25 Noyabr 2024

Bazar ertəsi, 14:57

ÖNDƏGEDƏNLƏR SIRASINDA

Azərbaycan qabaqlayıcı sıçrayışla liderlər qrupunda qərarlaşmağa üstünlük verir

Müəllif:

01.06.2012

Müasir dünyada milli iqtisadiyyatlar üçün taleyüklü önəm daşıyan bir neçə prosesi xüsusi vurğulamaq olar. İlk öncə bu, qloballaşma və həmin proseslə bağlı amillərə aiddir. 

XXI yüzillikdə qloballaşma başqa bir prosesin - XX  yüzilliyin ikinci yarısından sonra inkişaf etməyə başlayan milli iqtisadiyyatların beynəlmiləlləşdirilməsinin məntiqi davamıdır. Onun məğzi bundan ibarətdir ki, istehsal və  elmi-texniki kooperasiya, əməyin beynəlxalq bölgüsü nəticəsində milli iqtisadiyyatlar bir-birlərinə daha sıx əlaqələrlə nüfuz edirlər. Güclü qüvvənin - iqtisadi faydanın təzyiqi altında milli sərhədlər arxa plana keçir. 

Axı iqtisadi baxımdan milli sərhədlərin tam fərqli mənası var: onlar milli suverenliyin atributları kimi deyil, transmilli iqtisadi əməkdaşlığa və beynəlxalq rəqabətə qarşı maneə kimi görülür, halbuki iqtisadi inkişafında gerilik olan ölkələr üçün onlar xilas yeri də sayıla  bilər. Bu baxımdan, milli fərqlərə yalnız beynəlxalq əmək və kooperasiyanın paylanması üçün bir əsas kimi bəraətin verilməsi də mümkündür.

Qalan sahələrdə onlar malların, işçi qüvvəsinin və kapitalın sərbəst hərəkətə mane olmaması üçün tənzimlənməlidir. Beynəlmiləlləşdirmənin məntiqi budur.  Son nəticədə  bu proses ayrı-ayrı milli iqtisadiyyatların tərkib hissəsi kimi çıxış etdiyi qlobal iqtisadi sistemin yaranmasına doğru aparır.

Bizim qloballaşmanı necə qəbul etməyimizdən asılı olmayaraq, o, prinsipcə yeni çağırışlar gətirir. Dünya iqtisadiyyatı strukturunda iki böyük blok aydın seçilə bilər: iqtisadi avanqard və yerdə qalanlar.

Avanqarda yüksəktexnologiyalı post-industrial iqtisadiyyatı qurmağı bacarmış 30-dan çox ölkə aiddir. Onlar dünya iqtisadiyyatının nüvəsi və qloballaşma mühərrikidirlər. "Əsasında dünya təsərrüfat intizamı, ümumi şərtlər və ümumi oyun qaydalarının formalaşdığı texnoloji, sosial-iqtisadi və təşkilati-idarəetmə standartları"nı da onlar diqtə edirlər. Məhz onların xarici iqtisadi siyasəti dünya iqtisadiyyatının inkişafına həlledici təsir göstərir. 

İqtisadi avanqard ölkələri, şəksiz ki, qloballaşmanın genişlənməsində maraqlıdırlar, çünki bu, onlara aşkar üstünlük verir. Yüksəktexnologiyalı istehsalat iritutumlu satış bazarlarına ehtiyac duyur. İnkişaf etmiş iqtisadiyyatın dözməyə qadir olduğu rəqabət isə inkişaf üçün stimul rolunu oynayır. İnkişaf etməkdə olan və keçidiqtisadiyyatlı ölkələrə gəldikdə isə, onlar üçün qloballaşma elə də əlverişli deyil. Əlbəttə, iqtisadi periferiya informasiya-texnologiyaları və mədəniyyət mübadiləsindən müəyyən faydalar əldə edir. Ancaq unutmaq olmaz ki, dünya iqtisadiyyatının vahid sistemə çevrilməsi  onun bütün tərkib hissələrinin, yəni milli iqtisadiyyatların funksionallaşmasına gətirəcək. Sadə dillə desək, milli iqtisadiyyatlar öz rəqabət üstünlüklərinə və inkişaf potensialına uyğun şəkildə bu sistemdə öz funksional yerlərini tutacaq. Qüvvələrin bu cür paylanması şəraitində, böyük ehtimalla, iqtisadi periferiya ölkələrinə resurs mənbələri və ya nəqliyyat dəhlizləri düşəcək ki, qloballaşma onların iqtisadi geriqalmışlığını konservasiya edə bilər. Tamamilə mümkündür ki, vahid dünya iqtisadiyyatı şəraitində inkişaf etməkdə olan ölkələrin xalq təsərrüfatının xammal yönümlülüyünün qarşısını almaq, demək olar ki, mümkün deyil. 

Qloballaşmaya paralel şəkildə regional inteqrasiya prosesi gedir. Buna qloballaşmanın subprosesi kimi də baxmaq olar, amma bununla yanaşı, onun müəyyən özəllikləri də var. Regional  inteqrasiya və ya regionallaşma, təxminən, eyni inkişaf səviyyəsində olan ölkələrin iqtisadi birləşməsi deməkdir. 

Bu proses dünya iqtisadiyyatının strukturunda üç ağırlıq mərkəzinin yaranmasına gətirir: Avropa, Panamerika və Asiya - Sakit okeanı mərkəzləri. Bütün ticarət-iqtisadiyyat həyatı bu iqtisadi güclərin ətrafında cəmləşəcək. Onların nüvəsində isə həmin iqtisadi avanqard ölkələri dayanacaq. Qalan ölkələr isə, belə görünür ki, onların qaydaları ilə oynamalı, regional mərkəzlərin siyasətinin axınına qoşulmalı olacaq. 

Sonucda vahid dünya bazarı total rəqabət demək olacaq ki, inkişaf etmiş bazar iqtisadiyyatına malik olmayan ölkələrin, demək olar ki, uğura şansları yox olacaq. Burada Azərbaycanın iqtisadi diplomatiyası xüsusi maraq kəsb edir. Bacarıqlı və yüksəkpeşəkarlıqlı dövlət menecmenti ilə Azərbaycan iqtisadi potensialını artırmağı və ardıcıl olaraq onu dövriyyəyə daxil etməyi bacarıb, bununla da ölkəni regional liderə çevirib. 

Elmi-texniki inkişafın intensivləşməsi dünyadakı durumu  müəyyən edən daha bir önəmli prosesdir. Dünya gerçəkliyi dinamik şəkildə dəyişir. Hər yeni gün yeni-yeni təşkilati qurumlar, biliklər, avadanlıqlar və texnologiyalar peyda olur. Yeni sistemlər və fəaliyyət sahələri yaranır. Elmin və texnikanın inkişafı yeni imkanlar açır, amma bu yalnız inkişafla ayaqlaşa bilənlər üçündür. Belə şəraitdə geridə qalan ölkələr liderlərin elmi-texniki və texnoloji irəliləyişlərinin artması üzündən daha da geridə qalırlar. Təsadüfi deyil ki, elmi ədəbiyyatda "təqib edən inkişaf" termini möhkəmlənib. Bu, ölkələrin çoxunun liderlər qrupunun ardınca onların istehsal etdiyi biliklərə, alət və texnologiyalara yiyələnməklə qaçmağa (daha doğrusu, quyruğunda sürünməyə) məcbur olduğu halı dəqiq səciyyələndirir. Bu yarışın rəhmsizliyi ondadır ki, autsayder öz texniki və texnoloji geriliyi üzündən geridə qalmalıdır və getdikcə daha çox geriləməlidir. Çünki inkişaf getdikcə daha çox sürət götürür, həmçinin, yenidən təchiz üçün vaxt və imkanlar yoxdur. 

Dünyanın siyasi və sosial-iqtisadi gerçəkliyinin dinamik şəkildə dəyişməsi beynəlxalq həyatın bütün subyektləri üçün öz müqəddəratını təyin etmək və adaptasiya məsələsinin aktuallığını şərtləndirir. Öz-özlüyündə dövlət tərəfindən beynəlxalq arenada mövqeyini, məqsədlərini, strategiyasını və siyasətini müəyyən etməsi ideyası yeni deyil. Amma hazırda bu fəaliyyət növləri gündəlik zərurətə  çevrilir və daimi diqqət tələb edir. Çünki hər bir yeni gün duruma köklü dəyişikliklər gətirə bilər. Beləliklə, öz müqəddəratını təyin etmək və adaptasiya olunmaq dünya gerçəkliyini fəal formalaşdıran daha bir qlobal prosesə çevrilir. Bu proses müstəqil süni layihə inkişaf planı yaradır ki, bu da beynəlxalq durumun təhlilini yetərincə mürəkkəbləşdirir. 

Azərbaycanın iqtisadi siyasəti dinamikaya, həmçinin, fəal şəkildə regional iqtisadi inkişaf proqramının aparılmasına yönəlib. Aydındır ki, bu gün dövlət status-kvonun saxlanması siyasətini yürütməklə özü üçün təhlükəsizlik, xüsusilə də dayanıqlı inkişaf təmin edə bilməz. Dünya proseslərində bu cür passiv "dreyf" etmək yalnız dövlətin geriliyinin konservasiyasına və onun iqtisadi resurslarının beynəlxalq həyatın başqa subyektlərinin təsərrüfat strukturlarına qoşulmasına gətirə bilər. Buna parlaq nümunə Ermənistandır. 

Başqa variant - "təqib edən inkişafdır". Bu paradiqma bizi əmin edir ki, "yalnız analoji institutlar və təsərrüfat mexanizmləri yaratmaqla dünya iqtisadi avanqardına yaxınlaşmaq olar". Bu, mənimsəmə yoludur. Təəssüf ki, o da lider ölkələrə necə çatmaq sualına prinsipial cavab tapmır. Çünki institut və mexanizmlərin mürəkkəbliyindən asılı olaraq mənimsəmə vaxtı və xərcləri artır, onların yararlı fəaliyyət  müddəti azalır, çünki elmi-texniki inkişafın templəri artır. Başqa sözlə, mənimsəmənin sürəti innovasiyanın sürətindən aşağıdır. Bu isə o deməkdir ki, iqtisadi avanqard ölkələrin dalınca çatmaq sürət  götürən qatarın dalınca qaçmaq kimi bir şeydir. 

Təhlillər göstərir ki, Azərbaycan  Prezidenti İlham Əliyev ölkənin inkişaf sürətini qabaqlayıcı etməyə çalışır. Qabaqlayıcı inkişafın mənası odur ki, liderlər qrupunun ardınca hərəkət etməkdənsə, sistemin hərəkət trayektoriyası müəyyən edilir və dərhal lazımi nöqtəyə sıçrayış üsulu tapılır. Qabaqlayıcı inkişaf həddindən mürəkkəb məsələdir. Ancaq göründüyü kimi, bu, dünya inkişafının periferiyasında sürünməyə yeganə real alternativdir. 

Qabaqlayıcı inkişaf paradiqması cari durumlar və dünya iqtisadiyyatının inkişaf meyilləri, onun aktual və potensial problemləri, milli iqtisadiyyatın qlobal konteksdə zəif və güclü tərəfləri barədə aydın təsəvvür tələb edir. Bütün bunlar strateji məsələlərdir. Buna görə də qabaqlayıcı inkişaf siyasətini gerçəkləşdirmək üçün dövlət güclü strateji idaəretmə mexanizmi ilə təchiz olunmalıdır. Bu mexanizm ölkə rəhbərliyini dünya iqtisadiyyatındakı durum, onun perspektivləri haqqında adekvat biliklə təmin etməli, milli  iqtisadiyyatın strateji rəqabət üstünlüyünü, təhlükələrini və inkişaf imkanlarını müəyyən etməli, bununla da milli iqtisadi inkişafın strateji məqsədlərinin qoyuluşuna yardım etməli, on il qabaqdan bu məqsədlərin strategiya və gerçəkləşdirmə proqramını işləməlidir. 

Qloballaşma şəraitində dövlət mexanizmlərinin rəqabəti xüsusi aktuallıq kəsb edir. Məsələ bundadır ki, dünya təsərrüfat sistemində toplanan həm maddi, həm də intellektual kapital daha əlverişli şərait olan zonalara can atır. Mal və xidmətlərin rəqabət qabiliyyəti bu və ya başqa ölkədəki tranzaksiya xərclərindən asılıdır. Başqa sözlə, dövlət mexanizmi daha effektiv olan ölkələr varlanacaq və dünya bazarlarını tutacaq, dövlət mexanizmləri effektiv olmayan ölkələr isə yoxsullaşacaq və sıxışdırılacaq. 

Dövlət idarəetməsi yaxşı olan ölkələrə doğru kapital və "beyin" axını qaçılmazdır. Meyil belədir. Buna görə də bu gün dövlətə "dövlət xidmətləri gerçəkləşdirən servis mərkəzi" kimi baxan ideologiya getdikcə daha güclü şəkildə təsdiqlənir. Xidmətlərdə isə, bəllidir ki, əsas məsələ keyfiyyət, operativlik və əlverişli qiymətdir. Buna görə də Azərbaycanda dövlət idarəetməsinin səmərəliliyinin artırılmasına, biznes üçün inzibati yükün minimallaşdırılmasına istiqamət götürülüb. Bu, hansı strategiyanı seçməyimizdən asılı olmayaraq, inkişafın vacib şərtidir. 


MƏSLƏHƏT GÖR:

394