
ERMƏNİSTAN: "KEÇMİŞƏ DOĞRU, İRƏLİ?"
"Siyasi nostalji" Robert Köçəryana seçkini udmağa kömək edə bilər, amma ermənistanın "nisbi rifah" dövrünə qayıtması, çətin ki, mümkün olsun
Müəllif: NURANİ Bakı
Ermənistanda "seçkisonrası siyasi yenilənmə" dövrü davam edir. Amma gözləntilərin əksinə olaraq, Ermənistanda baş nazir dəyişmədi: hökumətə rəhbərlik yenidən Tiqran Sarkisyana həvalə olundu. "Çiçəklənən Ermənistan" partiyasının (ÇEP) gələcək siyasi rolunun nədən ibarət olacağı isə əsas intriqa mövzusu olaraq qalır. Ermənistanın eks-prezidenti Robert Köçəryan məhz bu partiyanı özü üçün siyasi "meydan" seçib.
Xatırladaq ki, hələ mayın 24-də ÇEP lideri Qagik Sarukyan partiyasının hökuməti formalaşdırması və proqramının reallaşdırılması üçün konstitusion imkanlara malik olmadığını qeyd edərək, bu səbəbdən, hökumət koalisiyasında təmsil olunmayacaqlarını bəyan edib.
Respublika partiyası (ERP) və "orinats yerkir" isə 2012-ci il mayın 30-da koalisiya memorandumu imzalayıblar. Sənədə ERP lideri, prezident Serj Sarqsyan və "orinats yerkir" partiyasının sədri, milli təhlükəsizlik şurasının katibi Artur Baqdasaryan imza atıblar.
İndi "çiçəklənən Ermənistan" partiyası özünü, ən azı, liberalmeyilli mərkəzçi qüvvə kimi göstərir.
Ermənistanda əksər müşahidəçilər əmindir ki, ÇEP hakim koalisiyaya qatılmaqdan məhz Robert Köçəryanın israrı ilə imtina edib. "168 saat" qəzetinin iddiasına görə, Köçəryan ÇEP-ə ERP ilə koalisiyaya girməyi son anda qadağan edib. Guya Köçəryan hələ mayın 9-da Serj Sarqsyanla Dağlıq Qarabağda çox gərgin keçmiş təkbətək görüşündə ÇEP-i hakim partiya ilə koalisiyaya buraxmayacağını bəyan edibmiş.
Qəzetin bu haqda sualını cavablandıran eks-xarici işlər naziri, ÇEP-dən depupat seçilmiş və Köçəryanın yaxın tərəfdarı sayılan Vardan Oskanyan, əslində, məlumatı təkzib etməyib və gülümsəməklə kifayətlənib.
İstənilən halda, hələlik "çiçəklənən Ermənistan", daha doğrusu, Robert Köçəryan yeni siyasi imicini formalaşdırmaqdadır və bu işdə xarici oyunçuların da dəstəyini qazanmağa çalışır. "Qraparak" qəzetinin yazdığına görə, ÇEP-in proporsional namizədlər siyahısının hazırlanması zamanı partiyanın rusiyapərəst siyasi qüvvə kimi qəbul edilməməsi üçün oraya qatı amerikapərəst siyasətçilər kimi tanınmış şəxslərin salınması üçün hər şey edilib.
"Amma nə qərbpərəst qüvvələr, nə də amerikalılar bu ideyaya dəstək veriblər. Bizdə olan məlumata görə, Gürcüstanda milyarder Bidzin İvanişvilinin ətrafı kimi, Ermənistanda da Qagik Sarukyanın ətrafı hakimiyyətə psixoloji təzyiq göstərmək üçün ABŞ-ın dövlət katibi Hillari Klintonla görüşməyə çalışıb. Amma Amerika tərəfi bu istəyə reaksiya verməyib və görüş baş tutmayıb. Doğrudur, Sarukyan ictimai sektor nümayəndələri, hüquq müdafiəçiləri və siyasi xadimlərlə birlikdə dövlət katibi ilə görüşmək üçün ABŞ səfirliyinə yollanıb. Amma tet-a-tet görüş baş tutmayıb", - deyə qəzet yazır.
Bütün bunlarla yanaşı, "çiçəklənən Ermənistan" kəskin müxalifətçiliyə də başlamayıb, ən azı, hələlik. Üstəlik, "yerkir" qəzeti yazır ki, "çiçəklənən Ermənistan"ın hakim koalisiyaya daxil olmamasına baxmayaraq, onun nümayəndəsinin idman və gənclərlə iş naziri təyin ediləcəyi istisna deyil. Qəzetin yazdığına görə, gözləntilərin əksinə olaraq, ÇEP lideri Qagik Sarukyanın milli olimpiya komitəsinin prezidenti postundan getməməsi də hakim respublika partiyasının onun idmanın inkişafına verdiyi töhfələri qiymətləndirməsinin göstəricisidir.
Şübhəsiz ki, hazırkı prezident üçün daha təhlükəli rəqib Robert Köçəryandır. O da Sarqsyan kimi, "Qarabağ klanı"na arxalanır. Lakin hazırkı prezidentdən fərqli olaraq, Köçəryan daşnakların, onların vasitəsilə isə xaricdəki erməni diasporunun dəstəyinə də ümid edə bilər. Üstəlik, onun aktivində "Mənim vaxtımda daha yaxşı idi" kimi "işlək" şüar da var. İqtisadçıların statistik hesablamaları onun bu şüarını təsdiqləyir.
