25 Noyabr 2024

Bazar ertəsi, 14:18

TUNELİN SONUNDAKI İŞIQ

Astana iqtisadi forumunda dünyanın iqtisadi böhrandan çıxarılması konsepsiyaları təqdim edilib

Müəllif:

01.06.2012

Yaxın beş ildə dünya iqtisadiyyatını nə gözləyir? Sözün həqiqi mənasında qlobal inkişaf məsələsinə geniş "Avrasiya baxışı"nın nümayişedicisinə çevrilən Astana İqtisadi Forumunda məhz bu taleyüklü məsələyə cavab axtarıldı. Belə məsələlər sırasında dünya valyuta iqtisadi böhranını da göstərmək olar ki, o, dünyanın bir çox inkişaf etmiş ölkəsini bürüyən dünya sosial böhranına çevrilib. "G-20" qrupunun yaradılması dünya iqtisadiyyatında islahatlar haqqında dialoq diapazonunu genişləndirib. Bununla yanaşı, böhran əleyhinə "iyirmlik"in birinci sammitindən keçən 4 ildən sonra bu cür format da yetərli sayılmır. 

Dünya iqtisadiyyatının böhrandansonrakı bərpası dayanıqsız xarakterlidir və maliyyə bazarlarında qalmış qeyri-sabitlik şəraitində baş verir. Əvvəlki kimi, dünya valyuta maliyyə sisteminin 2008-2009-cu illərdə baş vermiş qlobal iqtisadi böhrana səbəb olmuş çox sayda fundamental nöqsanları hələ də aradan qaldırılmayıb. Bu sistemdə qüsurların olması dünya valyuta-maliyyə sistemində iriçaplı və köklü dəyişikliklərin gerçəkləşdirilməsini tələb edir. Uyğun olaraq, iqtisadçılar yaxın beş il üçün dünyaya yaxşı heç nə vəd etmirlər. 

 

Dünyaya Qazaxıstandan baxış 

Qazaxıstan  Prezidenti Nursultan Nazarbayev V Astana İqtisadi Forumunda çıxış edərək, XXI əsrdə sivilizasiyanın inkişafı barədə öz konsepsiyasını irəli sürdü. Nazarbayev şübhə edir ki, bu gün "G-20" dünyaya adekvat böhranəleyhinə tədbirlər təqdim etmək imkanındadır. Bundan başqa, bu formatın birtərəfli olması, ayrı-ayrı milli iqtisadiyyatların xilas edilməsi ilə bağlı müsbət tədbirlərin məhdudlaşması yanğını benzinlə söndürməyə bənzəyir ki, bu da böhran durumunun daha da dərinləşməsinə gətirir:  "Hər bir yeni milyard dollar milyard yeni sosial problem doğurmağa qadirdir. Necə deyərlər, yanğını benzinlə söndürürlər".

Qazaxıstan Prezidentinin fikrincə, bəşəriyyət bu gün həm uğurlu inkişaf, həm də özünüməhvetmə üzrə böyük potensiala malikdir və onun fikri ilə iqtisadiyyat sahəsində Nobel mükafatı laureatları da razıdırlar. Qazaxıstan  Prezidenti dialoq meydanı kimi "G-Global" layihəsini istifadə etməyi təklif edir ki, o, bunun prinsiplərini beş bənddə formalaşdırıb. 

Onun sözlərinə görə, beynəlxalq birlik konstrukiv şəkildə yalnız inqilablar olmadan, bərabərlik, qarşılıqlı tolerantlıq, qlobal şəffaflıq və çoxqütblük şəraitində inkişaf edə bilər. Qlobal arxitekturanın uğurlu yeniləşməsi yalnız təkamül yolu ilə mümkündür. "Ərəb baharı" göstərdi ki, inqilablar yalnız cəmiyyətin inkişafını ləngidir. Nazarbayev düşünür ki, inqilablar iqtisadiyyatı və sosial inkişafı geri atır, dövlətlərarası münasibətləri mürəkkəbləşdirir və daha çox problemlər yaradır. 

XXI yüzillikdə ölkələri böyüklərə və ikincidərəcəlilərə, aparıcılara və aparılanlara bölmək sivilizasiyalılıq baxımından köhnəlib. Kimlərinsə kimlər üzərində aparıcılğının ətaləti tərəqqiyə xidmət etmir. Nazarbayevin fikrincə, bu hamı üçün çıxılmaz dalandır.  Prezident  elə qlobal idarəetmə sistemi yaratmağı təklif edir ki, o həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin maraqlarını nəzərə alsın. 

Bundan başqa, beynəlxalq münasibətlər tolerantlıq və etibar əsasında qurulmalıdır. Özü də tolerantlıq dövlətlərin geosiyasi çəkisindən, nüfuzundan, tarixi təcrübəsindən, iqtisadiyyatının və cəmiyyətinin inkişaf səviyyəsindən asılı olmamalıdır. Həmçinin, beynəlxalq şəffaflığa riayət edilməsi də bəşəriyyətin inkişafının vacib şərtidir. 

Nazarbayev sanır ki, dünyada böyük, orta və ya kiçik millətlərin ləyaqətini aşağı salan heç bir ikili standart ola bilməz. Beynəlxalq işlərdə maksimum açıqlıq, şəffaflıq gərəkdir. Prezident deyib ki, yalnız belə olan halda, qlobal iqtisadiyyat inkişaf edəcək, hər bir xalqın rifahı yüksələcək. Qazaxıstan Prezidentinin fikrincə, XXI əsrdə qlobal inkişafın sonuncu şərti konstruktiv çoxqütblülüyün yaradılmasıdır. 

Çoxqütblü dünyanın yaradılması - XXI əsrdə qlobal inkişaf meylidir, amma məsələ qütblər arasında münasibətlərin necə olacağı ilə bağlıdır. Vicdanlı və təmiz rəqabət şəraitində dünya yarışı  olacaqmı, yoxsa dünya sərt siyasi-ideoloji qarşıdurma meydanına, yeni silahlanma səhnəsinə çevriləcək? Bu meyillərə və təhlükələrə yeganə alternativ konstruktiv çoxqütbülüyün formalaşdırılmasıdır. Bütün bu prinsiplər Qazaxıstan tərəfindən keçən ilin sonunda "G8" və "G20"yə alternativ kimi təklif edilmiş yeni beynəlxalq "G-Global" formatının əsasında duracaq. 

Nazarbayevin dünya rezerv valyutasının tətbiqi barədə çoxillik təklifitnə gəldikdə isə, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Robert Mandellanın fikrincə, o, 10 və ya 20 ildən sonra peyda olacaq. "Dünyaya yeni dünya rezerv valyutası lazımdır. Mən düşünürəm ki, yaxın 10 və ya 20 il ərzində belə bir dünya rezerv valyutası mütləq peyda olmalıdır. Bu, heç də hansısa ölkənin müəyyən pul vasitəsi olmaya da bilər, Beynəlxalq Valyuta Fondundan (BVF) qısamüddətli borclanma haqqı kimi də tətbiq edilə bilər. Məsələn, bir belə hüquq vahidi kimi, 6 Troya  unsiyası qızıl da götürülə bilər". 

 

Beş risk 

Bir daha xatırladaq ki, mayın sonlarında Qazaxıstan paytaxtında keçirilmiş forumun əsas müzakirə mövzusu avrozonanın xilası idi. Çünki BVF-nin proqnozlarına görə, inkişaf etmiş ölkələrdə borc məsələsi ilə bağlı vəziyyətin yaxşılaşması 2016-cı ildən erkən gözlənilmir. Avrasiya Bankının İnterqasiya Araşdırmaları Mərkəzinin tədqiqatlarına görə, Avropanın borc problemi öz həllindən çox uzaqdır, sabitləşdirmə mexanizmlərinin yaradılmasına isə təxminən, 10 il tələb edilir. Mərkəzin direktoru Yevgeni Vinokurov MDB ölkələrinin maliyyə nazirlərinin V Astana İqtisadi Forumu çərçivəsində keçirilmiş iclasında ortamüddətli perspektivdə  MDB ölkələri üçün beş əsas risqin olduğunu bildirib. 

Birincisi - avrozonada borc böhranının dərinləşməsi ola bilər. İkincisi - ABŞ-da federal səviyyədə ortamüddətli büdcə konsilidasiyası planlarında korellasiya ilə bağlı olan etibar böhranının yaranması istisna edilmir ki, bu da 2014-cü ildən erkən görünmür. Üçüncü risk - ABŞ bələdiyyələrinin, şəhərlərinin və ştatlarının səviyyəsində borc böhranı mümkündür. 

Avrozonadakı borc böhranı fonunda bu mövzuya böyük diqqət gərəkdir, çünki Ştatlardakı borclar mütləq cəmdə avrozondakı dövlət borclarından böyükdür. Özəllik bundadır ki, Ştatlarda büdcə sistemi vergi bazasını operativ şəkildə yenidən bölməklə böhran yükünü bələdiyyələr səviyyəsinə endirə bilir. Beləliklə, böhran əlamətlərini məhz orada gözləmək olar. Çünki bu böhran elementi öz miqyasına görə, avrozonada borc böhranına qədər böyüyə bilər. 

Dördüncü risk - 2013-14-cü illərdə Çin iqtisadiyyatının "sərt enişi" ilə bağlıdır. Çində artıq eniş başlayıb - 2012-ci ilin I rübundə ÜDM artımı 6,6% təşkil edib, halbuki, 2011-ci ilin uyğun dövründə 9% təşkil etmişdi. Hətta yuanın liberallaşdırılması da Çin üçün yaxın zamanda xilas rolunu oynamayacaq - liberallaşma prosesi 10-20 il çəkəcək. Bununla belə, əksər ekspertlərin fikrincə, yaxın illərdə dünya inkişaf etməkdə, artmaqda olan bazarların inkişaf etmiş dünya üzərində artan dominatlığının şahidi olacaq. "Ernst&Young Global" şirkətinin əməliyyat direktoru Con Ferraronun fikrincə, bu, onunla bağlıdır ki, artmaqda olan bazarlar inkişaf üçün daha dayanıqlıdırlar. 

Beşinci risk ərzağın və enerji resurslarının qiymətinin artmasıdır. "Region üçün bu risk pozitiv xarakterlidir, amma bir sıra MDB ölkələri üçün mənfi nəticələrə gətirə bilər", - deyə Vinokurov bildirib.

Qlobal sabitsizlik risklərinin qiymətləndirilməsi zamanı MDB ölkələri bir-birindən iqtisadi strukutura, tədiyə balansının quruluşuna və vergi daxilolmalarının səviyyəsinə görə üç qrupa bölünüb. Birinci qrupa neft ixracatçısı ölkələri - Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistan daxildir. İkinci qrupda isə Ermənistan, Qırğızıstan, Moldova və Tacikistan iqtisadiyyatları yer alır, onları iki əsas xüsusiyyət birləşdirir - kiçik ölçüləri müqabilində iri enerji ixracı həcmlərinə malikdirlər ki, bu, transmissiya riskləri kanalını şərtləndirir. Üçüncü qrupa isə Özbəkistan, Belarus və Ukrayna iqtisadiyyaları daxildir. Mərkəz başçısının sözlərinə görə, bu fərqlər xarici şokların ölkə iqtisadiyyatlarına mənfi təsir kanallarını öncədən müəyyən etməyə imkan verir. 

 

Böhranı dəfetmə təcrübəsi 

Qlobal sabitsizliyə və dünya ölkələri tərəfindən böhran durumundan minimum itkilərlə çıxmaq üçün yollar aranmasına baxmayaraq, Türkiyə bütün səylərini 2023-cü ildə dünyanın ən iri on iqtisadiyyatı sırasına çıxmağa yönəldib. 

Türkiyə, hətta dünya böhranının nəticələrinin qarşısının alınması üzrə təcrübə mübadiləsi etməyə də hazırdır. Forum çərçivəsində Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, həvəsləndirmə tədbirlərinin pul-maliyyə və sosial siyasəti üzrə onun ölkəsi qlobal böhranın qarşısının alınması məsələsində yardım göstərməyə və dəstəkləməyə hazır olduğu istənilən ölkəyə nümunə ola bilər. 

O, hesab edir ki, "G20" ölkələri tərəfindən görülən tədbirlər iqtisadi böhranın daha da genişlənməsinin qarşısına sədd çəkib. O, böhranın daha çox toxunduğu ölkələrə öz maliyyə və iqtisadi sistemlərində islahat prosesini sürətləndirməyi təklif edib. 

Onun sözlərinə görə, Türkiyə iqtisadiyyatı son 10 ildə ciddi islahatlardan keçib və gerçəkləşdirilən sabitləşdirmə siyasəti nəticəsində ölkə iqtisadiyyatına böhranın təsiri çox aşağı olub. Böhranın daha çox təsir etdiyi son iki ildə Türkiyə 3,5 milyon yeni iş yeri yarada bilib. Ölkə artıq dayanıqlı iqtisadi inkişaf yolunu tutub. Baş nazirin sözlərinə görə, Türkiyə iqtisadiyyatının hansı templərlə artdığını və onun sabitliyinin möhkəmlənməsini əks etdirən fakt kimi bunu göstərmək olar ki, əgər 10 il qabaq Türkiyənin ümumi milli gəliri $230 mlrd təşkil edirdisə, hazırda bu göstərici $775 mlrd.-a çatıb. Bu zaman adambaşına gəlir $500-dən $2,4 minə çatıb. 

Əlavə borclanmalar yaratmadan Türkiyə öz borclarını qapamaqda davam edir. Hazırda onun BVF qarşısında borcları $22 mlrd.-dən $1,9 mlrd.-a enib. Türkiyə, həmçinin, kapital yatırımı üçün ən cəlbedici ölkə sayılır ki, bu da həmin istiqamətdə stimullaşdırıcı tədbirlərlə izah edilir. Türkiyə iqtisadiyyatına xarici sərmayələrin həcmi $16 mlrd təşkil edir. 

Öz növbəsində, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev də əmindir ki, məhz onun ölkəsinin xarici borclanmalardan imtina etməsi dünya maliyyə böhranında yüngül çıxmağa yardım edib. "Asan kreditlər tələdir, sadəcə borcla və kreditlə yaşamağı dayandırmaq lazımdır ki, biz də bunu edirik", - deyə Nazarbayev bildirib.

Böhran dövründə yeni layihələrin gerçəkləşdirilməsi üçün yalnız xüsusi milli fondun vəsaitlərini istifadə etmək niyyətindədirlər. Fond neft-qaz sektorundan gələn gəlirlər hesabına formalaşır. Bu fondun ehtiyatları Milli Bankın rezervləri ilə birlikdə $86 mlrd təşkil edir. 

 

Avrozonanı xilas etmək lazımdır

Bununla yanaşı, Avropada durum (Yunanıstanın avrozonadan çıxması məsələsi) həm Obama administrasiyasını, həm də Çini narahat edir, amma Avropa ölkələrinin liderləri bu ilin iyununda keçiriləcək Avropa sammitinə qədər maliyyə bazarlarını sabitləşdirmək üçün anlaşma əldə etmək istəyirlər. 

Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer iddia edir ki, Avropaya fundamental struktur islahatları lazımdır və Avropanın açarı onun gələcək iqtisadi artımı  üçün əlaqələndirilmiş planın işlənməsindədir. Bleyer hesab edir ki, xüsusilə də fundamental struktur islahatları gərək olan avrozonada iqtisadiyyatı siyasətlə balanslaşdırmaq lazımdır. 

Onun fikrincə, Avropa üçün sosial və pensiya təminatı, əmək bazarı kimi sahələrdə fundamental struktur islahatlarına getməkdən başqa yol yoxdur. "Əgər biz makroiqtisadi artımı makroislahatlarla balanslaşdıra bilsək, onda bizim bu böhrandan uğurla çıxmaq şansımız olacaq", - deyə o vurğulayır.

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Tomas Mirov isə daha optimist əhval-ruhiyyəlidir. O sanır ki, avrozonanın yaşamağa ən yaxşı şansı var, amma bunun üçün Avropa Birliyi (AB) ölkələrinin fiskal və büdcə siyasətinin çox sərt əlaqələndirilməsi, həmçinin, Avropa Komissiyası tərəfindən ümumi monitorinq gərəkdir.

"Bununla bağlı, vahid büdcə, pul-kredit və iqtisadi birliklər yaradılmalıdır, amma bu gün həmin birliklərin yaradılması üzrə siyasi  iradə və siyasi əsaslar yoxdur. Bu da bir Avropa ölkəsinin siyasi elitasının başqa ölkənin milli suverenliyinə güvəninin olmaması ilə bağlıdır ki, nəticədə iqtisadi böhrana gətirib. Hazırda zəif tərəfləri balanslaşdırmaq lazımdır  və AB hər bir ölkənin spesifikasına uyğun tədbirlər qəbul edir", - deyə Mirov bildirir.

AB-nin və avrozonanın daxilində həmrəyliyi əhatə edən bu qeyri-müəyyənlik Yunanıstanda, İrlandiyada və Portuqaliyada borc böhranı məsələsini həll etmək üsulundan asılı olaraq yaranıb.

İtaliyanın keçmiş baş naziri Romano Prodinin sözlərinə görə, hazırda Avropa böhranın yeni fazasına daxil olur, AB ölkələrinin ÜDM və ixrac payından asılı olaraq, dünya iqtisadiyyatının bütünlükdə vəziyyəti Avropadakı durumla bağlıdır. 

Buna baxmayaraq, avrozonanın dağılmasına yol vermək də olmaz. Prodi sanır ki, əgər Yunanıstan onun tərkibindən çıxarsa, bunun ardınca Portuqaliya, İspaniya, İrlandiya, İtaliya və  s. ölkələr gələcək. Yunanıstanın iqtisadiyyatının Avropa iqtisadiyyatının cəmi iki faizini təşkil etməsinə baxmayaraq, məsələ ondadır ki, əgər Avropa ölkələri arasında həmrəylik olmasa, avrozonanın dağılmasının qarşısını almaq mümkün olmayacaq. 

Uzunmüddətli strategiya isə böhrandan çıxmaq üçün əvəzsiz ola bilər, baxmayaraq ki, onun işlənməsi üçün vaxt tələb edilir və avrozonanın belə  vaxtı yoxdur. "Əgər təkrar maliyyələşdirmə dərəcələri Yunanıstandakı kimi daim yüksələcəksə, ona bizim islahatlar üçün zamanımız və imkanımız qalmayacaq, çünki bu cür yüksək təkrar maliyyələşmə dərəcələri maliyyə sistemini dağıdır", - deyə Prodi bildirib.

Sonucda forum iştirakçıları bu qərara gəliblər ki, prinsipcə yeni dünya valyuta-maliyyə sisteminin formalaşdırılmasının vaxtı çatıb. Həmçinin, valyuta bazarında volatillikliyi yumşaltmaq, aparıcı dünya valyutalarının məzənnəsinə operativ və razılaşdırılmış reaksiyalar edilməsi məqsədi ilə "G-20" ölkələrinin  mərkəzi banklarının şurası əsasında dünya üzrə valyuta tənzimlənməsinin daim fəaliyyət göstərən qurumunun yaradılmasının da zamanı gəlib.  Bu zaman dünya maliyyə sisteminin islahatları ölkələr arasında kapitalın qısamüddətli hərəkətini tənzimləyən mexanizmləri də nəzərdə tutmalıdır.



MƏSLƏHƏT GÖR:

362