13 Mart 2025

Cümə axşamı, 13:03

İD İLƏ MÜBARİZƏNİN SUALTI RİFLƏRİ

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanı "İslam Dövləti"lə mübarizədə hansı çətinliklər gözləyir?

Müəllif:

23.09.2014

Yaxın Şərqdə radikal "İslam Dövləti" (İD) qruplaşmasının fəallaşması ilə vəziyyət ciddi şəkildə gərginləşib. İraqın şimal-qərbində böyük bir ərazini ələ keçirmiş qruplaşma artıq Bağdadı tutmağı planlaşdırır. ABŞ bu qruplaşma ilə mübarizə məqsədilə yeni antiterror koalisiyasının formalaşdırılmasına başlayıb. Parisdə təşkil olunmuş beynəlxalq konfransda da bu koalisiyanın yaradılması imkanları müzakirə edilib.

Təxminən, 30 dövlətin nümayəndəsinin qatıldığı Paris görüşünün iştirakçıları İD ("İslam Dövləti") ilə mübarizədə İraq hökumətinə hərbi dəstək də daxil olmaqla, bütün mümkün köməkliyin göstərilməsi haqda razılığa gəliblər. Onlar İD-nin İraqa və bütünlükdə dünya birliyinə təhlükə yaratdığı qənaətinə gəliblər.

Hələ Paris konfransından əvvəl ABŞ prezidenti Barak Obama ölkəsinin İD ilə mübarizə strategiyasını açıqlayıb. O, yaraqlıların mövqelərinə aviazərbələrin endirilməsini nəzərdə tutur. Burada söhbət silahlıların yalnız İraqda deyil, həm də Suriyadakı mövqelərinə zərbələrin endirilməsindən gedir. Məsələ ondadır ki, terrorçular müasir hərbi əməliyyatların aparılması bacarığına son 3 ildə məhz Suriyada yiyələniblər.

Obamanın sözlərinə görə, artıq 40-dan artıq dövlət İD ilə mübarizə aparacaq beynəlxalq koalisiyaya qoşulmağa razılığını ifadə edib. Bununla yanaşı, "geniş koalisiya"ya məhz ABŞ rəhbərlik edəcək.

ABŞ və müttəfiqlərinin yeni antiterror kampaniyasına hazırlığı kontekstində onların İraq ərazisində İD-yə qarşı quru əməliyyatlarına başlaması məsələsi də gündəmdədir. Obama indiyədək verdiyi bütün bəyanatlarda Amerika ordusunun İraqda yerüstü əməliyyatlara başlaması ehtimalının olmadığını bildirib. Lakin Amerika administrasiyasının "islam xilafəti" yaratmaq yolunda ən sərt yollara əl atmaqdan belə çəkinməyən radikal qruplaşmanın məhv edilməsi üçün bütün variantları mümkün saydığını düşünməyə əsas var. Bunu hərbi dairələrdən sızan məlumatlar da təsdiqləyir. Mənbələr ABŞ prezidentinin onlara "istənilən gözlənilməz vəziyyətə" hazır olmağı tapşırdığını deyirlər. Bundan başqa, Amerika respublikaçıları da İraqda yerüstü əməliyyatlara başlanılmasını vacib sayır və bunun üçün Konqresdə Ağ Evə ciddi təzyiqlər göstərirlər. Artıq ən azı o məlumdur ki, Birləşmiş Ştatlar yaxın zamanlarda İraqın şimalında xüsusi təyinatlı qüvvələrini artıracaq. Söhbət İraq ordusuna və kürdlərin "peşmergə" dəstələrinə təlimatçı kimi xidmət göstərən xüsusi təyinatlılardan gedir.

Daha bir vacib məqam amerikalıların və başçılıq etdikləri koalisiyanın Suriya ərazisində hansı xarakter daşıyacağı məsələdir. İstənilən halda, Vaşinqtonun İD-nin mövqelərinə zərbələr endirmək niyyəti dünyanın siyasi dairələri tərəfindən birmənalı qiymətləndirilmir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Paris konfransındakı çıxışında bildirib ki, "İslam dövləti"nin Suriya ərazisindəki mövqelərinə rəsmi Dəməşqlə əməkdaşlıq etmədən zərbələrin endirilməsi planı narahatlıq yaratmaya bilməz. Onun sözlərinə görə, Rusiya terror təhlükəsini o dərəcədə "ciddi sayır ki, ona reaksiya zamanı bu və ya digər ideoloji məqamlar və beynəlxalq hüquq normalarının pozulması əsas götürülə bilməz". Lavrov hesab edir ki, Suriya və İran da İD ilə mübarizədə başqa ölkələrlə bərabər səviyyədə iştirak etməlidirlər, çünki onlar antiterror əməliyyatlarında "təbii müttəfiqdirlər".

ABŞ-ın İraqda hakimiyyəti ələ keçirməyi, daha sonra qonşu dövlətlərin ərazisinə də soxulmağı planlaşdıran İD-yə qarşı hərbi əməliyyatların miqyasını Suriya əraziləri hesabına genişləndirməyə çalışması, bəlkə də, Vaşinqtonun öz geosiyasi maraqları ilə bağlıdır. Bu maraqlar arasında isə Suriya prezidenti Bəşər Əsədin devrilməsi, ABŞ-ın Yaxın Şərq və dünya siyasətində lider rolunun gücləndirilməsi üçün bir sıra digər problemlərin həlli də var.

Yaxın Şərqdə növbəti antiterror kampaniyasının başlaması ərəfəsində daha bir intriqa ABŞ-İran münasibətlərilə bağlıdır. Görəsən, onlar İD-nin timsalında ümumi təhlükə ilə mübarizə aparmaq naminə ikitərəfli əməkdaşlığa gedəcəklərmi? Hələlik bu iki ölkə arasındakı ziddiyyətlər onların real olaraq yaxınlaşmasına imkan vermir. Vaşinqtonla Tehranın yaxınlaşması isə regionda radikal islamçıların nüfuzunun genişlənməsi önündə ciddi əngəl ola bilər.

Birləşmiş Ştatların dövlət katibi Con Kerri hazırkı şəraitdə İranla əməkdaşlığın qəbuledilən olmadığını söyləyib. İranın ali lideri ayətulla Əli Xamenei də İD ilə mübarizədə Vaşinqtonla əməkdaşlığın mümkün olmadığına işarə edib və bunun amerikalıların "əllərinin ləkələnməsi"lə əsaslandırıb. Şübhəsiz ki, İran lideri bu fikri söyləyərkən ölkəsinin əsas müttəfiqi olan Suriyanın müharibədən qan gölünə çevrilməsini nəzərdə tutub - ABŞ və Qərb faktiki olaraq Suriyada İD-dən və bənzər təşkilatlardan olan radikalların hakimiyyətlə mübarizə aparmasına yol açıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin bəyanatı da maraqlıdır. O, bəyan edib ki, "Frankenşteyn onu yaradanları təqib etmək üçün üsyana qalxıb". Nazir İD kimi "təhlükəli fenomen"in yaranmasında məhz Qərb dövlətlərini günahlandırıb.

İD-yə qarşı geniş koalisiyanın formalaşdırılması yolunda daha bir çətinlik Türkiyənin mövqeyidir. Ölkənin baş naziri Əhməd Davudoğlunun rəhbərliyi ilə keçirilmiş toplantıda İraq ərazisində İD-yə qarşı yerüstü və ya hər hansı başqa hərbi əməliyyatlarda iştirak etməmək haqda qərar çıxarılıb. Ankaranın bu qərarı İD-nin mövqelərinə aviazərbələrin endirilməsi zamanı Türkiyənin İncirlik aviabazasından istifadə etməyi düşünən ABŞ-ın məyusluğuna səbəb olub. Türkiyənin sözügedən qərarından sonra isə həmin aviabazadan yalnız İraqın şimalına humanitar yüklərin daşınması məqsədilə istifadə etmək mümkün olacaq.

Türkiyənin ABŞ-ın himayəsi altında keçiriləcək yeni hərbi kampaniyaya qatılmamaq qərarı, şübhəsiz ki, bir sıra səbəblərlə bağlıdır. İlk növbədə, o, İraqda kürd muxtariyyətinin güclənməsi prosesində iştirak etmək istəmir. İD-nin məhv edilməsinə yönəlmiş hərbi əməliyyatlardan sonra isə bu, qaçılmaz olacaq. Nəhayət, bu, Ankara-Vaşinqton münasibətlərində müəyyən soyuqluğun yaranması ilə də bağlıdır. Soyuqluğa səbəb isə ABŞ-ın Türkiyənin xahişinə rəğmən, Bəşər Əsəd rejiminin devrilməsində şəxsən iştirak etməməsidir.

Bununla yanaşı, Ankara Yaxın Şərqdə başlanacaq yeni hərbi kampaniyadan tam kənarda dayanmaq fikrində də deyil. Türkiyə Vaşinqtonun formalaşdırdığı koalisiyaya kəşfiyyat məlumatları, logistik dəstəklə yardım göstərməyə hazır olduğunu bəyan edib. Diqqət çəkən daha bir məqam İD əleyhinə koalisiyaya qoşulmağa razılıq vermiş İspaniyanın Türkiyə ərazisində Amerikaya məxsus Patriot zenit raket kompleksləri yerləşdirməsilə bağlı razılaşmadır. İspaniyanın müdafiə naziri Pedro Morenes bildirib ki, komplekslərin Türkiyə ərazisində yerləşdirilməsi havadan mümkün zərbələrin, o cümlədən İraq və Suriya ərazilərindən Türkiyənin yaşayış məntəqələrinin mümkün atəşə tutulmasının qarşısının alınmasıdır.

Beləliklə, İraqdakı "İslam dövləti"nə qarşı başlanan hərbi beynəlxalq koalisiya bir sıra sualtı riflərlə üzləşir. Buna rəğmən beynəlxalq terrorun kökünün kəsilməsinə nail olunacaqmı? Yoxsa şərlə mübarizə bundan sonra da dünyanın güc mərkəzlərinin geosiyasi maraqlarının əsiri olaraq qalacaq? Bu suallara İD-yə qarşı əməliyyatların gedişi və onun nəticələri tam cavab verəcək.



MƏSLƏHƏT GÖR:

656