Ermənistanda 2013-cü ilə təyin olunmuş prezident seçkisinə o qədər də çox vaxt qalmayıb. Serj Sarqsyanın həmin seçkidən qalib çıxmaq şansları "böyük depressiya" dövrün-dəki Herbert Quverin şansları ilə eyni olar. Ermənistan iqtisadiyyatı əvvəlkitək ağır vəziyyətdədir. Parlament seçkisi başa çatmamış milli valyuta olan dram yenidən "çöküb". Nəticədə, qiymətlər dərhal bahalaşmağa başlayıb. "Aykakan jamanak" qəzeti yazır ki, son 2 ayda 50 kiloqramlıq əla növ un kisəsinin topdansatış qiyməti 2 min dramdan artıq bahalaşıb. "Baharın əvvəlində bir kisə un 9 min dram (25 dollara yaxın) idi, apreldə ilk bahalaşma baş verdi və qiymət 2 dollar artdı. Sahibkarların sözlərinə görə, idxalçılar bunun səbəblərini izah etmir. Mayın ortalarında isə unun topdansatış qiymətində növbəti artım olub və qiymət 11 min 300 drama yüksəlib. İdxalçılar bunu dolların bahalaşması ilə izah edirlər. Hələlik bu, çörəyin qiymətinə təsir göstərməyib. Çünki hazırda "köhnə" undan istifadə olunur. Çörək istehsalçıları isə unun qiymətinin əvvəlki həddə qayıdacağına ümid edir. Bu, baş verməsə, çörək istehsalçıları qiyməti artırmalı olacaq", - deyə qəzet yazır.
Amma qiymət artımı yalnız çörəkdə gözlənilmir. İqtisadi rəqabətin qorunması üzrə dövlət komissiyasının rəhbəri Artak Şaboyan News.am saytına açıqlamasında əmtəə bazarında dəyişikliklərin göz qarşısında olduğunu söyləyib. Digər məhsullarla yanaşı, sosialtəyinatlı məhsullar da bahalaşır. Söhbət bir qayda olaraq, idxal olunan məhsullardan gedir. Yerli istehsalda - yumurta, ət və süd məhsullarında isə hələ ki ciddi qiymət artımı yoxdur. Amma mərci, yarma, noxud və düyü almaq istəyənlər artıq əvvəlkindən çox pul ödəməli olacaqlar. "Novoye vrem-ya" yazır ki, səbəb dolların bahalaşmasıdır: ilin əvvəlində 1 dollar 385 dram idisə, indi onun qiyməti 405-406 drama çatır.
Həftənin əvvəlində ekspertlər dolların drama nisbətdə sürətlə bahalaşdığını söyləyirdilər. İndi isə görünür, Ermənistan bunun proqnozlaşdırılan sosial-iqtisadi nəticələri ilə üzləşir. Xatırladaq ki, hazırda Yuxarı və Aşağı Qarabağ, yəni həm buğda, həm tərəvəzlərin yetişdirilə biləcəyi böyük kənd təsərrüfatı potensialına malik olan torpaqlar Ermənistanın işğalı altındadır. Hətta belə şəraitdə də çörək və unun qiymətindəki artım göstərir ki, işğal altındakı torpaqlarda dinc kəndli əhali yoxdur. Yoxsul ailələrə isə hələ də humanitar yardım qismində günəbaxan yağı paylanılır.
Bütün bunların fonunda gözlənilməz məqam ortaya çıxıb - "çiçəklənən Ermənistan" yalnız Robert Köçəryanı yox, Vardan Oskanyanı da prezidentliyə namizəd göstərə bilər. Bu haqda jurnalistlərə açıqlama verən Ermənistan politoloqlar ittifaqının rəhbəri Amayak Ovannisyan Köçəryanın prezidentliyə namizəd göstərilməsini "sərt", Oskanyanın namizədliyinin irəli sürülməsini isə "yumşaq" variant adlandırıb.
V.Oskanyan prezidentlik iddiasında olduğuna hələ 2008-ci ildə işarə edirdi. Onun vəzifəsindən istefasını da çoxları BMT Baş Assambleyasında Bakının təşəbbüsü ilə Azərbaycanın işğal altındakı ərazilərində vəziyyətlə bağlı qətnamənin qəbulu ilə yox, məhz bu iddiaları ilə əlaqələndirirdi.
Ölkədə rifah halının nisbətən yaxşı olduğu dövrlərin yada salınması ilə aparılan oyunlar, əlbəttə ki, Köçəryana seçkini qazanmağa kömək edə bilər. Amma onun Ermənistandakı vəziyyəti real olaraq dəyişə bilib-bilməyəcəyi isə ritorik sualdır. Bu ölkədə ciddi iqtisadi dəyişikliklər üçün, ilk növbədə, siyasi qərar, Azərbaycan və Türkiyə ilə münasibətlərin qaydaya salınması lazımdır. Amma buna Köçəryanın 10 illik prezidentliyi dövründə siyasi iradəsi çatmayıb. Danışıqlar prosesində Rambuye görüşündə olduğu kimi, kritik an yarandıqda isə o, aradan çıxaraq, "dəhlizin sonu"nda gizlənməkdən də çəkinməyib.
Bəlkə də hazırkı şəraitdə Robert Sedrakoviç üçün prezident kürsüsünə əyləşmək yox, Oskanyanı irəli verərək "gizli rəhbər" olmaq və "kadr arxasındakı bacarıqlı fiqur" rolunu oynamaq daha yaxşıdır. Bu, Köçəryan üçün demək olar ki, ən uğurlu variantdır: uğur qazanılacağı təqdirdə, nüfuz və şöhrət onun olacaq, uğursuzluğa görə məsuliyyət isə Oskanyanın üzərinə düşəcək.
Amma Ermənistan üçün bu variant da uğur vəd etmir. Bu ölkənin rəhbərliyi çoxdan zəruri olan siyasi qərarların qəbuluna hələ də hazır deyil.
MƏSLƏHƏT GÖR: