15 Mart 2025

Şənbə, 11:31

GƏLƏCƏK NAMİNƏ SİYASƏT

İyunun 1-i sadəcə bayram deyil, həm də böyüklərə uşaqların qayğılarını xatırladan gündür

Müəllif:

01.06.2012

Uşaqları Müdafiə Günü - ən "yaşlı" beynəlxalq bayramlardandır. Uşaqların sosial müdafiəsi zərurəti hələ 1924-cü ildə Cenevrə Uşaq Hüquqları Bəyannaməsində əksini tapıb. Müdafiə Gününün özü isə 1949-cu ilin noyabrında Beynəlxalq Demokratik Qadın Federasiyasının sessiyasında təsis edilib. İlk dəfə bu bayram 1950-ci ildə dünyanın 51 ölkəsində qeyd edilib. Bu təşəbbüsü dəstəkləyən BMT isə uşaqların hüquqları, sağlamlığı və həyatlarının  qorunmasını özünün prioritetləri sırasına daxil edib. 

Beynəlxalq Uşaqları Müdafiə Günü hər il iyunun 1-də bayram kimi qeyd edilir. Lakin bu, sadəcə bayram deyil, həm də böyüklərə uşaqların qayğılarını xatırladan bir gündür. Bu, böyüklərin öz gələcəklərinə görə məsuliyyət daşıması barədə siqnaldır.

Biz də bu bayram ərəfəsində Azərbaycanda gələcəyimizin necə müdafiə olunduğu barədə suallarımızı UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevarda ünvanladıq. 

Bu gün dünyada bir-birinin ardınca baş verən müharibələrin və konfliktlərin fonunda UNİCEF uşaq haqlarını hansı səviyyədə qoruya bilir? Ümumiyyətlə, qoruya bilirmi? 

BMT-nin Uşaq Fondu olaraq, biz, demək olar ki, hər bir ölkədə fəaliyyət gostəririk və mandatımıza uyğun olaraq əsas funksiyamız uşaq hüquqlarını müdafiə və təşviq etməkdir. Lakin eyni zamanda bir məsələni də vurğulamaq istərdim ki, biz uşaq hüquqlari sahəsində bir polis orqanı, hansısa ciddi bir nəzarəti təmin edən qurum deyilik. Eləcə də hər hansı bir ölkəni nə  sövq, nə də məcbur edə bilmərik ki, uşaq hüquqlarını qorusunlar və bu istiqamətdə siyasət həyata keçirsinlər. Biz sadəcə olaraq, uşaq hüquqları konvensiyasinda ehtiva olunan uşaq hüquqlarının həyata keçirilməsində hər bir fərdi ölkəyə yardim edən bir təşkilatıq. 

- Dağlıq Qarabağ münaqişəsi minlərlə azərbaycanlı uşağın həyatını məhv etdi, onlar öz valideynlərini, doğmalarını itirdilər, vətənlərindən didərgin düşdülər. Artıq üstündən 20 il keçib, indi bu uşaqlar böyüyüblər və bir çoxları öz valideynlərinin köçkün taleyini indi də bir valideyn olaraq yaşamaqdadırlar. Onların hüquqları nə zaman bərpa olunacaq? Ümumiyyətlə, bərpa olunacaqmı? 

- Bir məsələni vurğulamaq istərdim ki,  Azərbaycanda qaçqın və məcburi köçkünlərin sayını digər ölkələrlə müqayisə etsək, doğrudan da çoxdur  və bu vəziyyətdə hər bir fərdi şəxsin, o cümlədən, qaçqın və məcburi köç-künlərin hüquqlarının əhatəli qaydada təmin edilməsi çox müşkül məsələdir. 

UNİCEF Azərbaycanda öz fəaliyyətinə 1993-cü ildən start verib.  Burada əsas məqsədlərdən biri qaçqın və məcburi köçkünlərə yardım etmək, onların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş fəaliyyətləri həyata keçirməkdən ibarətdir. Lakin müəyyən vaxt keçdikdən sonra, Azərbaycanda iqtisadi inkişaf meyilləri artdıqca, Azərbaycanın öz potensialı genişləndikcə, hökumət tərəfindən məhz fərdlərin, uşaqların sağlamlığına, təhsilinə, sosial qayğısına, xidmətlərin keyfiyyətinin artırılmasına irihəcmli sərmayələr yönəlib və bir çox genişmiqyaslı tədbirlər həyata keçirilib. Əlbəttə ki, bizim hamımız,  beynəlxalq təşkilat olaraq, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə  həll olunmasına ümid edir və bunu səbirsizliklə gözləyirik. Gəlin ümid edək ki, həmin şəxslərin hüquqları bərpa olunacaq və onların öz yurdlarına qayıdıb-qayıtmaması da elə onların özlərindən asılı olacaq. Hal-hazırda hökumət tərəfindən kifayət qədər tədbirlər görülür. Biz də müvafiq tədbirlərin dəstəklənməsində öz səylərimizi əsirgəmirik. 

- Əgər xatırlayırsınızsa, təxminən, bir il bundan əvvəl erməni əsgəri  snayperlə Ağdamın Orta Qərvənd kəndinin 9 yaşlı sakini Fariz Bədəlovu qətlə yetirdi. Azərbaycan bütün beynəlxalq təşkilatlara öz etirazını çatdırdı. Bəs UNİCEF konkret olaraq bu məsələdə hansı addımı atdı? Məsələn, Ermənistana hər hansı bir etiraz ünvanladımı? 

- UNİCEF olaraq biz, əlbəttə ki, uşaq hüquqlarının pozulmasından narahatıq və istəyirik ki, uşaqlar sülh mühitində yaşasınlar. Konvensiyada mü-əyyən edildiyi kimi, müharibə və ya sülh şəraitindən asılı olmayaraq, hər bir uşağın hüquqları təmin edilməlli və müdafiə olunmalıdır. Əgər uşaqların hüquqları pozulursa, bu onlara qarşı zorakılıq halı kimi qiymətləndirilir. 

Əlbəttə ki, necə ki hər bir uşağın ölümü bizi məyus edir, bu 9 yaşlı oğlanın da ölüm hadisəsinə cox məyus olduq. Sual verdiniz ki, "Siz UNİCEF olaraq Ermənistana hansısa bir etiraz etdinizmi?". - Xeyr, etmədik. Çünki biz ümumilikdə usaq hüquqlarının müdafiəsinə yönəlmiş fəaliyyətləri həyata keçiririk, yəni mandatımızın məğzi bundan ibarətdir. 

- Azərbaycanda həyata keçirilən uşaq siyasətini qənaətbəxş hesab etmək olarmı? Sizin bu istiqamətdə təklifləriniz varmı?  

- Əlbəttə ki, dünyada elə bir ölkə yoxdur ki, uşaq hüquqlarına, yəni uşaqların maraqlarının müdafiəsinə yönəlmiş siyasəti  mükəmməl səviyyədə olsun. Bu məqsədlə biz hər bir ölkədə bu prosesə yardım etmək, prosesin təkmilləşdirilməsi üçün səylər göstəririk, yardim edirik. Azərbaycanda bu sahədə çox önəmli irəliləyişlər əldə edilib. Bu irəliləyişlərdən biri də keçən il ərzində sosial xidmətlər haqqında qanunun qəbul edilməsi oldu. Bunu çox təqdirəlayiq hal kimi qiymətləndiririk.  

Uşaqların hüquqları, uşaqların müdafiəsi aspektindən bu qanunda  iki əsas məqam vurğulanıb: birincisi, sosial işçilər yeni peşə kimi müəyyən edilib,  ikincisi də ki bir çərçivə, bir mexanizm müəyyən edilib ki, bu mexanizm vasitəsilə hökumət müvafiq xidmətlər sahəsində ixtisaslaşmış QHT-lərə müvafiq ödənişlər edir və həmin ödənişlər hesabına QHT-lər həmin xidmətləri təmin edir. Ümumilikdə isə həm siyasət sahəsində, həm qanunvericilik sahəsində Azərbaycan tərəfindən bu sahədə cox böyük irəliləyiş əldə edilib. 

- "Uşaqların hüquqlarını kim pozur?" sualı veriləndə ilk olaraq fikrinizə kim gəlir? 

- Bilmirəm, mənim bu cavabım sizi məyus edəcək, ya yox. Demək istərdim ki, bizim hamımız uşaqların hüquqlarının pozulmasına bu və ya digər dərəcədə töhfə veririk və ya pozuruq. Çünki Uşaq Hüquqları Konvensiyasında qeyd  edilir ki, hər bir uşağın müvafiq uşaq hüquqlarından bəhrələnmək haqqı var və  bəhrələnməlidir də. Hökumət qurumları, KİV nümayəndələri, ana, ata, baba və ya erkən nikaha daxil olan qızın toy mərasimində iştirak edən tərəf - bir sözlə, bizim hər birimiz bu prosesdə məsuliyyət daşıyırıq. Ona görə də dolayısı ilə də olsa, bizim hər birimiz uşaq hüquqlarının pozulmasında məsuliyyət daşıdığımıza görə cavabdehik. 

- Siz Heydər Əliyev Fondu da daxil olmaqla, bir sıra QHT-lərlə bərabər layihələr həyata keçirirsiniz. Ümumiyyətlə, Azərbaycanda reallaşdırdığınız layihələrin nəticələrindən razısınızmı?  

- Heydər Əliyev Fondu ilə biz çox illərdir ki, sıx əməkdaşlıq münasibətləri qurmuşuq və çox önəmli fakt ondan ibarətdir ki, Mehriban Əliyevanın uşaqlara olan qayğısı, məhəbbəti, diqqəti bu amili istiqamətləndirən bir faktor olub. Əlbəttə ki, UNİCEF olaraq biz qlobal miqyasda bu sahədə kifayət qədər layihələr həyata keçirmiş geniş təcrübəyə malik təşkilatıq. Heydər Əliyev Fondu isə milli miqyasda, Azərbaycan daxilində bu prosesdə çox böyük rolu olan bir təşkilatdır və biz iki təşkilat bir araya gələrək, keçən il əlilliyi olan uşaqlara həsr edilmiş bir konfrans təşkil etdik. Biz UNİCEF olaraq  çox tanınmış beynəlxalq miqyaslı mütəxəssisləri bu konfrans vasitəsilə bir araya gətirdik. Bu konfrans vasitəsilə əlilliyi olan uşaqların problemləri təhlil olundu, məlumatlılıq artırıldı və problemə olan diqqət bir daha gücləndi. Hətta UNİCEF-in xoşməramlı səfirləri də Azərbaycana təşrif buyurdular.  Berlin simfonik orkestrinin üzvləri, musiqiçilər  gəldilər və çox möhtəşəm konsert proqramı ilə çıxış etdilər. Eyni zamanda, əlilliyi olan uşaqların yerləşdiyi bir neçə mərkəzdə də musiqilər  ifa etdilər və bununla bir daha nümayiş etdirmək istədik ki, hər bir fərd bərabərhüquqludur. Onlar bütün üstünlüklərdən bərabər səviyyədə bəhrələnməlidirlər.

- Azərbaycanda gələcəkdə hansı layihələri reallaşdırmaq istərdiniz? Yaxud, Azərbaycanın iqtisadi inkişafını nəzərə alaraq, layihələrin bəzilərini ixtisar edəcəksinizmi? 

- İcazənizlə, mən gələcək fəaliyyətlər barədə danışarkən  keçmişə istinad edərək sualınızı cavablandırım. Qeyd etdiyim kimi, UNİCEF Azərbaycanın ağır bir zamanında təsis edilmişdi və biz ilk olaraq bir sıra maliyyə yardımları etmişdik. Lakin vaxt keçdikcə hökumətin potensialı, iqtisadi imkanları artdıqca, daha çox siyasət səviyyəsində hansısa məsləhətlərin verilməsində,  məşvərətçi xidmətlərin təmin edilməsində öz beynəlxalq bilik və bacarığımızı Azərbaycan hökumətinə, müvafiq qeyri-hökumət təşkilatlarına və digər maraqlı tərəflərə çatdırmaqla kifayətlənirik. Maliyyə vəsaitlərinə gəldikdə, bir məsələni vurğulamaq istərdim ki, beynəlxalq miqyasda ayrılan maliyyə vəsaitlərinin həcmi azalıb, lakin hal-hazırda çalışırıq ki, yerli şirkətləri, müəssisələri, bu sahədə marağı olan tərəfləri səfərbər edək, onların ayırdığı maliyyə vəsaitləri ilə müvafiq layihələr, işlər həyata keçirək. 

- Baxmayaraq ki, dünya uşaq alverinə qarşı mübarizə aparır, amma hələ də istənilən nəticə əldə edilməyib. Buna kim mane olur? 

- Uşaq alveri məsələsinə gəldikdə, bu çox ağrılı problemdir, çünki dünyada milyonlarla uşaq bu cinayətin  qurbanı olur. Əlbəttə ki, uşaq alveri bir tərəfdən cinayətdir, digər tərəfdən isə nəzərə alsaq ki, bu proses çox böyük maliyyə, gəlir mənbəyi kimi istifadə olunan, həyata keçirilən bir cinayət növüdür, deməli, çox güclü qüvvələr bu cinayətin arxasında durur. Ona görə də problemin kökündən həll olunması üçün hökumətlərin iradəsi ortaya qoyulmalıdır. Eyni zamanda, vətəndaş cəmiyyətləri və digər maraqlı tərəflər də öz səylərini birləşdirməlidirlər ki, bu problemin aradan qaldırılması mümkün olsun. Paralel olaraq uşaqlar səlahiyyətləndirilməlidir, müvafiq xidmətlərlə təmin edilməlidirlər ki, asanlıqla uşaq alverinin hədəfinə çevrilməsinlər.


MƏSLƏHƏT GÖR:

395