
REGİONDA MÜHARİBƏ OLACAQMI?
"R+"un suallarını rusiyalı hərbi ekspert İqor Korotçenko cavablandırır
Müəllif: Ceyhun NƏCƏFOV Bakı
-Bu günlərdə ABŞ-ın dövlət katibi Hillari Klinton Cənubi Qafqaz ölkələrinə səfər edib. ABŞ bu səfərlə hansı geosiyasi mesajı verdi?
- Klintonun Cənubi Qafqaz səfərində əsas məqsəd İranla bağlı yaranmış vəziyyət idi. Nəzərə almaq lazımdır ki, bu ay Moskvada İran rəhbərliyi ilə "altılıq" arasında görüş keçiriləcək. Orada İranın nüvə proqramı ilə bağlı problemin həlli perspektivinə dair çox ciddi məsələlər müzakirə olunacaq. Qərb Tehrana münasibətdə barışmaz mövqedədir və təbii ki, İranın qonşuları ilə müzakirələrin aparılması vacib idi.
Eyni zamanda, ABŞ Cənubi Qafqazda baş verənləri də diqqətlə izləyir. Söhbət xüsusilə son günlər Ermənistanla Azərbaycan arasında gərginliyin artmasından gedir. Vaşinqton üçün mümkün hadisələrin dinamikasını artırmaqdan ötrü onlarla müzakirələr aparmaq vacib idi.
Gürcüstana gəlincə, ABŞ Tbilisiyə maksimum dəstək siyasəti yürüdür. Vacib məqam Tbilisinin NATO-ya can atmasıdır. ABŞ Klintonun səfəri ilə göstərdi ki, Cənubi Qafqaz onun strateji maraqları zonasına daxildir və Vaşinqton burada baş verən hadisələrə fəal şəkildə təsir etmək niyyətindədir.
- ABŞ dövlət katibinin səfərindən sonra da Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində insidentlər qeydə alınmaqdadır. Qarabağ müharibəsində fəal fazanın bərpası nə dərəcədə realdır?
- Tam nəzəri baxımdan istənilən cüzi qığılcım tammiqyaslı münaqişəyə çevrilə bilər. Amma mənə elə gəlir ki, müharibənin başlanması tərəflərin maraqlarına cavab vermir. Ermənistan, çətin ki, müharibənin bərpasını istəsin. Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsinə bərabərdir. Bakı İsraildən silah alınması ilə bağlı çox nəhəng müqavilə imzalayıb. Bu, Azərbaycan Milli Ordusunun fəal şəkildə müasirləşdirilməkdə olduğunu göstərir. İstənilən halda, hazırda ABŞ Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların bərpasında maraqlı deyil. Çünki Ağ ev bütün diqqətini İrana təzyiq göstərilməsinə yönəldib. İndiki şəraitdə Qarabağda müharibənin başlanması ABŞ-ın maraqlarına cavab vermir.
- ABŞ İran probleminin hərbi yolla həllinə qərar verə bilərmi? Yoxsa Pentaqon və SAXAL-ın Tehran ətrafındakı nüvə obyektlərinə zərbələr endirməyə hazır olduqlarına dair səs-küylü bəyanatları, sadəcə, psixoloji təzyiq vasitəsidir?
- Düşünürəm, ABŞ İranın iqtisadi cəhətdən boğulması siyasətini davam etdirəcək. Bu siyasət İran ictimaiyyətində sosial, iqtisadi çaxnaşmaların baş qaldırmasına hesablanıb. İqtisadi təzyiq rçaqları uğur gətirməsə, ABŞ İrana qarşı müəyyən hərbi aksiyalara əl ata bilər. Rusiyada hesab edirlər ki, Moskva danışıqlarında Rusiyanın vasitəçiliyi ilə müəyyən müsbət nəticələr əldə edilməsi mümkün olacaq. Məsələn, Rusiya XİN İranın gedəcəyi güzəştlərin əvəzində, ona tətbiq olunan embarqonun azaldılması və sair təkliflərlə çıxış edib. İrandan bütün tələblərə birdən əməl etməsini istəmək də olmaz. Rusiya İrana qarşı hərbi əməliyyatlara başlanmasına birmənalı şəkildə etiraz edir və Tehranın nüvə proqramı ilə bağlı problemin diplomatik yolla həllini dəstəkləyir.
- "İran problemi" hərbi yolla çözülməli olarsa, Cənubi Qafqaz bu proseslərə nə dərəcədə cəlb olunacaq?
- Tehran Azərbaycanın öz ərazisini İrana qarşı kəşfiyyat və ya başqa tipli işlərin aparılması üçün ABŞ və ya İsrailə verə biləcəyindən ehtiyatlanır. Məsələ ondadır ki, İsrail təyyarələri İrana uçmaq, orada hərbi əməliyyatlar aparmaq və geri dönmək iqtidarında deyil. Bunun üçün onlar yolüstü haradasa yanacaq doldurmalıdır. Yanacaqdaşıyan təyyarələrin sayı bu işi görmək üçün kifayət etmir. Bu baxımdan, Azərbaycan aerodromları çox cəlbedicidir. İranda da ondan ehtiyatlanırlar ki, Azərbaycan ABŞ və İsraillə bununla bağlı gizli danışıqlar aparır və məhz buna görə Rusiyanın Qəbələ RLS-dən yaxa qurtarmaq istəyir. Tehranda hesab edirlər ki, Qəbələ RLS-in bağlanması ilə Azərbaycan İrana qarşı hərbi-siyasi qərarların qəbulu üçün tam sərbəst olacaq.
- Yeri gəlmişkən, Qəbələ RLS-in icarə müddətinin uzadılması ilə bağlı danışıqlardan hansı nəticəni gözləmək olar?
- Fikrimcə, danışıqlar uğursuz bitəcək. Stansiya bağlanacaq və bununla da dövlətlərimiz arasındakı vacib əlaqə itəcək. Bu, Rusiya ilə Azərbaycan arasındakı siyasi münasibətlərə mənfi təsir göstərəcək.
- Son illər Azərbaycan xüsusi xidmət orqanlarının ifşa etdiyi və zərərsizləşdirdiyi, demək olar ki, bütün terrorçu qruplaşmalarının Şimali Qafqaz ərazisində məskunlaşdığı və ya formalaşdığı üzə çıxıb. Rusiyanın tezliklə cənub sərhədlərində terror problemini həll edəcəyini gözləmək olarmı?
- Yox. Şimali Qafqazdakı terror problemini bir neçə aya və ya ilə həll etmək olmaz. Bu, regionun iqtisadi durumu, elita ilə adi vətəndaşlar arasındakı sosial bərabərsizliklə bağlı olan böyük problemdir. Üstəlik, terrorçular orada çox güclü mövqelərə malikdir. Ola bilsin, Şimali Qafqazdakı terror probleminin həlli üçün onilliklər lazım gəldi. Amma Rusiya həm öz ərazisində, həm də Azərbaycanda terrorçularla birgə mübarizədə maraqlıdır.
MƏSLƏHƏT GÖR: