25 Noyabr 2024

Bazar ertəsi, 14:44

QOBUSTAN EKSPERİMENTİ

Ölkədə ilk hibrid elektrik stansiyası alternativ energetikanın inkişafında nümunə olacaq

Müəllif:

01.06.2012

Sənaye və Energetika Nazirliyi yanındakı  Alternativ və Bərpaolunan  Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABEMDA) sənaye-texnoloji potensialının formalaşması üzrə səylərini fəallaşdırıb, həmçinin, küləyin, suyun və günəşin potensialının işlənməsi üzrə pilot layihələrin də sayını artırır. Bu səylərə bir sıra beynəlxalq təşkilatlar, ilk növbədə, Avropa qurumları da dəstək verir. 

 

Azərbaycan potensialı 

Bu ilin aprel ayının ortalarında Bakıda Avropa Komissiyasının (AK)  enerji sahəsində islahatlar proqramı çərçivəsində qrant layihənin ikinci mərhələsinin gerçəkləşdirilməsi üzrə saziş bağlanıb. Avropa Birliyi (AB) çoxdan bizə alternativ elektrik ener-getikasının inkişafına görə maliyyə və texniki yardım göstərir, 2010-cu ildən isə onun energetika sahəsində islahatlar üzrə qrant proqramı  (ERSP) həyata keçirilir. AB proqramın gerçəkləşdirilməsinə 13 mln avro vəsait ayırıb, həmçinin, əlavə olaraq 1 mln avro səviyyəsində texniki yardım da edib. Bu vəsaitin yarıya qədəri artıq mənimsənilib, qalan məbləğ isə ilin sonuna kimi çatdırılacaq. 

ERSP layihəsinin əsas məqsədi Azərbaycanın enerji sektorunda hərtərəfli və kompleks strategiyanın hazırlanması, o cümlədən, bərpaolunan enerji mənbələrinin istifadəsi üçün normativ-hüquqi bazanın hazırlanması, onun Avropa qanunvericiliyinə uyğunlaşdırılmasıdır. 

"Azərbaycan bərpaolunan energetikanın inkişafı üçün böyük təbii potensiala malikdir və hökumət də bu istiqaməti öz prioritetləri sırasına daxil edib. Öz növbəsində AB ölkələrində uyğun çağdaş texnologiyalar var və hazırkı durum bu sahədə birgə əməkdaşlıq üçün əsas yaradır", - deyə bu yaxınlarda AB-nin Azərbaycandakı nümayəndəliyinin başçısı Roland Kobia bildirib. 

ERSP proqramı çərçivəsində ABEMDA günəş, gülək və bioener-getika sahəsində layihələrin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) işlənməsi üçün fəal şəkildə Avropa konsaltinq şirkətlərini cəlb edir. Belə şirkətlərin sırasında İspaniyanın "Alten Group" şirkətini göstərmək olar - şirkət bizim ölkədə onlarca kiçik hidrostansiyaların TİƏ-sini hazırlayır. 

ABEMDA-nın yaxın planlarına, həmçinin, bərpaolunan enerji mənbələrinin kadastrının işlənməsi də daxildir.  Daha perspektivli sahələrin aşkarlanması və ölçü-müşahidə stansiyalarının quraşdırılması üzrə işlər artıq başlanıb.  Yaxın zamanlarda 21 ədəd nəzarət stansiyasının quraşdırılması planlaşdırılır, bütünlükdə isə ölkə ərazisinin tam əhatə olunması üçün onların sayı 200-ə çatdırılacaq.  Tətbiq edilən avadanlıq 80 metr hündürlükdə küləyin parametrlərini ölçəcək, 200 metr dərinliyə qədər termal qaynaqları araşdıracaq, həmçinin, kiçik çayların mövsümi xüsusiyyətlərini öyrənəcək. Daha sonra isə əldə edilən göstəricilər əsasında iki il ərzində kadastr yaradılacaq ki, bu və ya başqa bərpaedilən enerji növünün inkişafı üçün ən optimal ərazilər göstəriləcək. 

Dövlət Agentliyinin fəaliyyətinin önəmli istiqaməti bəlkə də ən mürəkkəb məsələnin - alternativ energetika sahəsində fiskal tənzimlənmə və tarif siyasəti məsələsinin həlli ola bilər. Bərpaedilən energetika qaynaqlarını istehlak edən sahibkarlar üçün vergi güzəştləri zərfi artıq Nazirlər Kabinetinə  təqdim edilib - burada 10 il müddətinə vergidən tam azadolunma nəzərdə tutulur. Tariflər problemi isə daha mürəkkəb görünür. 

"1 kv/t/saat elektrik enerjisi üçün 0,0415 manatlıq topdansatış tarifi üçün külək-elektrik stansiyaları layihələri 30-35 il ərzində xərcini çıxara bilər ki, bu da özəl investorlar üçün  qəbuledilən deyil. Bizim ölkə üçün effektiv topdanalış qiyməti  1 kv/t/saat üçün 0,15 manat ola bilər. Amma burada da sual yaranır: ölkə iqtisadiyyatı bu cür güzəştlər təqdim etməyə hazırdırmı?" - deyə ABEMDA direktoru Akim Bədəlov vurğulayır. 

Misal üçün, bildirək ki, Avropada  1 kvt/saatın qiyməti bərpaolunan enerjinin mənbəyindən və istehsal yerindən asılı olaraq  11-50 avrosent arasında dəyişir. Tariflərin belə yüksək olması təəccüblü deyil. Nəzərə almaq lazımdır ki, alternativ enerjinin əksər istiqamətləri üzrə 1 kvt elektrik enerjisinin qiyməti klassik istilik-elektrik stansiyalarına (İES) və su-elektrik stansiyalarına (SES) baxanda bir qədər yüksəkdir. Avropanın bir sıra ölkələrində, o cümlədən, İspaniya və Almaniyada alternativ enerjinin  kiçik istehsalçılarının imkanlarının bərabərləşdirilməsi üçün hökumətlər subsidiyalaşdırma sistemi tətbiq edib və onların elektrik enerjisi istehsalında yaranan dəyər fərqinə kompensasiya verirlər. Son onilliklərdə dövlət subsidiyalaşmasının hesabına bu ölkələrdə dinamik olaraq günəş energetikası inkişaf edir, bazara iri investorlar girir və onlar günəş stansiyalarına yüz milyonlarla dollar yatırırlar. Misal üçün, İspaniya hökuməti özəl enerji istehsalçıları ilə uzunmüddətli müqavilələr bağlayıblar və bu müqavilələrdə, təxminən,  1 kv/t/saat üçün 0,4 avroya bərabər olan stimullaşdırıcı tariflərin iri məbləğlərinin dövlət büdcəsi tərəfindən ödənilməsi nəzərdə tutulur. Bu zaman günəş energetikası istehsalı ildən-ilə artır və İspaniya büdcəsiinə zərər dəyir. Amma 20-25 illik müddətə imzalanmış sazişlərin gerçəkləşdirilməsi heç yarı müddətə də çatmayıb. Yaranmış durumda, bir sıra Avropa ölkələrinin hökumətləri illik günəş enerjisi istehsalına sərt kvotalar qoymağa məcbur olub. 

Başqa tərəfdən isə, bu yaxınlarda saatda günəş energetikası istehsalı üzrə dünya rekordu qazanmış Almaniya indən belə də bu istiqaməti hərtərəfli inkişaf etdirmək niyyətindədir. "Institute of the Renewable Energy Industry - IWR"nin məlumatına görə, 25-26 mayda gündüz saatlarında Almaniyanın günəş enerjisi qurğularının məhsuldarlığı 22 giqavatt-saata çatıb və müəyyən zaman kəsiyində Almaniyanın enerji tələbatının 50%-ni təmin edib. "IWR"dən bildiriblər ki,  dünyanın heç bir ölkəsində hələ ki bu həddə çatmaq mümkün olmayıb.  Həmin gücü ekvivalent zaman kəsiyində tam gücü ilə işləyən 20 atom-elektrik stansiyası (AES) vermək iqtidarındadır. 

Günəş enerjisinin və başqa bərpaedilən enerji mənbələrinin istismarı ilə yaranan müsbət məqamlar, həmçinin, çətinliklər nəzərə alındığından, alternativ energetikada topdanalış qiymətlərinin müəyyən edilməsi bizim ölkədə hələ açıq qalmaqdadır. Ancaq aydındır ki, Avropada bu sahədə yaranmış böyük təcrübə daha səmərəli tarifləşdirmə modeli seçməkdə  ABEMDA-ya böyük yardım edəcək. 

 

...həm də Avropa texnologiyaları 

Bizim ölkə fəal surətdə texnoloji sahədə Avropa təcrübəsini qəbul edir. Köhnə Dünya dövlətlərinin şirkətləri artıq çox illərdir, Azərbaycanın aparıcı tərəfdaşlarıdır, bizim ölkəyə külək generatorlarının, bioqaz qurğularının və alternativ energetikanın inkişafı üçün lazım olan digər qurğuların satışında liderlik edirlər.     

Özü də son zamanlar əməkdaşlıq hazır enerji sistemlərinin alınmasından çox irəli gedib: hazırda bizim ölkə yüksəktexnologiyalı enerji avadanlığının alınması prosesini gerçəkləşdirir. O cümlədən, bir sıra Avropa şirkətlərinin birbaşa texniki dəstəyi ilə Sumqayıtda günəş modullarının və LED-lampaların buraxılşına yönəlmiş çağdaş "Azguntex" zavodu işə salınıb. İlkin mərhələdə o, hər il  120 min, gələcəkdə isə 240 min günəş paneli buraxacaq.  LED-lampa sahəsinin işə salınmasından sonra burada ildə 36 milyon çip və 12 milyon lampa istehsal ediləcək. 

"60 fotoelementlə təchiz edilmiş və gücü 42 vatdan 250 vatta kimi dəyişən günəş panelləri beynəlxalq standartlar səviyyəsində hazırlanacaq, yaşayış binalarının, küçələrin, körpülərin, meydanların, ticarət və ictimai  iaşə obyektlərinin, sosial idarələrin daha səmərəli işıqlandırılması və enerjiyə qənaətin yaxşılaşdırılması üçün istifadə ediləcək", - deyə ABEMDA direktoru Akim Bədəlov bildirib. Onun sözlərinə görə, günəş panelləri  yaşayış binalarının ekoloji təmiz və təhlükəsiz kiçik günəş elektrik stansiyaları ilə təchizatını nəzərdə tutan "Min ev - min elektrik stansiyası" layihəsində istifadə ediləcək. İlkin mərhələdə bu layihə yığcam kiçikmərtəbəli qəsəbələrdə istifadə ediləcək, orada günəş batareyalarının istehsal etdiyi enerji dəyişən cərəyana çevriləcək və sakinlərə veriləcək. Artıq enerji "Azerenerji"nin şəbəkəsinə atılacaq və gecə saatlarında oradan enerji alınacaq.  

Əlamətdardır ki, günəş batareyaları və LED-lampa zavodları yeni Sumqayıt yüksək texnologiyalar texnoparkının ilk obyektləri olacaq. Perspektivdə ABEMDA və onun tərəfdaşları burada alternativ və bərpaolunan enerji sahələri üçün avadanlıq, həmçinin, elektrik enerjisinə qənaət edən texnologiyalar istehsal edən 15-ə yaxın zavod tikməyi planlaşdırır. Texnoparkda optik linzalar, şüşə və bazalt liflər, yüksəktutumlu  akkumulyatorlar istehsalı və s. nəzərdə tutulur. Bütün bunlar alternativ energetikada istifadə edilən avadanlığı ölkədə yerliləşdirmək, son məhsulun qiymətini nəzərəçarpacaq səviyyədə azaltmaq və onun Azərbaycanda geniş yayılmasını yetərincə sadələşdirmək imkanı yaradacaq. 

Əlamətdardır ki, son illərdə bərpaolunan enerji mənbələrinin istismarına yalnız dövlət qurumları deyil, özəl qurumlar da maraq göstərir. Belə ki, iki il qabaq Sumqayıt texnoparkında özəl müəssisə "STP Solar" tərəfindən günəş enerjisini su qızdırmaq üçün istifadə edən iki tip - "SPL" və "SPS" tipli günəş kollektorlarının istehsalı təşkil edilib. Kollektorların istehsalı üçün parçalar Almaniyadan göndərilir. Gələcəkdə "STP Solar" Sumqayıtda daha bir müəssisə - günəş enerjisini birbaşa elektrik enerjisinə çevirən fotoelektrik batareyalar zavodu tikməyi planlaşdırır. Belə görünür ki, bu cür panellərin geniş istifadəsində kəsr olmayacaq, yalnız Abşeron yarımadasında günəş batareyaları əsasında bir neçə elektrik stansiyasının yaradılması planlaşdırılır. 

Avropa şirkətləri başqa bir perspektivli  istiqamətin - külək energetikasının inkişafını dəstəkləyir. Keçən ilin ortalarında "Caspian Technology" şirkəti Almaniya və Danimarkadan hər biri  850 kvt gücündə olan iki ədəd külək elektrik stansiyası alıb və  Xızı rayonunun Yaşma qəsəbəsinin yanındakı "Şurabad" poliqonunda quraşdırıb. Burada gücü 550 kvt olan daha bir külək generatoru da quraşdırılıb ki, o da ABEMDA mütəxəssislərinin treninqi üçün nəzərdə tutulub. Tezliklə, "Vestas" şirkətinin istehsalı olan və toplam gücü  48 mvt-ə çatan 16 külək qurğusundan ibarət park yaradılacaq. 

 

Yararlı hibrid 

Və bu da son deyil. İldən-ilə Azərbaycanda alternativ energetika sahəsi layihələrinin dövlət və donor maliyyələşdirilməsinin həcmi artır ki, bu da bizim bazarı hər şeydən öncə, Avropa tərəfdaşları üçün yetərincə cəlbedici edir. Buna görə də  mayın ortalarında Qobustan eksperimental alternativ elektrik enerjisi poliqonunda  olmuş Rumıniya, Böyük Britaniya, Avstriya, Latviya, Almaniya, Litva, Çexiya, Yunanıstan və İtaliya səfirləri tərəfindən göstərilən maraq əbəs deyil. 

Burada nümayiş etdirilməyə layiq yenilik də az deyil - poliqonda yalnız bizim ölkədə deyil, həm də bütün Cənubi Qafqaz regionunda ilk olan və  "Azərenerji" şəbəkəsinə paralel işləyən hibrid stansiyası da yerləşir. Araşdırmalara görə, Azərbaycanda bu cür hibrid stansiyaların tikilməsi alternativ energetikanın inkişafı üçün ən optimal variant sayılır. Eyni zamanda, Günəşin, küləyin, suyun və ya biokütlənin enerjisini istifadə etməklə onlar dəyişən hava şəraitindən, mövsümdən və başqa durumlardan asılı olmayaraq, fasiləsiz elektrik enerjisi istehsalı ilə məşğul ola bilər. Müxtəlif cür sınaq və araşdırmalar üçün bir növ poliqon  olan Qobustan stansiyası bu cür obyektlərin gələcək istismarı üçün peşəkər kadrların öyrədilməsində də yardımçı ola bilər. 

"İlk hibrid elektrik stansiyanın gücü 5,5 mvt-dir. Enerji gücü  2,7 mvt olan üç külək turbini, 1,8 mvt enerji verən günəş batareyaları və gücü 1 mvt olan bioqaz elektrik stansiyası tərəfindən istehsal edilir", - deyə Alternativ Energetika üzrə Dövlət Komitəsinin sədr müavini  Cəmil Məlikov bildirib. 

Onun sözlərinə görə, bu gün poliqon Qobustan yaşayış məntəqəsini bütünlüklə elektrik enerjisi ilə təmin edir. Layihənin ikinci fazasının gedişində burada gücü 2,5 mvt olan daha bir külək turbini də tikiləcək. Sonucda hibrid stansiyanın toplam gücü 8 mvt.-a çatdırılacaq. O, hazırda 46 min adamın yaşadığı bütün Qobustan rayonunu elektrik enerjisi ilə təmin edə biləcək. 

Beləliklə, eksperiment  kimi, tikilmiş Qobustan hibrid stansiyası paytaxtın cənub hissəsinin energetika kompleksinin ayrılmaz hissəsinə çevrilir. Bu, Alternativ Energetika üzrə Dövlət Komitəsini ölkənin şimal-qərbində  növbəti layihənin gerçəkləşdirilməsinə həvəsləndirib. Noyabr ayında Samux rayonunda bioqazla işləyən sənaye elektrik stansiyasının tikintisinə başlanılır. Gözlənilir ki, obyekt iki ildən sonra işə salınacaq, yanında isə iri heyvandarlıq kompleksi tikilicək ki, o da stansiyanı lazımi bioloji  xammalla təmin edəcək.



MƏSLƏHƏT GÖR:

614