
VAHİD MƏKANIN BÖHRANI
Yunanıstanın avrozonadan ehtimal olunan çıxışı "domino" effekti verə bilər
Müəllif: Sahil İSGƏNDƏROV, politoloq Bakı
Hələ keçən il skeptiklər avrozonanın tezliklə dağılacağını proqnozlaşdırırdılar. Amma onda Avropa Birliyinin (AB), Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondunun (BVF) indiyə kimi görünməmiş səyləri, Brüssel və avrozonanın aparıcı üzv ölkələri tərəfindən təklif edilmiş böhranəleyhinə sərt proqramın qəbul edilməsi nəticəsində bu cür pessimist sonucdan qaçmaq mümkün olmuşdu.
Yunan iqtisadiyyatını həmin dövr avrozona üçün əsl başağrısına çevrilmiş kollapsından yaxa qurtarmaq üçün AB üzvlərinin əksəriyyəti Afinaya çoxmilyardlıq kreditlər ayırmağa razı oldu. Amma bu, Afinaya doğru atılan ilk və tək addım olmadı. Son iki ildə AB ölkələri BVF ilə birlikdə Yunanıstanın dəstəklənməsinə, demək olar ki, 150 milyard avro vəsait ayırıblar.
Afina və AB arasında bu ilin mart ayında əldə edilən sazişin sonuclarına görə, Yunanıstanın 100 mlrd avro borcunu siliblər və ayrılan kreditlərin həcmini 174 mlrd avroya qaldırıblar. Amma bununla yanaşı, Afina qarşısında məsələ qoyulub ki, büdcə-maliyyə siyasətini sərtləşdirsin, əmək haqlarını və pensiyaları, həmçinin, iş yerlərini azaltsın ki, bu da Yunanıstan əhalisinin böyük hissəsində mənfi reaksiya doğurdu.
2011-ci ilin sonlarında İrlandiya, Portuqaliya, İtaliya və İspaniya kimi AB ölkələrində vəziyyətin yüngülləşməsi üçün atılan müəyyən addımlar, bu ölkələrin iqtisadiyyatını dünya maliyyə böhranının təsirlərindən qorumaq imkanında olmayıb. Onda Avropa Mərkəzi Bankı kredit-maliyyə sisteminin növbəti böhranından yaxa qurtarmaq üçün avrozona ölkələri üçün 450 milyard avro həcmində üç il müddətinə ucuz kreditlər ayırdı. İllik 1%-ə verilən bu ucuz kreditlər ətrafında avrozona banklarının yaratdığı ajiotaj nəticəsində onların həcmi sonucda 489 mlrd avro təşkil edib. Bu addımın təşəbbüskarlarının fikrincə, bu addım kredit bazarının problemlərini həll etməli idi və banklara kredit verilməsinə təkan yaratmalı idi.
Ancaq hələ onda ekspertlərin çoxu bu taktikanın dövlət borcları böhranını həll edəcəyinə şübhə edirdilər. Çünki banklar fondun vəsaitlərini avrozona ölkələrinin dövlət borclarının alınması üçün kreditlərə istifadə etmək əvəzinə, böyük miqdarda periferiya dövlət istiqrazlarının alınmasına yönəldirlər. Qeyd edək ki, avrozona ölkələrinin problemli iqtisadiyyatlarının xilasını nəzərdə tutan bu cür mexanizmlərin zəiflədilməsində əsas rolu Almaniya kansleri Angela Merkel və indi Fransanın eks-prezidenti olan Nikola Sarkozi oynayıblar. Məhz buna görə də həmin iki siyasətçiyə gülməli "Merkozi" ləqəbi vermişdilər. Onlar AB üzrə həmkarlarını gələcək mövcudluq naminə suverenliyin bir hissəsini qurban verməyə çağırırdılar və büdcə kəsri üzrə Avropa qaydalarını pozan ölkələrə qarşı avtomatik sanksiyalar tətbiq etməyi təklif etmişdilər.
Bu ləqəb həm də əksər ekspertlərin Merkel-Sarkozi tandeminin təzyiqi ilə qəbul edilmiş böhran əleyhinə planlara skeptik yanaşmasını da əks etdirirdi. Hadisələrin sonrakı gedişi bu ekspertlərin böyük mənada doğru fikirləşdiyini göstərdi. "Avrostat"ın məlumatına görə, keçən il avrozona ölkələrinin dövlət borcu ÜDM-in 87,2% səviyyəsinə çatıb və ümumi Avropa valyutasının mövcudluğu dövrü üçün rekord müəyyən edib. Avropa qanunvericiliyinə görə, dövlətin borcu ÜDM-in 60%-ni keçməməlidir. Bu göstərici üzrə şəksiz "lider" kimi Yunanıstan qalmaqdadır, onun borcu ÜDM-nin 165,3%-ə bərabərdir.
Buna görə də AB, Avropa Mərkəzi Bankı və BVF-nin səyləri yenə də Yunanıstan iqtisadiyyatının xilas edilməsinə yönəlib. Avrozonanın kəskin problemi "böyük səkkizlik" (G8) ölkələri liderlərinin bu il 18-19 may günlərində Kemp-Deviddə keçirilmiş sammitində də ciddi müzakirə mövzusu olub. "G8" ölkələrinin dövlət və hökumət başçıları yenə də təsdiq ediblər ki, iqtisadi gərginliyin əsas olacağı hazırda avrozonadadır və ilk öncə, müflislik astanasında balanslaşdırmaqda davam edən Yunanıstandakı durumla bağlıdır. Bu zaman həm də qeyd edilib ki, böhrandan çıxmaq tədbirləri bütün ölkələr üçün eyni ola bilməz. Bu bəyanat birbaşa göstərir ki, uzun müddət Almaniya kansleri A.Merkelin tərəfdarı kimi çıxış etdiyi siyasətin iflasa uğradığını etiraf edilir.
ABŞ Prezidenti B.Obamanın təşəbbüsü ilə dünyanın aparıcı sənayecə inkişaf etmiş ölkələri faktiki olaraq qənaətdən imtina etmək, stimullaşdırmaya, ekspansiv iqtisadi siyasətə, iqtisadi artıma və yeni iş yerlərinin yaradılmasına üstünlük vermək niyyətindədirlər. Bu cür siyasətin maliyyə əsası, ilk növbədə, yeni Ümumavropa borc öhdəliklərinin (avrobondların) buraxılması ola bilər ki, Berlin də bunun əleyhinə kəskin çıxışlar edir.
Vaşinqtonda hesab edirlər ki, məhz bu cür siyasət Yunanıstanın, onun ardınca ciddi iqtisadi çətinliklərlə üzləşən və Almaniya tərəfindən onlara yük edilən sərt qənaət tədbirləri ilə razılaşmayan başqa dövlətlərin avrozonadan çıxmasının qarşısını ala bilər. Həmçinin, avrozonanın və AB-nin saxlanmasının tərəfdarı kimi çıxış edən Vaşinqton birmənalı şəkildə bildirib ki, avrozona ölkələri ABŞ tərəfindən maliyyə dəstəyinə ümid bağlamasınlar, çünki onun iqtisadiyyatı da hazırda yaxşı günlərini yaşamır.
Qeyd edək ki, avrozonanın xilas edilməsi üzrə yeni iqtisadi siyasət təklif edən B.Obamanın Kemp-Deviddə müttəfiqi kimi yeni Fransa Prezidenti, əhalinin qənaət siyasətindən geniş narazılığı əsasında hakimiyyətə gəlmiş F.Olland çıxış edib. Bu, o deməkdir ki, indiyə kimi avrozona iqtisadiyyatının sağlamlaşdırılması üzrə öz planını yeritməyə nail olmuş A.Merkel son zamanlara qədər inamlı və güclü müttəfiqi olan Parisin dəstəyini itirir. Berlin indən belə avrozonada yaranmış mürəkkəb durumdan çıxış planını təkbaşına müdafiə etməli olacaq. Bu məqam AB dövlət və hökumət başçılarının mayın 23-də Brüsseldə keçirilmiş qeyri-rəsmi sammitində öz təsdiqini tapıb, sammit iyunda keçiriləcək tamformatlı sammit üçün hazırlıq yığıncağı olub. Sammitdən öncə F.Olland nümayişkaranə şəkildə öz əsas müttəfiqi - İspaniya Baş naziri M.Raxoye ilə məsləhətləşmələr aparıb. Sammitdə F.Olland və A.Merkel daha bir dəfə problemin həlli üzrə üst-üstə düşməyən görüşlərini səsləndirib və təsdiq ediblər. Amma müzakirələrin gedişində qısa açıqlama tərtib edilib. Açıqlamaya görə, AB ölkələri istəyirlər ki, Yunanıstan avrozonada qalsın və onu dəstəkləməyə hazırdırlar, amma ölkə şərt kimi AB, Avropa Mərkəzi Bankı və BVF tərəfindən diqtə edilən sərt qənaət çərçivəsində öz öhdəliklərini yerinə yetirməlidir. Fransa prezidenti, prinsipcə, avrobondların tətbiqinə səs verən AB ölkələri liderlərinin böyük qrupunu öz ətrafında toplaya bilmişdi. Roma və Madrid aktiv şəkildə birgə Avropa istiqrazlarının buraxılışı ideyasını dəstəkləyirlər. A. Merkel əvvəl olduğu kimi bu ideyanı təkzib etsə də, Almaniyanın federal hökumətinin təmsilçiləri böhran əleyhinə prosesin sonunda nəsə bu cür tədbiri istisna etmirlər.
Vəziyyəti daha çox Yunanıstandakı mürəkkəb daxili siyasi durum dərinləşdirir. Mayın 6-da Yunanıstanda keçirilmiş parlament seçkilərinin nəticələri yunan cəmiyyətində ciddi qarşıdurma olduğunu ortaya çıxardı. Parlamentə keçmişlərdən yalnız koalisiya partiyaları (ND və PASOK) AB və BVF kreditorları ilə əlaqə saxlayırlar. 3%-lik maneəni aşmış qalan partiyalar, xüsusilə SİRİZA (sol radikal qüvvələrin koalisiyası) bu sazişlərin əleyhinə çıxış edir. Yunanıstan Prezidenti K.Papulyasın parlamentin üç əsas siyasi partiyası ilə hökumətin formalaşdırılması üzrə danışıqları uğursuzluqla nəticələnib. Nəticədə, müvəqqəti "texniki" hökumət formalşdırılıb və əvvəllər Yunanıstan Dövlət Şurasının (ali inzibati məhkəmə) rəhbəri olmuş P. Pikraenos ona rəhbər təyin edilib. İndiki Nazirlər Kabineti iyunun 17-nə təyin edilmiş yeni parlament seçkisinə qədər işləyəcək və səlahiyyətləri çox məhdud olacaq. O cümlədən nazirlər partiya liderlərinin razılığı olmadan önəmli siyasi qərarlar qəbul edə bilməzlər. Bunun əsas məqsədi təkrar parlament seçkilərinə hazırlaşmaqdır.
Bu gerçəklərin fonunda ekspertlərin çoxu Yunanıstanın beynəlxalq kreditorlar qarşısında öz öhdəliklərini yerinə yetirməyi bacaracağına şübhə ilə yanaşırlar. İnvestorların fikrincə, bu qeyri-müəyyənlik sol parlamentin seçilməsi ilə bağlıdır ki, onlar büdcə siyasətini sərtləşdirməkdən imtina edirlər. Özü də mayın ikinci yarısında keçirilmiş sorğuların sonucuna görə, xarici yardımın qarşısını əjdaha kimi kəsməyə hazırı olan SİRİZA seçicilərin 28%-nin dəstəyini ala bilər. Nəzərə alınsa ki, xırda partiyalar onunla həmrəylik göstərir, SİRİZA-nın öz koalisiyasını formalaşdırmaq şansı kəskin artır. Avropa Birliyi artıq xəbərdarlıq edib ki, qənaət tədbirlərindən imtina faktiki olaraq Yunanıstanın avrozonadan çıxarılması demək olacaq və xilaskarları artıq bunu fəlakət saymırlar. Almaniyanın maliyyə naziri V. Şoyblenin fikrincə, Yunanıstanın bu valyuta birliyindən çıxması avronun kollapsına səbəb olmayacaq. Avropa Mərkəzi Bankının idarə şurasının İrlandiyadan olan üzvü P.Honohan və maliyyə bazarları üzrə Avropa komissarı O.Ren də bu fikirlə razıdırlar.
Bununla belə, artıq Yunanıstanın avrodan imtinası, kulislərarxası hazırlığın əlamətləri kimi qəbul olunur. O cümlədən, Almaniyanın güclü maliyyə institutunda iyunun 17-də keçiriləcək seçkilərdə AB proqramının əleyhdarları qalib gələrsə, Yunanıstan da avroya paralel şəkildə "gevro" valyutasını tətbiq etmək ideyasını irəli sürəcək. Bu pullar yunan hökumətinin borc qəbzləri rolunu oynaya bilər. Alman bankının layihəçiləri ehtimal edirlər ki, Avropa valyutasına nisbətən ucuzlaşmış "gevro" Afinanın büdcə siyasətini möhkəmləndirə bilərdi. Tanınmış Amerika iqtisadçısı Nuriel Rubini öz növbəsində sanır ki, Yunanıstan bu il və ya gələn il defolt elan edərək avrodan çıxmalıdır.
Amma bu, Avropaya, təxminən, 300 mlrd avroya başa gələcək. O, iddia edir ki, Yunanıstan maliyyə çatışmazlığının, aşağı rəqabətqabiliyyətliliyin, xarici hesablar kəsrinin və dərinləşən resessiyanın yaratdığı qapalı dairədən çıxa bilməz. Sərt qənaət tədbirləri isə yalnız böhranı dərinləşdirir. Borcları ödəmək imkanlarının yaranması üçün yunan iqtisadiyyatının rəqabət qabiliyyəti də bərpa edilməlidir. Rəqabət qabiliyyətinin artırılması avronun devalvasiyasının yardımı ilə mümkündür. Amma bu, güclü iqtisadiyyata və Avropa Mərkəzi Bankına malik olan Almaniya tərəfindən yolverilməzdir. Buna görə də yeganə çıxış yolu kimi defolt və ya avrodan imtina ola bilər.
Ancaq məsələ bundadır ki, Yunanıstanın avrozonadan könüllü çıxması və ya çıxarılması heç də vahid Avropa valyutası ölkələrini bürümüş iqtisadi böhrandan çıxış deyil. Bu addım "domino" effekti yarada bilər. Bu gün, ən azı, daha dörd ölkə (İtaliya, İspaniya, Portuqaliya və İrlandiya) ciddi çətinliklər keçirir. Artıq Portuqaliyanın və İrlandiyanın xilas edilməsi üçün tədbirlər görülür, İspaniya isə analoji yardım istəyi ilə avroqrupun iclasına müraciət edib. Amma xilas üçün bütün resurslar çatmır. Özü də Avropanın iqtisadi baxımdan ən güclü və rifahlı ölkəsi Almaniyada xilasetmə tədbirlərinə münasibət birmənalı deyil.
Bu yaxınlarda Almaniyada "Bundesbank"ın Direktorlar Şurasının keçmiş üzvü Tilo Sarratsinin avrozonanın xilası üzrə A. Merkelin siyasətinə həsr edilmiş yeni kitabı çıxıb. Adı "Avropanın avroya ehtiyacı yoxdur" olan qalmaqallı kitabda müəllif iddia edir ki, Almaniyanan Avropa ölkələrinə yardımın ilkin səbəbində nasistlərin əməllərinə görə günah hissi durur:
"Berlin avronun dəstəklənməsi üzrə əməllərində Almaniyada geniş yayılmış bir fikrə əsaslanır ki, biz Holokosta və İkinci Dünya müharibəsinə görə günahlarımızı yalnız o zaman yuya bilərik ki, bizim bütün maraqlarımız avropalılara həsr edilsin və bizim pullar onların əlində olsun". Onun fikrincə, Almaniya avrozonada gələcəkdə yardım lazım ola biləcək hər bir kəsin əlində girova çevrilib. Maliyyə çətinlikləri keçirən ölkələrə yardım etməyə dəyməz, onları avrozonadan çıxarmaq lazımdır, qalan birlik üzvlərinə isə öz monetar siyasətinin müəyyən edilməsində müstəqillik verilməlidir. Demək olar ki, avrozonanı dağılmağa səsləyən bu kitab Almaniyanın keçmiş və indiki hakim dairələri tərəfindən kəskin mənfi reaksiya ilə qarşılandı. Böyük ehtimalla ona görə ki, onlar üçün vahid Avropa valyutası məkanının iqtisadidən çox siyasi önəmi var.
Almaniya son 10-15 ildə çox incəliklə, addım-addım iqtisadi nüfuzu ilə yanaşı, siyasi nüfuzunu da Ümumavropa evi üzərində bərqərar edib. Bir sıra Avropa məmurları və ekspertlər iddia etsələr ki, Yunanıstanın avrozonadan çıxışı fəlakət deyil, amma tanınmış Azərbaycan geosiyasətçisi Oqtay Əliyev tamamilə diametral fikirdədir. Onun fikrincə, bu cür təhlükəli presedent avrozoanın parçalanmasına gətirə bilər ki, bu da AB-nin özünün saxlanmasını həddindən artıq mürəkkəbləşdirər. Çünki dövlətlər arasında ümumi iqtisadi maraqların, vahid maliyyə sisteminin və valyutanın olmadığı uzunmüddətli siyasi birlik mümkün deyil. Məhz buna görə də AB-nin strateji tərəfdaşı olan ABŞ Yunanıstanın və ya hansısa başqa ölkənin avrozonadan çıxmasının qəti əleyhinədir. Həm də ABŞ Almaniya kansleri A.Merkeldən fərqli olaraq, bu kədərli ssenarinin qarşısının alınması üçün tamamilə fərqli resept təklif edir.
MƏSLƏHƏT GÖR: