
SOLTƏMAYÜLLÜ YELİSEY SARAYI
Fransada F.Ollandın prezidentlik dönəmi başladı
Müəllif: Natiq NAZİMoğlu Bakı
Fransada indiyədək ölkə miqyasında idarəçilik təcrübəsi olmayan, amma Sosialist Partiyasının liderlərindən biri Fransua Ollandın prezidentlik dönəmi başlayıb. Ölkənin aparıcı solçu siyasi qüvvəsinin namizədi indiyədək ölkəyə rəhbərlik etmiş solçu Nikolya Sarkozini 51,62% səslə məğlub edib. Sarkozi seçkinin ikinci turunda yalnız 48,38% səs qazana bilib.
"Hakimiyyətə inamın ilk şərti milli birlikdir"
Fransua Olland inauqurasiya mərasimindəki çıxışında deyib: "Hakimiyyətə inamın ilk şərti milli birlikdir. Bizim aramızdakı fərq parçalanmaya, düşmənçiliyə səbəb olmamalıdır. Baxışlarımızdakı bütün fərqliliklərə rəğmən bu, əlaqələrin kəsilməsinə yol açmamalıdır. Ölkənin sülhə, barışığa, birliyə ehtiyacı var".
F.Olland prezident kimi verdiyi ilk qərarları ilə həmvətənlərindən heç bir xüsusi imtiyazla fərqlənmək istəmədiyini göstərməyə çalışıb. O, bunu hələ inauqurasiyasından əvvəl nümayiş etdirmişdi: Yelisey çöllərini qalxarkən, bu cür təmtəraqlı mərasimlər üçün nəzərdə tutulmayan avtomobildən - orta sinfə aid qənaətcil, ekoloji baxımdan təmiz "Citroen DS5" hibridindən istifadə edib.
Daha sonra Olland seçkiqabağı platformasına fransalıları sosial bərabərlik vəd etdiyinə əsaslanaraq, hökumətin ilk iclasındaca prezident və hökumət üzvlərinin əməkhaqlarını 30% azaltmağa nail olub.
Hökumətin tərkibinə gəlincə, nazir postlarını Ollandın yaxın silahdaşları, ilk növbədə, Fransa Sosialist Partiyasının məşhur təmsilçiləri tutub. Baş nazir vəzifəsinə Jan-Mark Eyro, maliyyə naziri postuna Pyer Moskoviçi (Ollandın seçki kampaniyasının rəhbəri), xarici işlər naziri vəzifəsinə Loran Fabius (1984-1986-cı illərdə Fransua Mitteranın prezidentliyi dövründə Nazirlər Kabinetinə rəhbərlik edib), daxili işlər naziri postuna Manuel Val (seçki kampaniyasının gedişində Ollandın mətbuat katibi olub), müdafiə naziri vəzifəsinə isə Jan-İv Le Drian (prezidentin yaxın dostu) təyin olunublar.
Hökumət Fransua Ollandın seçkiöncəsi verdiyi vədləri gerçəkləşdirmək niyyətində olduğunu bəyan edib. Söhbət xüsusilə 5 il ərzində Fransa büdcəsini 29 milyard avro zənginləşdirəcək daha ölçülüb-biçilmiş vergi siyasətinin tətbiqindən gedir. Bu, ildə 150 min avrodan artıq qazancı olan fransızlara 45%-lik, 1 milyon avrodan artıq qazananlara isə 75%-lik verginin tətbiqini nəzərdə tutur.
Amma Ollandın siyasətinin uğuru heç də yalnız onun ölkə daxilində apardığı işlərin effektivliyindən asılı olmayacaq. Bu həm də Avropa miqyasında verəcəyi qərarlara bağlıdır. Nəzərə alsaq ki, Köhnə Dünya üzləşdiyi maliyyə və borc böhranından çıxmağın yollarını hələ də tam dəqiqləşdirməyib, Ollandı bu sahədə kifayət qədər vacib və riskli işlər gözləyir.
Almaniya ilə ədavət?
Yeri gəlmişkən, məhz böhranla bağlı yanaşma indiyədək Sarkozi tərəfindən birmənalı şəkildə dəstəklənən Almaniya kansleri Angela Merkel ilə Fransua Olland arasında ziddiyyətə səbəb olub. A.Merkel və N.Sarkozinin təşəbbüsü ilə Avropa dövlətləri tərəfindən qəbul olunmuş maliyyə sabitliyi paktı böhranın aradan qaldırılması üçün sərt qənaət tədbirlərinin tətbiqini nəzərdə tutur. Olland isə sosial xərclərin ixtisarına qarşıdır. O, pakta yenidən baxılmalı olduğuna əmindir.
Fransanın yeni prezidenti Almaniyanın maliyyə naziri Volfhanq Şoyblenin avrozonanın 17 ölkəsinin maliyyə nazirləri, maliyyə və iqtisadiyyat üzrə avrokomissarlar, Avropa Mərkəzi Bankının rəhbəri və Aİ-nin digər yüksəkrütbəli nüma-yəndələrindən ibarət avroqrupun rəhbəri postunu tutmağa namizədliyinə qarşıdır. Qeyd edək ki, bu, məşvərətçi qurumdur və onun heç bir səlahiyyəti yoxdur. Amma onu de-fakto "Avropa İttifaqının kölgə hökuməti" də saymaq olar. Çünki Aİ-nin maliyyə və iqtisadi siyasətini müəyyənləşdirən vacib qərarlar məhz avroqrupda işlənir.
Volfhanq Şoyble "dəmir nazir" kimi tanınır: 1990-cı ildə üzləşdiyi sui-qəsddən sonra alman siyasətçi əlil arabası vasitəsilə hərəkət edir. Buna rəğmən o, fenomenal çalışqanlıq nümayiş etdirir. Olland düşünür ki, Şoyble avroqrupa rəhbərlik edərsə, Aİ-ni sərt qənaət siyasətinin "alman variantı" gözləyir.
Fransa-Almaniya ziddiyyətinin daha bir tərəfi: Fransua Olland Avropa İttifaqını ümumi suveren istiqraz vərəqələri - avrobondların buraxılmasına çağırıb. Onun fikrincə, bu vərəqələr vasitəsilə avrozonanın güclü və zəif ölkələrinin gəlirlərini bərabərləşdirmək olar. Almaniya isə Ümumavropa borc öhdəliklərinin yaradılmasına qarşıdır. Angela Merkel hesab edir ki, avrobondların tətbiqi Aİ-dəki razılaşmalara ziddir və o, avrozona ölkələrində ciddi iqtisadi artıma səbəb olmayacaq.
Parislə Berlinin üst-üstə düşən mövqeyi isə Yunanıstanın avrozonanı mümkün tərk etməsi ilə bağlıdır. Həm Almaniyada, həm də Fransada hesab edirlər ki, Yunanıstan böhranını onun avrozonanı tərk etməsi məsələsinin müzakirəsi ilə aradan qaldırmaq olmaz.
Parislə Berlinin mövqeyinə tam aydınlığın iyunun sonlarında, hər iki ölkənin Avropa İttifaqına, Merkelin sözü ilə desək, "Avropanın iqtisadi inkişafına dair öz ideyalarını təqdim etdikləri zaman" gəlməsi gözlənilir.
Paris Qərbdə və Şərqdə
Fransanın yeni liderinin orijinallığı onun xarici siyasi məsələlərə yanaşmasında da özünü göstərməyə başlayıb. NATO-nun Çikaqoda keçirilmiş sammitində Olland seçkiqabağı proqramına əsaslanaraq, bu ilin sonunadək Fransa hərbi kontingentini Əfqanıstandan çıxartmaq niyyətində olduğunu təsdiqləyib (hazırda Əfqanıstanda, təxminən, 3,3 min fransalı hərbçi var; 10 ildən bir qədər artıq müddətdə Fransa "Taliban"la mübarizədə 83 hərbçisini itirib). "Böyük səkkizlik" ölkələrinin Kemp-Deviddə keçirilmiş sammitində isə Olland bu qərarının "müzakirə predmeti olmadığını" bəyan edib.
Əfqanıstanda xidmətdə olan fransalı hərbçilərlə həmrəylik nümayiş etdirmək üçün isə F.Olland mayın 25-də Kabilə əvvəlcədən nəzərdə tutulmamış səfər edib.
Yelisey sarayının yeni rəhbərinin Əfqanıstanla bağlı qərarı Fransanın NATO-dakı müttəfiqləri tərəfindən, təbii ki, xüsusi məmnunluqla qarşılanmayıb. Angela Merkel Çikaqo sammitində növbəti dəfə Ollandın opponenti rolunda çıxış edib: "Biz Əfqanıstana birlikdə girmişik və oranı da birlikdə tərk etməliyik".
Məsələ ilə bağlı Vaşinqtonun mövqeyinə gəlincə, onu ABŞ müdafiə nazirinin köməkçisinin müavini Ceyms Taunsend "Le Figaro" qəzetinə müsabihəsinbdə kifayət qədər aydın ifadə edib. O bildirib ki, Fransanın yeni prezidenti hərbi kontingentini Əfqanıstandan vaxtından əvvəl çıxaracağını bəyan etməzdən əvvəl, ölkəsinin NATO-dakı roluna dair baxışını ortaya qoymalıdır. "Biz oraya birlikdə getmişik və oranı birlikdə də tərk etməliyik", - deyə Pentaqon nümayəndəsi qeyd edib.
Buna baxmayaraq, NATO rəhbərliyinin Ollandın qərarı ilə barışmaqdan başqa yolu yoxdur. Alyansın Baş katibi Anders Foq Rasmussen bildirib ki, artıq o, Fransa prezidenti ilə ölkəsinin Əfqanıstandakı əməliyyatlara "başqa formalarda" dəstək verməsi məsələsini müzakirə etmək niyyətindədir. Söhbət Fransanın hərbi əməliyyatlarda iştirak əvəzinə, əfqan polis və hərbçilərin təlimi ilə məşğul olmasından gedə bilər.
Fransua Ollandın Avropada NATO-nun raketdənmüdafiə sisteminin yaradılması məsələsi ilə bağlı da müəyyən fərqli fikirləri var. O, seçki kampaniyasının gedişində Rusiyanın istəyinin əksinə olaraq, ABŞ tərəfindən fəal şəkildə önə çəkilən bu məsələ ilə bağlı ehtiyatlı mövqeyini ortaya qoyub. O, bu mövqeyini 4 prinsipə əməl edilməsinin vacibliyi ilə əsaslandırıb: birincisi, RMS heç bir halda əvəz oluna bilməz. İkincisi, yeni RMS-ə siyasi nəzarət olmalıdır (Fransa diplomatları "düyməyə kimin və nə vaxt basacağını" bilməyin vacibliyini bildirir). Üçüncüsü, Fransa və Avropa sənayesi yeni RMS-in yaradılmasında bilavasitə iştirak etməlidir. Nəhayət, sonuncusu, alyans ölkələri üçün əlavə yük ola biləcək xərclərin nəzarətsiz artımının qarşısını almaq üçün, bu sistemin yaradılması və saxlanılmasının xərclərinə çox ciddi nəzarət edilməlidir.
Fransua Olland NATO-nun sammitində bu 4 prinsipə Rusiyaya müraciəti də əlavə edib: "RMS-in hər hansı ölkəyə təhlükə yaratmasından söhbət belə gedə bilməz". Olland bu istiqamətdə Moskva ilə dialoqun davam etdirilməli olduğunu bildirib.
Beləliklə, F.Olland Paris üçün ənənəvi olan ABŞ-ın hegemonluğundan uzaq durmaq və öz mövqeyini ortaya qoymaq siyasətinə sadiq qalacağını nümayiş etdirir. N.Sarkozinin dönəmində Parislə Vaşinqton arasında yaxınlaşma tendensiyasının yaşandığını nəzərə alsaq, bu fakt xüsusilə maraqlı təsir bağışlayır. Belə qənaətə gəlmək olar ki, Sarkozi dönəmindəki bu tendensiya ciddi korrektə olunacaq və bəlkə də tam aradan qaldırılacaq.
Bununla yanaşı, Ollandın Fransası, güman ki, bugünün ən aktual problemi olan Yaxın Şərq münaqişəsinin həllində də ümumqərb mövqeyindən çıxış edəcək. Söhbət Suriya böhranından və İranın nüvə proqramı ilə bağlı vəziyyətdən gedir.
Artıq Fransa XİN Suriya Prezidenti Bəşər Əsədin Parisin Dəməşqə qarşı siyasətinin dəyişdirilməsi ilə bağlı çağırışını rədd edib. "Bəşər Əsədin bəyanatı bizə onun təhlükəsizlik qüvvələrinin öz xalqının məhvini davam etdirdiyini, onun hələ də BMT və Ərəb Dövlətləri Liqasının Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Kofi Annanın planının icrasına başlamadığını unutdurmayacaq", - deyə Fransa xarici işlər nazirinin mətbuat katibi Bernar Valero bildirib.
Fransua Ollandın BMT Təhlükəsizlik Şurasında Əsəd rejimini tam iflasa uğradacaq sərt qətnamənin qəbulunda israr etməsi Fransanın yaxın perspektivdə Suriya ilə bağlı siyasətinin necə olacağını açıq şəkildə göstərir. Fransanın yeni prezidenti bu məqsədlə Rusiyanı sözügedən qətnamənin qəbuluna maneə yaratmamağa razı salmaq niyyətindədir.
Fransua Olland İran problemi ilə bağlı da eyni dərəcədə kompromissizlik nümayiş etdirir. O, amerikalı həmkarı Barak Obama ilə birlikdə bəyan edib ki, İranla danışıqlar yalnız Tehranın nüvə silahının əldə edilməsindən imtina edəcəyi təqdirdə davam etdiriləcək.
Bütün bunlar göstərir ki, Fransanın yeni rəhbəri Qərbin avroatlantik sivilizasiyaya təhlükə saydığı problemlərin birgə aşılmasının vacibliyi ilə razıdır. Bunun üçünsə o, Parisin konfliktli problemlərin nizamlanmasında aktiv iştirakı ilə, Fransanın dünya siyasətindəki fəal rolunu qoruyub-saxlamaq niyyətindədir.
MƏSLƏHƏT GÖR: