24 Noyabr 2024

Bazar, 21:27

TİCARƏTDƏN SƏRMAYƏLƏRƏ

Azərbaycan-Rusiya münasibətləri keyfiyyətcə daha yüksək inkişaf mərhələsinə keçir

Müəllif:

23.09.2014

Son ildə Azərbaycan və Rusiya Federasiyası dövlətlərarası və iqtisadi əlaqələrinin yüksəlişinin növbəti fazasını yaşayırlar. Bununla belə, qarşılıqlı ticarətlə birgə ölkələr artan sürətdə qarşılıqlı sərmayələrin həcmini artırır və bir sıra birgə regional layihələrdə iştirak etməyə hazır olduqlarını da bildirirlər. Bu dayanıqlı trendin növbəti təsdiqi Bakıda keçirilən 14-cü Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının iclası olub.

Moskva ilə Bakı arasında strateji əlaqələrin əsasında son 15 ildə formalaşan möhkəm iqtisadi bünövrə dayanır. Ötən dövr ərzində dövlətlər arasındakı ticarət dövriyyəsi dinamik şəkildə artırıb. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, 2013-cü ildə o, 10% artaraq 2,6 mlrd. dollara çatıb. 2014-cü ilin ilk yarımilliyində ikitərəfli ticarətin həcmi 923 mln. dollar olub. Maraqlıdır ki, Azərbaycanın xarici ticarət balansında Rusiya ilk beşliyə daxildir və idxala görə üçüncü yeri tutur. Azərbaycanla xarici ticarət fəaliyyətində 70-dən çox Rusiya subyektindən olan 500-dən çox şirkət və təşkilat çalışır. Onların sayı dinamik şəkildə artır və yaxın illərdə hər iki ölkə qarşılıqlı ticarət dövriyyəsinin həcmini 4 mlrd. dollara çatdırmağı planlaşdırır. 

Dövlətlərin əməkdaşlığın genişləndirməsində qarşılıqlı marağın əyani surətdə artdığını bu ilin əvvəlindən artan hökumətlərarası və işgüzar əlaqələr də göstərir. Təkcə son bir neçə ay ərzində Bakı və Moskvanı iqtisadi və turizm qurumlarının rəhbərləri, parlament spikeri və DİN, eləcə də iki ölkənin bir sıra digər qurumlarının rəhbərləri ziyarət ediblər. İyunun əvvəlində Qəbələdə keçirilən "Regionlararası əməkdaşlıq: yeni inkişaf imkanları" V Azərbaycan-Rusiya forumu da əsl irəliləyiş oldu. Bütün bu görüşlərin əsas nəticəsi Moskva və Bakının mövqelərinin uyğunlaşdırılması, hökumətlərin siyasi-iqtisadi əməkdaşlığının keyfiyyətcə yeni səviyyəyə qaldırılması ilə bağlı qarşılıqlı niyyəti oldu. 

Bu açıq tendensiyanı iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın (HK) 14-cü iclası gücləndirdi. Qeyd etmək lazımdır ki, sonuncu dəfə komissiyanın iclası Moskvada 2011-ci ilin 18 mart tarixində baş tutub və üç illik fasilədən sonra onun fəaliyyəti bərpa olunub. Yeni gündəliyi onun həmsədrləri - RF Baş nazirin müavini Dmitri Roqozin və AR Baş nazirin birinci müavini Yaqub Eyyubov bu ilin avqustunda Rusiyanın paytaxtında keçirilən görüşdə müzakirə ediblər.

Bakı görüşünün gündəliyinin əsas mövzuları arasında Rusiyanın ərzaq təhlükəsizliyinin təmin olunması məsələsi dururdu. "Sanksiya adlandırılan siyahıya düşən ərzaq və digər məhsulların ixrac əvəzlənməsinin aktuallığı kifayət qədər yüksəkdir", - deyə Dmitri Roqozin ikitərəfli hökumətlərarası komissiyanın iclasında bildirib. “Bizim birinci növbəli vəzifəmiz ticarət bazarlarının balanslaşdırılması, ərzaq məhsullarının qiymətinin çox artırılmasının qarşısının alınması, bununla yanaşı, söhbət bizim hər iki ölkəmiz barədə gedir. Çünki Rusiya bazarında Azərbaycan kənd təsərrüfatı məhsullarına artıq tələbatın yaranması ölkənizdə də qiymətlərin artmasına gətirib çıxara bilər".

Eyni zamanda Rusiya nümayəndə heyətinin rəhbəri Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiya bazarına əhəmiyyətli dərəcədə ixracının artmasının geniş imkanlarını qeyd edib. "Bu mənada biz artıq bu gün Azərbaycan hökumətinə nəqliyyat logistikası, Moskva timsalında kənd təsərrüfatı məhsullarının emalı və saxlanılması ilə bağlı bir sıra layihələri təqdim etmişik" , - deyə D. Roqozin deyib. Moskvaya meyvə-tərəvəz məhsullarının tədarükü ilə bağlı uğurlu təcrübə Rusiyanın digər şəhərlər və aqlomerasiyalarına da tətbiq oluna bilər.

Sözgəlişi, Rusiyanın Avropa, ABŞ və digər dövlətlərlə "sanksiya" qarşıdurması MDB-nin bir sıra cənub respublikalarından kənd təsərrüfatı məhsullarının tədarükünün artmasına gətirib çıxarıb. Sirr deyil ki, bu tədarüklərin əhəmiyyətli dərəcəsi təzə meyvə-tərəvəz məhsullarının, konservlərin, çaxırların və s. payına düşür. Ona görə də bu gün yerli aqrosənayenin planları Rusiyada milli kənd təsərrüfatı logistika mərkəzlərinin açılmasının mümkünlüyü ilə bağlıdır. Bakıda bu yaxınlarda keçirilən danışıqların nəticələrinə əsasən, Rusiya hökuməti, ümumilikdə, bu cür mərkəzlərin Moskva, Sankt-Peterburqda və federasiyanın digər regionlarında formalaşdırılması ideyasını dəstəkləyib.

Qeyd etmək lazımdır ki, Azərbaycanın kənd təsərrüfatı müəssisələri uzunmüddətli müqavilələr üzrə kənd təsərrüfatı məhsullarının irimiqyaslı tədarükü kimi ixrac istiqamətinin yeni formasını artıq mənimsəyirlər. Söhbət Azərbaycanın ixrac və sərmayələrin və özəl sərmayəçilərin təşviqi fondunun dəstəyi ilə həyata keçirilən və bu ilin yazında Qazaxıstanın Aktau şəhərində açılışı keçirilən iri xarici aqrar-logistik kompleksin yaradılması layihəsindən gedir. Bu layihə Qazaxıstanın şimal-şərq vilayətlərinin Azərbaycan fermerlərinin "yaşıl" məhsulları ilə təmin edilməsini nəzərdə tutur. Rusiyaya və digər qonşu ölkələrə fasiləsiz kütləvi ixracın təmin edilməsi məqsədilə Abşeron yarımadasında 110 min ton aqrar məhsulların emalını nəzərdə tutan üç yükboşaltma logistika mərkəzinin tikintisinə başlanılıb. 

14-cü hökumətlərarası komissiyanın iclası zamanı müzakirə olunan daha bir mühüm mövzu energetika sahəsində əməkdaşlıq aspektləri və elektrik enerji sahəsində birgə fəaliyyətin koordinasiyası üzrə yüksək səviyyəli işçi qrupun yaradılması oldu. Xüsusi ilə, Azərbaycan və Rusiya Energetika Nazirlikləri "İnter RAO" ASC, "SO EES", "FSK EES" və "Azərenerji" ASC arasında iki ölkənin enerji sistemlərinin paralel işləməsi, razılaşma əsasında elektrik təchizatının effektivliyin artırılması və müvafiq məsələdə dövlət dəstəyinin göstərilməsi üçün koordinasiya aspektlərini müzakirə ediblər. 

İki dövlətin enerji sistemləri işinin koordinasiya məsələləri kifayət qədər aktualdır, xüsusilə İrana və bir sıra digər sərhəd dövlətlərə elektrik enerjinin tranzitini nəzərdə tutan bir sıra perspektivli layihələr müstəvisində. Bakı, Moskva və Tehranın energetika qurumları artıq birinci il deyil ki, enerji mübadiləsinin genişləndirilməsi və elektrik enerjisinin inkişafı ilə bağlı danışıqlar aparırlar. Lakin bu perspektivli başlanğıcı yalnız ötən ilin iyun ayında, həqiqətən, sürətləndirmək mümkün oldu. O zaman Volqoqradda RF-nin vahid enerji sisteminin və Azərbaycanın enerji sisteminin paralel işinin təmin edilməsi ilə bağlı hökumətlərarası saziş imzalanıb. 

Bununla yanaşı, bu cür layihənin icra edilməsi üçün hər hansı ciddi texniki maneə yoxdur, belə ki, Azərbaycan və Rusiyanın enerji sistemləri çoxdan "Dərbənd" (330 kVt) və "Yalama" (110 kVt) iki elektrik naqilləri ilə birləşdirilib. Öz növbəsində Azərbaycanla İran arasında enerji mübadiləsi də beş yüksək gərginlikli xətlər üzrə keçirilir. HK iclası zamanı, həmçinin bitkilərin karantini, elektrik enerjisi naqillərinin və boru kəmərlərinin tədarükü üzərində gömrük nəzarəti, dəniz nəqliyyatı, RF sularında Azərbaycan gəmiçiliyi, turizm və əmək miqrasiyası ilə bağlı aspektlər də müzakirə olunub. HK iclasının mühüm nəticələrindən biri Moskvada Ümumrusiya sərgi mərkəzi ərazisində Azərbaycan sərgi-ticarət mərkəzinin yaradılması haqda hökumətlərarası sazişin imzalanması oldu. Sərmayə sahəsi də HK iclası iştirakçılarının nəzərdən qaçmayıb.

"Rusiya iqtisadiyyatının müəyyən siyasi hadisələr nəticəsində bu gün yaşadığı sınaqlar dövrü, əslində, bizim xalqlarımızı birləşdirir. İxrac əvəzlənməsi siyasəti çərçivəsində Azərbaycan məhsulu Rusiya bazarına çıxır, ona tələbat var. Bundan əlavə, bu gün kənd təsərrüfatı məhsullarının emalı və bir sıra digər istiqamətlərdə birgə müəssisələrin yaradılması vaxtı çatıb", - deyə çıxış zamanı RF baş nazirin müavini Dmitri Roqozin qeyd edib. 

Sözgəlişi, son illər iki ölkənin sahibkarları iqtisadiyyatın qarşılıqlı kapitallaşmasına həqiqi maraq göstərirlər. Belə ki, Azərbaycanda Rusiya kapitalı ilə fəaliyyət göstərən 570 şirkəti var, Azərbaycan iqtisadiyyatına sərmayələrin həcmi 628 milyon dollara çatıb. Öz növbəsində Azərbaycanın Rusiyaya son illərdə edilən sərmayələrinin həcmi 1 milyard dolları ötüb. Amma bu göstəricilər tam həcmdə mövcud olan potensialı əks etdirmir. Ona görə də iki ölkənin hökumətləri sərmayə komponentlərinin inkişafı üçün maksimum səy göstərmək niyyətindədirlər. 

Qeyd edilənlərə əsasən, bu səylər kifayət qədər real layihələrə çevriləcəklər. Xüsusilə 14-cü HK iclasının nəticələrinə əsasən, Bakıda Azərbaycan maşınqayırma müəssisələri bazasında Rusiyanın "Rostselmaş" zavodunun taxılyığan və yemyığan kombaynlarının birgə yığım istehsalının təşkili imkanları barədə razılaşma əldə olunub. "Azərbaycanın maşınqayırma müəssisələrinin bazasında taxılyığan və yem yığımı kombaynlarının birgə yığım istehsalının təşkili məsələsinə bu ilin yayından baxılır. "Rostselmaş" Azərbaycana buraxılan məhsulun bütün nomenklaturunu təqdim edən texnikanın quraşdırılması üçün maşın dəstlərini çatdıra bilər. Belə təcrübə artıq Qazaxıstanla da mövcuddur", - deyə "Rostselmaş" ASC-nin iqtisadi məsələlər üzrə direktoru Aleksandr Tokmakov bildirib.

Direktor müavinin sözlərinə görə, hazırda Azərbaycan tərəfi gələcək müəssisəsə üçün meydança müəyyənləşdirməlidir. Ola bilsin ki, bu, bir deyil, bir neçə maşınqayırma zavodu olsun. Bu, perspektivdə lokallaşdırma proqramı çərçivəsində Rusiyadan komplektləşdiricilərin idxalını azaltmaq və Azərbaycanda onların istehsalını qaydaya salmaqdan ötrü lazımdır. Bu məsələ müsbət həll olunacağı təqdirdə, Azərbaycanda kombaynların yığılması və buraxılışı 2015-ci ilin yayında mümkün olacaq.



MƏSLƏHƏT GÖR:

569