi qəbul edir. Qərbin Əsəd rejiminə qarşı Moskvanın mövqeyini nəzərə almadan addımlar atmaq qərarına gəldiyi indiki dövrdə ABŞ-ın dövlət katibi Hillari Klintonun Rusiyanı Suriya ordusuna hərbi vertolyotlar göndərməkdə günahlandırması da təsadüf deyil. "Ruslar zaman-zaman bizi sakitləşdirməyə çalışaraq bildirir ki, onların Suriyaya silah-sursat verməsi münaqişənin qızışmasına səbəb ola bilməz. Amma bu, belə deyil", - deyə ABŞ-ın dövlət katibi bildirib.
Xanım Klintonun rusiyalı həmkarı Sergey Lavrov isə birmənalı şəkildə bəyan edib ki, onun ölkəsi Suriyaya RMS vasitələrinin satışı ilə bağlı müqaviləyə sonadək əməl etmək niyyətindədir. Bununla yanaşı, o, Suriyaya verilən silahların istənilən halda dinc sakinlərə qarşı istifadəsinin mümkün-süzlüyünü bildirib. Lavrov bunu söhbətin RMS-dən getdiyini və onun yalnız Suriyaya kənar müdaxilənin önlənməsi işinə yaraması ilə əsaslandırıb.
Suriyaya "hərbi vertolyotların verilməsi"nə gəlincə, Moskva bunu təkzib edir.
Problemin həlli yollarına gəlincə, Rusiya hesab edir ki, təzyiq Suriya müxalifəti də daxil olmaqla, bütün tərəflərə göstərilməlidir. "Əgər suriyalıların özləri Bəşər Əsədin hakimiyyətdən getməsi ilə bağlı razılığa gələrlərsə, Moskva bunu dəstəkləyəcək", - deyə Lavrov qeyd edib.
Moskva təcili olaraq Suriya ilə bağlı beynəlxalq konfransın çağrılmasını da vacib sayır. Rusiyada hesab edirlər ki, bu konfransla Kofi Annanın planının reallaşdırılmasına yardım göstərilməlidir. Daha maraqlısı isə Moskvanın konfransa "Suriya hökumətinə təsir imkanlarına malik olan ölkə kimi" İranın da dəvət olunması təklifidir. Görünür, məhz İran faktorunu nəzərə alan Lavrov birmənalı şəkildə bildirib ki, Rusiya BMT TŞ-nın Suriyaya hərbi müdaxiləsinə sanksiyalaşdırmasına imkan verməyəcək, çünki bu, həmin ölkəni "islam dünyası dailində liderlik uğrunda müharibə poliqonuna" çevirə bilər.
Son xatırlatma təsadüf deyil. Çünki artıq tam aydındır ki, Qərbin Suriyaya qarşı hazırladığı hərbi aksiya eyni zamanda həm də irimiqyaslı antiiran kampaniyasının bir hissəsidir. Bu, İranla Vaşinqtonun ərəb müttəfiqləri arasında ziddiyyətin dərinləşməsində də özünü göstərir. Söhbət xüsusilə Ərəb Dövlətləri Liqası çərçivəsində antiəsəd siyasətinin önündə yer alan Səudiyyə Ərəbistanı, Qətər və Bəhreyndən gedir.
Rusiyanın Suriya probleminin həllində İranın da iştirakına dair təklifinə gəlincə, Qərbin buna razılıq verməyəcəyinə heç bir şübhə yoxdur. Artıq ABŞ-ın dövlət katibi Hillari Klinton Suriya problemilə bağlı İranın iştirakı ilə hər hansı görüşün keçirilməsindən imtina edib. Fransa XİN-nin açıqlamasında isə deyilir: "İran rejimi hələ də Bəşər Əsəd rejimi və onun öz xalqına qarşı qanlı repressiyalarını dəstəkləyir. Odur ki, bu ölkənin Suriya böhranının tənzimlənməsində iştirakı qeyri-mümkündür".
Sınma xətti
Suriya böhranının dərinləşməsində xarici faktorların çox böyük əhəmiyyətinə rəğmən, əsas səbəblər yenə də daxildədir. Burada hakim rejimlə Suriya cəmiyyətinin etirazçı bölümünün maraqlarını və əhvalını ifadə edən silahlı müxalifət arasında parçalanmanın dərinləşdiyini görürük.
Suriyada da qiyamçılar Qəddafi Liviyasında olduğu kimi, rejimin devrilməsi üçün Qərbdən hərbi yardım gözləyir. Müxalifətin Suriya Azadlıq Ordusunun taktikası hərbi fəallığını daim artırmaq, "Suriyanın dostları"nı özünü Əsəd rejiminə ciddi zərbə vurmaq iqtidarında olan bir qüvvə kimi qəbul etdirməkdən ibarətdir. Hökumət silahlı müxalifətin qarşısını sərt yolla alırsa, sonda bu, müxalifətçilərin xeyrinə işləyir. Çünki dünya ictimaiyyətində məhz bu zaman boğulan müxalifət və Suriya xalqının müxaliffikirli hissəsinin şəkli tam formalaşır, Qərb və müttəfiqlərinin onların köməyinə çatmasının vacibliyi fikri yaranır.
Beləliklə, bu gün Suriyaya kənar hərbi müdaxilə məsələsi heç zaman olmadığı qədər aktualdır. Qərbin Əsəd rejiminin devrilməsi planını reallaşdır-masında və "ərəb baharı"nın Yaxın Şərqin geosiyasi baxımdan ən vacib ölkələrinin birində (hətta Suriyada İraq və ya Liviyadakı kimi enerjidaşıyıcıları olmasa belə) gerçəkləşdirməsindəki aşkar çətinliklərə rəğmən, ABŞ-ın başçılıq etdiyi "Suriyanın dostları" bu ssenarini gerçəkləşdirməkdə qərarlıdır. Bu yolda əsas maneə isə Rusiya və Çin yox, Əsədin Suriya daxilində ciddi dəstəyinin hələ də qalmasıdır. Ən azı, hələlik ölkənin siyasi və iqtisadi elitasının, heç olmasa, bir hissəsinin diktator prezidentdən üz döndərməyə hazır olduğunu göstərən bir dənə də olsun fakt yoxdur. Bu isə ABŞ və NATO-nun Şərq ölkələrində son zamanlar həyata keçirdiyi hərbi kampaniyaların əsas atributudur.
Qərb strateqləri üçün problem yaradan daha bir amil NATO qüvvələrinin Suriya qiyamçılarını dəstəkləmək üçün quru əməliyyatları keçirməsinin zəruriliyidir. Çünki hazırda Suriyanın hökumət qüvvələrilə müxalifət arasında hərbi toqquşmalar əsasən dağ rayonlarında gedir. Qərb koalisiyasının yalnız aviazərbələrlə silahlı müxalifətin Dəməşqə doğru hərəkətini təmin etməsi çətin olacaq. Qərb açıq hərbi əməliyyatlara başlayacağı təqdirdə, Əsəd rejiminə İranın, həmçinin, Livanın "Hizbullah" şiə qruplaşmasının hərbi yardım göstərəcəyi də istisna deyil.
Bu konteksdə Rusiya, əlbəttə ki, fərqli durumdadır: Moskvanın rəsmi Dəməşqin hərbi müdafiəsinə qalxa biləcəyinə dair bütün danışılanlar əsassız təsir bağışlayır. Rusiyanın siyasi elitası, iqtisadi və ideoloji maraqları Qərbə bağlıdır. Odur ki, Moskva xüsusilədə birbaşa Kremlin nüfuz dairəsində olmayan ölkəyə görə Qərbə meydan oxumaq qərarına gəlməz.
Yuxarıda qeyd olunan bütün faktorlar nəzərə alınsa da, qüdrətli dünya mərkəzlərinin müharibə qərarı verməsinə təsir göstərməyəcək. Lakin Suriyada hərbi əməliyyatlara başlanılmasının region, həmçinin bütün dünya üçün real perspektivlərini düşündükdə bu aksiyanın vaxtilə Liviyadakından daha uzun çəkə biləcəyini nəzərə almamaq mümkün olmayacaq. Hərçənd, Əsəd rejiminin göstərəcəyi müqavimətin nə ilə bitəcəyi artıq aydındır. Bu isə o deməkdir ki, region xalqlarına dünyadakı güc mərkəzlərinin onların taleyi ilə bağlı hansı qərara gələcəyini gözləmək, bu qərarın həmin xalqların maraqları ilə üst-üstə düşüb-düşmədiyini araşdırmaq qalır. Bu suala cavab vermək həm də ona görə çətindir ki, bir sıra ərəb ölkələrində diktatorların devrilməsi təcrübəsi (məsələn, İraqda Səddam Hüseynin, Misirdə Hüsni Mübarəkin, Liviyada Müəmmar Qəddafinin) tiranların əvəzinə hakimiyyətə daha böyük tiranın gəlməyəcəyinə zəmanətin olmadığını göstərir. "Ərəb baharı"nın baş verdiyi ölkələrdə baş qaldırmış xaosun nəinki sabitliyi poz-mayacağına, həmin dövlətin ərazi bütövlüyünü və hətta mövcud-luğunu təhlükə qarşısında qoymayacağına da heç bir zəmanət yoxdur.
MƏSLƏHƏT GÖR: